Məhkəmə qərarları › İş №2(004)-6498/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6498/2021

20.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6498/2021 20.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, Ərizəçi Yasamal Rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə, “doğum haqqında şəhadətnamədə düzəlişin edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Yasamal Rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə, “doğum haqqında şəhadətnamədə düzəlişin edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin doğum haqqında şəhadətnaməsində olan 29.11.1979-cu il təvəllüd və İnqilab kimi yazılan texniki səhvlərin düzəldilməsi, yəni bütün sənədlərində və aidiyyatı yerlərdə olduğu kimi xx.xx.1981-ci il təvəllüd və eyni zamanda da ata adının “İnqlab” kimi yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin doğum şəhadətnaməsi itmişdir və yeni şəhadətnamə almaq üçün Yasamal Rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, Yasamal Rayon Qeydiyyat şöbəsi də aidiyyatı üzrə sorğu göndərmiş, ancaq sorğuda doğum haqqında şəhadətnamənin dublikatında həm təvəllüddə, həm də ata adında hərf səhvi olduğuna görə, ərizəçi doğum haqqında şəhadətnaməsini ala bilməmişdir. Bütün sənədlərində xx.xx.1981-ci il təvəllüd və eyni zamanda da ata adı İnqlab yazılmışdır. Lakin təkcə doğum haqqında şəhadətnamədə “29.11.1979-cu il təvəllüd” və ata adı “İnqilab” kimi yazılmışdır. Ona görə də, ona məxsus doğum haqqında şəhadətnamədə olan 29.11.1979-cu il təvəllüd və İnqilab kimi yazılan texniki səhvlərin düzəldilməsi, yəni bütün sənədlərində və aidiyyatı yerlərdə olduğu kimi xx.xx.1981-ci il təvəllüd və eyni zamanda da ata adının “İnqlab” kimi yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə 13 oktyabr 2021-ci il tarixdə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılaraq qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iddia tələbi - inzibati orqan olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin doğum akt qeydlərində düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı inzibati tələb olduğuna və bu tələbə inzibati məhkəmə tərəfindən baxılmalı olduğuna görə, Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, ərizəçiyə aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli 3 nömrəli qərarının 6.1-ci bəndində göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. İşdə olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanmış 27 iyul 2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi barədə Ağdam rayon Şıxlar icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 131 saylı, 25.12.1979-cu il tarixli doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında uşağın doğum tarixi “29.11,1979”-cu il, ata adı iki halda "İnqilab”-kimi qeyd edilməsinə baxmayaraq, Asan 3-2 tərəfindən 23.02.2017-ci ildə verilmiş AZE ******** saylı şəxsiyyəti təsdiq edən sənəddə isə doğum tarixi “29.11,1981”-cu il, ata adı “İnqlab”-kimi yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Bildirir ki, doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında uşağın doğum tarixini “29.11.1979”-cu ildən “29.11,1981”-ci ilə , uşaq və ata haqqında məlumat qrafasında ata adını “İnqilab”- dan "İnqlab” -a düzəliş edilməsi imkanımız xaricindədir. Yasamal rayon qeydiyyat şöbəsi aidiyyatı üzrə məhkəməyə müraciət etməyinizi tövsiyə edilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə ərizəçi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında (akt kitabında), yəni doğum haqqında şəhadətnamədə düzəlişlərin edilməsi ilə Yasamal Rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, Yasamal Rayon Qeydiyyat şöbəsi 27 iyul 2021-ci il tarixli məktubla düzəlişlərin edilməsindən imtina etmiş, aiddiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Məhkəmə qeyd edir ki, sözügedən işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndində əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 15.4-cü bəndinə əsasən eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Ərizəçiyə izah edilməlidir ki, hazırkı ərizəsində göstərdiyi tələblə, yəni - inzibati orqan olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin imtinasının əsassız hesab edilməsi, Ərizəçi doğum akt qeydində düzəlişlərin edilməsi ilə bağlı iddia ərizəsi ilə həmin inzibati orqanlara qarşı aidiyyəti üzrə səlahiyyətli olan Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Ərizəçi “doğum haqqında şəhadətnamədə düzəlişin edilməsi” tələbinə dair mülki işin icraatına, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilsin. Ərizəçi izah edilsin ki, aidiyyəti üzrə səlahiyyətli olan Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra t10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar