Məhkəmə qərarları › İş №2(004)-641/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-641/2024

18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-641/2024 18.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinin və 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində (bu günün məzənnəsi ilə 42.500 manat) pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı aldataraq, etibarından sui-istifadə etmiş və iş qurmaq adı ilə ondan 20000 (iyirmi min) manat və 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində pul almışdır və bugünə kimi həmin pullar ona geri qaytarılmamışdır. O, cavabdehləri 20 ildən çox idi ki tanıyır. Qeyd edir ki, o, Cavabdeh1 20000 manatı xx.xx.2014-cü il tarixdə, 25000 (iyirmi beş min) ABŞ dollarını isə xx.xx.2014-cü il tarixdə vermiş və 25000 ABŞ dollarını Cavabdeh1 verərkən onun yanında digər Cavabdeh2 da var idi, hətta onların hər ikisi həmin məbləğdə pulu ondan aldıqlarına dair qəbz almışlar.Onlar iddiaçıya söz vermişdilər ki, bu pulu qısa müddətə, yəni 2014-cü ilin sonuna kimi ona qayataracaqlar. Dəfələrlə hər iki şəxsdən pulunu geri tələb etsə də, onlar iddiaçıya hədə qorxu gələrək pullarını geri qayatarmaqdan imtina etmişlər. O, Kamrana pulu Memar Əcəmi metrosunun yanında, Cavadxan küçəsi 23-də verib. Lakin o, vədinə xilaf çıxaraq pulu mənimsəmiş, onu aldatmışdır. Cavabdehlər ondan pulu iş qurmaq adı ilə almışdılar. O, dəfələrlə cavabdehlərə pulunu geri qaytarmasını bildirsə də, onlar aldıqları pulu iddiaçıya geri qaytarmamışdır. İddiaçı onlara hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirdikdə isə, onlar nə polisdən, nə də dövlətdən qorxularının olmadığını bildirmişlər. O, pulunu geri qatarmaq üçün məcbur olub baş verən hadisə barəsində hüquq-mühafizə orqanlarına məlumat vermişdir. Faktla bağlı Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılmış və polis idarəsində verdiyi izahatda Cavabdeh1 ondan həqiqətən 20000 (iyirmi min) manat və 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində pulu aldığını etiraf etmişdir və bildirmişdir ki, guya həmin pulları o, iddiaçıya geri qaytarmışdır, lakin pulları geri qaytardığına dair heç bir sübut təqdim edə bilməmişdir. İş mülki xarakter daşıdığı üçün Nəsimi Rayon Polis İdarəsində 24 avqust 2023-cü ildə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Odur ki, həmin pulun cavabdehlərdən tutularaq iddiaçıya geri ödənilməsi barədə qətnamə qəbul edilməsinə zərurət meydana gəlmişdir. Daha sonra iddiaçı dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin xahiş etdi hissəsində səhvə yol verildiyini, digər cavabdehin adı qeyd olunmadığını və digər Cavabdeh2 da adının iddia ərizəsinə əlavə olunmasını və tələbin hər ikisinə aid edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 Baris oğlu ərizə ilə müraciət edərək, iddiaçı X1 Cavabdeh1 borc pul tələbinin tutulması ilə bağlı iddia ərizəsi üzrə iddia müddətini tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 2014-cü ilin sonunda qaytarmaq şərti ilə xx.xx.2014-cü il tarixdə 20.000 manat, xx.xx.2014-cü il tarixdə isə 25.000 dollar borc vermişdir. Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İddia ərizəsi və ona əlavə edilmiş əlyazmalardan görünür görünür ki, iddiaçı cavabdehə verdiyi borcu 2014-cü ilin sonunda qaytarmaq şərti ilə vermişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Qeyd edilən maddi hüquq normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarını müqayisəli şəkildə işin faktiki hallarına tətbiq edərək qeyd etməyi zəruri hesab edirik ki, öhdəliyin yaranma əsaslarından biri də müqavilədir. Müqavilə tərəflərin iradə ifadəsi ilə müəyyən edilən iki tərəfli əqd olmaqla bir tərəfin digər tərəf qarşıqında qarşılıqlı münasibətlərini əks etdirir. Müqavilənin icra edilməsi qaydası, icra edilməməsinə görə məsuliyyət və həmin məsuliyyətə görə hədlər müəyyən edilir. Buna görə də hüquqdan sui-istifadə hallarının aradan qaldırılması üçün cavabdehin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasının aradan qaldırılması, müqavilə üzrə tərəfi hüquq və qanuni maraqlarının vaxtında tələb edilməsi üçün iddia müddəti institutu mühüm əhəmiyyət daşıyır. İddiaçı cavabdehin ona olan borcunu 2014-cü ilin sonunda qaytarmalı olduğunu indi yox, məhz 2014-cü ilin sonunda bilmişdir. Əgər həqiqətən də cavabdeh qeyd olunan borcunu ona qaytarmamış olsaydı, artıq 7-8 il gözləməzdi və yəqin ki, bu müddət ərzində borcunu tələb etmək üçün indi olduğu kimi, həmin dövrdə də məhkəməyə müraciət edə bilərdi və buna heç kim maneçilik törətmirdi. Lakin İddiaçı Cavabdeh1 borc müqaviləsi üzrə öhdəliyini icra etmədiyini bildiyi 2014-cü ilin sonundan keçən 8-9 il müddətində məhkəməyə müraciət etməmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tututlmuş 3 illik iddia müddəti ərzində qeyd olunan Müqavilə tələbləri üzrə iddia verməmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 20.000 manat və 25.000 dollar borc pul tələbinin tutulması ilə bağlı iddia ərizəsi üzrə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra İddiaçı) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 2014-cü ilin sonunda qaytarmaq şərti ilə xx.xx.2014-cü il tarixdə 20.000 manat, xx.xx.2014-cü il tarixdə isə 25.000 dollar borc verməsini bildirmiş və həmin məbləğin ödənilməsini tələb etmişdir. Həmin tələbə dair səlahiyyətli nümayəndəsi olduğu Cavabdeh2 da iddia ərizəsində cavabdeh kimi göstərilmiş və məhkəməyə cavabdeh qismində dəvət olunmuşdur. İrəli sürülmüş iddia ilə razı deyilik və iddianı qəbul etmirlər. Belə ki, İddiaçı ərizəsində, məhkəmədə edilən çıxışlarında və qarşı tərəfin verdiyi suallara cavab olaraq, iddia edilən məbləğin məhz Cavabdeh1 verməsini göstərmiş, pulun Cavabdeh2 verilməsini göstərməmiş və buna dair dair heç bir sübut məhkəməyə təadim etməmişdir. Bundan başqa qeyd edir ki, iş materiallarında olan yazılı sübutlardan və qarşı tərəfin verdiyi suallara İddiaçının cavablarından açıq aşkar görünür ki, İddiaçı Cavabdeh1 borcu 2014-cü ilin sonunda qaytarmaq şərti ilə vermişdir. Beləliklə də, Cavabdeh1 ona olan borcunu 2014-cü ilin sonunda qaytarmalı olduğunu indi yox, məhz 2014-cü ilin sonunda bilmiş və həmin andan Cavabdeh1 qeyd olunan borcunu ona qaytarmamasını özünün hüquqlarının pozulması kimi dərk etmişdir. İddiaçı həmin andan da borcunu tələb etmək üçün məhkəməyə müraciət edə bilərdi və buna heç kim maneçilik törətmirdi. Lakin İddiaçı Cavabdeh1 borc müqaviləsi üzrə öhdəliyini icra etmədiyini bildiyi 2014-cü ilin sonundan keçən 10 ilə yaxın müddət ərzində məhkəməyə müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qəbul etmədiklərini bildirərək, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. n Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən gəlməyən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2014-cü il tarixli qəbzdən görünür ki, imza edənlər Cavabdeh1 və Cavabdeh2 bildirirlər ki, İddiaçı 20000 manat pul alıblar və 2014-cü ilin sonuna qədər qaytaracaqlar. xx.xx.2014-cü il tarixli qəbzdən görünür ki Cavabdeh1 xx.xx.2014-cü il tarixdə İddiaçı götürdüyü 25000 dollar pulu ilin sonuna kimi qaytaracaqdır. 24 avqust 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq, cinayət işinin başlanması rədd edilməsi, İddiaçı və X3 mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməsi qərara alınmışdır. Qərarın məzmunundan görünür ki, araşdırma zamanı izahatı alınan X2 izahatında bildirmişdir ki, o, Cavabdeh1 30 il olar ki, tanıyır. Cavabdeh1 əvvəllər dövlət işində işləmişdir. Cavabdeh2 Fəxrəddin oğlunu isə Cavabdeh1 görə bir neçə il bundan əvvəl tanımışdır. O, Kamranın həyat yoldaşını da tanıyır. İşin mahiyyəti üzrə bildirir ki, 2014-cü ilin oktyabr ayının əvvəllərində Nəsimi rayonu ərazisində yerləşən Memar Əcəmi metrostansiyasının yaxınlığında Cavabdeh1 ilə rastlaşmışdır. Söhbət əsnasında Kamran ona demişdir ki, Rusiya Federasiyasından Azərbaycan Respublikasına mal vurur, ona təcili 20 000 manat pul lazımdır, ona borc olaraq iki ay müddətinə 20 000 manat borc pul capmaqda kömək etsin. O, Kamrana demişdir ki, ona borc pul verməyə pulu yoxdur, lakin ona kömək edəcəkdir. Bu səbəbdən xx.xx.2014-cü il tarixdə o, yaşadığı evin yaxınlığında, yəni Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., Cavadxan küçəsi, 23 nömrəli binanın qarşısında Kamran ilə görüşüb ona 20 000 manat pulu borc olaraq vermişdir. Həmin gündən təxminən bir ay sonra Kamran onunla telefon əlaqəsi saxlayıb bildirmişdir ki, ona yenə 25 000 ABŞ dolları pul lazımdır, ona 25000 ABŞ dolları borc pul tapmağa kömək etsin. O, qərara almışdır ki, Kamrana köməklik edib ona borc pul versin. Lakin yenə də ona borc pulu başqa şəxsdən tapıb verəcəyini bildirmişdir. xx.xx.2014-cü ildə o, yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., Cavadxan küçəsi, 23 nömrəli binanın qarşısında Kamran ilə görüşüb ona 25 000 ABŞ dollarını borc olaraq vermişdir. Kamran ona söz vermişdir ki, iki ay müddətinə ona borc verdiyi 20000 manat və 25 000 ABŞ dollarını qaytaracaqdır. Lakin həmin vaxtdan iki ay keçməsinə baxmayaraq ona verdiyi pulları qaytarmamışdır. Kamran ondan borc pul götürəndə ona demişdir ki, Cavabdeh2 Fəxrəddin oğlu ilə birlikdə alver edir. O, da Kamrana demişdir ki, "sən məni aldadırsan, Telman adlı şəxsi yanıma gətir ki, sənə inanım". Kamran onun yanına bir nəfər kişini gətirib Cavabdeh2 Fəxrəddin oğlu olduğunu bildirmiş, lakin o, Telmanın sənədinə baxmamışdır. Telmanda ona söz vermişdir ki, narahat olmasın, ondan aldıqları pulu ona qaytaracaqlar. Hətta Kamran 20 000 manat və 25000 ABŞ dollarını ondan almağı barədə Telman və özünün adından imzalanmış formada yazılı izahat gətirib vermişdir. Beləliklə, Kamran hər dəfə ondan borc aldığı 20 000 manat və 25 000 ABŞ dollarını qaytaracağına söz versə də, indiyə qədər ona olan borcunu qaytarmamışdır. O, da Kamranın borcunu qaytarmadığını görüb məcbur olub Kamrandan polisə şikayət etmişdir. Xahiş edirəm mənə köməklik edib pulunun qaytarılmasına köməklik edilsin. Lətifə İsmayilova ona verilən əlavə sualları cavablandırıb bildirmişdir ki, o, 20 000 manat pulu xx.xx.2014-cü il tarixdə, 25000 ABŞ dollarını isə xx.xx.2014-cü il tarixdə Cavabdeh1 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., Cavadxan küçəsi, 23 nömrəli binanın qarsısında vermiş, həmin vaxt yanında heç kim olmamışdır. O, 20 000 manat və 25 000 ABŞ dollarını Cavabdeh1 borc olaraq vermişdir. Araşdırma zamanı izahatı alınan Cavabdeh1 izahatında bildirmişdir ki, o, X5 və İddiaçı müraciətində göstərdikləri ilə tanış olmuşdur. Bildirir ki, o, Natəvan Abbasovanın mərhum əri Hakim Abbasov ilə şərik olmuşdur. O, Hakim Abbasovu 2012-ci il tarixdən tanımışdır. Həmin vaxtlar Hakim Xaçmaz rayon Kapital Bank filialının müdiri idi. Cavabdeh2 da onun tələbə yoldaşıdır, onlar birlikdə Bakı şəhərində İqtisad Universitetində təhsil almışlar. Həmçinin onu da qeyd etmək istəyir ki, İddiaçı 1998-ci ildən tanıyır, münasibətləri normal olmuşdur. O, 2014-cü ildən 2015-ci ilə qədər Cavabdeh2 ilə şərik olaraq biznes sahəsində işləmişdir. Həmin vaxtlar Hakim Abbasov də onlarla şərik olaraq işləmişdir. Sonradan isə Hakim Abbasov bizneslərinə qoyduğu pulları geri götürmüş, lakin ara bir faizə onlara pul verirmiş. 2014-cü ilin sonlarında o, rəhmətlik Hakim Abbasov ilə telefon əlaqəsi saxlayıb təcili olaraq pul lazım olduğunu bildirmişdir. Hakim Abbasov ona demişdir ki, yaxın günlərdə ona köməklik edəcəkdir. O, Hakim ilə danışdıqdan sonra Lətifə onun mobil telefonuna zəng vurub onunla danışmış, ona pul lazım olduğu təqdirdə faizə vermək şərti ilə köməklik edə biləcəyini demişdir. O, başa düşmüşdür ki, Lətifəyə Hakim zəng burub demişdir, çünki, Lətifənin maddi vəziyyəti yaxşı deyildir, Hakimin öz adı hallanmasın deyə, Lətifənin vasitəsilə ona faizə pul vermək istəyir. Ona həmin vaxt təcili olaraq pul lazım olduğu üçün Lətifədən 20 000 manat borc pul istəmişdir. Lətifə hər ay 6 faizlə ödəmək şərtilə 20 000 manat pulu 2014-cü ilin oktyabr ayında ona yaşadığı binanın qarşısında vermişdir. Həmin vaxtdan bir ay sonra 2014-cü ilin noyabr ayında o, Lətifədən 25 000 ABŞ dolları pulu hər ay 6 faizlə ödəmək şərtilə yaşadığı binanın qarşısında almışdır. Həmin vaxtdan sonra o, aldığı pulların faizini ödəmiş, 2014-cü ilin sonunda isə o, Lətifədən aldığı 20 000 manat və 25 000 ABŞ dolları pulu ona tam ödəmişdir. Onun Lətifəyə, həmçinin Natəvan Abbasovaya hər hansı bir borcu yoxdur. Cavabdeh1 ona verilən əlavə sualları cavablandırıb bildirmişdir ki, İddiaçı yalan danışır. O, ondan aldığı 20000 manat və 25 000 ABŞ dolları pulu ona ödəmişdir. X4 əri Hakim Abbasov ilə aralarında borc söhbəti yoxdur, rəhmətlik Hakim şərik olaraq onunla şərikli biznesə nə pul qoymuşdusa, onu da sağlığında götürmüşdür. Hesablama aparılsa əksinə rəhmətlik Hakim Abbasovun ona borcu qalmışdır. Araşdırma zamanı Cavabdeh2 İŞ-nə gələrək izahat verməkdən imtina etdiyini bildirmiş, bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçı və cavabdehlər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 20000 manat pulun, iddiaçı və Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 25000 ABŞ dolları pulun borc kimi verilməsinə dair müqavilələr qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə, xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixli qəbzlərlər təsdiq olunur ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehlərə verilmişdir və bu halda cavabdehlər hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Hazırda cavabdehlər ayrə-ayrılıqda iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, iddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq olunur. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Başqa sözlə, iddia müddətinin keçməsi tələb hüququnun özünü deyil, onun məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır. Bu baxımdan iddia müddəti qanunla cavabdehə verilən özünümüdafiə vasitəsidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 3 iyun 2013-cü il tarixli qərarında göstərmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İş materiallarında olan qəbzlərdən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıdan aldıqları 20.000 manat pulu 2014-cü ilin sonuna qədər qaytarmağı öhdələrinə götürmüşdür. Eyni zamanda Cavabdeh1 iddiaçıdan aldığı 25.000 ABŞ dolları pulu 2014-cü ilin sonuna qədər qaytarmağı öhdəsinə götürmüşdür. İddia isə xx.xx.2023cü il tarixdə qaldırılmışdır. Belə olan halda qanunla müəyyən olunmuş iki illik iddia müddəti ötmüş, cavabdehlər bu barədə yazılı ərizə vermişdirlər. Bu hal iddianın rədd edilməsi üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, iddia müddəti ötürüldüyündən və cavabdehlər tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildiydən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar