Məhkəmə qərarları › İş №2(004)-6263/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6263/2021

11.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6263/2021 11.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı onun ünvan 1 A.Abbasov küçəsi), ev 11, 69 saylı mənzildən mülkiyyət hüquqularının həyata keçirilməsinə son qoymaları vəzifəsinin cavabdehlərə həvalə edilməsi və onların həmin mənzildən çıxarılmalarına dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Qasımzadə küçəsi, ev 11 ünvanında yerləşən yaşayış sahəsi 29.33 kv.m mənzil 69 onun mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 Səhm oğlu və Cavabdeh2 onun mülkiyyətində olan mənzili zəbt edərək mülkiyyət hüquqlarını pozur. Cavabdehlər məcburi köçkündürlər. Bununla bağlı rəsmi şəkildə Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Yasamal rayon İcra Hakimiyyətinə müraciət etsə də, heç bir nəticə ala bilməmişdir. Məsələ ilə bağlı Yasamal Rayon Polis idarəsinə müraciət etsə də, onların fikrincə məsələ mülki xarakter daşıdığından məhkəmədə baxılmalıdır. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdehlərin ünvan 1 A.Abbasov küçəsi), ev 11, 69 saylı mənzildən çıxarılmaları və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və eyni zamanda vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini etiraz edərək bildirdi ki, düzdür, sözü gedən mənzil iş üzrə iddiaçıya məxsudur. Lakin onlar Şuşa şəhərindən məcburi köçkün düşdükləri üçün hazırki mübahisə predmeti olan mənzilə köçmüşlər. Hazırda getməyə və qalmağa yerləri yoxdur, özünün və ailəsinin mənzil ilə təmin olunmasına dair dəfələrlə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə müraciət etsə də, onları heç kim evlə təmin etməmişdir. Onlara ev veriləcəyi təqdirdə mənzili boşaldacaqlar. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatlandırılmış digər Cavabdeh1 isə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Həmçinin, məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərddar edilmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Xidməti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 və 186-cı maddələrinə əsasən, həmçinin bununla əlaqədar tərəflərin mövqeyini nəzərə alaraq işə Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edtmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilən: Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş 13.05.1999-cu il tarixli, 453 nömrəli sərəncamına əsasən X2 2-ci qrup əlil kimi güzəştli mənzil uçotuna götürülmüş və Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov (keçmiş Ə.Qasımzadə küçəsi), ev 11, 69 saylı mənzil ona və ailə üzvlərinə verilmiş, buna dair order yazılmışdır. Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş 25.12.2009-cu il tarixli, 426 nömrəli sərəncamın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov (keçmiş Ə.Qasımzadə küçəsi), ev 11, 69 saylı mənzilin kirayəçisi X2 vəfat etdiyindən kirayə müqaviləsi onun oğlu İddiaçı adına keçirilmişdir. 32 saylı MKİS-nin 07.08.2017-ci il tarixli, 54 saylı arayışından görünür ki, İddiaçı, X6, X4 və X3 Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, ev 11, 69 saylı mənzildə daimi qeydiyyatdadırlar. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 02/1449 nömrəli, 03.11.2021-ci il tarixli məktubuna əsasən Şuşa rayonundan olan məcburi köçkünlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında müvəqqəti olmaqla məskunlaşıblar. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” 21 may 1999-cu il tarixli Qanun 5-ci maddəsinə görə “Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli, 200 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydaları”nın 4-cü bəndinə əsasasən müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin hüquqlarını pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 43-cü maddəsində görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulubpozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. Hazırki, mübahisəyə münasibətdə isə məhkəmə qeyd edir ki, məcburi köçkün statusuna malik olan şəxslərin iddiaçıya məxsus olan mənzili zəbt etməsi və zəbt etmə faktının qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir. Cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi İatridis Yunanıstana qarşı iş üzrə qərarında qeyd etmişdir ki, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək eləcədə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya məxsus olan ünvan 1 A.Abbasov küçəsi), ev 11, 69 saylı mənzilində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yaşamaq məqsədilə məskunlaşması onun birbaşa olaraq qanunla qorunan mülkiyyət hüquqlarını pozur və bu cavabdehlərin sözügedən mənzildən çıxarılmaları, mənzilin isə qanuni mülkiyyətçisinə təhvil verilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 A.Abbasov küçəsi), ev 11, 69 saylı mənzildən çıxarılsınlar və mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar