Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6586/2021 16.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı "BTB” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh, eyni zamanda Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakları ilə, İddiaçı "BTB” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "BTB” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh2 adına qeydiyyata alınmış və hazırda mülkiyyətində olan Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 272 d nömrəli ev və Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16A nömrəli evin 5 nömrəli mənzilin Cavabdeh1 və Cavabdeh2 arasında paylara bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 17 dekabr 2016-cı il tarixli 2(103)-8469/2016 saylı qətnaməsi ilə, Cavabdeh1 58463,22 manat əsas borc, 6460, 20 faiz borcu, 300 manat cərimə olmaqla, cəmi 65223, 42 manat məbləğinin və 29,2 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Bank “BTB" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 17 dekabr 2016-cı il tarixli qətnaməsi icra edilməsi üçün Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinə göndərilmişdir. İcra sənədi üzrə borclu Cavabdeh1 nə könüllü icra müddəti ərzində, nə də ki, hazırki vaxtadək icra sənədinin icrasını təmin etməmişdir. Hüseynov Cavabdeh1 Nuranə Ələsgər qızı ilə nikahda olduğu məlumdur. İddiaçı "BTB” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Hüseynov Cavabdeh1 Nuranə Ələsgər qızı 10.09.2020-ci il tarixdə nikahad daxil olmuşlar. Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 272 d nömrəli ev və Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16A nömrəli evin 5 nömrəli mənzil cavabdehlərin birgə nikah dövründə əldə edilmişdir. Odur ki, məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsəsilə həmin əmlakların cavabdehlər arasında paylara bölünməsi barədə qətnmə qəbul edilməsini xahiş edir. Cavabdeh, eyni zamanda Cavabdeh2 nümayəndəsi Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında iddianın əsassız olduğunu bildirdi və iddia tələbinin rədd edilməsi barədə qətnmə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 224.1-ci maddəsinə əsasən, paylı və birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 21.12.2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qaldırılan məsələnin düzgün həlli üçün ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin həqiqi halları və işdə olan rəsmi sənədlərlə təsdiq edildi ki, Bakı Apelyasiya Məhkəməsinin 17 dekabr 2016-cı il tarixli 2(103)-8469/2016 saylı qətnaməsi ilə, Cavabdeh1 58463,22 manat əsas borc, 6460, 20 faiz borcu, 300 manat cərimə olmaqla, cəmi 65223, 42 manat məbləğinin və 29,2 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Bank “BTB" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 17 dekabr 2016-cı il tarixli 2(103)-8469/2016 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İcra sənədi üzrə borclu Cavabdeh1 icra sənədinin icrasını təmin etməmişdir. Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsinin 27.08.2020-ci il tarixli məktubundan müəyyən edilir ki, Cavabdeh1 ilə Cavabdeh2 10.09.2020-ci il tarixli, 1029 saylı aktla Bakı nikah evində nikaha daxil olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 29.11.2021ci il tarixli məktubundan müəyyən edilir ki, Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 272 d nömrəli ev və Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16A nömrəli evin 5 nömrəli mənzil Cavabdeh2 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Həmin mənzil xüsusi mülkiyyət kimi Cavabdeh2 adına qeydiyyata alınsa da, mənzil ərarvadın birgə nikah dövründə qazanılmış vəsaiti hesabına alındığına görə tərəflərin birgə nikah dövründə əldə olunmuş əmlakı sayılır və onların bu əmlakdakı payları bərabər hesab edilir. Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasını 129-cu maddəsinin İ və İİ bəndlərinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. MPM-in 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədilə, cavabdehlərin birgə nikah dövründə əldə etdikləri və Cavabdeh2 adına qeydiyyata alınmış Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 272 d nömrəli ev və Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16A nömrəli evin 5 nömrəli mənzili Cavabdeh1 və Cavabdeh2 arasında payları bərabər olmaqla bölünməli, onların hər birinin payı 1/2 (ikidə bir) hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362, 443.0.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlərin birgə nikah dövründə əldə etdikləri və Cavabdeh2 adına qeydiyyata alınmış Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 272 d nömrəli ev və Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16A nömrəli evin 5 nömrəli mənzili Cavabdeh1 və Cavabdeh2 arasında payları bərabər olmaqla bölünsün, onların hər birinin payı 1/2 (ikidə bir) hissədə müəyyən edilsin. İş üzrə ödənilmiş 40 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-6586/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6586/2021
16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver