Məhkəmə qərarları › İş №2(004)-6091/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6091/2025

27.11.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6091/2025 27.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında olan 3 otaqdan ibarət fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh Talib oğlu xx.xx.1989-cu il tarixdə rəsmi olaraq nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikah dövründə yəni, 1997-ci il tarixdə ünvan 2 ünvanında fərdi yaşayış evi almışlar. Həmin evdə 2023-cü ilədək birgə yaşamışlar. İddiaçı keçmiş həyat yoldaşı ilə aralarında olan ailə münasibətlərinin kəskin pisləşməsi səbəbindən 2023-cü ildən sonra evi tərk etmək məcburiyyətində qalmışdır. Yasamal rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuşdur və iddiaçı hal-hazıradək ünvan 3 ünvanında kirayə şəraitində yaşayır. Birgə nikah dövründə əldə etdikləri ünvan 2 ünvanında olan fərdi yaşayış evi 0.01 ha torpaq sahəsinin içində olmaqla ümumi sahəsi təxminən 75 kv.m, 3 qonaq, mətbəxt və sanitar qovşağından ibarətdir. Həmin fərdi yaşayış evinin çıxarışı olmasa da bütün kommunal müqavilələr mövcuddur. İddiaçı dəfələrlə öz evinə gəlməyə və yaşamağa çalışsa da, keçmiş həyat yoldaşı buna imkan verməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətdində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Lakin həmin evin satılaraq satışından əldə edilən vəsaitin iddiaçı ilə aralarında bölünməsinə razıdır. Əlavə olaraq bildirmişdir ki, evin dəyəri təxminən 140000 manatdır. Evi alarkən iddiaçı ilə evli olmuşlar. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ- İ seriyalı, 537188 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında bağlanmış nikah Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur, nikaha xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 263 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-412/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 24 yanvar 1989-cu il tarixdə Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsində 29 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı 31 oktyabr 2003-cü il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 24 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, 54 A saylı fərdi yaşayış evi özbaşına tikilidir, həmin evin kimə mənsub olması və evin neçənci ildə inşa edilməsi barədə MKİS-də məlumat yoxdur. Həmin evdə İddiaçı, Cavabdeh və X1 qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 24 yanvar 1989cu ildə nikaha daxil olmuşlar. Birgə nikah dövründə Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, ev 54A ünvanında yerləşən fərdi yaşayış evini əldə etmişlər. Daha sonra iddiaçı cavabdehlə aralarında olan ailə münasibətlərinin kəskin pisləşməsi səbəbindən 2023-cü ildən sonra həmin evi tərk etmək məcburiyyətində qalmışdır. Tərəflərin nikahı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-412/2024 saylı qətnaməsi ilə pozulmuşdur. İddiaçı dəfərlərlə sözügedən fərdi yaşayış evinə gedərək orada yaşamağa çalışsa da, cavabdeh buna imkan verməmişdir. Hazırda iddiaçı həmin evin tərəflərin birgə nikah dövründə əldə edildiyini əsas gətirərək, mübahisəli evə köçürülməsini xahiş edir, cavabdeh isə iddianı qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.1-ci maddəsi mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1.2-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, ev 54A ünvanında yerləşən fərdi yaşayış evi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikilidir. Həmçinin sözügedən fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə əldə edilmişdir. Belə ki, cavabdeh məhkəmə iclasında iddianı tam qəbul etməsə də, izahatında bildirmişdir ki, mübahisəli ev tərəflərin birgə nikah dövründə əldə edilmişdir. Həmçinin qeyd etmişdir ki, həmin evin satılaraq satışından əldə edilən vəsaitin iddiaçı ilə aralarında bölünməsinə razıdır. Məhkəmə qeyd edir ki, mübahisəli ev Cavabdeh yaşayış yeri olduğu kimi İddiaçı da yaşayış yeridir. Cavabdehin iddiaçını qeyd edilən fərdi yaşayış evində yaşamaqdan məhrum etmək səlahiyyəti yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ vardır. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə mübahisəli mənzil özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd edilən mənzil özbaşına tikili olsa da, tərəflərin birgə nikah dövründə əldə edildiyindən və bu cavabdehin izahatı ilə də öz təsdiqini tapdığından Cavabdeh iddiaçıya qeyd edilən fərdi yaşayış sahəsindən istifadə və sahiblik etməsinə maneələrin yaradılması üçün hər hansı bir hüququ yoxdur. Belə ki, cavabdehin mülkiyyətçi statusu yoxdur və iddiaçının həmin özbaşına tikili üzərində hansı hüquqları mövcuddursa, onun da hüquqları həmin həddə mövcuddur. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, ev 54A ünvanında yerləşən 3 otaqdan ibarət fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, ev 54A ünvanında yerləşən 3 otaqdan ibarət fərdi yaşayış evinə köçürülsün. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar