Məhkəmə qərarları › İş №2(105)-1772/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1772/2024

26.11.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1772/2024 26.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzilin boşaldılması tələbinə dair” mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3907/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3907/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Cavabdeh məxsus əmlaklar götürülməklə mənzilin boşaldılması qət edilmişdir (hakim Aynur Behbudova). Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı "mənzilin boşaldılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında onun mülkiyyətində olan mənzildən Cavabdeh tərəfindən əmlaklarının götürülərək mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(103)- 518/2023 saylı icra vərəqəsinə əsasən mənzilində olan cavabdehə məxsus əmlakların siyahısının göstərildiyi Bakı Şəhəri Binəqədi Rayon İcra şöbəsinin 28 dekabr 2023-cü il tarixli qərarının nəzərə alınmasını və həmin siyahıda göstərilən əmlakların mənzilindən boşaldılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Tükran Mehdiyeva 2014-cü ildə oğlu Ağamirzə Mehdiyevlə rəsmi nikah qeyd etdirərək evlənmiş və onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, E.Babayev küçəsi, 30 saylı evin 35A nömrəli mənzilində müvəqqəti yaşamışlar. Bir müddətdən sonra onların münasibətləri pozulmuş və oğlu Ağamirzə Mehdiyev Cavabdeh ilə nikahlarının pozulması tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, e-2(060)-735/2022 nömrəli qətnaməsi ilə onların nikah qeydi pozulmuşdur. Bundan sonra cavabdeh X2 Mehdiyevə qarşı ona verilmiş cehiz və qızılzinət əşyalarının qaytarılması barədə iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(004)-895/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(103)-518/2023 nömrəli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(004)-895/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Binəqədi Rayon İcra Şöbəsinə göndərilmiş, 22 avqust 2023-cü il tarixdə icra sənədi icraata qəbul edilərək icraya yönəldilmiş və borcluya tələbin könüllü icra edilməsi barədə bildiriş göndərilmişdir. 09 oktyabr 2023-cü il tarixdə Cavabdeh icra işinin təyin edildiyi vaxt barədə bildiriş göndərilmiş, sonra isə o, icra şöbəsinə dəvət edilərək təkrarən bildirişin surəti ona təqdim edilmişdir. Lakin Cavabdeh bildirişi qəbul etməkdən imtina etmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. 17 oktyabr 2023-cü il tarixdə Cavabdeh ilə mobil telefon əlaqəsi saxlanılmış, o, əmlakın saxlanıldığı ünvan 3 ünvanına dəvət edilmiş, lakin Cavabdeh gəlməkdən və əmlakları qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən icra sənədi Binəqədi Rayon İcra Şöbəsinin icra məmurunun 28 dekabr 2023-cü il tarixli qərarı ilə icra edilmədən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Nəticədə cavabdehə məxsus əmlak onun mənzilində olmaqla ona öz mənzilindən istifadə etmək, onun üzərində sərəncam vermək imkanını məhdudlaşdırır. Cavabdeh öz əmlakını onun mənzilindən götürməkdən imtina etdiyi üçün o, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə yuxarıda qeyd olunan qətnamə qəbul edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3907/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, üç ildir uşağı məktəbə aparır, qız övladı böyüdür. Atası ilə qardaşı burada yoxdur, hal-hazırda Rusiya Federasiyasındadırlar. Onlar gəldikdə, o da əmlaklarını çıxardacaqdır. İddiaçı qayınatası olmaqla bərabər, həm də anasının bibisi oğludur. Özü də bilir ki, o, onu təkbaşına çıxara bilməz. O, əmlaklarından əl çəkmir. Atası, qardaşı sentyabr ayında Rusiyadan gəlsinlər ki, getsin və əmlaklarını həmin mənzildən çıxarsın. Apellyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini araşdırıb, iddiaçının izahatını dinləyib, işin hallarına tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli, 2(060)-3907/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İşin müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh iddiaçının oğlu ilə xx.xx.2014-cü il tarixdə nikaha daxil olmaqla ailə qurub İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanındakı mübahisəli mənzilə gəlin köçmüş, həmin mənzilə qeydiyyata alınmış və bu nikahdan xx.xx.2015-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Cavabdeh iddiaçının gəlini olmaqla onun (mənzilin mülkiyyətçisinin) ailə üzvləri tərkibinə daxil olmamış, iddiaçının oğlu ilə nikaha daxil olduqdan sonra ona məxsus mənzildə yaşamışdır. Sonradan isə iddiaçının oğlu ilə aralarında bağlanmış nikah da məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Buna baxmayaraq, cavabdehə məxsus cehiz əşyaları və başqa əmlaklar hal-hazıra kimi mübahisəli mənzilə qalmışdır. Bakı şəhəri Binəqədi rayonu, E.Babayev küçəsi, 30 saylı evin 35A nömrəli mənzildə cavabdehə məxsus olan cehiz əmlakları qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında verilmiş icra sənədi üzrə cavabdehə qaytarılmışdır. Lakin, cavabdeh həmin əmlakları qəbul edib mənzili boşaltmaqdan yayındığına görə icra vərəqəsi icra edilmədən məhkəməyə qaytarılmışdır. Cavabdehin birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatından da göründüyü kimi, onun əmlaklarının indiyədək iddiaçının mənzilində olması mülki işin mübahisə edilməyən halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2 və 157.4-cü maddələrinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər... Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır… İstinad edilən qanun normaları baxımından məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı məxsus mənzildən istifadə hüququ olmadığından iddiaçı ondan əmlaklarının həmin mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Cavabdeh əmlaklarını iddiaçıya məxsus mənzildə sonuncunun iradəsi ziddinə saxlamaqla onun mülkiyyət hüquqlarını pozur. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər ona öz əmlaklarını iddiaçıya məxsus mənzildə saxlamağa və oranı boşaltmamağa əsas vermir. Hətta, cavabdehin öz əmlaklarını çıxarıb aparmağa başqa yerinin olmaması onun həmin əmlakları iddiaçıya məxsus mənzildə saxlamasına haqq qazandırmır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız və qəbulolunmazdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş tələbi qanuni və əsaslı olmuş, məhkəmə də həmin tələbi təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olan qətnamə qəbul etmiş, işə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etmiş və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3907/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar