Məhkəmə qərarları › İş №2(004)-5968/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5968/2022

14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5968/2022 14.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 6330 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 83,3 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, 2020-ci ilin sentyabr ayında Cavabdeh ilə tanış olmuş və həmin ərəfədə və daha sonralar Cavabdeh ondan qızıl əşyaları götürüb sataraq pullarını ödəmişdir. xx.xx.2021-ci ildə Mehriban Yasamal rayonu Şərifzadə küçəsində yerləşən onun işlədiyi lombarda gələrək oğlunun nişanı ilə bağlı dəyəri 4000 manat olan qızıl dəstini, eləcə də qohumlarına satmaq adı ilə 2850 manat dəyərində qızıl sırğa və üzüyü götürmüşdür. Daha sonra Mehriban 4000 manatlıq qızıla görə 500 manat, digər qızıla görə mənə 1550 manat pul ödəmiş, yerdə qalan pulları oğlunun toy şənliyindən sonra 2021-ci ilin may ayında ödəyəcəyini bildirmişdir. Bundan başqa, Mehriban xx.xx.2021-ci il tarixdə 2270 manat dəyərində qızıl əşyalarını bacısı Məhəbbətə satmaq adı ilə ondan almış, həmin qızıla görə sonradan ona 500 manat pul vermiş və oynadığı lotoreya pulu alan kimi 2021-ci ilin may ayında ona ödəniş edəcəyini qeyd etmişdir. O sonradan pulu Mehribandan tələb etdikdə sonuncu ona oğlunun adına olan bank kartını vermişdir, o da iki ay müddətində həmin kartdan 240 manat pul çıxartmışdır. Sonrakı günlərdə o, Mehribandan ümumilikdə götürüdüyü qızıla görə borclu qaldığı 6330 manat pulu istədikdə sonuncu müxtəlif bəhanələrlə ona pulu, eləcə də aldığı qızıl əşyalarını qaytarmaqdan yayınmışdır. İlk öncə Cavabdeh əməllərindən Yasamal Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Yasamal rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi, Miraqil Qiyasovun xx.xx.2022-ci il tarixli qərarı ilə müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Araşdırma zamanı Cavabdeh izahat vermiş və ona borclu olduğunu etiraf etmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin TŞ-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətinə əsasən araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, o, qızıl əşyalarının satışı ilə məşğul olan İddiaçı ilə tanış olmuşdur. Söhbət zamanı İlahə ona hər ay ödəməklə, yəni kredit şəklində qızl əşyaları satdığını bildirmişdir. O, sonradan İlahədən dəfələrlə qızıl əşyaları götürüb onun pulunu tam olaraq sonuncuya qaytarmışdır. Sonuncu dəfə 2021-ci ilin aprel-may ayında İlahədən dəyəri 10000 manat olan qızıl əşyaları götürmüş və yarı pulunu İlahəyə ödəmiş, yerdə qalan məbləği də ayda 350 manat ödəmək şərti ilə sonuncu ilə razılaşmışdır. O, sonradan maddi vəziyyəti ilə əlaqədar olaraq 350 manat pulu ödəyə bilməmiş və 6500 manat borclu qalmışdır. Sonradan o, İlahə ilə ayda 100 manat olmaqla ödəməklə bağlı razılaşmışlar. Sonradan o, İlahəyə 120 manat pul ödəmişdir, lakin İlahə ona zəng edərərk 100 manat pulun onu qane etmədiyini və gələn aydan 300 manat verməsini ona tapşırmışdır. O da İlahəyə ayda 350 manat pul ödəmək imkanının olmadığını bildirsə də sonuncu ilə razılaşa bilməmişdir. İşin halları odur ki, iddiaçı cavabdehə nisyə mal verdiyini və cavabdehin həmin malların dəyərini ödəmədiyini və hazırda 6330 manat borcu olduğunu bildirir. İddiaçı sübut qismində cavabdehin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardakı izahatına istinad edir. Cavabdeh isə məhkəmə iclasına gəlməmiş və ödənişlə bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarında cavabdeh izahatında iddiaçıdan 10000 manat dəyərində əşya götürdüyünü və ödəniş etdikdən sonra 6500 manat qaldığını, bundan sonra 120 manat əlavə ödəniş etdiyini etiraf etmişdir. Məhkəmə qeyd edir ki, nə qədər ki, cavabdeh iddiaçıdan nisyə mal götürdüyünü və 6380 manat borcu qaldığını etiraf etmişdir, həmin malların dəyərini ödəməsini sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan götürdüyü malların dəyərini ödəməli olduğu halda onun pulunu qaytarmamaqla əsassız olaraq varlanmış və 6380 manat borcu qalmışdır. Lakin iddiaçı cavabdehdən 6330 manat məbləğində pulun tutulmasını xahiş etdiyindən 6330 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddiaçı həmçinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 83,3 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 6330 (altı min üç yüz otuz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 83,3 (səksən üç manat otuz qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6330 (altı min üç yüz otuz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 83,3 (səksən üç manat otuz qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar