Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-623/2024 16.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 177152 manat məbləğində tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixində iddiaçı ilə Cavabdeh MMC arasında Bakı 5 saylı notariat kontorunda 3M-192 reyestr nömrəli “icarə müqaviləsi” bağlanmışdır. Müqavilədə tərəf olaraq o, İddiaçı (icarəyə verən) və Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 (icarəçi) iştirak etmişdir. Müqavilənin 1.1-ci maddəsinə (müqavilənin predmeti) əsasən, icarəyə verən iqtisadi İnkişaf Nazirliyi, Dövlət Əmlakının idarə olunması və Özəlləşdirməsi Departamenti tərəfindən verilmiş 001965 saylı şəhadətnaməyə əsasən ona məxsus olan və ünvan 1 ünvanda 4 mərtəbəli binanın 186,9 (yüz səksən altı tam onda doqquz)m2olan qeyri yaşayış sahəsini (bundan sonra mağaza) icarəçiyə verməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci maddəsinə (icarənin başlanması,icarə müddəti) əsasən, icarə müddəti xx.xx.2017-ci il tarixdən başlayır. İcarə müddəti başlanğıc tarixindən etibarən 5 (beş) ildir. Müqavilənin 2.2-ci maddəsinə əsasən, icarə müddəti 5 (beş) il müddətinə xx.xx.2022-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Müqavilənin 4.1-ci maddəsinə (icarə haqqı və digər ödənişlər) əsasən, nəzərdə tutulmuş məqsədlər üçün mağazanın istifadəsi müqabilində icarəçi icarəyə verənə haqqı ödəyir. İcarə haqqının məbləği 13953,49 (on üç min doqquz yüz əlli üç manat qırx doqquz qəpik) manatdır. Müqavilənin 4.2-ci bəndinə əsasən, müvafiq ayın icarə haqqı həmin ayın bitməsindən sonra 7 (yeddi) gün ərzində ödənilir.Bildirir ki, onunla Cavabdeh MMC-nin direktoru X4 arasında AKT tərtib olunmuşdur. Həmin aktda qeyd olunmuşdur ki, onlar aşağıda imza edənlər, aralarında imzalanmış xx.xx.2021-ci il tarixinə 135830 (yüz otuz beş min səkkiz yüz otuz) manat olan icarə haqqı borc qalığını təsdiqləyirlər. Sonradan, onunla Cavabdeh MMC-nin direktoru X4 arasında xx.xx.2023-cü il tarixində AKT tərtib olunmuşdur. Həmin aktda qeyd olunmuşdur ki, onlar aşağıda imza edənlər, aralarında imzalanmış xx.xx.2017-ci il tarixli İcarə müqaviləsinə əsasən 132230 (yüz otuz iki min yüz otuz) manat olan icarə haqqı borc qalığını təsdiqləyirlər. Qeyd edilir ki, Cavabdeh MMC tərəfindən həmin 132230 (yüz otuz iki min iki yüz otuz) manat olan icarə haqqı bugünə qədər ödənilməmişdir. Bundan başqa da, 132230 (yüz otuz iki min iki yüz otuz) manatın 2019-2023-cü illər üzrə inflyasiya dəyəri ödənilməlidir; 2019-cu il üzrə 2,61% - 3451 (üç min dörd yüz əlli bir) manat, 2020-ci il üzrə 2,76% - 3649 (üç min altı yüz qırx doqquz) manat, 2021-ci il üzrə 6,65% - 8793 (səkkiz min yeddi yüz doxsan üç) manat, 2022-ci il üzrə 13,85% - 18319 (on səkkiz min üç yüz on doqquz) manat, 2023-cü il üzrə 8,1% (8ay) – 10710 (on min yeddi yüz on) manat, cəmi isə 44922 (qırx dörd min doqquz yüz iyirmi iki) manatdır. Bununla bağlı pulun 5 (beş) gün müddətində ödənilməsi ilə cavabdehə 23 noyabr 2023-cü il tarixində bildiriş göndərmişlər, lakin heç bir ödəniş olunmamışdır. Hazırda məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin elektron kabinetinə məhkəmə bildirişi yerləşdirilməklə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan: İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2007-ci il tarixli İcarə müqaviləsinə görə, 001965 seriyalı qeydiyyat şəhadətnaməsi əsasında “İcarəyəverənin” mülkiyyətində olan Bakı şəhəri Ə.Əliyev 11 ünvanında yerləşən və ümumi sahəsi cəmi 189 (yüz səksən altı tam onda doqquz) m2 olan və müqaviləyə əlavə olunan planda göstərilən (“qeyri-yaşayış” sahəsi olaraq adlandırılacaq) qeyri-yaşayış sahəsinin “İcarəçinin” icarəsinə verilməsi, “İcarəçi” tərəfindən isə bunun əvəzinə icarə haqqının ödənilməsinə dair hüquqi öhdəliyin yaranması təşkil edir. Müqavilənin 2.5-ci bəndinə əsasən aylıq icarə haqqının məbləği Azərbaycan Respublikasının vergi qanunvericiliyində nəzərdə tutulmuş müvafiq vergisiz 5500 (beş min beş yüz) ABŞ dolları təşkil edir. İcarəçi nəzərdə tutulan 14 % həcmində gəlir vergisini vaxtında müvafiq vergi orqanına ödəyir. Həmin kirayə haqqına ƏDV daxil deyil. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2017-ci il tarixli İcarə müqaviləsinə görə, icarəyə verən İqtisadi İnkişaf Nazirliyi, Dövlət Əmlakının idarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 001965 saylı şəhadətnaməyə əsasən ona məxsus olan və ünvan 3 ünvanda 4 mərtəbəli binanın 186,9 (yüz səksən altı tam onda doqquz) m2qeyri-yaşayış sahəsini (bundan sonra “mağaza”) icarəçiyə icarəyə verməyi öhdəsinə götürür. İcarə müddəti xx.xx.2017-ci il tarixdən başlayır. İcarə müddəti başlanğıc tarixindən etibarən 5 ildir. İddiaçı ilə Cavabdeh MMC-nin direktoru X4 arasında imzalanmış Akta görə, xx.xx.2017-ci il tarixli İcarə müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinə 135830 (yüz otuz beş min səkkiz yüz otuz) manat olan icarə haqqı borc qalığını təsdiqləyirlər. İddiaçı ilə Cavabdeh MMC-nin direktoru X4 arasında imzalanmış xx.xx.2023-cü il tarixli akta görə xx.xx.2017-ci il tarixli İcarə müqaviləsinə əsasən 132230 (yüz otuz iki min iki yüz otuz) manat olan icarə haqqı borc qalığını təsdiqləyirlər. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı cavabdehə borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, **********093900 saylı məktuba əsasən, vergi ödəyicilərinin dövlət reyestrində İddiaçı (VÖEN:**********0 vergi uçotunun xx.xx.2012-ci il tarixdə ləğv edilməsi barədə məlumat mövcuddur. Məhkəmə ilk növbədə iddia ərizəsinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-ci maddəsinə əsasən Əəgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə icarə müqaviləsi bağlanılmaqla mübahisə predimeti olan qeyriyaşayış sahəsi aylıq icarə haqqı 13953,49 manat razılaşdırılmaqla icarəyə verilmişdir. Cavabdeh MMC-nin direktoru X4 arasında tərtib olunmuş aktdan görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixinə 135830 (yüz otuz beş min səkkiz yüz otuz) manat olan icarə haqqı borc qalığını təsdiqləyir. Sonradan, iddiaçı və cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində AKT tərtib olunmuşdur. Həmin aktda qeyd olunmuşdur ki, onlar cavabdehin xx.xx.2017-ci il tarixli İcarə müqaviləsinə əsasən 132230 (yüz otuz iki min yüz otuz) manat olan icarə haqqı borc qalığını təsdiqləyirlər. Cavabdeh MMC tərəfindən həmin 132230 (yüz otuz iki min iki yüz otuz) manat olan icarə haqqı bugünə qədər ödənilməmişdir. Hazırda iddiaçı gecikdirilmiş kirayə haqqının və həmin məbləğdə pulun 2019-2023-cü illər üzrə inflyasiya dəyərinin ödənilməsini tələb edir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddia ərizəsinə etiraz təqdim etməmiş və məhkəmədə iştirak etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı idda tələbində qismən haqlıdır. Belə ki, Cavabdeh MMC tərəfindən icarə müqaviləsinə əsasən ödənilməmiş 132230 manat məbləğində icarə haqqı iddiaçıya ödənilməlidir. Bundan başqa həmin məbləğdə pulun 2019-2023-cü illər üzrə inflyasiya dəyərinin ödənilməsi hissəsində iddia tələbi qismən təmin edilməlidir. Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsindən əldə edilmiş məlumata əsasən (https://www.azstat.gov.az/pr03101011/) müəyyən olunur ki, Azərbaycan Respublikasında istehlak qiymətləri indeksi 2019-cu il üzrə 2,6% 2020-ci il üzrə 2,8%, 2021-ci il üzrə 6,7%, 2022-ci il üzrə 13,9%, 2023-cü ilin 8 ayı üzrə 10% yüksəlmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMCdən 132230 manat məbləğində ödənilməmiş icarə haqqı və 2019-2023-cü illər üzrə istehlak qiymətləri indeksi üzrə artım nəzərə alınmaqla 44.904 manat pul, ümumilikdə 177.134 (bir yüz yetmiş yeddi min yüz otuz dörd) manat pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, ödənilmiş 467,15 (dörd yüz altmış yeddi manat on beş qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 177.134 (bir yüz yetmiş yeddi min yüz otuz dörd) manat pul və ödənilmiş 467,15 (dörd yüz altmış yeddi manat on beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-623/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-623/2024
16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver