Məhkəmə qərarları › İş №2(004)-6206/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6206/2021

21.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6206/2021 21.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsi, ev 205, 45 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzili 24 fevral 2003-cü ildə nənəsi X3 ona bağışlamış, bağışlama müqaviləsi əsasında ona dair mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən 17.04.2003-cü il qeydiyyat çıxarışı verilmişdir. Cavabdeh onun keçmiş həyat yoldaşı olmuşdur. O, 02 sentyabr 2001-ci ildə cavabdehlə rəsmi nikaha daxil olmuş, birgə nikahdan iki övladı: 20 iyul 2002-ci il təvəllüdlü X5 və 08 oktyabr 2003-cü təvəllüdlü X6 anadan olmuşdur. Yasamal Rayon Məhkəməsinin 18.08.2009-cu il tarixli qətnaməsi ilə nikah pozulmuş, uşaqların onun yanında qalması və cavabdehdən uşaqların saxlanılması üçün qazancının üçdə ikisi hissəsinin, habelə hər birinə görə 20 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Cavabdeh uşaqları üçün heç bir aliment ödəməmişdir. Uşaqları təkbaşına özü saxlamışdır. Uşaqların ali məktəbə hazırlıq dönəmində axşamlar restoranda qab yumaqla pul yığaraq ödəmişdir. O, Respublika Klinik Xəstəxanasında kardiologiya şöbəsində tibb bacısı işləyir. Cavabdeh onunla rəsmi qaydada boşandığı vaxtdan yəni 2009-cu ildən etibarən ona məxsus mülkiyyətində olan ünvan 1 ünvanında yaşamış, dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymamış, hətta ona qarşı dəfələrlə fiziki zorakılığa əl atmışdır. 2015-ci ildə ondan polisə də şikayət etmişdir. Cavabdehin hərəkətləri nəticəsində o, özünə məxsus mənzildə yaşaya bilmir, həyatı dözülməz hal almışdır. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, iddianı qəbul etmir. O, keçmiş həyat yoldaşı ilə 2009-cu ildə boşanmış, ayrıldıqdan sonra Ağcabədi rayonu, Boyad kəndinə - ata yurduna getmiş, lakin iki aydan sonra həyat yoldaşı ilə barışmışdır. Həmin gündən o, mübahisə predmeti olan evdə yaşayır. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qasımova X7 ilə X4 arasında bağlanmış 24.02.2003cü il tarixli mənzil bağışlama müqaviləsinin surətinə əsasən Qasımova X7 Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsi, ev 205, 45 saylı mənzili X2 bağışlamışdır. İş materiallarında olan Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 148640 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsi, ev 205, yaşayış sahəsi 29,33 m2 olan 45 saylı mənzil X1 mülkiyyətindədir və bu barədə 17.04.2003-cü il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhər Yasamal rayon Məhkəməsinin 18.08.2009-cu il tarixli, 2(004)-2057/2009 saylı qətnaməsinə əsasən İddiaçı və Cavabdeh arasında bağlanmış 02.09.2001-ci il tarixli, 1158 nömrəli nikah pozulmuşdur. İş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 098766 nömrəli, 23.10.2009-cu il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən İddiaçı və Cavabdeh arasında bağlanmış nikah 23.10.2009-cu il tarixdə 380 nömrəli akt qeyi ilə pozulmuşdur. İşin halları odur ki, cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır. Onların nikahı 23.10.2009-cu il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdeh həmin evi tərk edərək ata yurdu olan Ağcabədi rayonuna getmişdir. Cavabdeh hazırda da Ağcabədi rayonu, Boyat kəndində qeydiyyatdadır. Cavabdeh sonra iddiaçı ilə barışmış və onun mənzilində yaşamışdır. Hazırda iddiaçı cavabdehin onun mülkiyyətində olan mənzildən çıxarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdeh iddiaçının ailə üzvü deyil. İddiaçının razılğı ilə boşandıqdan sonra sözügedən mənzilə qayıdıb yaşamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsi, ev 205, 45 saylı mənzildən çıxarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsi, ev 205, 45 saylı mənzildən çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar