Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6496/2025 12.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseynov Fuad Ələsgər oğlu, İddiaçı Cavabdeh MMC-yə qarşı ziyanın ödənilməsi və digər tələblərinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı ziyanın ödənilməsi və digər tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəmə iddia ərizəsini və ona əlavə edilən sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatlara əsasən, Cavabdeh MMC-nin hüquqi ünvanı Zaqatala rayonu, Əliabad ŞTQ, Əliabad qəsəbəsidir. Həmçinin, iddia tələbləri müstəsna aidiyyət halları ilə bağlı deyildir. Belə olan halda, hazırda iddia ərizəsinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən icraata götürülməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, iddia ərizəsinin forma və məzmunu ilə bağlı tələblərə əməl edilməmiş, iddia ərizəsində iddia tələbləri qeyri-müəyyən olmaqla dəqiq qeyd edilməmişdir (o cümlədən tələb edilən maddi və mənəvi ziyan məbləğləri göstərilməmişdir). Halbuki, Azərbaycan Respublikasının MPM-nin 149.2.3-cü maddəsinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 35, 149 və 152-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı ziyanın ödənilməsi və digər tələblərinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Hakimi : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(004)-6496/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6496/2025
12.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver