Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6575/2021 09.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4300 ABŞ dolları və 1000 manatın, habelə 30 manat ödənilmiş dövlət rüsumu tutularaq ona ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən aldadılaraq 4300 ABŞ dolları və 1000 manat məbləğində pulu mənimsənilmişdir. O, cavabdehi tanıdığı üçün, ona pulu vermişdi. Həmin pulu 2016-cı ildə vermişdir. Cəmi 2 aylığına götürmüşdür. Lakin pulu qaytarmadığı üçün o, cavabdehdən pulu tələb etmiş, 2017-ci ildə Binəqədi RPİnin 7-ci PB-nə müraciət etmiş, lakin cavabdeh pulu bu günə kimi qaytarmamışdır. Axırıncı dəfə bu məsələ ilə əlaqədar Binəqədi RPİ-nin İŞ-də araşdırma aparılmış və müstəntiqin 28 iyul 2021-ci il tarixli qərarı ilə material üzrə cinayət işi başlanması rədd edilmişdir. Buna baxmayaraq istintaq belə nəticəyə gəlmişdir ki, pulun verilməsi faktı təsdiq olunsa da, mülki xarakter daşıyır, odur ki, mülki mühakimə qaydasında geri tələb olunmalıdır. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh ona verdiyi pulu hal-hazıra qədər qaytarmamışdır. Bundan sonra o, cavabdehdən verdiyi pulu qaytarmağı tələb etmişdir. Cavabdeh borcu etiraf edərək qısa müddətə qaytaracağını bildirmişdir. Lakin həmin tarixdən xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh pulu yenə də qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul edərək və məhkəməyə ərizə təqdim edərək, bildirdi ki, onun İddiaçı qaytardığı pul 2000 ABŞ dolları və 1200 manat məbləğində pul təşkil edir. İddia tələbində qeyd etdiyi məbləğdən qalan hissəni borclu olduğunu etiraf edərək, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan 28.07.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə məhkəmə araşdırması müəyyən edilmişdir ki, həqiqətən də iddiaçı tərəfindən Cavabdeh 4300 ABŞ dolları və 1000 manat məbləğində pul verilmişdir. Məhkəmə bu faktı məhkəmə iclasında iştirak edən cavabdehin məhkəməyə verdiyi izahatı və təqdim etdiyi etiraf ərizəsi ilə müəyyən etmişdir. Belə ki, cavabdeh onun İddiaçı qaytardığı pulun 2000 ABŞ dolları və 1200 manat məbləğində təşkil etdiyini bildirmişdir. İddia tələbində qeyd edilən məbləğin qalan hissəsini borclu olduğunu etiraf edərək, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı isə məhkəməyə iddia tələbini təsdiq edəcək heç bir sənəd təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Bununla bərabər, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır və bu institutun xüsusi əhəmiyyət kəsb etməsi çox vacibdir. İddia tələbinin təsdiqlənməsi üçün iddia edən şəxsin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd etmək səlahiyyətinə malikdir. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal yaranır və belə olduğu təqdirdə məhkəmədə qaldırılan iddia üzrə borcun olmaması faktının mövcud olmadığı qənaətinə gəlməklə iddianın əsassız olması nəticəsinə gəlmək üçün zəmin yaradır. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi pulu hazırda ondan tələb etməkdə haqlıdır. Lakin, o, məhkəmədən 4.300 ABŞ dolları və 1000 manatın cavabdehdən tutularaq ona ödənilməsi xahiş etsə də, məhkəməyə iddia tələbini təsdiq edəcək sənəd və sübut təqdim etmədiyindən və həmçinin cavabdeh iddia tələbini qismən etiraf etdiyindən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2182,36 ABŞ dolları borc (4300-2000=2300 ABŞ dolları, 1000 AZN-1200 AZN= - 200 AZN (200/1.7 = 111,64 ABŞ dolları), 2300 ABŞ dolları-111,64 ABŞ dollar= 2182,36 ABŞ dolları) məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 2182,36 (iki min yüz səksən iki ABŞ dolları otuz altı sent) ABŞ dolları borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla tutulsun) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-6575/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6575/2021
09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver