Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6245/2021 28.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X1rşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqı və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İcbari Sığorta Bürosu HŞİ-nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqı və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İcbari Sığorta Bürosu HŞİ-nin 06.08.2021-ci il tarixli 05-X nömrəli əmrinin etibarsız hesab edilərək ləğv edilməsi, həmin əmrlə itirdiyi iş yerinə və vəzifəsinə əvvəllər müəyyən edilmiş qaydada müddətsiz əmək müqaviləsi ilə eyni əmək haqqı ilə bərpa olunması, vurulmuş 79.200 manat mənəvi ziyanın, işə bərpa olunduğu tarixə qədər olan və ödənilməmiş əmək haqqının və mediasiya prosesinin tətbiqi üçün ödənilmiş 51 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 08.05.2019-cu il tarixindən İcbari Sığorta Bürosu X2 Hüquqi Təminat və Sığorta Hadisələri şöbəsinin rəisi vəzifəsində çalışır. Daha öncə isə 2018-ci ilin mart ayından 2019-cu ilin may ayınadək həmin təşkilatın Himayəçilər Şurasında üzv qismində təmsil olunmuşdur. Onunla bağlanmış əmək müqaviləsi 1 il müddətinə bağlanmışdır, 08.05.2020-ci il tarixdə müddət bitmiş və yeni müqavilə 01.08.2021-ci il tarixinədək bağlanmışdır. Çalışdığı müddət ərzində göstərdiyi fəaliyyət istər iş yoldaşları, istərsə də rəhbərlik tərəfindən daim müsbət qiymətləndirilmiş, bu fəaliyyətlərinə görə bir neçə dəfə maddi mükafatlara layiq görülmüşdür. Sonuncu müddətli əmək müqaviləsinin vaxtının 01.08.2021-ci il tarixində başa çatmasına baxmayaraq əmək münasibətləri davam etdirilmişdir. 06.08.2021-ci il tarixdə saat 16:00 radələrində Təşkilatın rəhbəri onunla bağlanmış əmək müqaviləsinə artıq sistemdə xitam verildiyini bildirmişdir. Bunun səbəbini soruşduqda isə heç bir cavab verməmiş, onunla çalışmaq istədiyini, lakin cavab verə bilmədiyi formada belə qərar verməli olduğunu demişdir. Daha sonra dərhal əmək kitabçası qanunsuz maddə ilə doldurulmuş və 18:30 radələrində sürətli poçt vasitəsillə əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə birlikdə ona göndərilmişdir. Əmək müqaviləsinin müddəti 01.08.2021-ci il tarixində başa çatıb. Lakin əmrdə Əmək Məcəlləsinin 73-cü maddəsi təhrif edilmiş və normanın tətbiqində yalnışlığa yol verilmişdir. Belə ki, əmrdə qeyd olunur ki, müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasını tənzimləyən AR Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbinə görə müddətli əmək müqaviləsinin müddəti başa çatdıqdan bir həftə ərzində müddətli əmək müqaviləsinə xitam verilə bilər. Halbuki maddənin əsli aşağıda qeyd etdiyi kimidir və maddi və prosessual normaların pozuntusuna yol verilmişdir. Maddə 73: Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Göründüyü kimi müddətli əmək müqaviləsinə müddət qurtardıqda xitam verilir. Baxmayaraq ki müqavilənin vaxtı 01.08.2021-ci il tarixdə başa çatmış, heç bir xitam verilməmiş və xitamdan söhbət belə getməmişdir. Daha əsas və vacib əhəmiyyətli kobud maddi və prosessual pozuntu ondan ibarətdir ki, məcəllənin sözügedən maddəsinin tələbinə əsasən tərəflərdən biri müqavilənin xitam olunması barədə digər tərəfə mütləq qaydada xitam verilmə ilə bağlı tələblə çıxış etməlidir. Lakin sonuncu iş gününün bitməsinə 2 saat qalmış heç bir tələb və ya xəbərdarlıq olmadan artıq müqaviləyə xitam verildiyi ona bildirilmiş və dərhal da (?!) evinə sürətli poçt vasitəsilə əmək kitabçasına qanunsuz olaraq əlavə edilmiş maddə ilə xitam əmrinin surəti və əmək kitabçası göndərilmişdir. Əmək müqaviləsinin müddətinin bitdiyi tarixdən bir həftə ərzində sistem üzərindən icraatına işlər yazılmış və e-maillər də daxil olmuşdur. Bütün tapşırıqlar isə vaxtında icra olunmuşdur. Qanunvericilikdə qeyd olunur ki, müqaviləyə müddət bitdiyi gün dərhal xitam verilir, əgər belə bir xitam yoxdursa sonraki 1 həftə işçinin məzuniyyətdə, ezamiyyətdə olması və ya xəstələnməsi halı ilə əlaqədar olaraq verilən müddətdir ki, o işə çıxdığı vaxtdan 1 həftə ərzində xitam verilsin. Əgər məqsəd onun müqaviləsinə müddət bitdiyinə görə xitam verilməsi idisə, bu dərhal, müddət bitdiyi gün həyata keçirilməli idi. Əgər müddət bitdikdən sonra işə götürən bir həftəni gözləyirsə, tələb etməlidir ki, işçi özünə iş yeri axtarsın. Bu bir həftəlik müddət özünə iş yeri axtarma imkanına da məhdudiyyətlər törətmiş, qanunvericiliklə qorunan konstitusion hüquqları kobud surətdə pozulmuşdur. Həmçinin əmrin məzmunu belə səhvdir və qanunvericiliyin tələblərinə əməl olunmadan tərtib edilmişdir. Bu isə 84.2-ci maddənin tələbinə əsasən əmrin etibarsız hesab edilməsinə səbəb olur. Belə ki, bunların özbaşınalığı nəticəsində əmək kitabçası korlanmış və bunun özü belə insan üçün olduqca mənəvi ziyandır. Çünki sözügedən maddə yalnış tətbiq edilmiş və bunun nəticəsində işçiyə əmək fəaliyyəti ərzində bir dəfə verilən və olduqca əhəmiyyətli bir sənəd olan əmək kitabçası korlanmışdır. Qanunvericiliyin tələbinin kobud surətdə pozuntusuna yol verilərək törədilmiş bu əməlin əmək kitabçasının korlanması ilə nəticələnməsi işgüzar nüfuzuna, o cümlədən şəxsinə qarşı atılmış bir addımdır və bu əməl nəticəsində həm kollektiv arasında olan işgüzar nüfuzuna xələl gəlmiş, həm də mənəvi ziyan vermişdir. Belə ki, əmək müqavilənin bitməsinin müddətinə 4 həftə qalmış icraçı direktorun otağına gedərək, əmək müqaviləsinin vaxtının 01 avqust tarixində başa çatdığını və müqaviləyə xitam verilib-verilməyəcəyini soruşmuş, o isə cavabında hər şeyin qaydasında olduğunu, işindən razı olduğunu və müqavilənin əlbəttə uzanacağını, hətta müddətsiz müqaviləyə keçəcəyini bildirmişdir. Bütün bu qeyd olunanlardan sonra, həm də hazırda bütün dünyanı bürümüş COVİD-19 pandemiyasının yaratdığı çətin şəraitdə yeni bir iş yeri axtarmaq imkanından məhrum olması işəgötürən tərəfindən atılmış olan bu addımların xüsusi planlı şəkildə həyata keçirilməsini deməyə imkan verir. Əmək müqaviləsinə xitam verilərkən müalicə almış və bununla bağlı rəhbərliyə bildirməsinə baxmayaraq, işlərin çox olduğunu, üzərinə işlərin yazıldığını bildirərək işə çıxması tələb edilmişdir. O, da iş yükünün çoxluğunu və rəhbərliyin tələbini nəzərə alaraq bülletendə olmasına baxmayaraq işə çıxmışdır. Sonuncu iş günü faktiki bülletendə olduğundan müqaviləyə xitam verilə bilinmədiyini bildirmiş, buna məhəl qoyulmadan əmək kitabçası tez və qanunsuz doldurulub, müqaviləyə xitam verilib evinə yollanılmışdır. Onunla bağlanmış əmək müqaviləsi qanuna zidd olaraq müddətli kimi bağlanmışdır. Əmək müqaviləsi bağlanarkən tərəflərin hüquq bərabərliyi prinsipi pozulmuş, bu normanın tətbiqində yalnışlığa yol verilmişdir. Onunla əmək müqaviləsinin nə üçün müddətli bağlandığını soruşduqda və fəaliyyətinin daimi xarakter daşıdığını bildirdikdə rəhbərlik ona demişdir ki, “bizdə belədir, əks halda səninlə müqavilə bağlamaqdan imtina edirəm.” Bu normanın prinsipləri nəzərə alınmadan əmək müqaviləsi müddətli formada bağlanmışdır və bu da öz növbəsində müddətsiz əmək müqaviləsi ilə əvəzlənməlidir. İcbari Sığorta Bürosunda əmək haqqı 3300 manat təşkil edir. İşdən ayrıldığı vaxtdan bu günə qədər işsiz olması, əlavə xərclərinin yaranması, istifadəsində olan nəqliyyat vasitəsini satması və digər hallar dəyən maddi ziyandan əlavə əmək kitabçasının əsassız formada qəsdən korlanması, işəgötürənin səhvi və ya qəsdi ucbatından ona qarşı belə bir əməlin törədilməsi nəticəsində hesab edir ki, dəymiş mənəvi ziyan da 2 illik əmək haqqı həddində pul formasında 79 200 manat məbləğində ödənilməlidir. Çalışdığı dövrdə iş yeri tərəfindən Britaniyada 3 aylıq kursa göndərilmiş və bütün xərclər iş yeri tərəfindən ödənilmişdir. Müqaviləyə xitam verilərkən haqlı sual yaranır ki, əgər yaxşı işçi deyildisə nə üçün kursa getməsi və təhsili üçün təşkilat bu qədər məsrəf edirdi?! Bağlanmış müddətli əmək müqaviləsinə müddətin başa çatması vaxtı deyil, bu müddətdən 6 gün keçdikdən sonra iş vaxtının bitməsinə 2 saat qalmış xitam verilməsi kollektiv arasında olan nüfuzuna yönəlmiş qəsddir. Əmək müqaviləsi müddətinin bitməsi səbəbindən əmək müqaviləsinə xitam verilməsi əsası işçilər və işəgötürənlər tərəfindən yaxşı qarşılanmır. İş üzrə cavabdeh “İcbai Sığorta Bürosu” X6 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbi əsassız, qanunsuz və məntiqsiz olduğundan rədd edilməlidir. Belə ki, iddia ərizəsində iddiaçı tərəfindən də etiraf edildiyi kimi onunla “İcbari Sığorta Bürosu” HŞİ arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci (müddətli əmək müqaviləsi bağlanan hallar) maddəsinin f) bəndinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti 01.08.2021-ci il tarixində bitmişdir ki, həmin gün də bazar gününə düşmüşdür. Qeyd edilməsi zəruridir ki, hazırkı iş üzrə İddiaçı ilə müddətli əmək müqaviləsinə “İcbari Sığorta Bürosu” HŞİ-nin icraçı direktorunun 06.08.2021-ci il tarixli, 05-X №-li əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin b) bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmiş, eləcə də sözügedən müddətli əmək müqaviləsinə xitam verildiyi gün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinə (yeni redaksiyada) uyğun olaraq əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş gücləndirilmiş elektron imza vasitəsilə elektron informasiya sisteminə daxil edilməklə, yuxarıda istinad olunan Məcəllənin 83-cü maddəsinin tələblərinə uyğun olaraq İddiaçı son haqq-hesab ödənilməsi onunla əmək müqaviləsinə xitam verildiyi gün təmin olunmuşdur. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 06.08.2021-ci il tarixli, 05-X №-li əmrin surətini, eləcə də əmək kitabçasını almaqdan imtina etdiyindən, bu hal həmin gün müvafiq aktla rəsmiləşdirilməklə onun əmək kitabçası və barəsində olan 06.08.2021-ci il tarixli, 05-X №-li əmrin surəti elə həmin gün rabitə orqanı vasitəsi ilə onun qeydiyyatda olduğu ünvanına göndərilmişdir. Qeyd olunan bu xüsusatlar İddiaçı iddia ərizəsində də etiraf olunmuşdur. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasını tənzimləyən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İstinad edilən hüquq normasından, eləcə də yuxarıda sadalanan xüsusatlardan, həmçinin İddiaçı iddia ərizəsindəki etirafından da görünür ki, onunla "İcbari Sığorta Bürosu” HŞİ arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə müvafiq olaraq bağlanmış müddətli əmək müaviləsi onun uzadılmış hesab edilməsi üçün qanunla müəyyən edilən müddət başa çatmamış icraçı direktorun yuxarıda göstərilən əmri ilə müqavilənin müddətinin başa çatması əsası ilə xitam verilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsində ehtiva edilən “tələb" müddətli əmək müqaviləsinə xitam verilməmişdən əvvəl işçiyə hər hansı bir yazılı (və ya şifahi) tələbin verilməsini deyil, tərəflərin iradə ifadəsini əks etdirən hərəkəti ehtiva edir ki, işəgötürənin müddətli əmək müqaviləsinə xitam verilməsi barədə tələbini ifadə edir. Əmək qanunvericiliyində müddətli əmək müqaviləsinə onun məhz müddətinin bitdiyi gün xitam verilməli olduğu təsbit olunmamışdır. Yuxarıda istinad olunan Məcəllənin 73-cü maddəsinin 1-ci hisəsində açıqaydın göstərilmişdir ki, müddətli əmək müqaviləsinin müddəti bitdikdən sonrakı bir həftə ərzində sözügedən müqaviləyə xitam verilmədiyi halda müqavilə əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab edilir. İddiaçının da iddia ərizəsində etiraf etdiyi kimi onunla bağlanmış müddətli əmək müqaviləsinin müddəti bitdikdən sonrakı bir həftə ərzində, yəni 06.08.2021-ci il tarixində müqaviləyə xitam verilmişdir. Nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi müddətli əmək müqaviləsinin məhz onun müddətinin bitdiyi gün deyil, bu müddətdən sonrakı bir həftə ərzində xitam verilməsinin mümkünlüyünü ehtiva etmişdir. Yuxarıda sadalanan xüsusatlardan görünür ki, İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə tam əməl edilmişdir. İş materiallarından, eləcə də İddiaçı iddia ərizəsinin məzmununda göstərdiyi etirafından görünür ki, onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilən gün, o, işdə olmaqla öz əmək funksiyalarını icra etmişdir. Hətta, o, hazırkı iddia ərizəsinə əlavə etdiyi xəstəlik vərəqəsində göstərdiyi tarixdən, yəni 02.08.2021-ci ildən onunla bağlanmış əmək müqaviləsinə xitam verilən günədək, yəni 06.08.2021-ci il tarixədək işdə olmaqla, öz əmək funksiyalarını icra etmiş, xəstələnməsi barədə heç bir sənədi təqdim etməmiş və xəstə olması barədə şifahi olaraq rəhbərliyə məlumat verməmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verdikdən sonra onun barəsində əmr verildiyi vaxtı xəstə olmasına əsaslanması əsassızdır və bu hal işin faktiki halları ilə uzlaşmır. İddiaçı belə bir xəstəlik vərəqəsini sonradan alması istisna edilmir. Onun "bülletendə” olması barədə məlumat verməsini iddiasında göstərməsi iddiaçının subyektiv və formal mülahizəsidir. İddia tələbinin digər hissələri və həmin hissələrə aid tələbin əsasları məntiqsiz, formal, subyektiv mülahizələrlə əsaslandırılmaqla yanaşı, bu iddiaların əsası kimi istinad edilən hər hansı bir hüquq normasının pozuntusu baş vermədiyindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarında ifadə etdikləri hüquqi mövqelərin hazırkı iddia ilə heç bir əlaqəsi yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini əsassız hesab edərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan “İcbai Sığorta Bürosu” X3 icraçı direktor Rəşəd Əhmədovun 06.08.2021-ci il tarixli 05-X nömrəli əmrinin surətindən görünür ki, İcbari Sığorta Bürosu” HŞİ-nin hüquqi təminat və hadisələrin idarə edilməsi şöbəsinin rəisi ilə bağlanmış 08.05.2019-cu il tarixli (əlavə və dəyişikliklərlə) müddətli əmək müqaviləsinin müddəti 02.08.2021-ci il tarixində başa çatmışdır. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasını tənzimləyən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbinə görə müddətli əmək müqaviləsinin müddəti başa çatdıqdan bir həftə ərzində müddətli əmək müqaviləsinə xitam verilə bilər. Göstərilənlər, eləcə də Azərbaycan Respublikasının ƏM-nin 83-87-ci maddələrinin tələbləri rəhbər tutularaq, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 06.08.2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilməsi və bununla əlaqədar gücləndirilmiş elektron imza vasitəsi ilə elektron informasiya sisteminə müvafiq bildirişin daxil edilməsinin təmin edilməsi, İddiaçı son haqq-hesabı (son iş gününə hesablanmış əmək haqqı və istifadə edilməmiş əsas məzuniyyətinin kompensasiyası) 06.08.2021-ci il tarixdə İddiaçı ödənilməsinin təmin edilməsi əmr edilmişdir. İş materiallarına əlavə olunmuş əmək qabiliyyətinin olmaması barədə 906072 saylı vərəqəsinin surətindən görünür ki, İddiaçı xəstəliyi ilə əlaqədar 05.08.2021-ci il tarixdən 09.08.2021-ci il tarixədək işdən azad edilmişdir. İş materiallarında olan mediator X5 tərəfindən tərtib olunmuş 09.09.2021-ci il tarixli, MSİH 00757 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, mübahisə üzrə 10.09.2021 tarixində, 15:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İcrabi Sığorta Bürosunun nümayəndəsi iştirak etməmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilməşdir. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması ilə xitam verilə bilər. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 73.2-ci maddəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. 292-ci maddəsinin 1-ci bəndinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. 294-cü maddəsinin 5-ci hissəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı müddətli əmək müqaviləsi əsasında İcbari Sığorta Bürosu HŞİ-nın Hüquqi Təminat və Sığorta Hadisələri şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Onunla bağlanmış 08.05.2019-cu il tarixli (əlavə və dəyişikliklərlə) müddətli əmək müqaviləsinin müddəti 02.08.2021-ci il tarixində başa çatmışdır. “İcbai Sığorta Bürosu” X3 icraçı direktor Rəşəd Əhmədovun 06.08.2021-ci il tarixli 05-X nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 06.08.2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmiş, həmin gün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş gücləndirilmiş elektron imza vasitəsilə elektron informasiya sisteminə daxil edilmiş, Əmək Məcəlləsinin 83-cü maddəsinin tələblərinə uyğun olaraq İddiaçı son haqqhesab ödənilməsi onunla əmək müqaviləsinə xitam verildiyi gün təmin olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə, hazırda İddiaçı iş üzrə cavabdeh qismində cəlb etdiyi İcbari Sığorta Bürosu HŞİ-nin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 06.08.2021-ci il tarixli 05-X nömrəli əmrinin qanunvericiliyin tələbləri zidd olaraq qəbul edilməsi, nəticəsində ona maddi və mənəvi ziyanın vurulması ilə bağlı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsində ehtiva edilən “tələb" müddətli əmək müqaviləsinə xitam verilməmişdən əvvəl işçiyə hər hansı bir yazılı (və ya şifahi) tələbin verilməsini deyil, tərəflərin iradə ifadəsini əks etdirən hərəkəti, hazırki mübahisədə isə işəgötürənin müddətli əmək müqaviləsinə xitam verilməsi barədə tələbini ifadə edir. Əmək qanunvericiliyi müddətli əmək müqaviləsinin məhz onun müddətinin bitdiyi gün deyil, bu müddətdən sonrakı bir həftə ərzində xitam verilməsinin mümkünlüyünü ehtiva etmişdir. İddiaçı iddia ərizəsində etiraf etdiyi kimi, onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilən gün və eləcə bütün iş həftəsi ərzində o, işdə olmaqla öz əmək funksiyalarını icra etmişdir. İşin bu halı mübahisəsiz olmaqla məhkəmə araşdırması zamanı tədqiq edilmiş video görüntülərlə də, sübuta yetmişdir. Həmçinin, iddia tələbinin “əmək kitabçasının korlanması nəticəsində mənəvi zərərə məruz qalması” hissəsi də məntiqsiz, formal, subyektiv mülahizələrlə əsaslandırılmışdır. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh İcbari Sığorta Bürosu HŞİ-nin icraçı direktoru tərəfindən 06.08.2021-ci il tarixli 05-X nömrəli əmri verilərkən Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə tam əməl edilməsini, iddiaçının işdən qanunsuz azad olunması barədə dəlillərinin məhkəmə baxışında təsdiqini tapmamasını və əmrin ləğv edilməsi üçün əsasların olmamasını nəzərə alıb qanunvericiliyin göstərilən müddəalarına əsaslanaraq hesab edir ki, iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh İcbari Sığorta Bürosu HŞİ-nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqı və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-6245/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6245/2021
28.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver