Məhkəmə qərarları › İş №2(004)-667/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-667/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-667/2021 03.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Emil oğlunun iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş iddiasına dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanma nəticəsində əldə etdiyi 922 manat, həmin vəsaitin məbləğindən ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanacaq faizlərin və iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğindən cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 03.02.2020-ci il tarixdə “İddiaçı" ASCnin Mərkəz filialına debet kart sifarişi üçün müraciət etmişdir. Müştəriyə kart sifariş olunması prosesinin sonunda kassadan kartın aktivləşdirilərək təhvil verilməsi zaman sistem xətası olmuş və kartın rəsmiləşdirilməsi prosesi dayandırılmışdır. Bu səbəbdən müştəriyə yenidən kart sifarişi proseduru başlanılmış və onun adına yeni kart rəsmiləşdirilmiş və müştəri kartına 1000 manat məbləğində vəsait mədaxil edilmişdir. Rəsmiləşdirmə prosesi dayandırılmış kart isə məxaric olunmayan kartlar sırasına daxil edilmişdir. 04.02.2020-ci il tarixdə Cavabdeh debet kart almaq üçün Bankın Mərkəz filialına müraciət etmişdir. Bu zaman cavabdehə 03.02.2020-ci il tarixdə X2 rəsmiləşdirilməsi tamamlanmamış kart rəsmiləşdirilmişdir. Daha sonra cavabdeh “Birbank” mobil tətbiqində qeydiyyatdan keçərək özünə məxsus kartı tətbiqə əlavə etmişdir. Cavabdehin adına rəsmiləşdirilmiş kartın müştəri kodu ilə X1 müştəri kodu eyni qaldığından J.Səfərpura məxsus kart məlumatları Cavabdeh Birbank mobil tətbiqində görünmüş və o. J.Səfərpurun kartında olan 1000 manat vəsaitdən 922 manat məbləğində vəsaiti öz kartına köçürmüş, 30 manat +**********45 mobil nömrəsinə köçürmüş, 10 manat ********** telefon nömrəsi üzrə internet xidməti üçün ödəniş etmişdir. Bank bu barədə 08.02.2020-cil tarixdə X3 tərəfindən Bankın Sahil filialına və 196 çağrı mərkəzinə ona aid olan kartdan pulun oğurlanması haqqında şikayət etdikdən sonra məlumatlanmışdır. Şikayət Bank tərəfindən araşdırıldıqdan sonra yuxanda qeyd olunanlar aşkarlanmışdır. Bundan sonra X2 dəymiş zərər filial müdiri tərəfindən 19.02.2020-ci il tarixdə ödənilmiş, daha sonra bank tərəfindən həmin vəsait 24.02.2020-ci il tarixdə filial müdirinin şəxsi hesabına qaytarılmış və eyni zamanda cavabdehə müraciət olunaraq istifadə etdiyi ona məxsus olmayan vəsaiti banka qaytarmalı olduğu bildirmişdir. Cavabdeh vəsaiti hissəhissə ödəyəcəyini vəd etsə də. bir neçə ay keçməsinə baxmayaraq hər hansı ödəniş etməmişdir. Cavabdeh 23.07.2020-ci il tarixdə banka ünvanladığı ərizədə də digər müştərinin hesabından vəsaiti istifadə etdiyini etiraf edir. Cavabdeh ödənişi etməkdən qərəzli olaraq yayındığından və onun tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Təqdim olunmuş sübutlarla cavabdehin heç bir əsas olmadan texniki səhvin baş verdiyinə görə iddiaçının hesabına əsassız varlanması və 922 manat məbləğində vəsaitdən istifadəsi təsdiq edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mərkəzi X4 rəsmi internet səhifəsindən müəyyən olunmuşdur ki, 18.12.2020-ci il tarixindən bank uçot dərəcəsi 6,25 faiz müəyyən edilmişdir. Bank tərəfindən vəsaitin 24.02.2020-ci il tarixdə ödənildiyini nəzərə alaraq cavabdeh həmin tarixdən həmin vəsait məbləğindən faizləri də iddiaçıya ödəməlidir. 24.02.2020-ci il tarixdən qətnamə çıxarılan tarixədək olan müddət üçün (1 il 3 ay 3 gün) 922 manat məbləğinə bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanmış faizlər 75,4 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 922 (doqquz yüz iyirmi iki) manat, həmin vəsaitin məbləğindən bank uçot dərəcəsi ilə hesablanmış 75,4 (yetmiş beş manat qırx qəpik) manat məbləğində faizlər, 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar