Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6503/2021 15.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Dəmirli Nəcimə Arif qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh kombi aparatının dəyəri olan 1000 (bir min) manat pul məbləği və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə İlkin adlı mənzil alqı-satqısı ilə məşğul olan şəxs vasitəsi ilə Abşeron rayonu, Hökməli-Qobu yolunun üstündə 2 otaq, kiçik mətbəx və sanitar qovşaqdan ibarət olan özbaşına tikili fərdi yaşayış evini 23000 (iyirmi üçün min) manata satın almışdı. İlk öncə onun tərəfindən evin alınması üçün makler vasitəsi ilə 200 manat beh verilmişdir. 29.08.2021-ci il tarixdə cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4, cavabdehin həyat yoldaşı Vüqar, makler İlkin və onun tərəfdən qızı Nümayəndə və yaxın tanışı X5 iştirakı ilə 23000 (iyirmi üçün min) manat pul sözügedən fərdi yaşayış evində cavabdehin nümayəndəsinə sayılaraq verilmişdir. Buna dair cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi öz əl yazması ilə yazılmış, imzası ilə təsdiq olunmuş qəbz də vermişdir. Fərdi yaşayış evinə ilk dəfə ev alqı-satqısı ilə məşğul olan İlkin adlı şəxs vasitəsi ilə baxarkən evin kombi istilik sistemi ilə təchiz olunduğunu,sanitar qovşaqda ariston aparatının olduğunu və mətbəx mebelinin həmin pulun içərisində evdə saxlanacağı bildirildi. Pul verilən zaman isə cavabdeh mətbəx mebelini sökəcəyini bildirdi. Bununla bağlı aralarında narazılıq olsa da nəticədə sökülməsinə dair razılığa gəlmişlər. İlk dəfə evə baxan zaman kombi aparatının yerləşdiyi yerin qapalı yerdə olduğu və açarlarının hal-hazırda üstlərində olmadığı deyilmişdi. Aralarında yaranmış razılığa əsasən iki gün sonra ev bir yerdə boşaldılmalı idi. İki gün sonra cavabdehə zəng edərək evin boşaldılması üçün müraciət edən zaman artıq evin boşaldıldığı, açarları götürə biləcəyini bildirilmişdi. Evə gələn zaman mətbəx mebeli ilə yanaşı kombi aparatının da söküldüyünün şahidi olmuşdur. Cavabdehə bununla bağlı müraciət edərək aralarında yaranmış razılığa əsasən kombi aparatının da evdə saxlanacağını bildirsə də, o müxtəlif bəhanələr gətirmişdi. Belə ki, o gah kombisinin oğurlandığını, daha sonra isə evi ona ucuz qiymətə satmasını bəhanə gətirərək verməkdən boyun qaçırmışdı. Bununla bağlı məhkəməyə müraciət edəcəyini cavabdehə bildirdikdə, cavabdeh ona hara istəyirsə ora da müraciət edə biləcəyini, artıq evi sataraq pulunu aldığını bildirmişdi. Bu səbəbdən də, "pul tələbi”nə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəməyə “iddiaya qarşı etiraz” göndərərək etirazını onunla əsaslandırılmışdır ki, iddia tələbi tam əsassızdır. Belə ki, nə ev satılarkən, nə ondan sonra evdə kombi aparatı olmamışdır. Belə ki, 2020-ci ilin dekabr ayında kombi evdən oğurlanmışdır və həyat yoldaşı X6 tərəfindən Abşeron rayon Polis İdarəsinə şikayət olunmuşdur və Abşeron RPİ-nin İŞ-nin Qərarı ilə o zərərçəkmiş şəxs qismində cəlb olunaraq onun şikayəti əsasında cinayət işi başlanılmışdır. Bildirir ki, Covid 19 xəstəliyinin yayılması ilə əlaqədar olaraq ailə üzvləri ilə birlikdə Quba rayonuna köçüb orda yaşayır. Yalnız 2021-ci ilin may ayında həmin evdə kirayə qalmaq istəyən olduğundan evə Ariston aparatı alıb quraşdırılmışdır. Bu faktl həm qonşular, həm də həmin vaxt orda kirayə yaşayan sakinlər təsdiq edə bilərlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X11 bildirmişdir ki, iddiaçının atasıyla münasibəti var. Bu işdə birbaşa iştirak etmişdir. Esmira Hökməlidə 2 otaqlı ev tapdığını bildirmiş və kömək istəmişdir. Onunla birlikdə makler ofisinə getmişlər. Qəbzi tərtib etmişlər. Daha sonra evə baxmağa getdilər. Evə baxmağa gedəndə yerdə ariston görmüş və bunun nə üçün olduğunu soruşmuş, cavabdehin anası cavabında evdə kombi olduğunu, lakin qaz verilməsi kəsiləndə istifadə etmək üçün əlavə olaraq aristonun alındığını bildirmişdir. O, iddiaçıya “1000 manatı saxla, vermə, evi bu şəkildə aldıqdan sonra 1000 manatı da verərsən” demişdir. Cavabdeh tərəf razı olmamışdır. 2 gün sonra Esmira evin boşaldığını, kombinin evdə olmadığını və radiatorların yerində olduğunu demişdir. Sədrlik edənin sualəna cavab olaraq şahid bildirmişdir ki, o kombi aparatını şəxsən görməmiş, belə ki, kombinin yerləşdiyi şkafa açıb baxmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid X7 bildirmişdir ki, iddiaçı ev üçün beh verməyə gedərkən o da iştirak etmişdir. Həmin vaxt evdə şkafın içində ariston və kombinin borusunun olduğunu görmüşdür. Cavabdehin anası ona zəng edərək “yeznəmin xəbəri olmasın, mən özüm min manatı geri ödəyəcəm” demişdir. Məhkəmə iclasında dindirilmiş şahid X2 bildirmişdir ki, cavabdeh onun qonşusudur. Evdə kombi aparatı olub, çöldən borusu sallanırdı. Sonra oğurlandı. Cavabdehin həvəsi qalmadı, yenisini almadı. İş materiallarında olan Abşeron RPİ-nin Qobu PB-nə ünvanlanmış ərizədən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan X6 fərdi yaşayış evindən kombi aparatının naməlum şəxslər tərəfindən oğurlanması ilə bağlı şikayət etmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, X3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 Qobu yolu üstündə yerləşən 2 otaqlı təmirli özbaşına tikilini 23 min manata satmışdır. İş materiallarında olan 21.09.2021-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır və toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh 23000 (iyirmi üç min) Hökməli-Qobu yolunun üstündə 2 otaqlı özbaşına tikili fərdi yaşayış evini almışdır. İddiaçı cavabdehlə aralarında evdəki kombi aparatının da satış qiymətinə daxil olduğunu və ev satılarkən həmin kombi aparatı ilə birgə satılacağı barədə razılığa gəldiklərini bildirsə də, belə bir razılıq iş materiallarında öz əksini tapmamış və sözügedən iddianın öz –özlüyündə hüquqi əsası olmadığı məhkəmə tərəfindən müəyyən olunmuşdur. Belə ki, cavabdehin belə bir öhdəlik götürməsi və ya aralarında bu barədə hər hansı bir razılaşmanın olması məhkəmə araşdırması zamanı sübuta yetirilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Məhkəmə qeyd edir ki, iddiaçı, iddiasının əsası kimi tərəflər arasında mövcud olan qarşılıqlı razılıq (müqavilə) münasibətlərinə istinad edir. Lakin, işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı istinad etdiyi halları sübut edə bilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı 1000 (bir min) manat pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-6503/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6503/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver