Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5969/2024 18.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlu, İddiaçı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “vərəsə olmaq faktının təsdiq edilməsi və pensiya məlumatlarının ona təqdim edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “vərəsə olmaq faktının təsdiq edilməsi və pensiya məlumatlarının ona təqdim edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun X1 vərəsəsi olması faktının təsdiq edilməsi və X1 pensiya məlumatlarının ona təqdim edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbə məhkəmə qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının müəyyən edilməsini xahiş etdiyi hüquqi faktın məhkəmə qaydasında müəyyən edilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən həmin iddia ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd edilməlidir ki, “ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etmiş mərhum həyat yoldaşı X1 pensiyasını əldə etmək üçün pensiyası barədə məlumat almaq üçün cavabdeh orqana müraciət etmiş və sorğuçunun həmin informasiyanı əldə etməyə səlahiyyəti çatmaması əsas gətirilərək pensiya barədə məlumat verilməkdən imtina edilmiş, əlavə olaraq iddiaçıya bildirilmişdir ki, mərhum X1 vərəsəsi olması barədə şəhadətnaməni 1 saylı Bakı DOST Mərkəzinə təqdim etdikdən sonra müraciətinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Məhkəmə qeyd edir ki, iddia tələbinin “X1 vərəsəsi olması faktının təsdiq edilməsi” hissəsinə məhkəmə qaydasında baxılmalı deyildir. Belə ki, hazırki iş üzrə iddiaçı ilk əvvəl mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə ilə müraciət etməli, notariat orqanı tərəfindən X1 vərəsəsi olması barədə şəhadətnamə verildiyi təqdirdə X1 vərəsəsi kimi onun pensiya məlumatları barədə məlumatların alınması üçün cavabdeh orqana müraciət etməlidir. Müraciətinin nəticəsinə müvafiq olaraq aidiyyəti orqanların hərəkətlərindən isə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəməyə müraciət edə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci maddəsinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 15.4-cü bəndinə əsasən İnzibati və ya cinayət məhkəmə icraatı qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı inzibati orqan olduğu üçün iddiaçının “X1 pensiya məlumatlarının ona təqdim edilməsi” tələbinə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “vərəsə olmaq faktının təsdiq edilməsi və pensiya məlumatlarının ona təqdim edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və iddiaçıya ilkin olaraq mərhum X1 vərəsəsi olması barədə şəhadətnamənin alınması üçün müvafiq notariat orqanına, cavabdeh orqanın hərəkətlərindən isə inzibati icraat qaydasında Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2024 -cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “vərəsə olmaq faktının təsdiq edilməsi və pensiya məlumatlarının ona təqdim edilməsi” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsindən imtina edilsin. xx.xx.2024 -cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-5969/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5969/2024
18.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver