Məhkəmə qərarları › İş №2(004)-6139/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6139/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6139/2021 13.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu, 28 may qəsəbəsi, küçə 2-də yerləşən 5 sot torpaq sahəsinin alınmasına və həmin torpaq sahəsi üzərində tikilmiş 26 nömrəli fərdi yaşayış evinin tikintisi üçün çəkilmiş xərcin, yəni 60.000 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı onun qaynatasıdır. 3 il birlikdə Günəşlidə yaşamışlar, daha sonra qaynatası Günəşlidəki evi 17000 manata sataraq torpaq almışdır. Onlar Almaniyada olanda qaynatasına pul göndərmişlər ki, onlara ev tiksin, bununla bağlı sənəd var. Cavavbdeh həmçinin 12 sot torpağın 5 sotunun cavabdehin adına, qalanı isə iddidaçının qızının adına olduğunu, sürdüyü maşının onların pulu ilə alındığını, həmin ev ilə iddıaçının bir bağlılığının olmadığını, 2014-cü ildən həmin evdən qayınatasının getdiyini bildirmiş və iddia tələbini rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri, Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 28 may qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən Binəqədi rayonu, 28 may qəsəbəsi, 2-ci küçəsi, 26 saylı evdə qeydiyyatsız yaşayır və qonşuların təsdiq etdiyi akta əsasən həmin evi o öz hesabına tikmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə qeyd edir ki, ilk növbədə öhdəliyin yaranması üçün qanuni əsaslar müəyyən edilməlidir. İş materialları ilə Cavabdeh İddiaçı 60.000 manayt məbləğində pul ödəməsi öhdəliyinin olması müəyyən edilmir. Yəni iddiaçı ilə cavabdeh arasında müqavildən, əsassız varlanmadan, deliktən və ya özgə işlərini tapşırıqsız aparmadan irəli gələn öhdəlik münasibətlərinin olduğu iş materialları ilə müəyyən edilmir və iddiaçı tərəfindən sübuta yetirilmir. İddia tələbi əsassız hesab edilməli və İddiaçı Binəqədi rayonu, 28 may qəsəbəsi, küçə 2-də yerləşən 5 sot torpaq sahəsinin alınmasına və həmin torpaq sahəsi üzərində tikilmiş 26 nömrəli fərdi yaşayış evinin tikintisi üçün çəkilmiş xərcin, yəni 60.000 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilməli və iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edillməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Binəqədi rayonu, 28 may qəsəbəsi, küçə 2-də yerləşən 5 sot torpaq sahəsinin alınmasına və həmin torpaq sahəsi üzərində tikilmiş 26 nömrəli fərdi yaşayış evinin tikintisi üçün çəkilmiş xərcin, yəni 60.000 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar