Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-642/2025 17.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və ödənilməmiş dövrə görə əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və ödənilməmiş dövrə görə əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən 2023-cü ilin sentyabr ayından 2024-cü ilin sentyabr ayınadək olan dövr ərzində vəzifəsi üzrə şəxsi hesabına 9712 manat pul köçürülmüşdür. Onun əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar işəgötürən tərəfindən Baş prokurorluğa göndərilmiş və iddiaçı cinayət məsuliyyətinə cəlb edilmişdir. İddiaçının əmək müqaviləsinə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Lakin, müvafiq əmr verilməzdən əvvəllər keçirilmiş həmkarlar ittifaqı komitəsinin iclasında iddiaçının işdən çıxarılmasına razılıq barədə müsbət rəy verilməmişdir. Buna baxmayaraq, iddiaçının əmək müqaviləsinə xitam verilmiş və bir neçə gün sonra həmkarlar ittifaqının üzvü kimi üzvlük haqqını ödəməməsi əsası ilə üzvlükdən xaric edilmişdir. Nəticə etibarilə, işəgötürən qanunsuzluq etmiş, həmkarlar ittifaqının razılıq verməməsinə baxmayaraq iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Bu səbəbdən, iddiaçının mübahisləndirdiyi əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsassızdır və ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbinin təmin olunmaması xahiş etmişdir. İş materiallarına Göygöl Milli Parkın baş mühasibi vəzifəsində işləmiş işçi İddiaçı ilə işəgötürən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidməti arasında rəsmiləşdirilmiş əmək münasibətlərinə dair müqavilələr əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin xx.xx.2024-cü il tarixli 379/Ü nömrəli əmrinə əsasən müəyyən edilir ki, işçi İddiaçı barəsində toplanmış materiallara hüquqi qiymət verilənədək vəzifə səlahiyyətlərinin icrası müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Göygöl Milli Parkının Həmkarlar İttifaqı Komitəsinin iclasının xx.xx.2024-cü il tarixli 04 nömrəli protokoluna əsasən müəyyən edilir ki, ......... Göygöl Milli Parkın baş mühasibi vəzifəsində işləyən işçi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 391/K nömrəli əmrə əsasən müəyyən olunur ki, işəgötürən qismində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidməti tərəfindən işçi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. xx.xx.2024-cü il tarixdən “İddiaçı vəzifə səlahiyyətlərinin icrasının müvəqqəti məhdudlaşdırılması barədə” əmri ləğv edilmişdir. Əmr əsaslandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Həmkarlar ittifaqı İcraiyyə Komitəsinin xx.xx.2024-cü il tarixli 77 saylı yığıncağının qərarından çıxarışa əsasən müəyyən edilir ki, Göygöl Milli Parkın baş mühasibi vəzifəsində işləyən işçi İddiaçı 2024-cü ilin 8 ayı ərzində davamlı olaraq öz əmək haqqından həmkarlar ittifaqına üzvlük haqqı tutmadığı üçün onun könüllü olaraq həmkarlar ittifaqı üzvlüyündən çıxması kimi qəbul edilmiş və Göygöl Milli Parkının Həmkarlar İttifaqı Komitəsinin iclasının xx.xx.2024-cü il tarixli 04 nömrəli protokolu əsassız hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası CM-in 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilən şəxs İddiaçı cinayət əməlləri üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidməti zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “e” bəndi çıxış edir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud pozuntusu hesab edilir. Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud pozuntusu hesab edilir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci bəndinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin xx.xx.2024-cü il tarixli 379/Ü nömrəli əmrinə əsasən Göygöl Milli Parkın baş mühasibi vəzifəsində işləmiş işçi İddiaçı barəsində toplanmış materiallara hüquqi qiymət verilənədək vəzifə səlahiyyətlərinin icrası müvəqqəti məhdudlaşdırılmışdır. Göygöl Milli Parkının Həmkarlar İttifaqı Komitəsinin iclasının xx.xx.2024-cü il tarixli 04 nömrəli protokoluna əsasən......... Göygöl Milli Parkın baş mühasibi vəzifəsində işləyən işçi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin xx.xx.2024-cü il tarixli 391/K nömrəli əmrinə əsasən işəgötürən qismində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidməti tərəfindən işçi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. xx.xx.2024-cü il tarixdən “İddiaçı vəzifə səlahiyyətlərinin icrasının müvəqqəti məhdudlaşdırılması barədə” əmri ləğv edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Həmkarlar ittifaqı İcraiyyə Komitəsinin xx.xx.2024-cü il tarixli 77 saylı yığıncağının qərarından çıxarışa əsasən Göygöl Milli Parkın baş mühasibi vəzifəsində işləyən işçi İddiaçı 2024-cü ilin 8 ayı ərzində davamlı olaraq öz əmək haqqından həmkarlar ittifaqına üzvlük haqqı tutmadığı üçün onun könüllü olaraq həmkarlar ittifaqı üzvlüyündən çıxması kimi qəbul edilmiş və Göygöl Milli Parkının Həmkarlar İttifaqı Komitəsinin iclasının xx.xx.2024-cü il tarixli 04 nömrəli protokolu əsassız hesab edilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası CM-in 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilən şəxs İddiaçı cinayət əməlləri üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidməti zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işi baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. Göstərilən hallar mülki işin mübahisəsiz hallarıdır. İddiaçı arqument olaraq bildirir ki, Həmkarlar ittifaqı komitəsinin razılıq məktubu olmamasına baxmayaraq onun əmək müqaviləsinə xitam verilmişdir. Sözügedən arqumentə dair məhkəmə bildirir ki, əmək müqaviləsinin müstəqil tərəfi qismində iştirak edən işəgötürənin hərəkət (qərar vermək) azadlığı işçilərin hüquqlarını müdafiə edən təşkilatdan tam asılı etmək ağlabatan və əsaslı deyildir. Belə ki, həmkarlar ittifaqı hər bir halda özünün əsaslandırılmış rəyini (pozitiv və ya neqativ) təqdim etməlidir. Həmin rəyin neqativ olması (razılıq verilməməsi) işəgötürənin əsaslandırılmış qərar qəbul etmək hüququna maneə deyildir (baxmayaraq ki, sözügedən situasiya hazırki mübahisə üzrə mövcud deyildir). Yəni, hazırki mübahisə üzrə intizam məsuliyyətinə əsas olan pozuntunun xarakteri və ağırlıq dərəcəsi nəzərə alınmaqla həmkarlar ittifaqı komitəsinin işçinin işdən çıxarılmasına razılıq verməməsi nəticəsində işçinin əmək müqaviləsinə xitam verilməsinin mümkünsüz olması əmək qanunvericiliyinin prinsiplərinə, qarşıya qoyulan məqsədə, işçinin vicdanlı fəaliyyəti və işəgötürənin (ictimai) maraqlarına ziddir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, o, müvafiq pozuntuları (pul vəsaitinin mənimsənilməsi) bilərəkdən, müdirinin tapşırığı ilə icra etmişdir. Hüquqdan sui-istifadə qadağandır. Subyektlər (xüsusən dövlət orqanlarının əməkdaşları) hüquq və vəzifələrini vicdanlılığın (hüquqi baxımdan) tələb etdiyi tərzdə həyata keçirtməlidirlər. Bundan əlavə, işçi İddiaçı mühasib vəzifəsində işləməklə məhz özünün funksional vəzifələri çərçivəsində işçi kimi özünün həmkarlar ittifaqına üzvlük haqqlarını ödəməmişdir. Yəni, həmin haqqların ödənilməməsi başqa bir şəxsin (işçinin) deyil, məhz mühasib vəzifəsində işləyən iddiaçının vəzifələrini icra etməməsi, dolayı yolla həmkarlar ittifaqı komitəsinə üzvlük haqqlarını bilərəkdən ödəməməsi hüquqdan sui-istifadə edilməklə onun vəziyyətinin yaxşılaşdırılması, əmrin qanunsuz olmasına səbəb ola bilməz. İşçi müvafiq üzvlük haqqını ödəməməklə həmkarlar ittifaqının üzvlüyündən əsaslı olaraq çıxarılmış, nəticədə onun işdən çıxarılması zamanı müvafiq rəyə hüquqi baxımdan gərək olmamışdır. Buna baxmayaraq, müvafiq rəy mövcuddur və işçinin işdən çıxarılmasına razılıq verilməmişdir. Lakin, mübahisə predmeti olan əmr qanuni və əsaslıdır. İddiaçının arqumentinə cavab olaraq məhkəmə bildirir ki, müvafiq əmrin verilməsinə əsas təşkil edən həmkarlar ittifaqı təşkilatının qərarı ilə bağlı iddiaçının həmkarlar ittifaqının iclası barədə qanunla müəyyən edilən qaydada və müddətdə xəbərdar edilməməsi, iclasda iştirakının təmin olunmaması məsələnin prosessual tərəfləri olmaqla müvafiq əmrin qanunsuz hesab olunmasına dəlalət etmir. Nəzərə almaq lazımdır ki, iddiaçının qeyd etdiyi xüsusatlar qanunvericiliyin imperativ tələbi deyil, ayrı-ayrı hüquqşünas alimlərin hüquqi fikirləridir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə boşluq və ya kolliziya olduqda hüquqşünas alimlərin hüquqi fikirləri konkret situasiyaya uyğun hüquqi mənbə kimi istisna hallarda qiymətləndirilə bilər. Hazırki iddia tələbi üzrə mübahisə qanunvericiliklə aydın, müəyyən və əsaslı formada tənzimlənmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi imperativ qayda təşkil etmir və dispozitiv olaraq işəgötürənə əmək müqaviləsinə xitam verilməsinə alternativ imkan verir (işəgötürən tərəfindən hazırki mübahisə predmeti olan əmrin qəbul edilməsi hüquqi baxımdan əsaslı və zəruridir). Lakin, müqavilə azadlığı prinsipi, dövlət müəssisəsi kimi ictimai reputasiya və digər diqqətə layiq hallar nəzərə alınmaqla işəgötürənin mülki hüquq münasibətlərinin subyekti kimi qanuna əsasən müqavilə münasibətlərinə xitam vermək hüququ vardır. Məhz, hazırki iş üzrə işəgötürən bu hüququndan istifadə etmişdir. Həmin hüquqdan istifadə edilib-edilməməsinə dair işəgötürənin qanuni əsaslarla mülahizə sərbəstliyi vardır. Nəticə etibarilə, mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “c” və “e” bəndinin dispozitiv şərtləri ilə iddia tələbinin hüquqi və faktiki xüsusatları eynilik təşkil edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi, mülki icraatda “formal həqiqət”in müəyyən edilməsi prinsipi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və ödənilməmiş dövrə görə əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-642/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-642/2025
17.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver