Məhkəmə qərarları › İş №2(004)-6409/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6409/2024

10.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6409/2024 10.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu, Ərizəçi “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs) mülki işin materiallarını nəzərdən keçirərək, müəyyənetdi: Ərizəçi xx.xx.2024-cü il tarixdə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X2 xx.xx.1971-ci il təvəllüdlü X1 oğlu olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5512/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hazırlıq iclasında iştirak edən Ərizəçi qeydiyyat ünvanı Binəqədi rayon ərazisi olmasına baxmayaraq, faktiki yaşayış yerinin ünvan 1 ünvanı olduğunu bildirmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlmişdir ki, Ərizəçi ünvan 1 saylı evin 13-cü mənzilində yaşadığından onun hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən mülki iş baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə düzgün olaraq göndərilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. «Yaşayış yeri və olduğu yer haqqında» Аzərbaycan Respublikasının 04 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş AZEMİS vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Ərizəçi rəsmi qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 3 korp., 124, 130-dur. Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsi trəfindən baxılmalı olduğundan, «Yaşayış yeri və olduğu yer haqqında» Аzərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edildiyindən və ərizəçi ərizəni qeydiyyatda olduğu ünvan üzrə verdiyindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi işi aidiyyət qaydalarına riayət edilməklə öz icraatına qəbul etmişdir. Belə ki, ərizənin forma və məzmunu Mülki Prosessual Məcəllənin 149.1 və 149.2-ci maddəsində konkret sadalanmışdır. Azərbaycan Respublikası MPM-in 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-in 149.2-ci maddəsinə əsasən, ərizədə ərizənin verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin, cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir. Göründüyü kimi, ərizəçi öz ərizəsində yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) barədə məlumatları dəqiq olaraq göstərməlidir. Ərizəçi ərizəsindən görünür ki, yeganə ünvan olaraq şəxsiyyət vəsiqəsi üzrə qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 3 korp., 124, 130 ünvanını qeyd etmiş, ərizəçinin yaşayış yeri də qanunvericiliyin tələbinə uyğun olaraq vətəndaşın şəxsiyyət vəsiqəsi ilə müəyyən edildiyindən düzgün olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi işi aidiyyət qaydalarına riayət edilməklə öz icraatına qəbul etmişdir. Ərizəçi ərizəsində yaşadığı ünvanın fərqli olması barədə hər hansı bir məlumat qeyd etməmiş, bununla bağlı arayışı ərizəsinə əlavə etməmişdir. Yalnız hazırlıq iclasında qeydiyyat ünvanı Binəqədi rayon ərazisi olmasına baxmayaraq, faktiki yaşayış yerinin ünvan 1 ünvanı olduğunu bildirmişdir. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşadığı yer və qeydiyyat ünvanları fərqli olduğu halda, ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edən zaman şəxsin yaşadığı yerin hansı ünvanda olması yalnız ərizəçinin təqdim etdiyi hər hansı bir arayışa əsasən müəyyən edilə bilər, əks halda yəni ərizəçi yaşayış yeri barədə arayışı ərizə ilə məhkəməyə müraciət edən zaman məhkəməyə təqdim etməmişsə, şəxsin yaşayış yeri qanunvericiliyin tələbinə müvafiq olaraq ərizəçinin şəxsiyyət vəsiqəsində qeyd edilmiş qeydiyyat ünvanı qəbul edilir və mülki işin ərazi aidiyyatı məhz həmin sənədə əsasən müəyyən edilir. Belə olduğu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında müvafiq iş məhkəmə tərəfindən icraata qəbul edildikdən sonra, ərizəçinin yaşayış yeri barədə arayış təqdim etməsi halında mülki işin ərazi aidiyyətinin dəyişməsinə səbəb olması mülki işin vaxtında baxılıb həll edilməsinin qarşısını almaqla, prossesual qənaət prinsipinin pozulmasına gətirib çıxaracaqdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələrin ərizəçinin yaşadığı yerin məhkəməsinə verilməsi ilə bağlı qanunvericilik normasına hərfi mənada yanaşılması hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələrə baxılması zamanı aidiyyətin müəyyənləşdirilməsini ərizəçidən asılı vəziyyətə salacaqdır. Qeyd edilən hal isə hüquqdan sui istifadə ilə nəticələnə bilər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən işin aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edilməsini, məhkəmə tərəfindən işin başqa məhkəmədə baxılmağa verilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2-ci maddəsində nəzərdə tutulan əsaslardan heç birinin olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edlmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan xüsusatlar məhkəmələr arası fikir ayrılığının yaranmasına səbəb olduğundan və yaranmış fikir ayrılığına hüquqi qiymət verilməsi apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aid edildiyindən, mülki iş ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 45.4, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs) mülki iş ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar