Məhkəmə qərarları › İş №e-2(3-6)-2002/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2002/2026

13.07.2026 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2002/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh Təhsil Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və X1 cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-2002/2026 (Açar sözlər: əmrin ləğvi, işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə, üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh Təhsil Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-**/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh Təhsil Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh Təhsil Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ##.##.2025-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı ##.##.2025-ci il tarixindən "Avropa Azərbaycan Məktəbı " Təhsil Kompleksində dizayn və texnologiya müəllimii vəzifəsinə işə qəbul edilmişdir. İşçinin 6 ay ərzində təkrarən etik davranış qaydalarını pozmaqla, şagirdləri təhqir və təhdid etməklə, müəllim adına xələl gətirən hərəkətlərə yol verməklə əmək funksiyasını pozması səbəbindən, ##.##.2025-ci il tarixli X-** saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə ƏM-in 72-ci maddəsinin “ə” xüsusi bəndi bəndi əsas götürülməklə 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı X9 cavabdeh Cavabdeh Təhsil Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, X5 verilməsinə dair əmrin ləğv edilməsi; iddiaçının işə bərpa edilməsi; məcburi iş buraxmağa görə ödənilməyən bütün ödənişlər ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2025-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. İşçi ilə müqavilə bağladıqdan sonra heç bir vəzifə təlimatı ilə tanış edilməmiş, İnsan resursları tərəfindən şəxslə bağlı məlumatlar əldə edilməmişdir. Belə ki, iddiaçı dəfələrlə 1 yaş 3 aylıq körpəsinin olduğunu bildirsə də 3 yaşınadək uşağı olan işçilərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş normalara riayət edilməmişdir. İddiaçıya tədris edəcəyi fənlə bağlı heç bir proqram təqdim edilmədən dərsə göndərilmişdir. Buna baxmayaraq, ilk gündən şagirdlərlə arasında qarşılıqlı hörmətə əsaslanan münasibət qurmuşdur. Ünsiyyət və davranışında pedaqoji etikaya riayət etmiş, tədris prosesində sağlam intizamın formalaşdırılmasına çalışmışdır. Bütün şagirdlərin fərdi xüsusiyyətləri eyni olmadığından, müəllimə tərəfindən tədris intizamının təmin edilməsi məqsədilə irəli sürülən tələbkarlıq, həmçinin dərs prosesi zamanı təhlükəsizlik qaydalarının pozulmasına göstərilən qanuni və pedaqoji reaksiyalar bəzi şagirdlərdə narazılıq və aqressiv davranışların ortaya çıxmasına səbəb olmuşdur. Problemlər bundan sonra özünü göstərməyə başlamışdır. İddiaçının təhkim olunduğu 6-cı sinifdə ayrı-ayrı şagirdlər tərəfindən qeyri-etik davranışlara yol verilməsi, təhlükəsizlik qaydalarının pozulması, eləcə də tədris intizamının kobud surətdə pozulması halları baş vermişdir. İddiaçı tərəfindən qeyd olunan hallar barədə məktəb rəhbərliyinə dəfələrlə məlumat verilsə də, bununla bağlı zəruri tədbirlər görülməmişdir. İddiaçı növbəti dəfə dərsə daxil olarkən şagirdlərin səs küy saldığını stullarrı bir-birinə atmaları, partaların üzərinə çıxmaları, qışqırıq və nizam-intizam pozuntusu baş verdiyini müşahidə etmişdir. Təhlükəsizliyin təmin olunması və intizamın bərpası məqsədilə iddiaçı səs tonunu yüksəltmiş, partanın üzərinə çıxmış şagirdin pəncərə küncündə dayanmasını görərək “Raul indi pəncərədən çölə gedəcəksən, kənara çəkil partadan aşağı düş” ifadəsini, yəni ehtiyyatlı ol demişdir. Sözügedən ifadə təhrif edilərək uşaqların valideynləri tərəfindən rəhbərliyə ‘Səni pəncərədən ataram’ kimi təqdim edilmiş, iddiaçının davranışı əsassız olaraq ‘təhqir’ kimi qiymətləndirilmişdir. Daha sonra Məktəbin hüquqşünası tərəfindən məsələ araşdırılmadan birbaşa xəbərdarlıq verilmiş və İddiaçı sırf işini sevdiyi, şagirdləri ilə olan münasibəti qorumaq üçün izahatında uşaqların hisslərini anladığını, yaşları ilə əlaqədar impulsiv olduqlarını anladığını, onlarla olan vəziyyətin düzəlməsi üçün əlindən gələni edəcəyini bildirmiş və daha sonra uşaqların könlünü almaq üçün üzr belə istəmişdir. Bir sözlə sadəcə işini gördüyü və düzgün olduğu halda günahkar vəziyyətə salınmışdır. Ona dəfələrlə qeyrirəsmi formada Məktəbdə təhsil alan şagirdlərin valideynlərinin “varlı və vəzifədə olan şəxslərin övladları olduğu və problem yaşamaq istəmirsə hər şeyə göz yummalı olduğu” bildirilsə də maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməmişdir. Bundan sonra İnsan resurları departamenti iddiaçıya ingilis dilinin zəif olduğunu və bu kampusa uyğun olmadığını bildirib. Bu səbəblə də rəhbərlik ona iki “təklif” irəli sürür: ya primary şöbəsində əvəzləyici müəllim kimi işləmək, ya da işdən çıxmaq. Bu təkliflər əmək müqaviləsinə və Əmək Məcəlləsinə zidd idi.Çünki qarşılıqlı razılıq yox idi. Digər tərəfdən Səidə xanımın Məktəbin qanuni təmsilçisi Francesco Banchın ilə müsahibəsi ingilis dilində keçirilmişdir, bundan başqa xitam əmri verilməzdən bir neçə gün əvvəl informal və formal qaydada təşkil olunan ingilis-dilində açıq dərslərdə departament rəhbəri Afreen xanımdan pozitiv geridönüşlər almışdır. Zəif ingilis dili ilə işinin peşəkarı olan rəhbər tərəfindən pozitiv geridönüşlər necə alına bilərdi? Bundan əlavə iddiaçı 2017-2022-ci illərdə Elm və Təhsil Nazirliyi Milli X8 İnstitutunda elmi işçi, 2019-2020-ci ildə Edugrata tədris mərkəzində Fizika müəllimi, 2022-2025-ci illərdə STEAM innovasiyalar mərkəzində “Baş mütəxəssis” vəzifəsində çalışmış bütün iş yerlərində nümunəvi işçi və sevimli müəllimə olmuşdur. İngilis dili zəif olan bir müəllimə xüsusilə fizika müəlliməsi müsahibəni necə uğurla keçə bilərdi? Zəif ingilis dili bacarığı olan müəllimə ilə müqavilə bağlamaq üçün niyə iki dəfə maaş artımı edərək onu Məktəbə dəvət etmişdilər? Bu iddiaçının vəzifəsini, statusunu və ləyaqətini alçaltmaq idi. İddiaçı onlara bu təkliflərin heç birini qəbul etməyəcəyini və onunla rəsmi qaydada rəhbərliyin danışmalı olduğunu bildirmiş və məktəb rəhbəri Francesco bəyə bu məsələ ilə bağlı mail ünvanlamışdır. Növbəti gün təhlükəsizlik əməkdaşı ilə HR otağına və müəllimlər otağına aparılaraq kompüter və giriş kartı ondan alınıb və 3–5 günlük uzaqlaşdırma tətbiq edilib. Bütün müəllim kollektivinin qarşısında növbəti dəfə şərəf və ləyaqəti alçaldılaraq layiq olmadığı davranışa məruz qalmışdır. Ona təqdimolunan əsas isə iki valideyn izahatı idi; biri tədris etdiyi sinifdə oxusa da məsələ ilə heç bir əlaqəsi olmayan yəni Həbibin adına yazılmışdı, digərində isə reallığa uyğun olmayan “təhqir” iddiası qeyd edilmişdi. Nəzərə alsaq ki, məktəb sadəcə təlimdeyil eləcə də tərbiyə beşiyidir, uşaqların etik qaydalara uyğun olmayan davranışlara görə müəllimin onlara müəyyən hərəkətləri etməyi qadağan etməsi normal haldır. Və bu əsasla uşaqlarda müəllimə qarşı yaranmış aqresiyanın nəticəsi olaraq valideynlərə şikayətlər olunub. Həmin an övladlarının hansı hərəkətləri etdiklərini və bunların onların həyatı üçün necə riskli olacağını bilməyən və bununla maraqlanmayan valideynlərin ərizələri əsasında uğurlu karyera yolunda addımlayan sadəcə qanunla və vicdanla öz vəzifəsini yerinə yetirən müəllimənin bu cür hörmətsizliklə qarşılaşması, hamının içində ləyaqətinin alçaldılması nə qədər ədalətlidir? Növbəti gün İşə gəldiyi zaman heç bir sübut, dəlil olmadan HR əməkdaşı ona Məktəbin vəkilinin valideynlərin və şagirdlərin haqlı olduğu barədə qərar verdiyini və iddiaçının “şagirdin şərəf və ləyaqətini alçatdığı üçün” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə X5 verəcəklərini, əgər belə halın yaşanmasını istəmirsə öz ərizəsi ilə işdən çıxmağını və “şagirdlərin şərəf və ləyaqətini alçaltdığını etiraf etməsi barədə izahat” yazması barədə psixoloji təzyiq göstəriblər. İddiaçı şagirdlərlə kobud rəftara yol vermədiyi üçün izahat yazmasa da psixoloji təzyiqə dözməyərək X5 verilməsi barədə ərizə yazmışdır. Lakin ərizəsini yazdığı halda elektron sistemdən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyini görmüşdür. İşəgötürənin etdiyi haqsızlıq bununla da bitməmiş, müqaviləyə xitam verildikdən sonra son haqq hesab ödənişləri tam şəkildə ödənilməmişdir. Belə ki, əmək müqaviləsində aylıq əmək haqqı 1926,86 manat nəzərdə tutulsa da ona köçürülən məbləğ 1210 manat olmuşdur.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-**/**** saylı qətnaməsi ilə (hakim Kərim Xudayev) iddianın təmin edilməsi, Cavabdeh Təhsil Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2025- ci il tarixli, X-** nömrəli əmri ləğv edilsin və iddiaçı İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, ##.##.2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının cavabdeh Cavabdeh Təhsil Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçı Nuriyeva Əzizova Səidə Qalib qızına ödənilməsi qət edilmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1, 70, 71, 72, 79, 300.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdeh Cavabdeh Təhsil Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv ediməsi, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2025 tarixdə iddiaçı Əmək müqaviləsi və Vəzifə təlimatı ilə tanış olmuş və imzalamışdır. Həmin təlimatın 6-cı bəndinə əsasən, müəllimin əsas öhdəliyi "Sinfin təhlükəsiz və sağlam mühitinin təmin edilməsi, Şagirdlərin hüquq və azadlıqlarına hörmətlə yanaşması” və “Müəllim nüfuzuna xələl gətirən etik davranış qaydalarının pozulmasına yol verməmək"dir. Habelə İddiaçının "vəzifə təlimatı ilə tanış edilməmişəm" iddiası onun öz imzası ilə təkzib olunur. ##.##.2025 tarixində iddiaçı barəsində intizam tənbehi tətbiq edilmişdir. Belə ki, iddiaçı dərs zamanı şagird, 11 yaşlı Həbib Quliyevə qarşı aqressiv davranaraq "Səni pəncərədən ataram" ifadəsini işlədərək təhdid etmiş, habelə “Azzar” deyərək şagirdə qarşı qeyri-etik ifadə işlətmişdir. Bu fakt şagirdin qanuni nümayəndəsi, valideyni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 şikayəti və ** saylı Aktla təsbit edilmişdir. İddiaçı ##.##.2025-ci il tarixli izahatında şagirdlərlə kobud davrandığını etiraf etmiş ("şagirdlər səs-küy saldığı üçün... şagirdlərdən biri hörmətsizlik etdiyi üçün əsəbiləşdim") və gələcəkdə belə halların təkrarlanmayacağına söz vermişdir. Nəticədə, məktəb rəhbərliyi humanistlik nümayiş etdirərək işçini işdən azad etməmiş, ona sadəcə ƏM-in 186-cı maddəsinin 2-ci hissəsinə əsasən 1-*** №-li əmrlə ən yüngül intizam tənbehi kimi töhmət vermişdir. İddiaçının törətdiyi intizam xətasına görə onun məktəb rəhbərliyi tərəfindən işdən çıxarılmaması digər valideynlər tərəfindən də ciddi narazılıqla qarşılanmış və valideynlər eyni məzmunlu və geniş şikayət ərizəsi ilə məktəb rəhbərliyinə təkrar şikayətlər etmişlər. ##.##.2025 – İkinci İntizam Xətası (Təkrar Pozuntu): Birinci intizam tənbehi barədə əmrdən cəmi 9 gün sonra, İddiaçı 5C sinif şagirdi Aylin Allahverdiyevaya qarşı bütün sinfin yanında "Sənin beynin yoxdur" və "Quşbeyin" ifadələrini işlətmişdir. Bu fakt valideyn mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ərizəsi və ##.##.2025-ci il tarixli ** saylı Aktla təsdiq olunur. Yetkinlik yaşına çatmayan şagirdin "quşbeyin" adlandırılması pedaqoji etikaya ziddir və uşağın psixologiyasına ciddi zərbədir. ##.##.2025 – İddiaçının İkinci İzahatı: İddiaçı ikinci izahatında da səs tonunu qaldırdığını etiraf etmiş, lakin təhqir faktını inkar etməyə çalışmışdır. Lakin valideyn şikayətləri və şagirdlərin ifadələri faktı təsdiqləyir. ##.##.2025 – X5: İşçinin 6 ay ərzində təkrarən etik davranış qaydalarını pozmaqla, şagirdləri təhqir və təhdid etməklə, müəllim adına xələl gətirən hərəkətlərə yol verməklə əmək funksiyasını pozması səbəbindən, ##.##.2025-ci il tarixli X-** saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə ƏM-in 72-ci maddəsinin “ə” xüsusi bəndi bəndi əsas götürülməklə 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilmişdir. .

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apelyasiya şikayətinə qarşı iddiaçı İddiaçı tərəfindən etiraz Kollegiyaya təqdim olunmuş və qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə təqdim olunmuş sübutları tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflərin izahatlarını dinləmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Cavabdeh isə apelyasiya şikayətində faktiki halları təhrif etmişdir. Belə ki, apelyasiya şikayətində guya ki, iddiaçının şagirdləri barəsində təhqir və təhdid xarakterli ifadələr işlətməsi əsassızdır və bunu təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Şikayətdə istinad edilən valideyn ərizələri birtərəfli qaydada tərtib edilmiş sənədlər olmaqla obyektiv sübut hesab edilə bilməz. Həmin sənədlər müstəqil şahid ifadələri, videogörüntülər və ya digər mötəbər sübutlarla təsdiq olunmur. Bundan başqa, cavabdehin əsas sübut kimi təqdim etdiyi “izahatlar” iddiaçının sərbəst iradə ifadəsi olmayıb, iş yerini itirmək təhlükəsi altında psixoloji təzyiq şəraitində yazılmışdır. Həmin izahatlarda iddiaçı tərəfindən yalnız dərs prosesində səs-küy yarandığı və səs tonunun qaldırıldığı qeyd edilmiş, lakin heç bir təhqir və ya təhdid etiraf edilməmişdir. İşçinin pedaqoji fəaliyyət zamanı sinifdə intizam yaratmağa çalışması isə əmək funksiyasının tərkib hissəsidir və bu hal əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilə bilməz.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə verilmiş apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, başqa valideynlər də bu faktları təsdiqləyir, təkcə hazırki işə cəlb edilən iki valideyn deyildir. Kompromisə getmək lazımdır. Onlar dəfələrlə təkliflərini irəli sürmüşlər.

10. Məhkəmə baxışı zamanı iddiaçı İddiaçı verilmiş apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əvvəlki məhkəmkə iclaslarından sonra əri valideynlərin nömrəsini götürmüşdür və o, valideynlərlə əlaqə yaratmaq istəsə də, məktəb valideynlə bütün əlaqələrini kəsmişdir. O heç vaxt sinfə münasibətdə nifrət etdiyini deməmişdir. O, başını tutub sinifdən imtina edəcəyini, bezdiyini bildirmişdir. Məcbur olaraq səs tonunu qaldırıb lövhəyə markerlə vurmuşdur. Raul adlı uşağa isə pəncərədən çölə gedəcəyini demişdir.

11. Məhkəmə iclaslarında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 izahatında bildirmişdir ki, o, 5-ci sinifdə oxuyan Aylin Allahverdiyevanın valideynidir. Qızı qapalı, sakit uşaqdır, iddiaçını da ilk dəfədir ki, görür. İddiaçıya hər hansı qərəzi yoxdur. Bir dəfə qızı gəlib ondan, “quşbeyin” nədir deyə soruşdu, o da niyə soruşduğunu maraqlandıqda, qızı müəllimənin-iddiaçının sinifdə elə dediyini bildirdi, and içdi, ağladı, həmçinin sinifdə müəllimənin sərt davrandığını və müəllim ona “quşbeyin” deyəndə o utandığını bildirdi, uşaq doğrusunu deyir, çəkinəcəyi heç kim yoxdur. Hətta bu məsələyə görə bir neçə gün dərsə getmədi. O da məktəbə gəlmiş, məsələni izah edərək, etirazını bildirmişdir. Məktəbə kifayət qədər ödəmələr həyata keçirdiyindən, adekvat tərbiyə gözləmək onun hüququdur. Bu barədə valideynlərin whatsapp qrupunda da yazmışdır, bir çox valideynlər də bu müəllimə haqqında şikayətləndilər. Qardaşı oğlu da o məktəbdə təhsil alır, ondan soruşanda da o, müəllimənin sinifdə çox sərt rəftar etdiyini, bir gün yaxşı, bir gün pis olduğunu bildirdi. Daha sonra da ərizə yazmaq məcburiyyətində qalmışdır. Övladı 3 ildir ki, bu məktəbdə təhsil alır və bu müddət ərzində başqa müəllimdən narazılığı olmamışdır.

12. Məhkəmə iclasında audio-video vasitələrlə iştirakı təmin edilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 izahatında bildirmişdir ki, bu cür hallara dövlət məktəbində yol verilmir, uşağa “pəncərədən ataram” deyilməsi çox böyük bir səhvdir, uşağın şüuraltına bu cür ifadələrin yeridilməsi yolverilməzdir. Onların iddiaçı ilə heç bir şəxsi qərəzlikləri yoxdur. Müəllimə psixologiyanı yaxşı bilməlidir, ərizələrin heç biri boşuna yazılmayıb, yalan deyildir. Valideynlərin qrup yazışmalarına baxılsın, bu qədər insan yalan danışa bilməz. 15 nəfər uşağın səhv anlaması mümkün deyil.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

13. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

14. Maddə 71, 2-ci hissə Bu məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

15. Maddə 72. “ə” bəndi. Əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

16. Maddə 83. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

17. Maddə 186.2, “Ç” bəndi İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən onunla bağlanmış əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər.

18. Maddə 287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.

19. Maddə 288, “a” bəndi. Bu Məcəllə ilə əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi ilə bağlı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır:

20. Maddə 292.1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.

21. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu

22. Maddə 32.3.3 və 32.3.11. mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq və şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq təhsilalanların hüquqlarıdır.

23. Maddə 33.3.5, 33.3.5-1, 33.3.6. etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, Daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək və təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək təhsilverənlərin vəzifəsidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

27. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin olunması hissəsində yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.

32. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinin (ƏM) 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən ƏM-nin 70ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən hər hansı qeyrietik ifadələr işlədilməsi isə öz təsdiqini tapmır. Cavabdehə verilmiş suallara cavab olaraq bildirilmişdir ki, dərs otağında kamera mövcuddur, lakin səs yazıları yoxdur. Həmin videogörüntülərdə müəllimin nə dediyini müəyyən etmək mümkün deyil. Eyni zamanda, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş çoxsaylı sertifikatlardan da görünür ki, iddiaçının peşə keyfiyyətləri yetərli qədər olmaqla, əmək funksiyalarını icra etmək qabiliyyəti olmuşdur. Bu halda, pedoqoji fəaliyyət zamanı hər hansı səs-küyün yaranması və ya hansısa şagird-müəllim münasibətlərinin düzgün qurulmaması peşəkar gənc müəllim kimi fəaliyyət göstərən iddiaçının gözdən salınmaqla X5 verilməsi ədalətli hesab edilə bilməz. Həmçinin valideynlər tərəfindən təqdim edilmiş ərizələrə münasibətdə qeyd etmək olar ki, həmin ərizələr şablon olmaqla eyni gündə tərtib edilmiş, iddiaçının iştirakı olmadan araşdırılmış və hər hansı mötəbər mənbəyə istinadı özündə əks etdirmir. Görünür ki, işəgötürən iddiaçıya qarşı qərəzli mövqedə olduğundan həmin ərizələr də valideynlərin iradəsini ifadə etmir. Həmçinin, eyni gündə müəllim tərəfindən bütün şagirdlər barəsində qeyri-etik ifadələr işlətməsi və ya valideynlərin də həmin faktı eyni gündə aşkar etməklə məktəb müdiriyyətinə şikayət etməsi ağlabatan deyil.

33. Aşağıdakı səbəblərdən kollegiya birinci instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşmır.

34. Belə ki, İddiaçı ilə Cavabdeh Təhsil Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ##.##.2025-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı ##.##.2025-ci il tarixindən "Avropa Azərbaycan Məktəbı " Təhsı l Kompleksı ndə dizayn və texbologiya müəllimii vəzifəsinə işə qəbul edilmişdir. İşçinin 6 ay ərzində təkrarən etik davranış qaydalarını pozmaqla, şagirdləri təhqir və təhdid etməklə, müəllim adına xələl gətirən hərəkətlərə yol verməklə əmək funksiyasını pozması səbəbindən, ##.##.2025-ci il tarixli X-** saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə ƏM-in 72-ci maddəsinin “ə” xüsusi bəndi bəndi əsas götürülməklə 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilmişdir.

35. Cavabdeh Təhsil Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli N-** saylı aktın məzmunundan görünür ki, İddiaçı ##.##.2025-ci il tarixli X-** saylı əmr ilə tanış olmuş, lakin imzalamaqdan imtina etmişdir.

36. İddiaçı tərəfindən Cavabdeh Təhsil Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilmiş ##.##.2025-ci il tarixli izahatda “mən digər sinifdən dərsdən çıxıb, 6 C sinifinə dərsə getməyə hazırlaşırdım və bu zaman şagirdlərdən birinin müəllim sizi axtarırdım, şagirdlər stolları bir-birinə atırdılar deməyi ilə qaçaraq sinifə daxil oldum. Gördüm ki, sinifdə çox ciddi bir vəziyyət yaranıb. Vəziyyətin uşaqlar üçün təhlükəli hal olduğunu görüb, təlim-tədris prosesini qaydaya qoymaq məqsədi ilə sinifə müdaxilə edib səs tonumu qaldırdım. Nəticədə Raul stolun üstünə çıxmışdı, özündən də soruşa bilərsiniz. Mən də ona ehtiyatlı ol niyyətində indi ordan aşağı gedəcəksən Raul dedim. Bunu onlara təhdid olaraq deməmişəm! Daha sonra Həbib üzərimə qışqıraraq, sən necə Dizayn, texnologiya müəllimisən ki, mənim internet problemimi həll edə bilmirsən? – dedi. Şagirdlərdən digər biri isə mənim icazəm olmadan dərs zamanı səsimi yazırdı. Hətta mən o səsin tapılıb, açılmasını tələb edirəm. Çünki mın dərs zamanı şagirdlərə dəfələrlə xahiş edirəm, mən dərs keçmək istəyirəm demişəm. Daha sonra uşaqdırlar, qəlblərinə toxunmuş ola bilərəm deyib, onlardan üzr istəmişəm. Bununla belə onlar yenidən səsimi yazmağa cəhd etdi.” qeyd olunmuşdur.

37. İddiaçı tərəfindən Cavabdeh Təhsil Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilmiş ##.##.2025-ci il tarixli izahatda “6 C sinifi ilə baş tutan dərs zamanı şagirdlərin sinifdə çox səs-küy salmaları və hətta stolları götürüb bir-birinə atmaları, mənim sakit dərsə qulaq asın, xəbərdarlığıma riayət etməmələrinə görə şagirdlərə kobud davrandım. Çünki, hədsiz əsəbləşmişdim. Bu hərəkətlərimlə fəxr etmirəm, zamanla problemləri şagirdlərlə də həll edəcəyimə inanıram. Lakin, şagirdlərdən birinin “sən necə Dizayn, texnologiya müəllimisən ki, mənim internet problemimi həll edə bilmirsən” deməyi və sinifdə kobud, saymazyana hərəkəti məni çox əsəbləşdirmişdir. Ümumilikdə mən şagirdlərimi sevirəm və məsələnin düzəlməsi üçün əlimdən gələni edəcəyimə söz verirəm!” qeyd olunmuşdur.

38. Cavabdeh Təhsil Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, N-** saylı aktın məzmunundan görünür ki, ##.##.2025-ci il tarixdə 6 C sinif şagirdi Həbib Quliyevin anası, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə görüş keçirilmişdir. Görüşdə Fidan xanım Dizayn və Texnologiya fənn müəllimi, İddiaçı onun övladına qarşı aqressiv olması və təhdidedici ifadələrdən istifadə etdiyini söyləmişdir. Müəllim Həbibə qarşı “səni pəncərədən ataram” ifadəsini işlətmişdir.

39. Cavabdeh Təhsil Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli İ-070 saylı əmrə əsasən, İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin 2ci hissəsinin “a” bəndinə əsasən töhmət elan edilmişdir.

40. Cavabdeh Təhsil Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli N-** saylı aktın məzmunundan görünür ki, İddiaçı ##.##.2025-ci il tarixli İ- 070 saylı əmr ilə tanış olmuş, lakin imzalamaqdan imtina etmişdir.

41. Məhkəməyə təqdim edilmiş, “Whatsapp” platformasında həyata keçirilən qrup danışıqlarının məzmunundan görünür ki, iş üzrə iddiaçı İddiaçı 6 C sinifindəki fəaliyyəti valideynlərin kəskin narazılığına səbəb olduğundan 15-ə dək valideyn sinifdən kənarlaşdırılmasını istəmişdir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qənaətinə hüquqi qiymət verilmədən əvvəl ilk növbədə işəgötürən tərəfindən işçinin X5 əsası kimi müraciət etdiyi Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə əlaqədar aşağıdakılar mütləq vurğulanmalıdır.

43. Qeyd olunan norma onun məzmunundan da aydın olduğu kimi 2 müstəqil tərkib hissəyə malik olduğundan bunların hər biri bir-biri ilə vəhdətdə təhlil edilməlidir. Belə ki, hazırki iş üzrə işçi barəsində adıçəkilən normanın tətbiqi üçün: 1) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməli; 2) bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması kimi faktlar mövcud olmalıdır.

44. Belə ki, işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair normanın tələblərinə müvafiq olaraq müvafiq tələbin əsaslı olması üçün ilk növbədə işəgötürən (indiki halda) işçinin öhdəliklərini icra etməməsi barədə faktların hansı hallardan irəli gəldiyini sübuta yetirməlidir.

45. Həmçinin işəgötürən tərəfindən pozuntu qismində göstərilən hallar üzrə işçinin səlahiyyətli olub-olmaması müəyyənləşdirilməli, səlahiyyətli olduğu təqdirdə müvafiq pozuntu nəticəsində əmək və icra intizamının normal ahəngi pozulmuş olmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.

46. Kollegiya bu halları ümumiləşdirərək, qeyd etməyi zəruri hesab edir ki, təhsil əsaslı əmək mübahisələrində tərəflər sadəcə, işçi və işəgötürən kimi nəzərə alınmamalıdır. Təhsil sahəsində əsas tənzimləyici və ictimai, sosial rifahın təminatçısı kimi dövlət maraqları da nəzərə alınmalıdır. Belə ki, təhsil üzrə əsas standartlar və prinsiplərə nəzər yetirdikdə görünür ki, Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək, milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq, sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq Azərbaycan Respublikasında təhsilin əsas məqsədləridir. (AR Təhsil haqqında Qanun 4-cü maddə).

47. Bu məqsədlərə nail olunmaqda həm təhsilalanların, həm də təhsilverənlərin qarşılıqlı hüquq və vəzifələri müəyyənləşdirilmişdir ki, bunlara nümunə olaraq, mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq və şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq təhsilalanların hüquqları, etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, Daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək və təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək təhsilverənlərin vəzifəsi kimi təsbit olunmuşdur. (AR Təhsil haqqında Qanun 32-33-cü maddələr)

48. Məhkəmə icraatı zamanı tədqiq olunmuş sübutlara əsasən müəyyən olunmuşdur ki, ##.##.2025-ci il tarixində təhsil müəssisəsində baş vermiş insident nəticəsində və yuxarıda qeyd olunan izahatlar əsasında pozuntular aşkarlanmış, bu barədə akt tərtib olunaraq, iddiaçı barəsində Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərinə uyğun olaraq töhmət tətbiq edilmişdir. Lakin ##.##.2025-ci il tarixdə, yəni işçi tərəfindən əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən eyni mahiyyətdə xətanın törədilməsi ilə Əmək Məcəlləsinin 72-ci maddəsinin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan halların hər bir epizoduna adekvat qiymət verilmədiyindən kollegiya bütün bu hallara ayrılıqda nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir.

49. İlk növbədə birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunma əsası kimi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən hər hansı qeyri-etik ifadələr işlədilməsi isə öz təsdiqini tapmır. Cavabdehə verilmiş suallara cavab olaraq bildirilmişdir ki, dərs otağında kamera mövcuddur, lakin səs yazıları yoxdur. Həmin videogörüntülərdə müəllimin nə dediyini müəyyən etmək mümkün deyil. Lakin məhkəmə tədqiqatı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin izahatlarında müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən şagirdlərə “səni pəncərədən ataram” ,“quşbeyin” kimi ifadələr işlətmişdir. İddiaçı tərəfindən Cavabdeh Təhsil Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilmiş ##.##.2025-ci il tarixli izahatdan da görünür ki, “6 C sinifi ilə baş tutan dərs zamanı şagirdlərin sinifdə çox səs-küy salmaları və hətta stolları götürüb bir-birinə atmaları, mənim sakit dərsə qulaq asın, xəbərdarlığıma riayət etməmələrinə görə şagirdlərə kobud davrandım. Çünki hədsiz əsəbləşmişdim. Bu hərəkətlərimlə fəxr etmirəm, zamanla problemləri şagirdlərlə də həll edəcəyimə inanıram. Lakin şagirdlərdən birinin “sən necə Dizayn, texnologiya müəllimisən ki, mənim internet problemimi həll edə bilmirsən” deməyi və sinifdə kobud, saymazyana hərəkəti məni çox əsəbləşdirmişdir. Ümumilikdə mən şagirdlərimi sevirəm və məsələnin düzəlməsi üçün əlimdən gələni edəcəyimə söz verirəm!” qeyd olunmuşdur. Göründüyü kimi iddiaçı cavabdehin istinad etdiyi ifadələri qəbul etməsə də, verdiyi izahatda şagirdlərin rəftarı nəticəsində əsəbiləşdiyini və onlara qarşı kobud davrandığını bildirmiş, buna səbəb kimi şagirdlərin davranışı və işlətdiyi ifadələr olduğunu demişdir. Lakin qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə müəllim kimi iddiaçının bu reaksiyaları da adekvat olmamışdır.

50. Məhkəmə kollegiyası o cümlədən apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq hazırki işin mahiyyəti, yəni iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən azad olunmasını nəzərə alaraq bu barədə qanunvericiliyin digər tələblərinin də hazırki mübahisə çərçivəsində yoxlanılmasını zəruri hesab edir.

51. Əmək Məcəlləsinin 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İş materiallarından görünür ki, iddiaçıdan ##.##.2025-ci il və ##.##.2025-ci il tarixdə bir neçə izahat alınmış və o, pozuntuların bir hissəsinin mövcudluğunu qəbul edərək, olanların situativ əsəbdən baş verdiyini bildirmişdir.

52. Bundan əlavə Əmək Məcəlləsinin 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İş materiallarından görünür ki, yuxarıda qeyd edilən pozutuları ##.##.2025-ci il tarixində valideyn şikayətləri əsasında baş verən araşdırmalar zamanı aşkar olunmuş, iddiaçıdan həmin gün izahatlar alınmışdır. Bununla da həmin gün iddiaçının əmək intizamının pozması cavabdeh tərəfindən aşkar edilmiş və ##.##.2025-ci il tarixində onunla bağlanılan X5 verilmişdir. Göründüyü kimi işəgötürən tərəfindən intizam tənbehinin verilməsi üçün qanunla müəyyən olunan 1 aylıq müddət də ötürülməmişdir.

53. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

54. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, əmək fəaliyyəti zamanı işçinin yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi belə halların sırasında göstərilmişdir.

55. Beləliklə, məhkəmənin mövqeyinə görə, iddiaçı İddiaçı tərəfindən şagirdlərə qarşı qeyri-etik ifadələrin işlədilməsi və təhdidlə müşayiət olunan təlim-tədris metodikası ilə bir araya gəlməyən məzmunda çıxışlar edilməsi səbəbindən İddiaçı töhmət növündə inzibati qaydada cəzalandırıldıqdan (töhməti iddiaçı mübahisələndirməmişdir) 6 ay keçmədən eyni məzmunda yenidən hərəkətlərə yol vermiş, işəgötürən tərəfindən haqlı olaraq, işçi barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə X5 verilmişdir. Belə olan halda kollegiyanın qənaətinə görə iddiaçının əmək qanunvericiliyinin əsas prinsip və tələblərini pozarması aşkar olunduğundan işgötürən tərəfindən onun əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi tam qanuni və əsaslıdır.

56. Lakin birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.

57. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh iddiaçı İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair ##.##.2025-ci il tarixli əmri qanunvericilyin tələbinə əsasən qanuni olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.

58. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

59. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 60.Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

61. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

62. MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-**/**** saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar