Məhkəmə qərarları › İş №2(104)-1919/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1919/2025

19.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1919/2025 19.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh X48rşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əmrin ləğv edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X11 və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdehn nümayəndələri Nümayəndə3 (drektor) və X7 iştirakları ilə, İddiaçı Cavabdeh X48rşı əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 19 avqust 2025-ci il tarixli, 2(125)-3039/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 yanvar 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Nümayəndə3 25 aprel 2025-ci il tarixdən Gəncə Dövlət Universitetinin X17in tədris işləri üzrə direktor müavini vəzifəsindən Gəncə Dövlət Universitetinin X17in direktoru vəzifəsinə keçirilmişdir. Əsas kimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 25 aprel 2025-ci il tarixli, 3-29-68/3-1- 70K-2025 saylı əmri olmuşdur.

2. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Cavabdeh ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən iş yerinin adı Cavabdeh, əmək müqaviləsinin bağlandığı tarix 03 may 2021-ci il tarixi, əmək müqaviləsinin növü müddətsiz, əməyin ödənilməsinin forması vaxtamuzd, işçinin aylıq əmək haqqının məbləği 866,70 manat olmuşdur. Həmin bildirişin sistemə daxil edilmə tarixi 16 may 2022-ci il olmuşdur.

3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin X17in həmin vaxt direktor vəzifəsini icra edən dos.İlqar Kubışov tərəfindən İddiaçı barəsində tətbiq edilmiş “intizam tənbehinin verilməsi” haqqında 198 nömrəli, 22 noyabr 2024-cü il tarixli əmrindən görünür ki, Gəncə Dövlət Universitetinin X17 "Mədəniyyət və İncəsənət" şöbəsinin müdiri İddiaçı vəzifə funksiyalarını keyfiyyətlə yerinə yetirmədiyinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 mav 2024-cü il tarixli KQ - 07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları"nın tələblərini pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən töhmət verilmişdir. Əsas kimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 21 noyabr 2024-cü il tarixli, 3-29-68/3-1-225K-2024 saylı əmri olmuşdur.

4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin X17in direktor vəzifəsini müvəqqəti icra edən Nümayəndə3 tərəfindən İddiaçı barəsində tətbiq edilmiş “intizam tənbehinin verilməsi” haqqında 75 nömrəli, 10 mart 2025-ci il tarixli əmrindən görünür ki, müəssisədə tədrisin qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil edilməsi və pedaqoji heyətin işə davamiyyətinin yoxlanılması zamanı Kollecin Mədəniyyət və İncəsənət şöbəsində bir sıra kobud nöqsanlar aşkar edilmişdir. Aşkar olunan nöqsanların xarakterini, Kollecin Mədəniyyət və İncəsənət şöbəsinin müdiri İddiaçı Kollecin 22 noyabr 2024-ci il tarixli 198 nömrəli əmrlə töhmət verilməsinə baxmayaraq, yol verdiyi nöqsanların aradan qaldırması istiqamətində işlər görmədiyini, əmək funksiyalarını yerinə yetirdiyi zaman kobud nöqsanlara yol verdiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmr edilmişdir: Mədəniyyət və İncəsənət şöbəsinin müdiri İddiaçı əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilsin. Gəncə Dövlət Universiteti X17 direktor vəzifəsini müvəqqəti icra edən Nümayəndə3 Mədəniyyət və incəsənət şöbəsinin müdiri İddiaçı töhmət verilməsini təmin etsin. Kadrlar şöbəsinin müdiri bu əmrin surətinin aidiyyəti üzrə çatdırılmasını təmin etsin. Həmin əmrdə əsas kimi İddiaçı 07 mart 2025-ci il tarixli izahatı, Kollecin 25 fevral, 26 fevral, 27 fevral və 28 fevral tarixli aktlarıdır.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X2 şöbə müdirinin əmək funksiyaları təsbit olunmuşdur: tədris-tərbiyə işlərini təşkil edir və ona rəhbərlik edir. Tədris plan və proqramlarının yerinə yetirilməsini təmin edir, dərs cədvəlinin tərtibi üçün müvafiq sənədləri hazırlayır. Dərs cədvəli üzrə məşğələlərin keçirilməsinə nəzarət edir. Təhsilalanların dərsə davamiyyətinə, intizamına nəzarət edir. Pedaqoji şurada baxılacaq materialların hazırlanmasında iştirak edir. Təhsilalanlar tərəfindən kurs və buraxılış işlərinin yerinə yetirilməsinə nəzarət edir. Laboratoriya - imtahan sessiyasının təşkilində, hesabatların hazırlanmasında iştirak edir. Təhsilalanların təqaüdlə təmin olunmasını müəyyənləşdirir. Təhsilalanların tədris-metodiki materiallarla təmin olunmasında iştirak edir. Şöbənin fəaliyyəti barədə direktor və tədris işləri üzrə direktor müavini qarşısında hesabat verir.

6. Gəncə Dövlət Universitetinin X30 tərəfindən verilmiş 11 nömrəli, 12 yanvar 2026-cı il tarixli arayışdan görünür ki, İddiaçı tərəfindən 17 yanvar 2025-ci il tarixdən 10 mart 2025ci il tarixədək vəzifə təlimatı ilə bağlı heç bir fəaliyyəti olmamışdır. Yalnız 10 mart 2025-ci il tarixdə mövcud nöqsanlarla bağlı izahat tələb edildikdən sonra iddiaçı tərəfindən gecikmiş şəkildə izahat təqdim edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh X48rşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, ona şiddətli töhmət verilməsi barədə 10 mart 2025-ci il tarixli, 75 nömrəli əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 ilə yaxındır ki, Gəncə Dövlət Universitetinin X16 işləyir. Hazırda həmin Kollecin Mədəniyyət və İncəsənət Şöbəsinin müdiri vəzifəsində çaslışır. İşlədiyi müddətdə əmək qanunvericiliyinin tələblərini pozmamışdır. Lakin məlumatı olmadan cavabdeh təşkilatın direktor əvəzi Nümayəndə3 tərəfindən 22 noyabr 2024-cü il tarixdə ona töhmət verilmiş, sonradan isə 10 mart 2025-ci il tarixdə şiddətli töhmət verilmişdir. Qeyd olunan töhmətlərin verilməsi tam qanunsuzdur və ona cavabdeh tərəfindən bu barədə bildiriş verilməmiş, izahatı alınmamış, eləcədə həmkarların iclası keçirilməmişdir. Qeyd olunan əmrdə onun hansı nöqsanlara yol verməsi, əmək funksiyalarının pozulmasının nədə ifadə olunması müəyyən edilmir.

9. Gəncə Şəhər Məhkəməsinin 19 avqust 2025-ci il tarixli 2(125)-3039/2025 nömrəli qətnaməsi ilə (hakim F.Fərhadov) iddia tələbi təmin edilərək, İddiaçı şiddətli töhmət verilməsinə dair Cavabdeh tərəfindən qəbul olunmuş 10 mart 2025-ci il tarixli, 75 nömrəli əmrin ləğv edilməsi qət edilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.3, 3, 12, 42, 182, 187, 189-cu maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 88, 106.1, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Dövlət Universitetinin X17 Mədəniyyət və İncəsənət şöbəsinin müdiri vəzifəsində işləyən İddiaçı əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə ona 10 mart 2025-ci il tarixli 75 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla “şiddətli töhmət” verilmişdir. Beləki, Şöbə müdiri İddiaçı vəzifə təlimatına uyğun işini icra etmir. Birinci instansiya məhkəməsi iddianı təmin etsədə, lakin sübutlara düzgün hüquqi qiymət verməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (direktor) Nümayəndə3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, Mədəniyyət və İncəsənət şöbəsinin müdiri İddiaçı rəhbərlik etdiyi şöbədə tədrisin təşkilini lazımı səviyyədə qura bilməmişdir. Yəni iddiaçı şöbə müdiri olaraq, tədrisin təşkilinə nəzarət etməli, şöbədə müəllimlər tədris aparmadığı halda rəhbərliyə bu barədə məlumat verməliydi. Təşkil olunmuş komissiya müəllimlərin dərsdə iştirak edibetməməsini birbaşa baxış keçirərək müəyyən etmiş və bu barədə müvafiq aktlar tərtib etmişlər. Bunun nəticəsi olaraqda şöbə müdiri İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Özünün razılığına əsasən İddiaçı artıq şöbə müdiri vəzifəsindən azad olunmuşdur. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (müəssisənin hüquqşünası) X19 da apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, yol verdiyi nöqsanlara görə iddiaçıya 2024-cü ildə şiddətli töhmət verilməsinə baxmayaraq sonuncu işində dönüş göstərməmiş bu səbəbdən də 10 mart 2025-ci il tarixdə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Özünün razılığına əsasən İddiaçı artıq şöbə müdiri vəzifəsindən azad olunmuşdur. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, şöbə müdiri kimi üzərinə düşən vəzifəni lazımı qaydada icra edə bilməməsi barədə deyilənlər yalandır. Belə ki, rəhbərlik etdiyi şöbədə dərsə gəlməyən müəllimi başqa müəllimlə əvəz etmişdir. Bəzi hallarda müəllimlərin dərsə gəlməməsi, həmin müəllimin keçirilən tədbirdə iştirak etməsi səbəb olmuşdur. Tərtib olunan aktda adları göstərilən müəllimlərin bəzilərinin heç həmin gün dərs saatı olmamışdır. Tədrisdən yayınan müəllimlər barədə isə rəhbərliyə məlumat vermişdir. Rəhbərlik etdiyi şöbədə araşdırmanın aparılmasından isə onun xəbəri olmamış, hətta ona bu barədə qabaqcadan məlumat belə verilməmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, Cavabdehn Mədəniyyət və İncəsənət şöbəsində fortepiano müəllimi işləyir. 2025-ci ilin fevral ayının 25, 26 və 27-sində dərsdə olmuşdur. Ola bilərdi ki,həmin günlərdə 5-10 dəqiqə dərsə gecikmiş olsun.

18. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X12 izahatında bildirmişdir ki, Gəncə Dövlət Universitetinin X30” X56 Mədəniyyət və İncəsənət şöbəsində qarmon müəllimidir. 07 fevral 2025-ci ildə şöbə müdiri Vüsalə müəllimə onu tədbirə göndərdiyi üçün həmin gün işdə olmamışdır. 2025-ci il fevral ayının 28-də ona dərsdə olmaması ilə bağlı izahat verməyini demişlər. O da dərsi olduğuna görə izahat verə bilməmişdir.

19. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X40 izahatında bildirmişdir ki, Gəncə Dövlət Universitetinin X30” X56 Mədəniyyət və İncəsənət şöbəsində konsertmeyster və illustrator işləyir. 27 fevral 2025-ci ildə öz sinifində olmuşdur. Ola bilsin 5 dəqiqə sinifdə olmadığı vaxt yoxlama gəlsin, o da həmin vaxt sinifdə olmasın.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

20. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

21. Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri:

1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

22. Maddə 187. İntizam tənbehinin verilməsi qaydaları

1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

23. Maddə 190.

1. İntizam tənbehi verildiyi gündən altı ay müddətində qüvvədə olur.

3. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

29. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar: 385.1.2. Məhkəımənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

Apellyasiya baxışının hədləri

30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

34. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı Gəncə Dövlət Universitetinin X30” X56 Mədəniyyət və İncəsənət şöbəsinin müdiri vəzifəsində işləyir. Kollecin rəhbərliyi tərəfindən təşkil olunmuş komissiya tərəfindən 2025-ci ilin fevral ayı üzrə tətrisin təşkili vəziyyəti yoxlanılmış və müəyyən olunmuşdur ki, İddiaçı rəhbərlik etdiyi şöbədə tədrisin təşkili lazımi səviyyədə olmamış və bununla bağlı müvafiq aktlar tərtib olunmuşdur. Komissiya üzvlərinin tərtib etdikləri 26 fevral 2025-ci il tarixli aktdan müəyyən olunmuşdur ki, müşayətcilər X8, X31 26 fevral 2025-ci ildə, 27 fevral 2025-ci il tarixli akt üzrə müəllimlər X20, X9, X21, müşayiətçilər X22, X27, illiüstrator X28, X40 27 fevral 2025ci ildə, 28 fevral 2025-ci il tarixli aktlar üzrə müəllimlər X32, X3, X33, X34, X10, X29, X35, X41, X4, X23, X5, müşayiətçilər X13, X36, X1, illiüstrator X28, X14, X24, X49 28 fevral 2025-ci il tarixdə dərsdə olmamışlar. Komissiyanın aşkar etdiyi pozuntuya, yəni Mədəniyyət və İncəsənət şöbəsinin müdiri İddiaçı rəhbərlik etdiyi şöbədə tədrisin təşkilini lazımi səviyyədə qura bilməməsinə görə 10 mart 2025-ci il tarixli, 75 nömrəli əmrlə ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bununla razılaşmayan İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.

35. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən verilən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

37. Bu baxımdan apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsasslıdır və həmin dəlillər qətnamənin ləğvi üçün əsasdır və bunla bağlı kollegiya aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparmağı vacib sayır.

38. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

39. Belə ki, yuxarıda da qeyd olunduğu kimi İddiaçı rəhbərlik etdiyi Mədəniyyət və İncəsənət şöbəsində tədrisin təşkili ilə bağlı yol verdiyi nöqsana görə 10 mart 2025-ci il tarixli, 75 nömrəli, əmrlə ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndini rəhbər tutaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

40. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif X15 şöbə müdirinin əmək funksiyaları təsbit olunmuşdur: şöbə müdiri tədris-tərbiyə işlərini təşkil edir və ona rəhbərlik edir, tədris plan və proqramlarının yerinə yetirilməsini təmin edir, dərs cədvəlinin tərtibi üçün müvafiq sənədləri hazırlayır, dərs cədvəli üzrə məşğələlərin keçirilməsinə nəzarət edir, təhsilalanların dərsə davamiyyətinə, intizamına nəzarət edir, pedaqoji şurada baxılacaq materialların hazırlanmasında iştirak edir, təhsilalanlar tərəfindən kurs və buraxılış işlərinin yerinə yetirilməsinə nəzarət edir, laboratoriya - imtahan sessiyasının təşkilində, hesabatların hazırlanmasında iştirak edir, təhsilalanların təqaüdlə təmin olunmasını müəyyənləşdirir, Təhsilalanların tədris-metodiki materiallarla təmin olunmasında iştirak edir, şöbənin fəaliyyəti barədə direktor və tədris işləri üzrə direktor müavini qarşısında hesabat verir.

41. Göründüyü kimi təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif X15 tədrisin təşkili birbaşa şöbə müdirinin əmək funksiyasına daxil edilmişdir. Komissiyanın tərtib etdiyi 26, 27 və 28 fevral 2025-ci il tarixli aktlarla müəyyən olunur ki, həmin tarixlərdə, yəni birinci halda iki, ikinci halda yeddi, üçüncü halda isə 19 əməkdaş (müəllim, müşayətçi və illiüstrator) dərs keçməmiş şöbə müdiri İddiaçı isə öz növbəsində bu barədə kollec rəhbərliyini məlumatlandırmamışdır.

42. 22 dekabr 2025-ci il tarixdə keçirilən məhkəmə kollegiyasının iclasında işçilərin davamiyyəti barədə jurnala (tabelə) da baxış keçirilərəkən müəyyən olunmuşdur ki, 03 fevral 2025-ci il tarixdən başlayaraq aktlar tərtib olunan günlərdə daxil olmaqla xalq çalğı alətləri üzrə 13-cü sırada Habil Əliyev, 23-cü sırada Tariel Rüstəmov, 24-cü sırada Zaur Məmmədov, instrumental ifaçılıq üzrə 08-ci sırada Gülşən Abbasova, 16 sırada Aynurə Əsədova, 23-cü sırada Leyla Rzayeva, 42-ci sırada Aysun Nağıyeva, 49-cu Rafət Tağıyeva, 62-ci sırada Böyükxanım Hüseynzadə, Müşayət fənni üzrə 4-cü sırada Nərgiz Əliyeva, 13-cü sırada Arzu Məmmədova, 25-ci sırada Mehriban Allahverdiyeva, 29-cu sırada Fəridə Həsənli, 42-ci sırada Reyhanə Mehdiyeva, okestr alətləri üzrə Samir Hüseynov, illisturator üzrə 03-cu sırada Rəhman Quliyev, 04-cü sırada Ramil Əliyev, 07-ci sırada Mehbarə Cəfərova, 09-cu sırada Anar Abbasov və 12-ci sırada Kamilə Abbasova işə davamiyyət jurnalına (tabelə) imza etmişlər. Belə nəticəyə gəlmək olur ki, adları qeyd olunan şəxslər təqvim ayı üzrə, xüsusəndə akt tərtib olunan 26, 27 və 28 fevral 2025-ci il tarixlərdə iş yerlərində, yəni kollecdə olmuşlar. 26, 27 və 28 fevral 2025-ci il tarixlər üzrə komissiyanın tərtib etdiyi aktlarda isə qeyd edilmişdir ki, yuxarıda adları göstərilən şəxslər barələrində akt tərtib olunan günlər dərs keçməmişlər. Bu da onu deməyə əsas verir ki, şöbə müdiri İddiaçı tədrisin təşkilinə (akt tərtib olan günlərə) nəzarəti lazımi səviyyədə olmamışdır. Birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd olunan bu hallarına düzgün hüquqi qiymət verməyərək iddianı təmin etmişdir.

43. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).

44. Qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 19 avqust 2025-ci il tarixli, 2(125)-3039/2025 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh X48rşı sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilməsi barədə əmrin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual əcəlləsinin 10-1, 372-376, 378-382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 19 avqust 2025-ci il tarixli, 2(125)-3039/2025 nömrəli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh X48rşı sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilməsi barədə əmrin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar