Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-98)-396/2026 02.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa və pul” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü barədə (açar sözlər: iddia ərizəsinin geri qaytarılması, ilkin mediasiya sessiyasında iştirak) Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin hakimi İsmayılova Səbinə Vüqar qızı, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa və pul” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İddia tələbi.
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən qanunsuz olaraq onun işdən çıxarıldığı gündən işə bərpa olunmasını və ona vurulmuş maddi və mənəvi zərərin əvəzi olaraq 5000 manat təzminatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq.
2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ. 4.6. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Maddə 149. İddia ərizəsinin forması və məzmunu. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat. Maddə 150. İddia ərizəsinə əlavə edilən sənədlər. 150.1.7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd. Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.6-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
3. “Mediasiya haqqında” Azərbaycan Respublikasının qanunu. Maddə 27. Əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiyanın xüsusiyyətləri. 27.1. Əmək münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər: 27.1.1. fərdi əmək mübahisələri. Maddə 28. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin mediasiya sessiyasında iştirak. 28.1. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Tərəflər mediasiya sessiyasında iştirak etmək üçün birlikdə müraciət etdikdə ilkin mediasiya sessiyasının keçirilməsi tələb olunmur.
Məhkəmənin mövqeyi.
4. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, mübahisə əmək münasibətlərindən qaynaqlanır. Belə ki, İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən qanunsuz olaraq işdən çıxarıldığını iddia edərək, işə bərpa olunmasını və ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini xahiş etmişdir.
5. Məhkəmə hesab edir ki, tərəflər arasında olan bu mübahisə əmək münasibətlərindən irəli gəldiyindən yuxarıda istinad edilmiş qanunvericiliyin tələbinə görə, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirakını təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməli idi. Buna baxmayaraq, iddia ərizəsinə bununla bağlı heç bir sənəd əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, müvafiq iddia ərizəsi ilkin mediasiya sessiyasında iştirakın imperativliyi ilə bağlı tələbə riayət edilmədən məhkəməyə təqdim edilmişdir.
6. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır.
7. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq,
Q Ə R A R A A L D İ:
İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa və pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Səbinə İsmayılova