Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-643/2025 28.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 5 otaqlı ümumi sahəsi 76,18 kv.m olan mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 5 otaqlı ümumi sahəsi 76,18 kv.m olan mənzili Qaradağ Rayon İcra Hakimiyyətinin Sərəncamı əsasında Qaradağ Rayon İcra Hakimiyyətinin 02 avqust 1993-cü il tarixli 017448 nömrəli orderi ilə mərhum həyat yoldaşı X5 verilmişdir. Mənzil onlara təhvil verildikdən sonra köçərək orada yaşamışlar. Mənzilin təmirə ehtiyacı olduğu üçün müvəqqəti başqa mənzili kirayə götürərək orada yaşamışlar. 1993-cü ildə Şuşa köçkünləri ev təmirdə olduğu zaman mənzilə qanunsuz girərək zəbt etmiş və bugünə qədər dəfələrlə tələb etsələr də çıxmamışlar. Qanuni istifadələrində olan mənzilə aid vərəsəlik hüququ əsasında Çıxarışın alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsələr də cavabdehlər idarənin əməkdaşlarını mənzilə buraxmamış, onları təhqir etmişlər. Bugünkü gündə o və uşaqları cavabdehlərin qanunsuz hərəkətləri üzündən kirayədə yaşamağa məcburdur, buna görə də maddi vəziyyəti daha da ağırlaşır. Bununla da ona məxsus olan mənzili cavabdehlər qanunsuz olaraq idarə edir, o və uşaqları isə qeyd olunan mənzildən istifadə etmək hüquqlarından cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində məhrum olmuşlar. Daha sonra, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinə etiraz təqdim edərək etirazlarında qeyd etmişlər ki, X22 2004-cü il iyul tarixli 298 saylı Sərəncamının 2-ci bəndində deyilir ki, 1992-1998-ci illərdə məcburi köçkünlərin məskunlaşdıqları yerlərdən çıxarılmasına yol verilməsin. Onlar 1992-ci ilin may ayının 8-də məlum hadisələrlə əlaqədar Şuşa şəhərindən digər ailə üzvləri ilə birgə köçkün düşmüşlər. 1992-ci ilin may ayının sonundan müvəqqəti olaraq Yasamal rayonu, Yeni Yasamal 1, ev 9, mənzil 36-da hakimiyyət orqanları tərəfindən məskunlaşdırılmışlar. Həmin vaxt həmin yaşayış binası tam istifadəyə verilməmişdi, demək olar ki, kommunal-su, işıq, qaz yox idi. İddiaçının iddia ərizəsində göstərilən ünvanda yerləşən mənzildə yaşamaqları ilə bağlı qeyd etdikləri yalandır. İddiaçı 02 avqust 1993-cü il tarixdə orderi aldıqlarını və təhvil aldıqdan sonra Yeni Yasamal 1, ev 2, mənzil 36-da yaşadıqlarını ərizədə qeyd etmişdir. Onlar isə 1992-ci ilin may ayının sonlarında göstərilən ünvanda məskunlaşmışlar. Cənab X17 2004-cü il 1 iyul tarixli 298 saylı Sərəncamının 2-ci bəndinə əsasən məcburi köçkünlərin 1992-1998-ci ilə qədər məskunlaşdıqları evlərdən köçürülməsi dayandırılmışdır. İddiaçı qeyd edib ki, dəfələrlə onların evdən çıxmaqlarını tələb edib. Onların məskunlaşdıqları mənzilə iddiaçı və ailə üzvləri 2005-ci ildə və yaxın vaxtlarda gəlib evi özəlləşdirmək istədiklərini bildirmişlər, oğlu deyib evi öz adına keçirmək istəyir, bacıları onu narahat edir və s. Onların isə bir cavabı olub: “Biz Şuşaya qayıtmaq istəyirik. Biz Şuşada evimizə, doğma yurdumuza qayıdaq, ondan sonra öz işinizdir”. Qeyd edilənləri nəzərə alaraq mübahisəli mənzildə qalmaqları barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. 32 ildir ki, kirayə evdə yaşayır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Həmin mənzildə yaşamamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Onlar 1992-ci ilin may ayının sonunda müvafiq orqanlar tərəfindən həmin mənzilə yerləşdirilmişlər. Onlar həmin mənzildə yaşayarkən, həmin bina istismara verilməmişdi. Onlar həmin mənzildə yaşadıqlarına baxmayaraq, həmin mənzil iddiaçının mərhum əri tərəfindən alınmışdır. Digər yaşayış yerləri yoxdur. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 017448 nömrəli orderin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 5 otaqlı ümumi sahəsi 76,18 kv.m olan mənzil xx.xx.1993-cü il tarixdə X5 verilmişdir. İş materiallarında olan İV-JQ seriyalı, 495791 nömrəli X3 surətindən görünür ki, X13 xx.xx.1997-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.1974-cü il tarixli Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X13 ilə X1 arasında xx.xx.1974-cü il tarixdə 230 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə “Günəşov”, arvada “Günəşova” soyadı verilmişdir. İş materiallarında olan 19 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli Arayışına əsasən İddiaçı, X14, X18, X10, X19 və X15 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 küçəsi, ev 9, mənzil 36-da qeydiyyatdadırlar. Mənzil Şuşa rayon məcburi köçkünləri tərəfindən zəbt edilmişdir. İş materiallarında olan Qaradağ Rayon İcra Hakimiyyətinin X5 mənzil sahəsi verilməsinə dair xx.xx.1993-cü il tarixli Sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən 5 otaqlı ümumi sahəsi 76,18 kv.m olan mənzil X5 təqdim olunmuş, X13, İddiaçı, X6, X14, X11, X18, X12, X4 orderə daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin İddiaçı Yasın qızına ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 yaşayış massivində yerləşən 9 saylı evin ona məxsus 36 nömrəli mənzilində məskunlaşan Şuşa şəhərindən məcburi köçkün ailəsinin çıxarılmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinə ünvanladığı müraciətə, aidiyyəti üzrə Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin müvafiq əmri ilə yaradılmış komissiyada baxılmışdır. Şuşa şəhərindən məcburi köçkünlər Cavabdeh1 və Cavabdeh2 sözügedən ünvanda müvəqqəti məskunlaşmışdır. Hal-hazırda Komitə tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürüləcək məcburi köçkün ailələrinin siyahıları üzrə müvafiq işlər aparılmaqdadır və həmin siyahılar üzrə Cavabdeh1 və Cavabdeh2 adı sözügedən ünvan üzrə qeydiyyata alınmışdır. Azərbaycan- Respublikasının işğaldan azad edilmiş bütün ərazilərində, eləcə də erməni təcavüzü və işğalı nəticəsində zərər dəymiş Şuşa şəhərinin yenidən bərpası ilə bağlı işlər aparılır və bu ismətdə artıq bir çox işlər görülübdür. Böyük Qayıdışla bağlı Şuşa şəhərindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə öz doğma yurduna köçürüləndə sözügedən anda məskunlaşan məcburi köçkün ailəsinin də köçürülməsi aparılacaq və mənzil boşaldılıb özünə təhvil veriləcəkdir. İş materiallarında olan 19 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2009-cu il tarixli Arayışına əsasən Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 küçəsi, ev 9, mənzil 36-da 1992-ci il tarixdə Şuşa Rayon köçkünü kimi qeydiyyatı olmadan yaşyırlar. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı”iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qaqnunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunan odur ki, cavabdehlər iddiaçının ailə üzvü deyil, bu mənzilə iddiaçının və ya onun ailə üzvlərinin razılığı ilə köçməmiş, mənzil üzrə onunla ümumi təsərrüfat aparmamışlar. Cavabdehlər faktiki olaraq mənzili özbaşına tutmaqla 1992-ci il tarixdən etibarən hər hansı hüquqi əsas olmadan orada yaşayır. Bu hal iddiaçıya məlum olduqdan sonra cavabdehlərin mənzildə müvəqqəti olaraq qalmasına etiraz etməməsi onun mənzilə münasibətdə hər hansı hüququnun yaranmasına əsas ola bilməz. Ən yaxşı nəticədə, cavabdehlər müvəqqəti sakin kimi qiymətləndirilə bilər və belə olan halda da cavabdehlər iddiaçının tələbi ilə mənzili dərhal boşaltmalıdır. İddiaçı da hazırda məhz bunu tələb edir. İş materiallarında olan 017448 nömrəli orderin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 5 otaqlı ümumi sahəsi 76,18 kv.m olan mənzil xx.xx.1993-cü il tarixdə iddiaçı ilə birgə nikahda olduqları dövrdə həyat yoldaşı X5 verilmişdir. Qaradağ Rayon İcra Hakimiyyətinin X5 mənzil sahəsi verilməsinə dair xx.xx.1993-cü il tarixli Sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən 5 otaqlı ümumi sahəsi 76,18 kv.m olan mənzil X5 təqdim olunmuş, X13, İddiaçı, X6, X14, X11, X18, X12, X4 orderə daxil edilmişdir. Göründüyü kimi, mübahisəli mənzil iddiaçıya məxsusdur, həmin mənzil cavabdehlərin qanunsuz sahibliyində və istifadəsindədir. İddiaçı hazırda ona məxsus mənzildən istifadə edə bilmir, iddiaçı bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehlərin bu hərəkəti nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Hüquqi nəticə etibarı ilə iddiaçının order əsasında ona məxsus olan bu əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə sərbəstdir. Həmin mənzildə hazırda cavabdehlər yaşayır, mənzil onların istifadə və sahibliyindədir. Cavabdehlərin bu mənzildə yaşamaq, ondan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının olması, o cümlədən onunla iddiaçı arasında kirayə və sair müqavilənin bağlanması, başqa sözlə cavabdehlərin mübahisəli əmlakla hər hansı hüquqi bağlılığı müəyyən edilməmişdir. Cavabdehlərin iddiaçıya məxsus olan mənzildə məskunlaşması və məskunlaşmanın qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı nəticə etibarı ilə iddiaçının həmin mənzilə olan bütün hüquqlarının pozulmasına səbəb olur. İstifadə və sahiblik hüququnun olmasına baxmayaraq, iddiaçı hazırda qeyd edilən mənzilə sahiblik və ondan istifadə edə bilmir. Bu əmlak onun iradəsindən asılı olmayaraq istifadə və sahibliyindən çıxmışdır. Məhkəmə xüsusilə vurğulayır ki, Şuşa şəhəri 08 noyabr 2020-ci il tarixində işğaldan azad olunmuşdur. Bu baxımdan qanuniliyindən asılı olmayaraq, cavabdehlərin 1992-ci ildə mübahisəli mənzildə məskunlaşmasının əsasında onun yaşayış sahəsinə olan ehtiyacının aradan qaldırılması dururdusa, hazırda bu ehtiyac da aradan qalxmışdır. Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. X17 tapşırığına uyğun olaraq, Şuşa şəhərinə köçürülmə prosesinə başlanılıb və davam etdirilir. Məhkəmə qeyd edir ki, cavabdehlərin hazırda hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan özünə məxsus əşyalarla birlikdə mübahisəli mənzildən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər X7, X16, X20, X21, X24 və X25 ünvan 3 ünvanında yerləşən 183 saylı mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçı X2 aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 9 ünvanında yerləşən 36 saylı mənzildən çıxarılsınlar. İş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-643/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-643/2025
28.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver