Məhkəmə qərarları › İş №2(004)-6306/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6306/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6306/2021 20.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili Vəkil1 oğlunun, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı MMMC-nin Cavabdeh qarşı “borc və pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMMC Cavabdeh qarşı “borc və pul” tələbinə dair iddia ərizəsi ilə 20.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh bina mülkiyyətçilərindən yığdığı xidmət haqqı məbləğindən 18061 manat, işlədiyi dövrdə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 4150 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Yasamal-32” MMMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Əliyev X2-32 MMMC-nin rəhbəri işlədiyi 2019-cu ilin may ayından, 2020-ci fevral ayına kimi dövr ərzində bina mülkiyyətçilərindən yığdığı xidmət haqqı məbləğindən 18061 manat hissəsi xərclərdə və eyni zamanda kassada faktiki müəyyən edilməmişdir. Həmçinin işlədiyi müddətdə hesabatda ödənildiyini qeyd etsə də DSMF-yə 4150 manat ödənilməmiş borc qalmışdır. Cavabdeh sədr vəzifəsindən kənarlaşdıqdan sonra MMMC-nin möhürünü də geri qaytarmamışdır. Bu səbəbdən də cavabdehdən işlədiyi dövr ərzində yığdığı xidmət haqları və xərclər barəsində hesabatın təqdim edilməsi, eləcə də əlaqəli təşkilatlara o cümlədən, DSMF-yə ödənişlərin qəbzini təqdim etməyi, həmçinin 18061 manat pul qalığının MMMC-nin kassasına qaytarılması və DSMF-na ödənilməli olan 4150 manatın ödənilməsi dəfələrlə xahiş, daha sonra da tələb edilməsinə baxmayaraq, hər dəfə bir bəhanə ilə bundan yayınmışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 oğlu əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçının nümayəndəsinin verdiyi izahatı təsdiq edir və iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirir ki, DSMF borcunun olması ona aydın deyil. Əmək haqqı aylıq ödənildiyindən əmək haqları ödənilmişsə DSMF-yə ödənişlər edilmişdir. DSMF-yə borcun olması mümkün deyil. Əgər iddiaçının dediyi kimi əmək haqqı verilmirsə o halda DSMF-yə də ödəniş edilməli deyil və burada borcun yaranması mümkün deyil. İş materialarına əlavə edilmiş sübutlar mötəbər hesab edilə bilməz və iddia tələbi əsassızdır. İddiaçının təqdim etdiyi sənədlərdə ödəniş edilmiş əmlakların sahələri də qeyd edilməmişdir. Lazım gələrsə iş materiallarının araşdırılması üçün mütəxəssis də cəlb edilə bilər. İddianın rədd olunmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, 2019-cu ilin may ayında Yasamal-32 MMMC qeydiyyatdan keçmişdir. 2019-cu ilin iyul ayının 1-dən isə fəaliyyətə başlamışdır. 9 ay fəaliyyət göstərmişdir. İşlədiyi müddət ərzində 17593 manat pul yığılmış, həmin məbləğdən həmin dövr ərzində 11 min manat civarında əmək haqqı verilmişdir. Lazım olduğu təqdirdə həmin sənədləri təqdim edə bilər. Bundan əlavə həmin məbləğdən 2800 manata yaxın qəbzlərlə birlikdə binanın işıq pulu ödənilmişdir. Möhürü təqdim etməsi barədə ona müraciət olunmamışdır. Suala cavab olaraq bildirir ki, əlavə olaraq binanın digər xərcləri ödənilmişdir. DSMF-nin pullarının ödənilməmə səbəbi isə yığılan pullardan artıq qalmaması olmuşdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin qeyri-kommersiya Qurumlarının Dövlət Reyestrindən 25.08.2020-ci il tarixli, 1119-MM6-0123 saylı çıxarışdan görünür ki, İddiaçı MMMC 22.05.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. MMMC-nin fəaliyyət predmeti Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 9B saylı binanı - daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvercilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək kimi müəyyən edilmiş, qeydiyyata alınmasının əsası kimi Cəmiyyətin ümumi yığıncağının 14.08.2020-ci il tarixli protokolu və digər sənədlər təşkil etmişdir. Cəmiyyətin əvvəlki qanuni təmsilçisi Cavabdeh, hazırki qanuni təmsilçisi isə X1 müəyyən edilmiş, dəyişikliklər 25.08.2020-ci il tarixdə qeydə alınnmışdır. İş materiallarında olan İddiaçı MMMC-nin 01.07.2019-cu il tarixdən 11.03.2020-ci il tarixə kimi fəaliyyəti haqqında MMMC-nin sədri və baş mühasibi tərəfindən təsdiq edilmiş məlumata əsasən 01.07.2019-cu il tarixdən 11.03.2020-ci il tarixədək 17593,81 manat kommunal borc, 10993,1 manat əmək haqqı, 2850 manat işıq pulu, 26 manat su pulu, 400 manat məişət tullantısı, 480 manat lift xərci, 2372,46 manat sair xərc və 462,6 manat DSMF-yə köçürülmüş pul hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X3 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. İddiaçı iddia tələbində cavabdehin 18061 manat pul yığdığı və bu pulu binan saxlanmasına xərcləmədiyini bildirsə də, iş materialları ilə təsdiq olunur 17593,81 manat pul yığılmış, əmək haqqı və binanın saxlanması üçün xərclənmişdir. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı MMMC-nin Cavabdeh qarşı Cavabdeh bina mülkiyyətçilərindən yığdığı xidmət haqqı məbləğindən 18061 manat, işlədiyi dövrdə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 4150 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Yasamal-32” MMMC-nin xeyrinə tutulması barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMMC-nin Cavabdeh qarşı Cavabdeh bina mülkiyyətçilərindən yığdığı xidmət haqqı məbləğindən 18061 manat, işlədiyi dövrdə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 4150 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Yasamal-32” MMMC-nin xeyrinə tutulması barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar