Məhkəmə qərarları › İş №2(004)-6618/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6618/2021

01.11.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6618/2021 01.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi və işə bərpa tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi və işə bərpa tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 02.07.2021-ci il tarixli K-136 nömrəli əmrinin ləğv edilməsi və əvvəlki işinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-nin direktor müavini Natiq Məlikovun imzası ilə ünvanına 08.07.2021-ci il tarixli **********469 saylı məktub göndərilərək bildirilmişdir ki, Cəmiyyətlə bağlanmış müddətli əmək müqaviləsinə 02.07.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci bəndinə əsasən xitam verilmişdir. Bununla əlaqədar əmək kitabçasının təhvil alınması xahiş olunmuşdur. Həmin tarixdə bütün günü işdə olmuş və belə bir əmr həmin günü olmamışdır. Həmin əmr xəstə olduğu dövrdə, yəni 02 iyuldan sonrakı dövrdə imzalanmışdır ki, bu da qanunsuzdur. MMC-nin 02.07.2021- ci il tarixli 1-136 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə, 73-cü maddəsinin 1-ci hissəsinə və Cavabdeh MMC-nin Nizamnaməsinin 28.1-ci bəndinə uyğun olaraq o, 02.07.2021-ci il tarixdən müddətli əmək müqaviləsinin bitməsi ilə bağlı tutdğu vəzifədən azad edilmiş və onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. Əmri qanunsuz hesab edir. Belə ki, uzun müddət ərzində Azərbaycan Respublikası Dövlət Xəritəçəkmə və Torpaq Komitəsində mühəndis vəzifəsində çalışmış, öz vəzifəsinii layiqincə icra etmiş və rəhbərlik tərəfindən verilən bütün tapşırıqları nöqsansız yerinə yetirmişdir. 2015-ci ildə Azərbaycan Respublikası Dövlət Xəritəçəkmə və Torpaq Komitəsi ləğv edilərək Dövlət Əmlak Komtəsinə birləşdirilmiş, barəsində əmr verilmiş və 2018-ci ilə kimi əmək müqaviləsi bağalanaraq Komtənin tabeliyində olmaqla əmək vəzifələrini icra etmişdir. MMC ilə aralarında müddətli əmək müqaviləsi bağlanmamışdır. Əgər belə bir müqavilə olsaydı, həmin müqaviləyə imza atmış olardı. Cavabdehlə aralarında bağlanmış əmək müqaviləsi elektron informasiya sisteminə daxil edilməmişdir. Belə olan halda həmin müqavilənin müddətli olmasını təsdiq edən heç bir əsas yoxdur. Ən azı cavabdehlə müddətli əmək müqaviləsinin bağlanması və onun müddətinin hər il artırılması MMC-nin əmri ilə rəsmiləşdirilməklə əmrin bir surəti də ona verilərdi. Ona bu barədə ümumiyyətlə heç bir məlumat verilməyib. Belə olan halda cavabdehlə aralarında müddətli əmək müqaviləsinin bağlanmasına dair hər hansı bir razılaşma mövcud deyildir. Əslində əmək müqaviləsinin pozulmasının əsas səbəbi olaraq cavabdehin bəzi vəzifəli şəxslərinin qanunsuz hərəkətlərindən etdiyi şikayətlər olmuşdur. Bu cür şikayətlər rəhbərliyin xoşuna gəlməmiş və son nəticədə qabaqcadan heç bir məlumat verilmədən əmək müqaviləsinin müddətinin bitməsi bəhanəsi ilə tutduğu vəzifədən azad edilməsi ilə bağlı qanunsuz bir əmr verilmişdir. Cavabdeh MMC iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbi əsassız olduğundan mümkünsüz hesab edilməlidir. Belə ki, iddiaçının işdən azad olunması haqqında əmrin qanunsuz tərtib edilməsi barədə mövqeyi şəxsi ehtimallarına əsaslanır və heç bir hüquqi əsası mövcud deyildir. İddiaçı və işəgötürən Cavabdeh MMC arasında tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə 02.07.2018-ci il tarixində 1 il müddətinə müddətli əmək müqaviləsi bağlanmış və Mərkəzin 02.07.2018-ci il tarixli, K-93 nömrəli əmri ilə təsdiq edilərək Bakı Layihə-Tədqiqat İdarəsinə 7-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi yazılı formada iki nüsxədə tərtib olunaraq tərəflərin imzası (möhürü) ilə təsdiqləndikdən sonra bir nüsxəsi iddiaçıya təqdim olunmuşdur, iddiaçının iş fəaliyyətinə zərurət olması səbəbindən əmək müqavəsinin şərtlərinə uyğun olaraq tərəflərin razılığı əsasında eyni müddətə uzadılmış, Mərkəzin K-136 nömrəli əmri ilə 02.07.2021-ci il tarixindən müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı tutduğu vəzifədən azad edilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və əmrlərin qeydə alınması kitabında qeydə alınmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etiraza uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC-nin direktoru X5 ilə İddiaçı 3 ay sınaq müddəti müəyyən edilməklə 1 il müddətinə Bakı Layihə-Tədqiqat İdarəsinin 7-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh MMC-nin direktoru səlahiyyətlərini icra edən A.Tağıyevin 02.07.2021-ci il tarixli K-136 saylı əmri ilə İddiaçı 02.07.2021-ci il tarixindən müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. X2 tərəfindən tərtib olunmuş 28.09.2021-ci il tarixli, İMS A 003/21 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq, İddiaçı Layihə-Tədqiqat Mərkəzi” MMC-yə qarşı qaldırılmış “əmrin ləğvi və işə bərpa barədə” mübahisə üzrə 28.09.2021-ci il tarixində, saat 18:00-19:00da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh MMC-nin iştirak etmədiyini təsdiq etmək üçün arayış verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; Həmin Məcəllənin 11-ci maddəsinin 2-ci bəndinə əsasən, işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin qarşılıqlı razıllığına əsasən istənilən müddət, müddətli formada bağlanıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b yarımbəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə görə isə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 294-cü maddəsinin 5-ci hissəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Məhkəmənin gəldiyi qənaətə görə, hazırda iddiaçı müvafiq əmrin qanunsuzluğuna istinad edib onun ləğv edilməsini iddia etsə də, məhkəmə qeyd edir ki, iddiaçı hüquqlarının pozulduğunu sübut edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun uzadılmış, 02.07.2021-ci il tarixdə uzadılmış növbəti 1 il müddət bitdiyinə görə, həmin tarixli əmrlə onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin, İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xəstə olduğu dövrdə əmək müqaviləsinə xitam verilməsi barədə mülahizələridə məhkəmə baxışı zamanı təsdiqini tapmamışdır. Belə ki, onun tərəfindən təqdim olunmuş “əmək qabiliyyətinin olmaması barədə” sənədlərdən müəyyən olnur ki, iddiaçının xəstəliyi müvafiq əmr verildiyi tarixdən, yəni 03.07.2021-ci il tarixdən sonrakı dövrə təsadüf etmişdir. Həmçinin, cavabdeh tərfindən təqdim olunmuş 05.07.2021-ci il tarixli KM1 nömrəli ödənuş tapşırığından iddiaçı ilə son haqq-hesabın aparıldığı müəyyən olunmuş, bu barədə iddiaçının gətirdiyi dəlillər də təkzib olunmuşdur. Bundna başqa iddiaçı iddia ərizəsində də, əmrinin verildiyi sonuncu gün işdə olmasını da, etiraf etmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız və qanunsuz olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi və işə bərpa tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar