Məhkəmə qərarları › İş №2(004)-6463/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6463/2021

22.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6463/2021 22.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə 27.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 1, 19 saylı mənzilə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək bildirir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64,73 kv.m olan mənzil Cavabdeh1 və Cavabdeh2 tərəfindən 21 yanvar 2021-ci il tarixində 3 saylı Asan xidmət mərkəzində notariat konturunda 10.08.2005-ci il təvəllüdlü həddi buluğa çatmayan övladı, X1. Həmin müqavilənin 13-cü bəndi ilə satıcılar Cavabdeh1 və Cavabdeh2 21.01.2021-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Satın aldığı mənzilə olan hüququ reystrdə qeydiyyata alınmış və mülkiyyət hüququnu təsdiq edən sənəd ona təqdim edilmişdir. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq cavabdeh mənzildən qeydiyyatdan çıxmamışdır. Bununla da o, həmin mənzilə olan mülkiyyət hüququnu icra edə bilmir. Belə ki, mülkiyyət hüququ özündə sahiblik, istifadə və sərəncam hüquqlarını ehtiva edir. Cavahdehin həmin mənzilə yaşayış yeri üzrə qeydiyyatı əsassız olaraq qaldığından onun mükiyyətçi kimi həmin mənzildən istifadə və ona dair sərəncam vermək hüququnu realizə edə bilmir. İddianın təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21.01.2021 il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqısı müqaviləsinə əsasən, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 1, 19 saylı mənzili X2 tam mülkiyyətinə vermişdir. Satıcılar – Cavabdeh2 və Cavabdeh1 həmin müqaviləyə əsasən, alıcıya üçüncü şəxslərin hüquqlarından azad əmlakı verməyi, müqavilənin 13-cü bəndinə əsasən isə Cavabdeh2 21.02.2021-ci il və Cavabdeh1 21.01.2021-ci il tarixədək həmin mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 1, 19 saylı mənzil paylı mülkiyyət hüququ üzrə 2/5 hissədə İddiaçı adına 03.03.2017-ci il, 3/5 hissədə isə X2 adına 28.01.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında 23.09.2021-ci il tarixli, ******* saylı arayışa əsasən Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 1, 19 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan AZ-İ 675171 nömrəli, 12.10.2005-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən X4 və İddiaçı birgə nikahdan 10.08.2005-ci il təvəllüdlü X5 adlı övladları vardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, mübahisə predmeti olan mənzil iddiaçı və onun azyaşlı övladının paylı mülkiyyətindədir. Cavabdehlər isə mənzilin əvvəlki mülkiyyətçiləridir. Cavabdehlər həmin evdə qeydiyyatda olsa da, faktiki olaraq orada yaşamır. Hazırda iddiaçı cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 1, 19 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 1, 19 saylı mənzilə olan istifadə hüququna xitam verilsin. Qətnamə Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 1, 19 saylı mənzilə olan qeydiyyatının ləğvi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar