Məhkəmə qərarları › İş №2(004)-660/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-660/2025

11.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-660/2025 11.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X3, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X1 iştirakı ilə, İddiaçı X3 Cavabdeh1 və X2 qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair ilkin, cavabdeh X1 iddiaçı X5 qarşı "mənzilə köçürmə" tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X10 Cavabdeh1 və X2 qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh1 Yasamal rayonu, M.Fətəli küçəsi, 173 saylı, 14.0 kv.m. bir otaqlı mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi 733 saylı fərdi evin 14,0 kv.m. sahəsi olan bir otaqlı mənzil onun mülkiyyətindədir. Hər iki cavabdeh onun qızıdır və uzun illərdir ki, ailə həyatı qurmuş və məlum ünvandan köçmüşdürlər. Hazırda kiçik həcmli mənzildə oğlu, gəlini, iki nəvəsi - oğlunun övladları ilə birlikdə yaşayır. Mənzili oğluna bağışlamaq məqsədilə sənədlər toplamış və bu zaman cavabdehlərin mənzildən istifadə etməsələr də formal pasport qeydiyyatında qalmaları planlaşdırdığı işlərdə maneəçelik yaradır. Cavabdeh X6 X5 qarşı "evə köçürülmə" tələbinə dair qarşılıqlı iddia verərək, qarşılıqlı iddianın təmin olunması, onun ünvan 1 ünvanında yerləşən evə köçürülməyi və mülkiyyətçi də daxil olmqla digər şəxslərin bununla bağlı maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, X10 onun anasıdır. O, ünvan 1 ünvanında andan olandan yaşamış, orada böyümüşdür. Bir neçə il əvvəl ailə qurmağına baxmayaraq, ara-sıra həmin evdə yaşayıb. Lakin bir neçə aydlr ki, anası onu (qarşılıqlı iddiaçını) həmin evə buraxmır. Halbuki, onun həmin evdə yaşamaq hüququ danılmazdır. Çünki, qeyd etdiyi kimi, heç nəyə baxmayaraq, o ailənin üzvüdür. Onun ünvan 2 ünvanında yerləşən evdə yaşamaq hüququnu həyata keçirmək üçün həmin evə köçürülməyi təmin edilməli və mülkiyyətçi də daxil olmaqla digər şəxslərin bununla bağlı maneələri aradan qaldırılmalıdır. Məhkəmənin 17 dekabr 2024-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X10 məhkəməyə verdiyi izahatında ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edir. Qarşılıqlı iddianı qəbul etmir. Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi 733 saylı evin 14 kv.metr sahəsi olan mənzil 1994-cü ildə xalası tərəfindən iddiaçıya bağışlanmışdır. Hazırda iddiaçı X3 mülkiyyətindədir. Həmin sahəyə onun oğlu tərəfindən əlavə edilmiş kiçik bir sahə də var. Qeyd edilən evin bir otağında iddiaçı, digər otağında onun oğlu öz həyat yoldaşı və iki övladı ilə birlikdə yaşayır. Göründüyü kimi həmin evdə digər bir şəxsin yaşaması faktiki olaraq qeyri-mümkündür. Həmçinin cavabdehlər ailə həyatı qurduqdan sonra evdən çıxmış və öz həyat yoldaşları ilə birlikdə yaşamağa başlamışlar və hazırda yaşamağa davam edir, buna görə də hazırki evdə yaşamaqları üçün əsas yoxdur. Bundan başqa iddiaçı ilə cavabdeh X1 münasibətləri kəskin şəkildə pisləşmişdir. O, evləndiyi vaxtdan təxminən 8 ildir evdən çıxmışdır. Digər cavabdeh də həmin evdə illərdir yaşamır. Tərəflərindən digər Cavabdeh1 ilə əlaqə saxlanılmış və o, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Əlavə olaraq bildirir ki, Xətai rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsi 84 saylı ev sənədsiz evdir, orada cavabdeh X6 və onun həyat yoldaşı X4 yaşayırlar və həmin evi özləri inşa etmişlər. Həmin evin yaxınlığında başqa bir ev də Dəyanət Axundovun qardaşı tərəfindən tikilib. İddiaçı X10 onların evinə getmiş və orada olmuşdur. Göstərilənlərə əsasən, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Hüseynzadə Günel qarşılıqlı iddianı müdafiə edərək, ilkin iddia tələbini isə qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirdi ki, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi 733 saylı evin sahəsi 14 kv.metr deyil, 24 kv.metrdir. Ümumiyyətlə, evin artırmaları var və sahəsi göstəriləndən çoxdur. O, anadan olandan həmin evdə yaşamış, ailə qurduqdan sonra yəni 2017-ci ildə evdən çıxmış, artıq 8 ildir orada yaşamır. Lakin qeyd etdi ki, hazırda o kirayədə qalır, öz evi yoxdur. Həyat yoldaşı da narazılıq bildirir, ailəsi dağılmaq təhlükəsi qarşısındadır. İddiaçının oğlundan başqa iki qızı da var və hesab edir ki, onun övladı olaraq onun da həmin evdə yaşamaq hüququ var. Həmçinin qeyd etdi ki, bacısı Cavabdeh1 əvvəlki məhkəmə iclaslarından məlumatlı olsa da, iştirak edə bilməmiş, lakin ona bildirmişdir ki, iddia tələbi ilə razı deyil və məhkəmədə iştirak edərək münasibətini bildirmək istəyir. Həyat yoldaşı da, o da heç yerdə qeydiyyatda deyil, yoldaşının Əhmədlidə evi olmuş, lakin 2000-ci ildə həmin evi satmış, ondan sonra qeydiyyatdan çıxmışdır. Hazırda şəxsiyyət vəsiqəsi də aktiv deyil. Xətai rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsi 84 saylı evdə kirayədə qalırdılar, lakin hazırda orada yaşamır, 6-7 ay olar çıxıblar, hazırda "xxxx" MMC-nin yaxınlığında Zığ qəsəbəsində təzə salınmış, hələ ad verilməmiş məhəllədə yerləşən 1 otaqlı evdə kirayə qalırlar. 2016-2017ci illərə qədər anasıyla münasibətləri qaydasında idi, hətta anası xəstələnəndə ona o baxmış, qulluq etmişdir. Göstərilənlərə əsasən, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbimin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunan: Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, M.Fətəli küçəsindəki 173 saylı yaşayış evi X3 mülkiyyətdədir. Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 60 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən sorğuya cavab olaraq, verilmiş 57 saylı, 14 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Yasamal rayonu, 60 saylı Mənzil-Kommunal İstismar Sahəsində olan məlumatlara əsasən Yasamal rayonu, M.Fətəli küçəsindəki 173 saylı fərdi yaşayış evində X3 paylı mülkiyyətində olan yaşayış sahəsində 6 nəfər daimi qeydiyyatdadır: X10, Cavabdeh2, X7r, Cavabdeh1, X9 və X8r. Hal-hazırda Cavabdeh2 və Cavabdeh1 ünvan 4 ünavnında yaşamırlar. AR DİN Bakı şəhər Yasamal Rayon Polis İdarəsi tərəfindən X5 ünvanlanmış 01 iyul 2024-cü il tarixli məktubundan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq Maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Eyni zamanda bildirildi ki, mülkiyyətdə olan ünvan 4 ünvanından Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzil 1994-cü ildə iddiaçı Afət Hüseynovanın xalası tərəfindən ona bağışlanmaqla, hazırda da onun mülkiyyətindədir. İddiaçı həmin mənzildə ailə üzvləri (mərhum yoldaşı, qızları və oğlu) ilə birlikdə yaşamışdır. İddiaçının qızları 7-8 il olar ki, ailə həyatı qurub köçüblər. Hazırda mənzildə iddiaçı öz oğlu və oğlunun ailəsi ilə birlikdə yaşayır. İddiaçı qızlarının istifadə hüquqlarına xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Habelə iddiaçının qızı Hüseynzadə Günel qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə köçürülməsini məhkəmədən xahiş etmişdir. Tələbin əsası kimi həmin evdə ailə qurana kimi yaşadığını, hazırda evinin olmadığını və kirayə qaldığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi, iddiaçının qızlarının analarının mülkiyyətində olan mənzillə bağlı hüquqları 1999-cu ilə qədər yarandığından hazırki mübahisəyə hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan (2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan) Mənzil Məcəlləsinin müddəaları qanunun analogiyası üzrə tətbiq edilməlidir. Belə ki, köhnə Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Qanunvericiliyin tələblərinə görə ilkin iddia üzrə cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları yaranmışdır. Belə ki, onlar iddiaçının razılığı ilə həmin evdə yaşamış və bərabər hüquqlar, o cümlədən istifadə hüquqları əldə etmişlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsi”nə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçının qızları ailə həyatı qurmaqla mübahisəli mənzildən köçüb getmişlər, onların bütün bu illər ərzində mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etməmələri bir daha yaşayış sahəsinə ehtiyaclarının olmadığını təsdiq edir. Məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia üzrə cavabdehlər mübahisəli mənzildən daimi əsaslarla köçüb getdiklərindən həmin mənzilə dair istifadə hüquqlarını itirmişdirlər. Hazırkı ilkin iddianın əsasından görünür ki, iddiaçı cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaq istəyir, bunun üçün isə cavabdehin mənzildən “istifadə hüququna xitam verilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Odur ki, hazırki mübahisəyə dair məhkəmə qətnaməsi ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və X1 həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı X3 Cavabdeh1 və X2 qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı X1 iddiaçı X5 qarşı "mənzilə köçürmə" tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumları tərəflərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı X3 Cavabdeh1 və X2 qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair ilkin iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı X1 iddiaçı X5 qarşı "mənzilə köçürmə" tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar