Məhkəmə qərarları › İş №2(004)-6312/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6312/2025

15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6312/2025 15.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Turanbank ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhərı 23 saylı Notariat Ofisinə qarşı ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 23 saylı notariat ofisində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 8İ-7250 reyestr nömrəli icra qeydi ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 23 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən AZ1095, ünvan 1 ünvanında'yerləşən “X8 Cəmiyyətinin VÖEN: ********** xeyrinə müddət üçün vaxtında ödənilməmiş 11289 manat 64 qəpik (on bir min iki yüz səksən səksən doqquz manat doxsan üç qəpik) məbləğin tutulması barədə 8İ-7250 №-li, xx.xx.2025-ci il tarixli İcra qeydi aparılmışdır. İddiaçı icra qeydi ilə razılaşmır və aşağıdakı səbəblərdən onu əsassız hesab edir. Qeyd olunan icra sənədinə səbəb olmuş Bakı şəhəri 23 saylı Notariat Ofisinin xüsusi notariusunun icra qeydi bizə rəsmi qaydada təqdim olunmamış və İcra qeydindən yalnız İcra şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə iş yerimə əmək haqqına yönəldikdən sonra məlumatı olmuşdur. Bütün bu olanlara görə işdən azad edilmişdir. Borcla razılaşmır və tərəfindən edilmiş ödənişlər nəzərə alınmamışdır. Qanunvericiliyin tələblərinə əsasən Notariusda İcra qeydi həyata keçirilməmişdən öncə bizum tələbkar tərəfindən icra qeydinin aparılmasına 20 gün qalmış bu barədə ünvana heç bir bildiriş daxil olmamış və məlumatlandırılmamışdır. Bu halda bu icra qeydinin aparılması həyata keçirilə bilməz. Bu da icra qeydinin qanunvericiliyin tələblərindən kənara çıxmaqla tərtib edildiyinin göstəricisidir. Qanunvericiliyə əsasən İcra qeydinin aparılması üçün növbəti ödənişlərin müddətini keçirməyə görə vətəndaşlardan borcu və müamiləni tutmaqdan ötrü icra qeydi almaq üçün borclunun tapşırıq-öhdəliyinin əsli, borcun (müamilənin) məbləği və ödənilməsi müddətləri göstərilməklə, borclunun şəxsi hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarışı təqdim olunmağı tələb olunur. Odur ki, Bakı şəhəri 23 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən aparılmış 8İ-7250 №-li, 0 4.08.2025-ci il tarixli İcra qeydi ləğv olunmalıdır. Daha sonra, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Turanbank ASC-nin nümayəndəsi X4 məhkəməyə İddiaçı cavabdeh Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” barədə iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, iddiaçı ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı bankdan 19.000 manat məbləğində kredit vəsaiti götürmüşdür. Üzərinə düşən öhdəliklərini vaxtında icra etmədiyindən barəsində icra qeydinin aparılması üçün notariat ofisinə müraciət edilmişdir. Həmçinin iddiaçı icra qeydinin aparılmasından məlumatı olmadığını bildirsə də, iddiaçıya rəsmi qaydada poçt vasitəsilə bildiriş ünvanlanmış, qəbzə Qədimova adlı şəxs imza etməklə qəbul edilmişdir. Ona görə də, iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş edir. Cavabdeh Bakı şəhəri 23 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 23 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 8İ-7250 reyestr nömrəli icra qeydindən görünür ki, İddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməmiş 5523,90 manat əsas borc, 5740,74 manat cərimə borcu və ödənilmiş 25 manat dövlət rüsumu, ümumilikdə 11289,64 manat pul tutulmalıdır. İş materiallarında olan "xxxx" ASC və İddiaçı (borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən borc alana 19000 manat məbləğində, 36 ay müddətinə qaytarmaq şərti ilə kredit verir, borc alan bu kreditdən istifadəyə görə 20% olmaqla faiz ödəyir. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı (ünvan 3 və X2 ünvanlanmış xx.xx.2025-ci il tarixli Bildiriş məktubunun surətindən görünür ki, müqavilə üzrə xx.xx.2025-ci il tarixə "xxxx" ASC-yə 5146,49 manat əsas, 377,41 manat faiz, 5740,74 manat cərimə olmaqla, cəmi borcu 11264,64 manat təşkil etməsi, borcun 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası qanunun 76-cı maddəsinin tələbinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 31 iyul 2025-ci il tarixli, 311 saylı "xxxx" ASC tərəfindən tərtib edilmiş maliyyə arayışının surətindən görünür ki, "xxxx" ASC –nin Binəqədi filialı İddiaçı arasında 21 oktyabr 2022-ci il tarixli, İK-141768/22 saylı kredit müqaviləsi bağlanmışdır. Borcalan həmin kredit müqaviləsi üzrə öhdəliklərubu yerinə yetirməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixədək borcalan banka əsas borc üzrə 5146,49 manat, faiz borcu 377,41 manat dəbbə pulu olaraq 5740,74 manat, cəmi 11264,64 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan “Qumru-D” ekspres tərəfindən tərtib edilmiş qaimədən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı (ünvan 3 ünvanlanmış xx.xx.2025-ci il tarixli Bildiriş məktubu xx.xx.2025-ci il tarixdə Qədimova adlı şəxs tərəfindən təhvil alınmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Turanbank ASC arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmış, borc verən borc alana 19000 manat məbləğində, 36 ay müddətinə qaytarmaq şərti ilə kredit verir, borc alan bu kreditdən istifadəyə görə 20% olmaqla faiz ödəyir. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyindən, onun 5523,90 manat əsas borc, 5740,74 manat cərimə borcu və ödənilmiş 25 manat dövlət rüsumu, ümumilikdə 11289,64 manat borcu yaranmışdır. "xxxx" ASC isə iddiaçının kredit müqaviləsindən irəli gələn borcunun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və Bakı şəhəri 23 saylı Notariat Ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə müvafiq icra qeydi verilmişdir. Məhkəmə qeyd edir ki, notarius tərəfindən icra qeydi təsdiq edilərkən “Notariat haqqında” Qanunun tələblərinə əməl edilməmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Qanunvericiliyin tələbinə görə, cavabdeh "xxxx" ASC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli, bildirişin çatdırıldığını təsdiq edən sənədi sənədi təqdim etməli olduğu halda, həmin bildirişin iddiaçıya çatdırılmasını təsdiq etmədən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh notariat ofisinə müraciət etməzdən əvvəl borcluya qeyd olunan məzmunda bildirişin çatdırılmasını göstərən qəbzi məhkəməyə təqdim etsə də, həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarında olan “Qumru-D” tərəfindən tərtib edilmiş qaimədən də görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı (ünvan 3 ünvanlanmış xx.xx.2025-ci il tarixli Bildiriş məktubu xx.xx.2025-ci il tarixdə Qədimova adlı şəxs tərəfindən təhvil alınmışdır. Belə ki, Bakı şəhəri 23 saylı Notariat Ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə müvafiq icra qeydinin verildiyi nəzərə alınsa, bu zaman sözügedən bildiriş məktubu qanunvericiliyin tələbinə əsasən ən geci xx.xx.2025-ci il tarixdə İddiaçı təqdim edilməli idi. Lakin bildiriş məktubunun həqiqətən də İddiaçı çatdırılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bununla yanaşı, qaimədə Qədimova adlı şəxs tərəfindən təhvil alındığı qeyd edilsə də, onun kim olduğunun müəyyən edilməsi, İddiaçı bildiriş barədə məlumatlandırılması üçün hər hansı bir tədbir görülməmişdir. Həmçinin məhkəmə müəyyən etmişdir ki, icra qeydinin verilməsinə səbəb olan borcun məbləği 5146,49 manat, faiz borcu 377,41 manat dəbbə pulu olaraq 5740,74 manat, cəmi 11264,64 manat təşkil edir. İddiaçı isə borc məbləğini mübahisələndirərək əsassız dəbbə pulunun hesablandığını, borcun onun tərəfindən aparılmış ödənişlərinin nəzərə alınmadığı bildirilmişdir. Beləliklə, hesablanmış borca münasibətdə tərəflər arasında mübahisənin olduğu, dəbbə pulunun tənasübsüz hesablandığının bəlli olduğu halda, mübahisəsiz borc kimi icra qeydinin aparılması da qanunamüvafiq olmamışdır. İş materiallarından görünür ki, cavabdeh Bakı şəhəri 23 saylı Notariat Ofisi icra qeydini təsdiq edərkən, mühüm əhəmiyyət kəsb edən halı, yəni icra qeydinin aparılacağı ilə bağlı borclunun məlumatlı olub-olmamasını və bununla da tələbin mübahisəsiz olduğunu müəyyən etməmiş, tələbkardan borcluya icra qeydinin aparılması ilə bağlı məlumat verməsinə dair bildirişi və bildirişin həqiqətən ona çatdırılmasını təsdiq edən sənədi tələb etmədən icra qeydini təsdiq etmiş və bununla da “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərini pozmuşdur. Beləliklə məhkəmə hesab edir ki, icra qeydinin təsdiq edilməsi zamanı qanun pozuntusuna yol verildiyindən, iddia təmin edilməli, Bakı şəhəri 23 saylı notariat ofisində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 8İ-7250 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Bakı şəhəri 23 saylı notariat ofisində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 8İ-7250 reyestr nömrəli icra qeydi ləğv edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar