Məhkəmə qərarları › İş №2(004)-596/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-596/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-596/2023 04.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 2-ci blok, 10-cu mərtəbəsində yerləşən 1 otaqdan ibarət 121 saylı mənzildən istifadəsinə cavabdeh "xxxx" MMC tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və mənzildən sərbəst istifadənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasından pay barədə xx.xx.2018-ci il tarixli, 121001 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı “İnşaat Konstruksiyaları" MMC Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 10cu mərtəbəsində yerləşən, ümumi sahəsi 57.8 m2 olan, 1 otaqlı 121 saylı mənzili tikib sifarişçiyə pay kimi təhvil verməyi, sifarişçi isə mənzili qəbul edib mənzilin dəyərini ödəməyi üzərinə öhdəlik götürmüşdür. 15 oktyabr 2018-ci il tarixli, 121001 saylı müqavilə üzrə 121 saylı mənzilin dəyəri 45.500 manat məbləğində müəyyən edilmişdir. Müqaviləyə əsasən mənzil hər 1 m2 787 manat olmaqla qiymətləndirilmışdir. Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışında onun tərəfindən Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 57.8 m2 olan 1 otaqlı 121 saylı mənzilin dəyərinin tam ödənildiyi qeyd olunmuşdur. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 10-cu mərtəbəsində ümumi sahəsi 57.8 m2 1 otaqlı 121 saylı mənzilə mütəmadi olaraq baş çəksə də, bir gün mənzilə başqa şəxs tərəfindən qapı qoyulduğunu görmüşdür. Məsələ ilə əlaqədar cavabdehlə şifahi danışıqlar aparılsa da, heç bir tədbir görülməmişdir. Bununla da bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Cavabdeh "xxxx" MMC tərəfindən müqavilə öhdəlikləri lazımınca yerinə yetirilmədiyindən müqavilə şərtləri pozulmuş, nəticədə onun mənzildən istifadə hüquqları məhdudlaşdırılmışdır. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 10-cu mərtəbəsində ümumi sahəsi 57.8 m2 1 otaqlı 121 saylı mənzildən istifadə üçün yaranmış maneələrin aradan qaldırılmasını və mənzildən sərbəst istifadəsinin təmin olunmasını xahiş etmişdir. Bununla bağlı cavabdeh “İnşaat Konstruksiyaları" MMC-yə pretenziya məktubu ilə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 121001 nömrəli alğı-satqı müqaviləsinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 2-ci blok, 10-cu mərtəbəsində yerləşən 1 otaqdan ibarət ümumi sahəsi 57,8 m2 olan 121 nömrəli mənzil 45500 manat müqabilində dəyəri tam ödənilməklə İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli arayışa əsasən müəyyən edilir ki, İddiaçı ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 2-ci blok, 10-cu mərtəbəsində yerləşən 1 otaqdan ibarət ümumi sahəsi 57,8 m2 olan 121 nömrəli mənzilin dəyərini tam şəkildə ödəmişdir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi 33 ünvanında yerləşən yaşayış binası üçün nəzərdə tutulmuş binada beton işləri görülsə də bina tam təmirsiz vəziyyətdədir. Bina 4 blokdan ibarətdir. Fasadda tamamlama işləri aparılmayıb, mərtəbələr üzrə döşəmələrin qurulması, liftlərin quraşdırılması və işə buraxılması, mərtəbələr üzrə daxili tamamlama-bəzək işləri, abadlıq və yaşıllaşdırma işləri həyata keçirilməyib. Mübahisəli 121-ci mənzil binanın 2-ci blokunun 10-cu mərtəbəsində yerləşir. 10-cu mərtəbəyə qalxdıqda dəhliz vasitəsi ilə 121; 122; 123; 124; 125 saylı mənzillərin ümumi istifadəsində olan geniş sahəyə daxil olunur. Dəhliz vasitəsi ilə geniş sahəyə daxil olduqda sol tərəfdə 1-ci mənzil 121 saylı mübahisəli mənzildir. 121 saylı mənzilin girişinə dəmir seyf qapı yerləşdirilmişdir və qapı bağlı vəziyyətdədir. Bağlı qapının kənarlarında isə mənzilin içərisi görünə biləcək məsafədə iri dəliklər var və həmin dəliklərdən mənzilin içərisinə baxdıqda mənzilin tam təmirsiz vəziyyətdə olduğu və yaşayışın olmadığı müəyyən edilir. 121 saylı mənzildən sonra saat əqrəbi istiqamətində sağ tərəfdən ardıcıllıqla 122; 123; 124; 125 saylı mənzillər yerləşir. Yerli baxışda iştirak edən iddiaçı bildirir ki, 121 saylı mənzilin qapısı onun tərəfindən qoyulmayıb və qapını qoyan şəxsi tanımır. Beləliklə, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı "xxxx" MMC ilə yaşayış sahəsindən pay barədə müqavilə bağlamış, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək şirkətə mənzilin dəyəri olan 45500 manat məbləğində pulu tam şəkildə ödəmişdir. Bununla da o, mənzilə mülkiyyət hüququnu əldə etmiş, lakin buna baxmayaraq cavabdeh "xxxx" MMC iddiaçının mənzilindən istifadəsinə maneə törədir. Hazırda iddiaçı ona məxsus olan mənzildən istifadəsinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını xahiş edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməmiş, iddia ərizəsinə etiraz və ya işin halları ilə bağlı hər hansı sübut verməmişdir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənildiyindən mənzil iddiaçının əmlakı hesab edilir. Buna görə də mülkiyyətçinin öz əmlakından istifadəsinə digər şəxslər tərəfindən yaradılan maneələr qanunsuz hesab edilərək aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Məhkəmə qeyd edir ki, iddia təmin edilməli, İddiaçı ünvan 1 ünvanında inşa olunan yaşayış binasının 2-ci blok, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 57,8 m2 olan, 1 otaqlı, 121 saylı mənzildən istifadəsinə cavabdeh "xxxx" MMC tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı və onun mənzildən sərbəst istifadəsi təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddiaçı ərizəsində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçınin özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında inşa olunan yaşayış binasının 2-ci blok, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 57,8 m2 olan, 1 otaqlı, 121 saylı mənzildən istifadəsinə cavabdeh "xxxx" MMC tərəfindən yaradılmış maneələr aradan qaldırılsın və onun mənzildən sərbəst istifadəsi təmin edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra on gün müddətində cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həmin qətnamənin ləğvi üçün Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar