Məhkəmə qərarları › İş №2(004)-6098/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6098/2025

17.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6098/2025 17.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sair "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı sair "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızından 1000 manat və iddianın baxılması üçün ödədiyi 30 manat dövlət rüsumunun, cəmi 1030 (bir min otuz) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 8 sentyabr 2025-ci il tarixində ev almaq məqsədi ilə Natalya adlı şəxsin internetdə yerləşdirdiyi elana əsasən ünvan 1 ünvanında yerləşən mənzilə baxış keçirmişdir. Görüşdə makler Natalya, ev sahibi İrina, həmçinin bacım Şahid2 iştirak etmişlər. Görüş zamanı həm Natalya, həm də İrina mənzil sahəsinin 43 kv.m olduğunu dəfələrlə bildirdilər. O, mənzili almaq niyyətini təsdiqlədi və onların sözlərinə inanaraq 1000 (bir min) manat məbləğində beh verdi. Behləşmə zamanı Natalya tərəfindən özbaşına heç bir rəsmi əsası olmayan 1000 AZN-nin verilməsi baradə xx.xx.2025-ci il tarixdə müqavilə sənədi imzalanmışdır. Çıxarışla tanış olandan və yerində ölçü aparılandan sonra məlum oldu ki, mənzilin faktiki sahəsi 43 kv.m deyil, cəmi 29 kv.m-dir. Bu hal onun aldadıldığını və ona bilərəkdən yanlış məlumat verildiyini sübut edir. Yəni cavabdeh və maker əlbir olub mənzilin ölçüsü barədə bilərəkdən yalan məlumat verərək, onun etimadını qazanmış, nəticədə əsassız şəkildə 1000 manat pul vəsaitini ələ keçirmiş və nəticədə əsassız varlanmışdır. (Səs yazıları iddia ərizəsinə əlavə edilib) Bunu bildikdən sonra beh müqaviləsində imtina edərək əmlakı istəmədiyini bildirdi. O, dəfələrlə cavbdehdən verdiyi 1000 manat behin geri qaytarılmasını tələb etsə də, cavabdeh bu tələbi yerinə yetirməmiş, əksinə, maklerlə birilikdə ona hədə-qorxu gələrək dövlət orqanlarının adından sui-istifadə etmişlərdir. Həmin dövrdə mənzilin ümumi qiymətini ödəmək üçün çatışmayan məbləğ (22.000 manat) onu bank krediti götürməyə məcbur etmişdir. Beləliklə, aldadılma nəticəsində təkcə 1000 manat beh itirməmiş, həm də Bank of Baku (Yasamal filialı) vasitəsilə götürdüyü kredit üzrə əlavə faiz və ödəniş öhdəliklərinə düşərək maddi ziyana uğramışdır. Məsələ ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə rəsmi şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin həmin bölmədən ona ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilib ki, müraciəti mülki xarakter daşıdığına görə bu məsələ polis orqanlarının səlahiyyətinə aid deyil və bu səbəbdən məhkəməyə müraciət etməsi tövsiyə olunub. Odur ki, qeyd olunan səbəbdən pulunu cavabdehdən almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh iddia tələbinə etiraz ünvanlayaraq, iddianın əsassız və qərəz məqsədli olmasını nəzərə alaraq iddianın rədd edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı iddasında qeyd etdiyi məqamlar ilə hadisələri öz xeyrinə çevirərək məhkəmənin fikrini yönəltmək istəyir. Belə ki, iddiaçı tərəf ona məxsus mülkiyyəti bir neçə dəfə gəlib baxmış, həmçinin sənədlərlə tanış olmuşdur. Həmin dövrdə evinin bir neçə müştəri tərəfindən alınmaq istənildiyini də bilmişdir. Evə və sənədlərə baxdıqdan sonra qiymətlə razılaşıb evin onun tərəfindən alınması ilə əlaqəli beh müqaviləsi bağlanmış və icra müddəti təyin edilmişdir. Beh alınması səbəbindən digər alıcılara imtina edilmiş, alqı-satqı həyata keçirilməsi planlaşdırılmışdır. Lakin tərəf alqısatqını müqavilə tarixinə həyata keçirə bilməyəcəyini görüb müxtəlif üsullarla ona təzyiq göstərməyə başlamış, pulu düzəldə bilmədiyini və əmlakı dəfələrlə ucuz satılmasını təklif etmişdir. O, iddiaçı ilə razılaşmadıqda polis və məhkəmə ilə onu hədələmiş və əmlakı ucuz qiymətə ona satmayacağı halda onu buna məcbur edəcəyini bildirmiş, hətta guya ona görə götürdüyü krediti və onun ödənişlərini də ondan alacağı barədə real hədələr ifadə etmişdir. Hazırkı halda qeyd edir ki, tərəf haqsızdır, onun əmlakı satmaq üzrə hüquqlarını məhdudlaşdırmış və maliyyə itkilərinə səbəb olmuşdur. Əlavə olaraq əsasız olaraq müqavilə azadlqlarına uyğun razılaşdırılmış və rəsmləşdirilmiş müqaviləni icra etməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, evi sosial şəbəkədə görmüş və Natalya adlı xanımla görəşərək evə getmişdi. O, tanımadığı ünvana özü tək gedə bilməzdi. Elanda evin sahəsinin 43 kv.m olduğu qeyd olunmuşdu. Daha sonra İrina xanım gəlmiş və o da evin sahəsinin 43 kv.m olmasını təsdiqləmişdir. Çıxarışda qeyd edilən sahədən artıq sahənin artırıldığı bildirilmişdi. Onlar israr etdiyinə görə ölçü aparmamışdılar. Onlardan 1000 manat beh istəmişdilər. O və bacısı birlikdə 500 manat vermiş və sonra kartına 500 manat göndərmişdilər. Behlə bağlı dövlət tərəfindən təsdiq edilməyən sənəd imzalamışdılar. Daha sonra evi ölçəndə 29 kv.m olduğunu gördülər. Beləliklə də evi almaq istəmədiklərini bildirmiş və behin qaytarılmasını tələb etmişdilər. Evin sahəsi az olduğuna görə 130.000 manat qiymət uyğun deyil. Həmçinin, onlara daha ucuz qiymətə satılmasını təklif etmişdilər. Onun evi söküntü ərazisinə daxil olduğuna görə pulu alacağı ilə bağlı imza çəkmişdir və pulla bağlı cavabdehə məlumat vermişdir. Səs yazısında evin sahəsinin ölçüsünün az olması qeyd edilib. O, aldadılmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Çıxarışda evin sahəsi təxminən 30 kv.m-dən bir az çox qeyd edilmişdi və texniki passportun olmadığı bildirilmişdi. O, İrina xanımı sadəcə bir dəfə beh verəndə görmüşdür. İrina ümumiyyətlə həmin evdə yaşamır. Evdə 3 dəfə Natalya xanımla olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və təqdim etdiyi etiraz əsasında iddiaçının müqavilə azadlığı çərçivəsində tərəflər arasında razılaşdırılmış beh müqaviləsi tələbləri üzrə müqavilədə nəzərdə tutulmuş məbləğ və müddətdə onun günahı ucbatından alqı-satqının baş tutmaması səbəbil razılaşdırılmış qiymətə almaqdan imtina edərək dafələrlə aşağı alma təklifi və təhdidləri nəticəsində alqı-satqı həyata keçirməməsini nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, iddiaçını tanıyır, düşmənçilikləri və ədavəti yoxdur. Daşınmaz əmlak alqı-satqısında vasitəçi kimi fəaliyyət göstərir. Cavabdehi də müştəri kimi tanımışdır. Birinci dəfə iddiaçı ona cavabdehə məxsus evə görə əlaqə saxlamışdı, onda cavabdehin nömrəsini vermiş, ikinci dəfə zəng edəndə isə evə baxmağa onunla birlikdə getmişdilər. Evin sənədlərinə baxıb, evi bəyənmiş və beh vermişdi. Ondan sonra 3-cü dəfə qızı, həyat yoldaşı və bacısı ilə birlikdə evə baxmağa gəlmişdi. 4-cü dəfə gələndə isə evi ölçmək istəmişdilər. Verilən suallara cavab olaraq bildirmişdir ki, birinci dəfə evə baxmağa iddiaçı özü tək getmişdir. Cavabdeh onkoloji xəstə olduğuna görə gəlməmiş, ondan kömək istəmişdi. O, ev sahibi deyildir, nə deyilibsə onu da təklif etmişdir. O, pul götürməmişdir, pulu İrina Sovalka özü götürmüşdür. Pula görə cavabdehə zəng etmişdir ki, verdiyi pulu iddiaçıya qaytarsın. Lakin onu narahat etməməməsini, yoxsa polisə müraciət edəcəyini bildirmişdi. Evin sahəsini mülkiyyətçi özü bilir. Verilən suallara cavab olaraq bildirmişdir ki, əmlak mülkiyyətçilərinin verdikləri məlumat əsasında əmlakın satışına dair elan yerləşdirir və elanda sahəni mülkiyyətçinin dediyi kimi qeyd edir. Cavabdeh sözügedən mənzillin sahəsinin 43 kv.m olduğunu bildirdiyi üçün, elanda da o cür qeyd olunmuşdu. Hazırda İrina həmin əmlakı yenidən satışa qoymuşdur. Evin sahəsi isə 38 kv.m qeyd olunub. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, iddiaçının bacısıdır, Nataliyanı makler kimi tanıyırlar. Uşağın məktəbinə yaxın olduğuna görə cavabdehin evini almaq istəyirdilər. Evə 3 dəfə baxmağa getmişdilər. Evə daxil olanda balaca görünürdü. Behi birinci dəfə gedəndən sonra ödəmişdilər. Bina tarixi binadır. Ölçəndə evin sahəsinin 29,5 kv.m olduğu müəyyən olundu. O, təklif etdi ki, sahəsi azdırsa, qiyməti endirsinlər, ondan sonra alacaqlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, beh imzalayandan sonra evin Çıxarışını göstərdilər. Artırma ilə sahəsinin 43 kv.m olduğu deyilmişdi. Boş torpaq sahəsinin artırılmasını nəzərdə tuturdular. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********66-10301 reyestr nömrəli Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 152,50 kv.m olan fərdi yaşayış evi və üzərində yerləşdiyi 0,0099 kv.m torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında 2-ci mərtəbədən 3 otaq (ü/s-47.3 kv.m) olan hissədə X3 adına xx.xx.2022-ci il tarixində, 3-cü mərtəbədən 2 otaq (ü/s 29.6 kv.m) olan hissədə X6 adına xx.xx.2022-ci il tarixində, 3-cü mərtəbədən 1 otaq (ü/s: 30.8 kv.m) olan hissədə Cavabdeh adına xx.xx.2023-cü il tarixində, 1-ci mərtəbədən 1 otaq (ü/s-12.0 kv.m) olan hissədə X7 adına xx.xx.2025-ci il tarixində, 1-ci mərtəbədən 2 otaq (ü/s 30.4 kv.m)-1/4 hissədə X2 adına xx.xx.2024-cü il tarixində, 1-ci mərtəbədən 2 otaq (üs 30.4 kv.m)-1/4 hissədə X1 adına, 1-ci mərtəbədən 2 otaq (ü/s 30.4 kv.m)-1/4 hissədə X5 adına, 1-ci mərtəbədən 2 otaq (ü/s 30.4 kv.m)-1/4 hissədə X4 adına qeydiyyata alınmışdır. Satıcı Cavabdeh, alıcı İddiaçı və vasitəçi Şahid1 arasında bağlanmış xx.xx.2025-ci il tarixli beh müqaviləsinə əsasən, satıcı ilə alıcı arasında ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın alqı-satqısına dair razılıq əldə edilmişdir. Müqavilənin şərtlərinə görə, əmlakın ümumi satış qiyməti 126.000 (yüz iyirmi altı min) manat təyin edilmiş, bu məbləğdən 1.000 (min) manat beh qismində satıcıya ödənilmişdir. Tərəflər alqı-satqının tamamlanması üçün son tarixi 28 sentyabr 2025-ci il (30 günədək uzadılma imkanı ilə) müəyyən etmişlər. Beh müqaviləsi alıcı tərəfindən pozularsa, verilmiş behi alıcı tələb etməməlidir. Beh müqaviləsi satıcı tərəfindən pozularsa, alıcıya satıcı almış olduğu behin iki mislini alıcıya ödəməlidir. Beh müqaviləsinin pozulduğu hər iki halda vasitəçiyə behin 40%-i ödənilir. "xxxx" ASC tərəfindən verilmiş ödəniş cədvəlindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixində illik 19,9 faiz dərəcəsi ilə 59 ay müddətinə ödəmək şərtilə 22.500 manat məbləğində nəğd pul krediti verilmişdir. Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, onun xx.xx.2025-ci il tarixdə Yasamal RPİ-nin 26-cı PB-nə daxil olmuş müraciətinə cavab olaraq bildirilmişdir ki, müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğu üçün məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunur. İddiaçı tərəfindən CD disk vasitəsilə təqdim edilmiş səs yazılarından müəyyən edilir ki, iddiaçı, onun həyat yoldaşı və Şahid1 arasında evin sahəsi və qiyməti ilə bağlı danışıqlar getmişdir. İddiaçı və həyat yoldaşı evin Çıxarışda 31 kv.m olmasına və kiçik olmasına baxmayaraq onlara 43 kv.m olması barədə məlumat verilməsindən narazılıqlarını, bu evi almaq üçün kredit götürməli olduqlarını bildirmiş, iddiaçı 10 kv.m sahənin 27.000 manat etdiyini, evin əvəzində 110.000 manat verməyə razı olduqlarını və bu barədə Cavabdeh ilə danışmasını təklif etmişdir. Şahid1 isə bildirmişdir ki, o evin sahəsini ölçmür, Cavabdeh evi bu qiymətə satır. Bu ərazidə bir otaqlı evlər 130.000 manatdır, bu ev yaxşı təmirlidir, gedib başqa evlərə baxsınlar, bu məbləğə 2 otaqlı ev tapmaq çətindir, qiyməti o tərəf bu tərəf qismən dəyişdirilə bilər, İrinaya 110.000 manata almağı təklif edənlər də olub. O, onkoloji xəstədir, 19 yaşlı qızı ilə yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2-ci maddəsinə əsasən Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5-ci maddəsinə əsaəsn, Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 347.1-ci maddəsinə əsasən Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2-ci maddəsinə əsasən Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 491.1-ci maddəsinə əsasən, Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci maddəsinə əsasən Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 491.3-cü maddəsinə əsasən Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 492.1-ci maddəsinə əsasən, Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 492.2-ci maddəsinə əsasən, Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********66-10301 reyestr nömrəli Çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 152,50 kv.m olan fərdi yaşayış evi və üzərində yerləşdiyi 0,0099 kv.m torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında 23-cü mərtəbədən 1 otaq (ü/s: 30.8 kv.m) olan hissədə Cavabdeh adına xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. Satıcı Cavabdeh, alıcı İddiaçı və vasitəçi Şahid1 arasında bağlanmış xx.xx.2025-ci il tarixli beh müqaviləsinə əsasən, satıcı ilə alıcı arasında ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın alqı-satqısına dair razılıq əldə edilmişdir. Müqavilənin şərtlərinə görə, əmlakın ümumi satış qiyməti 126.000 (yüz iyirmi altı min) manat təyin edilmiş, bu məbləğdən 1.000 (min) manat beh qismində satıcıya ödənilmişdir. Tərəflər alqı-satqının tamamlanması üçün son tarixi 28 sentyabr 2025-ci il (30 günədək uzadılma imkanı ilə) müəyyən etmişlər. Hazırda iddiaçı onun tərəfindən cavabdehə beh olaraq ödənilmiş 1000 manat vəsaitin geri qaytarılmasını tələb edir. Məhkəmə qeyd edir ki, iş materiallarından da görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilə sadə yazılı formada vasitəçi tərəfindən tərtib olunmaqla bağlanmışdır. Halbuki Mülki Məcəlləyə əsasən, Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısına dair beh razılaşması notariat qaydasında təsdiq edilmədiyindən etibarsız əqddir. Bununla belə məhkəmə qeyd edir ki, tərəflər arasında beh razılaşması MM-nin 491.2ci maddəsinin tələblərinə uyğun bağlanmadığı üçün, həmin razılaşma üzrə verilən 1000 manat məbləğində pul vəsaiti avans kimi qiymətləndirilməlidir. Və satıcı tərəfindən əmlakın sahəsi barədə düzgün olmayan məlumatın verilməsi alıcının haqlı olaraq müqavilədən imtinasına səbəb olmuşdur. Qeyd olunan səbəblərdən, məhkəmə hesab edir ki, alınan 1000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1000 (bir min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar