Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6425/2025 16.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı Dzhafarov Sabukhinin, Cavabdeh iştirakları ilə, İddiaçı Dzhafarov Sabukhinin Bakı şəhəri 19 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "miras payından imtina edilməsi barədə ərizənin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik hüququnun tanınması və miras əmlakda payın müəyyən edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Dzhafarov Sabukhi Bakı şəhəri 19 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "miras payından imtina edilməsi barədə ərizənin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik hüququnun tanınması və miras əmlakda payın müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum arvadı X7 məxsus olmuş ünvan 1 ünvanında yerləşmiş 28 saylı mənzildən ibarət miras əmlakla bağlı Cavabdeh xeyrinə miras payından imtina etməsi barədə notarial qaydada verdiyi ərizəsinin etibarsız hesab edilməsi, onun qanun üzrə vərəsə kimi tanınması və 1/2 hissədə payının müəyyən edilməklə vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun həyat yoldaşı X12 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Onların birgə nikahlarından bir qızları anadan olmuşdur. Mərhum arvadının mülkiyyətində ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi ona və qızına miras qalmışdır. O, Rusiyada yaşayırdı. Oradan qızına və arvadına da maddi köməklik göstərirdi. xx.xx.2025-ci il tarixdə arvadının vəfatı ilə əlaqədar Bakıya gəlmişdir. Qızı cavabdeh qohumlarının guya onu istəmədiklərini, mərhumun mənzilini ələ keçirmək istədiklərini bildirərək tələsik onu 3 saylı Bakı ASAN xidmət mərkəzinə aparmış, orada ona çatası miras paydan qızının xeyrinə imtina etməyi istəmişdir. Həmin ərizənin verilməsindən sonra cavabdehin ona münasibəti dəyişmiş, onunla kobud davranmış, mərhumdan miras qalmış mənzilə buraxmamışdır. Daha sonra qohumlarla əlaqə saxladıqda öyrənmişdir ki, mərhum arvadını da dəfələrlə döymüş, o da ağır formada xərçəng xəstəliyindən dünyasını dəyişmişdir. Onun qohumlarla da münasibəti yaxşı olmamışdır. Onun hal-hazırda qalmağa heç bir yeri yoxdur, cavabdeh bir övlad kimi ona hörmət etməmiş, onu dəfələrlə təhqir etmişdir. Öz miras payından onun xeyrinə imtina etməsindən çox peşiman olmuşdur. O, iddiaçını əslində aldatmış, sonra isə mənzilə buraxmamışdır. Miras paydan imtina ilə bağlı ərizəsinin ləğvi ilə bağlı notariat ofisinə müraciət etmişdir. Ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, Cəfərov Səbuhi tərəfindən təqdim edilmiş iddia ərizəsi reallığı əks etdirmir və heç bir hüquqi və faktiki əsası yoxdur. İddiaçı tərəfindən ona qarşı irəli sürülən "əxlaqsız”, “cinayət etmişdir” kimi ifadələr tamamilə böhtandır və heç bir sübut və hüquqi əsas yoxdur. Bu ifadələr onun şərəf və ləyaqətini alçaltmağa yönəlmişdir. Həmin iddiaların heç biri məhkəməyə təqdim ediləcək sənədlər, şahid ifadələri və ya digər hüquqi sübutlarla təsdiqlənmir. İddiaçının irəli sürdüyü məlumatlardan göründüyü kimi iddiaçı onun ünvanına qərəzli, təhqiramiz və reallığı əks etdirmayan bəyanatlar verir. Bu isə iddiaçının məqsədinin hüquqi həqiqəti ortaya çıxarmaq yox, onu nüfuzdan salmaq olduğunu göstərir. Bu səbəbdən iddiaçının təqdim etdiyi məlumatlara hüquqi qiymət verilməsi mümkün deyil. Onun anası X12 27 iyul 2025-ci ildə vəfat edib. O, həmin mənzildə faktiki yaşayan və yeganə vərəsə olan şəxsdir. Qeyd olunan mənzil anasının atası X16 tərəfindən X7 verilmişdir və bu barədə onda sənəd surətləri mövcuddur. Cəfərov Səbuhi yalnız anası ilə rəsmi nikahda olmuşdur, lakin həmin mənzilə heç bir hüquqi və mülki əlaqəsi yoxdur. 5 avqust 2025-ci il tarixində o, Yasamal ASAN Xidmət №3-də könüllü şəkildə vərəsəlikdən imtina ərizəsini onun xeyrinə imzalayıb. Bu sənəd notariat qaydasında təsdiqlənmişdir və onun öz imzası ilə rəsmiləşdirilib. Hazırda o, əmlakın onun adıma rəsmiləşdirilməsi prosesindədir. Qeyd olunan mənzil Qeydiyyat vəsiqəsinə əsasən 1/2 nisbətində Eybatova Suriya və 1/2 nisbətində X7 maxsus olub. Onun anasının vəfatından sonra bu pay ona keçməlidir. Qeyd etmək istəyir ki, mərhum anası X13 tərəfindən hər hansı vəsiyyət, miras müqaviləsi və ya mirasın bölgüsünə dair hər hansı rəsmi sənəd tərtib edilməmişdir. Anasının ölümündən sonra təqdim edilən yeganə hüquqi sənəd, yaşayış sahəsinin Qeydiyyat vəsiqəsinə əsasən 1/2 hissəsinin anasına, 1/2 hissəsinin isə Eybatova Sürəyya adına rəsmiləşdirilməsi prosesidir. İddiaçının “mərhumun mənzilini ona vermək istəməsi və ya hər hansı razılıq bildirməsi” ilə bağlı irəli sürdüyü fikirlər tamamilə əsassızdır, reallığı əks etdirmir və heç bir sənədlə təsdiq olunmur. Cəfərov Səbuhi tərəfindən verilmiş iddiada göstərilən məlumatlar və iddialar heç bir dəlil ilə sübut olunmur, həqiqətə uyğun deyil və reallığı əks etdirmir. O, mənzildə yaşamayıb, yalnız qonaq kimi gəlib, ailə daxilində mübahisələr yaradıb və sonra evi tərk edib. Maddi yardım bəhanəsi ilə ona və anasına qarşı psixoloji təzyiq göstərib. İddiaçının ona qarşı göstərdiyi psixoloji təzyiqlər və yaşayış şəraitini süni olaraq çətinləşdirməsi nəticəsində o, uzun müddət işə çıxmaq imkanından məhrum olmuşdur. Mübahisələr, təhdidlər və ona qarşı davamlı mənəvi təzyiq səbəbindən sabit iş rejimi saxlaya bilməmişdir. Bu hallar onun sosial, iqtisadi və psixoloji vəziyyətinə ciddi mənfi təsir göstərmişdir. Həmçinin, müvəqqəti miqrasiya sənədində onun ünvanını qeyd etməsi manipulyativ xarakter daşıyır və onu aldadaraq imzasını almağa cəhd etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Dzhafarov Sabukhi iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İzahatında bildirmişdir ki, evin sənədərinə görə Asan Xidmətə getmişdilər və evin tamamilə qızına verilməsinin mümkün olduğunu bildirmişdilər. O da qızı əziyyət çəkməsin deyə evi qızının adına rəsmiləşdirmişdi. Həyat yoldaşı xəstə idi və o özü Rusiyada qalırdı. Həyat yoldaşı vəfat etməzdən əvvəl qızı evdən qaçıb gedib. Həmçinin, onda mövcud olan məlumatlara əsasən qızı anasını döyüb və yeməyini zibilə atıb. Əlavə olaraq, göndərdiyi pulları özünə xərcləyib. Bir gün həyat yoldaşının vəfat etdiyini bildirmiş və o da gəlmişdir. Yas mərasimində iştirak etmək istəsə də, qızı icazə verməmişdi. Qızı qapını bağlamış, onun nömrəsini blok etmiş və ona qarşı nalayiq ifadələr işlətmişdir. O, indiyədək işləyib qızına pul yığmışdır. Ona 6000 ABŞ dolları pul göndərmişdi və qızı həmin pulu və daha sonra göndərdiklərini xərclədiyini bildirmişdi. Həmçinin, qızı tək yaşamaq istədiyini bildirmişdi. Onun isə başqa evi yoxdur. Qeyd edir ki, o, vəfat edəndə qızı əziyyət çəkməsin deyə evi ona vermişdir, evsiz qalmağı üçün deyil. O, evə daxil olmaq üçün polisə müraciət edəcəkdir. Cavabdeh anasının vəfatını sürətləndirmişdir. O, öz payını istəyir. Mübahisəli mənzildə həyat yoldaşı ilə ailə qurandan yaşamışdır. O, Azərbaycan vətandaşı olmamışdır, işləməyə gücü və yaşamağa evi olmadığından Rusiyaya gedib-gəlmişdir. O, qızının Rusiyada böyüməsini istəməmişdir. Notariusda ona payından imtina edilməsinin nəticələri izah olunmuşdu. Verilən suallara cavab olaraq bildirmişdir ki, Rusiyaya gedəndə qeyri-rəsmi münasibətdə olmamışdır. Ev onun mərhum həyat yoldaşına, ondan əvvəl isə yoldaşının valideynlərinə məxsus olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, etirazın məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, anası vəfat edəndən sonra iddiaçı onun psixoloji vəziyyətindən sui-istifadə etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin vəkili Vəkil iddianı qəbul etməyərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İzahatında bildirmişdir ki, iddiaçı cavabdeh tərəfindən aldadılmayıb. Belə ki, iddiaçı öz istəyi ilə evi qızının adına rəsmiləşdirmişdir. Ev cavabdehin anasının, ondan əvvəl isə nənə-babasının mülkiyyətində olmuşdur. İddiaçı Rusiyada yaşamış, qızı ilə maraqlanmamışdır. Payın bağışlanmasından imtina edilməsi üçün əsaslar yoxdur. Müstəqil tələb irəli sürməyən üçün şəxs Bakı şəhəri 19 saylı Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə qabaqcadan məktub ünvanlayaraq, məhkəmə iclasına nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: Caparidze rayon VVADQ idarəsi tərəfindən verilmiş İ-ИЕ seriyalı, 083762 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1956-cı il tarixində Bakı şəhərində doğulmuşdur. X2, anası Eybatova Suriyadır. Bakı şəhəri Binəqədi rayon “Leyla” Nikah evi tərəfindən verilmiş Vİ-ЖГ seriyalı 407996 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X18 ilə X15 03 may 1995-ci il tarixində nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 329 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş XİX seriyalı 327451 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx xxxx 1995-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1695 nömrə ilə qeyd edilmişdir. X4, anası X10r. Bakı şəhəri Yasamal rayon VVADQ idarəsi tərəfindən verilmiş İV-ЖГ seriyalı 476741 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 898 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri 19 saylı dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1996-cı ildə vəfat etmiş X8 vərəsələri həyat yoldaşı Eybətova Suriya və qızı X9r və onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri İnvertarlaşdırma Bürosundan kitab 26, səhifə 3843, qeydiyyat nömrəsi 30/3843, xx.xx.1991-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi 45,87 kv.m və ümumi sahəsi 58,87 kv.m olan 3 otaqlı mənzildən ibarətdir. Eybətova Suriya ilə X12 arasında Bakı şəhəri 19 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2003-cü il tarixli, reyestrdə 4Ə-869 nömrəsi ilə qeyd edilmiş müqaviləyə əsasən, Eybətova Suriya Bakı şəhəri İnvertarlaşdırma Bürosundan kitab 26, səhifə 3843, qeydiyyat nömrəsi 30/3843, xx.xx.1991-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən, ünvan 3 ünvanında yerləşən Eybətova Suriyaya məxsus olan vərəsəlik payını qızı X7 bağışlamışdır. Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 174784 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Şərifzadə küçəsi, 56 saylı evin, 45,87 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 28 saylı mənzil X5 adına ½ payda, Eybətova Suriyanın adına ½ payda adlarına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 26 inv saylı reyestr kitabında 3943 səhifəsində 30/7835 nömrəsi ilə xx.xx.2003-cü il tarixində qeydiyyat aparılmışdır. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 312743 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Eybatova Suriya xx.xx.2008-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1358 nömrə ilə qeyd edilmişdir. Bakı 3 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 520206 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2025-ci il tarixində Bakı şəhərində süd vəzisinin mərkəzi hissəsinin bədxassəli yenitörəməsi səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 582 nömrə ilə qeyd edilmişdir. Dzhafarov Sabukhi Bakı şəhəri 19 saylı notariat ofisində xx.xx.2025-ci il tarixli, reyestrdə 8İ-32236 nömrəsi ilə qeyd edilmiş ərizə təqdim edərək bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə vəfat etmiş arvadı X3 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyriyaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən qızı Cavabdeh xeyrinə imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı, 1261-ci, 1268-ci və 1269-cu maddələrinin tələbləri ona edildi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsi, və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32-37-ci maddələri notarius tərəfindən ona izah edildi. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2025-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh xx.xx.2011-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. ünvan 4sı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə ünvanlanmış 75 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixində vəfat etmiş - X5 (doğum tarixi xx.xx.1956-cı il) vərəsəsi Cavabdeh qzının ərizəsinə əsasən vərəsəlik işi açılmışdır. Mərhumun anasi X6 Nəcibə Məmməd qızına Bakı şəhəri 19 saylı Notariat Kontorunda xx.xx.2003-cü il tarixdə 40-869 reyestr nömrəli bağışlama müqaviləsi rəsmiləşmişdir. X1 həmin müqaviləni Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təqdim etməmiş və adına yeni çıxarış almamışdır. Miras əmlaka daxil olan yəni - ünvan 5 ünvanında yerləşən reyestr nömrəsi 26inv xx.xx.2003-cü il tarixli sənədə əsasən hazırki vərəsəlik işinə mərhumun mülkiyyət hüququ müəyyən etmək üçün çıxarış verilməsi xahiş edilmişdir. Cavabdeh Bakı şəhəri 19 saylı notariat ofisində xx.xx.2025-ci il tarixli, reyestrdə 8İ- 4938 nömrəsi ilə qeyd edilmiş ərizə təqdim edərək bildirmişdir ki, xx.xx.2025-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan anası X12 ölmüşdür. Mirasın tərkibi ünvan 2 ünvanında yerləşən əmlak ondan irs qalmışdır, mirası qəbul edir. Ondan başqa vərəsə yoxdur. Mirasın tərkibinə daxil olan əmlakdan ona çatası hissələrə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü, 1246-cı, 1257-ci və 1267-ci maddələrinin tələbləri ona izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən, məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər 1133.1 və 1133.2-ci maddələrinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1 və 1134.2-ci maddələrinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbəli vərəsələr hesab olunurlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1261-ci maddəsinə əsasən, Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1267-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. 1268.1-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. 1268.2-ci maddəsinə əsasən, əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. 1269-cu maddəsinə əsasən, vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, mirasdan imtina edilməsinə bu Məcəllənin 1256-cı maddəsində müəyyənləşdirilən müddət ərzində yol verilir. 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən mübahisəli mənzil əvvəlcə mərhum Nəcibə Cəfərovanın valideynlərinə - X11 və anası Eybatova Suriyaya məxsus olub. Məmməd Eybatov xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. 2003-cü ildə aparılmış vərəsəlik və bağışlama əməliyyatlarından sonra mənzil 1/2 payla onun vərəsələri mərhum Nəcibə Cəfərova və 1/2 payla anası Suriya Eybatovanın adına rəsmiləşmişdir. Suriya Eybatova xx.xx.2008-ci il tarixində, Nəcibə Cəfərova isə xx.xx.2025-ci ildə vəfat etmişdir.Nəcibə Cəfərovanın vəfatından sonra onun qanun üzrə birinci növbə vərəsələri həyat yoldaşı (iddiaçı Sabukhi Dzhafarov) və qızı (Cavabdeh) olmuşlar. xx.xx.2025-ci il tarixdə onun ölümündən 9 gün sonra iddiaçı könüllü olaraq 19 saylı Notariat Ofisində miras payından qızı Sürəyyanın xeyrinə imtina etməsi barədə ərizə imzalamışdır. Cavabdeh xx.xx.2025-ci il tarixdə mirası qəbul etmək üçün ərizə vermiş və yeganə vərəsə kimi sənədləşdirmə işlərinə başlamışdır. Hazırda iddiaçı miras payından imtina edilməsi barədə ərizənin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik hüququnun tanınması və miras əmlakda payın müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Sabukhi Dzhafarov bildirir ki, qızına inandığı üçün payından imtina edib, lakin sonradan qızı onu evə buraxmayıb, ona qarşı kobudluq edib və anasına (mərhuma) qarşı pis rəftar etdiyini öyrənib. O, aldadıldığını və peşman olduğunu əsas gətirərək ərizənin etibarsız hesab edilməsini tələb edir. Cavabdeh bildirmişdir ki, atası imtinanı tam könüllü etmiş, heç bir aldatma olmamışdır. İddiaçının ona qarşı irəli sürdüyü anasını döyməsi və s. iddiaların böhtan olduğunu, atasının ailə ilə maraqlanmadığını və Rusiyada yaşadığını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq, vərəsə mirasın açıldığı gündən üç ay ərzində mirasdan imtina edə bilər. İş materiallarından görünür ki, iddiaçı Dzhafarov Sabukhi xx.xx.2025-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş müddət ərzində Bakı şəhəri 19 saylı Notariat Ofisində mirasdan imtina barədə ərizə imzalamışdır. Həmin ərizədə notarius tərəfindən iddiaçıya Mülki Məcəllənin mirasdan imtinanın hüquqi nəticələrini tənzimləyən 1256-cı, 1261-ci, 1268-ci və 1269-cu maddələrinin izah edilmişdir. İddiaçının məhkəmə iclasındakı izahatı da təsdiq edir ki, o, ərizəni imzalayarkən mənzilin qızının adına keçəcəyini dərk etmiş və bunu qızı gələcəkdə əziyyət çəkməsin deyə könüllü etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ərizəni imzalayarkən notarius tərəfindən hüquqları izah edilib və o, həmin vaxt bu addımı şüurlu atıb. Sonradan yaranan ailə münaqişələri və peşmançılıq hissi qanunla rəsmiləşmiş mirasdan imtinanı ləğv etmək üçün hüquqi əsas deyil. İddiaçı müraciətini onun aldadılması və mənəvi təzyiqə məruz qalması ilə əsaslandırsa da, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, iddiaçı aldadıldığını sübut etməli idi. Lakin iddiaçı tərəfindən məhkəməyə onun iradəsinin azad olmadığına və ya cavabdeh tərəfindən qəsdən yanlış məlumatlandırıldığına dair heç bir mötəbər sübut təqdim edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı Dzhafarov Sabukhinin Bakı şəhəri 19 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "miras payından imtina edilməsi barədə ərizənin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik hüququnun tanınması və miras əmlakda payın müəyyən edilməsi" tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. AR Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddiaçı Dzhafarov Sabukhinin Bakı şəhəri 19 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "miras payından imtina edilməsi barədə ərizənin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik hüququnun tanınması və miras əmlakda payın müəyyən edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-6425/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6425/2025
16.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver