Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6029/2020 25.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilova Təhminə Cəmil qızı, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı məhkəmə qərarına əsasən tutulmuş borcun ödənilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı Xəzər rayon məhkəməsinin 2(003)-1585/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi üzrə borcun ödənilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, Xəzər rayon məhkəməsinin 2(003)-1585/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsinin icrası məqsədi ilə həmin qətnaməyə əsasən xx xxxx 2018-ci il tarixdə İcra şöbəsinə icra vərəqəsi göndərilmişdir. Ərizəçi həmin qətnamə üzrə onun tərəfindən borcun tam ödənilməsini qeyd edir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra məmuru tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Odur ki, hesab edirəm ki, iddiaçı Xəzər rayon məhkəməsinin 2(003)-1585/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə ondan tutulması qət edilmiş borcun ödənilməsini təsdiq edən sənədlərlə, yəni ödəniş sənədləri ilə icra vərəqəsinin verildiyi İcra və Probasiya şöbəsinə müraciət etməlidir. Qətnamə üzrə borc tam ödənildiyi halda icra məmuru tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göründüyü kimi, ərizədə qoyulan məsələ məhkəmə qaydasında baxılmalı olmadığından (iddianın yolverilməzliyinə görə) iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməli və ərizəçiyə ərizədə göstərilən məsələ ilə bağlı İcra və Probasiya Şöbəsinə müraciət etməsi izah edilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, hətta ərizə məhkəmə qaydasında baxılmalı olduğu halda cavabdehin hüquqi ünvanı Nəsimi rayonunda yerləşdiyindən iddiaçı həmin rayonun məhkəməsinə müraciət etməli idi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İzah olunsun ki, iddiaçı ərizədə qoyulmuş məsələ ilə bağlı qətnamə əsasında verilmiş icra vərəqəsinin icrası həvalə edilmiş İcra və Probasiya Şöbəsinə müraciət etməlidir. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində Yasamal rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-6029/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6029/2020
25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver