Məhkəmə qərarları › İş №2(004)-6535/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6535/2022

16.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6535/2022 16.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri, 3-cü ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququnun itirilmiş kimi tanınması və mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddia ərizəsinin məzmununda iddianın təmin etmə tədbirinin tətbiq edilməsinə dair ərizənin təmin olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Məhkəməyə verilən iddia ərizəsində göstərilən tələbdə iddiaçı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmiş, həmçinin ərizədə müvəqqəti təminat tədbirinin də təmin olunmasını xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 157-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında ərizə ayrıca verilməklə, məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Lakin hazırki ərizə qeyd olunan tələb pozulmaqla verilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, ərizənin məzmunundan mübahisəli mənzilə dair istifadə hüququnun tərəflərin qohumluq münasibətlərindən irəli gələrək yaranması və ya tələbin əsas mahiyyətinin cavabdehlərin yaşayış sahəsində olan qeydiyyatdan çıxarılması ilə bağlı olmasını konkret olaraq müəyyən etmək mümkün deyil. Belə ki, ərizəyə əlavə edilmiş Bakı şəhəri Yasamal RPİ-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə əsasən cavabdehlərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmalarından imtina edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə qeyd edir ki, qeydiyyatdan çıxarılma ilə bağlı ilin olaraq aidiyyəti inzibati orqana müraciət edilməli, inzibati orqan olan Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən cavabdehin qeydiyyatdan çıxarılmasından imtina edildiyi təqdirdə isə, iddiaçı inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəməyə müraciət etməlidir. Göstərilənlərlə yanaşı, ərizəyə əlavə edilmiş qəbzdən müəyyən edilir ki, iddiaçı tərəfindən ərizənin verilməsi üçün 20 manat dövlət rüsumu ödənilmişdir. Halbuki, Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizədə iddia tələbi dəqiq olmadığından, ərizənin iddia icraatı qaydasında və ya müvəqqəti təminat tədbiri kimi verilməsini müəyyən etmək mümkün olmadığından, eləcə də iddia ərizəsinin verilməsi üçün qanunla müəyyən edilmiş rüsum məbləği tam ödənilmədiyindən geri qaytarılmalı, ərizəçiyə sadalanan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar