Məhkəmə qərarları › İş №2(004)-6675/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6675/2025

21.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6675/2025 21.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi Nümayəndə2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR ƏƏSMN-nin Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR ƏƏSMN-nin Dövlət Sosial Müdafiə Fondu cəlb edilməklə cavabdehlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinə qarşı “adına fərdi sosial sığorta hesabının açılması, əmək müqaviləsi üzrə məcburi dövlət sosial sığorta məbləğinin hesablanaraq onun sığorta hesabına köçürülməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR ƏƏSMN-nin Dövlət Sosial Müdafiə Fondu cəlb edilməklə cavabdehlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinə qarşı “adına fərdi sosial sığorta hesabının açılması, əmək müqaviləsi üzrə məcburi dövlət sosial sığorta məbləğinin hesablanaraq onun sığorta hesabına köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR XİNnin Fransa Səfirliyində əmək müqaviləsi üzrə işlədiyi xx.xx.2010-cu ildən - xx.xx.2017-ci ilə qədər və xx.xx.2018-ci il – xx.xx.2022-ci ilə qədər müddət üçün ona (işçiyə) ödənilməli olan dövlət sığorta məbləğinin hesablanması, həmin məbləğin cavabdehdən (işəgöterəndən) tutulması və onun DSMF-da fərdi sosial sığorta hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı Heybulla oğlu, əmək fəaliyyətinə 1974-cü ildən başlamış və aşağıda göstərilən müddətlərdə müəyyən müəssisə və idarələrdə fəaliyyət göstərmişdir: 1) xx.xx.1974-cü ildən - xx.xx.1974-cü ilə qədər - Balaxanı rayon ictimai iaşə idarəsi; 2) xx.xx.1975-ci ildən- xx.xx.1976-cı ilə qədər - 88 Texniki Peşə Məktəbi; 3) 1976-cı ildən - 1983-cü ilə qədər - Azərbaycan Politexnik İnstitutu; 4) xx.xx.1983-cü ildən - xx.xx.1988-ci ilədək - DTK-nin “Azərmaştədarük” İdarəsi; 5) xx.xx.1988-ci ildən - xx.xx.1988-ci ilədək - “Neftmaş” X3; 6) xx.xx.1988-ci ildən - xx.xx.1995-ci ilədək - “Azərtikintimaterial” İdarəsi; 7) xx.xx.1995-ci ildən - xx.xx.1997-ci ilədək - “ Azərmaşavadanlıq” İdarəsi; 8) xx.xx.1997-ci ildən - xx.xx.2000-ci ilədək - “Tikinti materialların satışı” İdarəsi; 9) xx.xx.2010-cu ildən - xx.xx.2017-ci ilədək - XİN-nin Fransa Səfirliyi; 10) xx.xx.2018-ci il - xx.xx.2022-ci ilədək- XİN-nin Fransa Səfirliyi. Əmək fəaliyyəti göstərdiyi müddətlər onun əmək kitabçasında əks olunmuşdur. Cavabdeh Fransa Səfirliyində əmək fəaliyyətinə başladığı zaman ona yeni əmək kitabçası açılmış və orada işlədiyi bütün müddət yeni əmək kitabçasında əks olunmuşdur. “X2” Qanunun 7-ci maddəsini rəhbər tutaraq, onun 65 il yaşında, ümumi əmək stajının 25 ildə artıq olmasını nəzərə alaraq, Dövlət Sosial Müdafiə Fonduna (DSNF) müraciət edərək ona əmək pensiyasının təyin edilməsinin xahiş etmişdir. Lakin, DSMF 19 yanvar 2024-cü il tarixli məktubla ona pensiyasını təyin etməkdən imtina etmişdir və imtina aşağıdakı qaydada əsaslandırmışdır: “X2” Qanunun 7-ci maddəsinə əsasən – 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq - 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. DSNF-nın hesblamasına görə onun ümumi sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1983-cü il tarixinədək təhsil aldığı illər nəzərə alınmaqla) 22 il 9 ay 28 gün təşkil edir. İmtina məktubunda həmdə qeyd edilmişdir ki, mərkəzləşdirilmiş elektron informasiya altsistemində olan məlumatlara əsasən XİN-nin Faransa Səfirliyində işlədiyi xx.xx.2010-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək müddətdə fərdi hesabının sığorta ödənişləri köçürülməmiş və pensiya kapitalı qeydə alınmadığı üçün sözügedən dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Göründüyü kimi DSNF xx.xx.2010-cı il tarixdən xx.xx.2022-ci il tarixədək AR XİN-nin Fransa Səfirliyindən işlədi müddət pensiya stajına daxil etməkdən imtina etmişdir və bunu belə əsaslandırmışıdır ki, XİN-nin Fransa Səfirliyində işlədiyi müddətdə cavabdeh (işəgöterən) onun adına DSNF-nə məcburu sosial sığorta ödənişlərinin etməmişdir. Beləliklə, cavabdehlər onun əmək haqqına müttənasib olaraq DSNF məcburi dövlət sosial sığorta ödəməmişdir və nəticədə onun pensiya almaq hüququn kobud surətdə pozulmuşdur. Bildirmişdir ki, o, cavabdeh ilə rəsmi əmək müqaviləsi bağlamış - deməli öz işçisi üçün sosial sığorta ödənişlərin həyata keçirilməsi bilavasitə cavabdeh (işəgötürənin) vəzifəsidir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin şərh edilməsinə dair 29 oktyabr 2010-cu il tarixli qərarında Konstitusiya Məhkməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 304-cü maddəsinin 2-ci bəndinə əsasən isə işəgötürən hər bir işçinin onunla əmək müqaviləsi bağladığı zaman qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sığortalanmasını təmin etməlidir. Qanunverici işçinin məcburi sığortalanmasının təmin edilməsini işəgötürənin vəzifəsi kimi müəyyən etməklə, ilk növbədə işçinin gələcəkdə Konstitusiyada təsbit olunmuş sosial təminat hüququndan, xüsusən də həmin hüququn tərkib hissəsi olan pensiya hüququndan istifadə etməsinə zəmanət vermiş olur. Cavabdehlər Əmək Müqaviləsinin 304-cü maddəsində irəli gələn öhdəliklərini icra etməkdən imtina edirlər. Əmək müqaviləsindən irəli gələn mübahisənin mediasiya qaydasında həll edilməsindən də boyun qaçırmışlar (mediasiya prosesinə gəlməmişdir). Daha sonra iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil xx.xx.2026-cı il tarixdə AZEMİS elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, qanunun tələblərinə müvafiq olaraq DSMF-da onun adına fərdi sosial sığorta hesabı acmaqla, AR XİN-nin Fransa Səfirliyində əmək müqavilələri üzrə xx.xx.2010-cu ildən – xx.xx.2017-ci ilə qədər və xx.xx.2018-ci il – xx.xx.2022-ci ilə qədər işlədiyi müddət üçün məcburi dövlət sığorta məbləğini hesablayıb həmin sığorta hesabına köçürülməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi Nümayəndə2 xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, xx.xx.2010-cu ildən xx.xx.2022-ci ilədək Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyində ştatdankənar kargüzar vəzifəsində işləmiş İddiaçı xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinə qarşı məhkəmədə iddia qaldırmışdır. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci və 4.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi diplomatik xidmət orqanlarının vahid sisteminə daxildir və bu sistemə rəhbərlik Xarici işlər Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həllində iddia müddətləri müəyyən edilir. Həmin maddənin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara istinadən, İddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyini nəzərə alaraq, 2(004)-6675/2025 nömrəli iş üzrə qaldırılan iddianın əsassız hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, o, 2010-cu ildən 2022-ci ilə kimi Fransa Səfirliyində çalışmışdır. Həmin Səfirlikdə həyat yoldaşı mühasib vəzifəsində çalışıb. Ona verilən suallara cavab olaraq bildirdi ki, ştatdan kənar çalışdığını bilirdi. Aylıq 220 manat müavinət alır. O, kargüzarlıq sahəsində çalışmışdır. Həyat yoldaşı hazırda İsveçrədə yaşayır. 2015-2016-cı illərdə bilmişdir ki, ona sığorta haqqı hesablanmır. 2022-ci ildə Azərbaycana qayıtmışdır. Bundan əvvəl Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, iddiaçı 10 il müddətində işləyib və həmin müddət ərzində ona sosial sığorta məbləği ödənilməmişdir. İddiaçı sosial sığorta məbləğini ödəmək imkanındadır. Lakin ona əsas lazım olan staj müddətinin hesablanmasıdır. İşəgötürən işəgötürdüyü şəxsi işə götürdüyü halda ona aylıq əmək haqqı ödənilməsi üçün kart hesabı açmalıdır. Lakin iddiaçıya nə kart hesabı açılmış, nə də pul ödənilmişdir. İddiaçıya bildiriblər ki, vergini və dövlət sosial sığorta haqqını özü ödəməlidir, lakin bu qanunvericiliyinə birbaşa zidd və qanunsuzdur. Ona verilən suallara cavab olaraq bildirdi ki, iddiaçı hüquqlarının pozulduğundan son zamanlarda məlumatlı olduğu üçün məhkəməyə gec müraciət etmişlər. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Fransa Səfirliyinin büdcəsində ştatdan kənar şəxslər üçün sosial sığorta pulu nəzərdə tutulmamışdır və vətəndaş bundan məlumatlı olmuşdur. Hesab edir ki, iddiaçı tərəf iddia müdətini ötürmüşdür. İddiaçıya kifayət qədər əmək haqqı verilmişdir. Əgər işəgötürülən zaman müqavilə şərtləri ilə razı deyildisə imzalammalı idi. Müqavilənin 8-ci bəndində qeyd edilmişdir ki, əmək haqqı məbləğindən tutulan vergilər işçi tərəfindən ödənilir. Həmçinin iddiaçı məbləğin ayrılması üçün ilk öncə onlara müraciət etməli idi, onlar isə bununla bağlı Maliyyə Nazirliyinə müraciət etməliydilər. Ona verilən suallara cavab olaraq bildirdi ki, iddiaçı ştatdan kənar işləyib, hazırda işləmir. Diplomatik xidmət haqqında 4.1 və 4.1-ci maddəsinə əsaəsn Fransa Respublikasındakı səfirliyi sitemə tabedir. Onların razılığı mütləqdir. Səfirliyin dövlət sosial siğorta məbləğinin ödənilməsində heç bir rolu yoxdur. Cavabdeh qismində cavab verməli deyil. Bütün hesablanmaları Nazirlik tərəfindən həyata keçirilib Maliyyə Nazirliyinə göndərilir. İşçi ştatdan kənar olaraq işləyir, amma maliyyələşmə üçün Maliyyə Nazirliyi vəsait ayırmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə3 izahatında bildirdi ki, işin mübahisəsiz halıdır ki, iddiaçının adından məcburi sosial sığorta haqları ödənilməmişdir. Yəni onun fərdi hesabında vəsait yoxdur. Əgər gələcəkdə həmin məbləğlər iddiaçının xeyrinə ödənilərsə, tərəflərindən zəruri tədbirlər görüləcək. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Digər cavabdeh Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilmiş, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə gəlmiş tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xaricdəki diplomatik nümayəndəliyində çalışan ştatdankənar işçi ilə 01 mart 2010-cu il tarixli əmək müqaviləsinə əsasən Azərbaycan Respublikasının Fransa Səfirliyi ilə İddiaçı arasında 01 mart 2010-cu il tarixdə müqavilə bağlanmış və işçi öz razılığı ilə Səfirlikdə kargüzar vəzifəsinə qəbul edilmişdir. Həmin müqavilənin 3-cü maddəsinə əsasən əmək müqaviləsi xx.xx.2011-ci il tarixədək müddətə bağlanmışdır. Sonuncu əmək müqaviləsi 31 may 2022ci il tarixədək bağlanmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının İddiaçı ünvanladığı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 19 yanvar 2021-ci il tarixli cavab məktubuna əsasən ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2022-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılıb. Müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, adına fərdi hesabın yaradılması və pensiya kapitalının köçürülməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi Mərkəzi Filialın səlahiyyətləri xaricindədir. Məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. - İddiaçı Azərbaycan Respublikasının Fransadaki Səfirinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən xx.xx.2022-ci il tarixindən etibarən onu öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İddiaçı ünvanladığı 24 yanvar 2024-cü il tarixli cavab məktubuna əsasən xx.xx.2010-xx.xx.2022-ci il tarixlərində Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyində ştatdankənar işçi olduğu dövr ərzində aldığı əmək haqqından sosial sığorta haqları ödənilməmişdir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 saylı, 21 yanvar 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nın 8.2-ci bəndinə görə diplomatik nümayəndəliyə ştatdankənar işçilərin işə qəbul edilməsi Xarici İşlər Nazirliyi ilə razılaşdırılmaqla diplomatik nümayəndəliklə və işçi arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Sözügedən müqavilələrdə əks olunan standart müddəaya görə isə işçilərə ödənilən əmək haqqı məbləğindən tutulan vergilər işçilərin özləri tərəfindən ödənilir. Beləliklə, mövcud qaydalara görə diplomatik nümayəndəliklər tərəfindən ştatdankənar işçilər xüsusunda məcburi dövlət sosial sığorta haqlarının ödənişləri hesablanmır və ödənilmir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7133/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İddiaçı ünvanladığı 06 fevral 2025-ci il tarixli cavab məktubuna əsasən İddiaçı xx.xx.2010-xx.xx.2022-ci il tarixlərində Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyində ştatdankənar işçi kimi çalışdığı dövr ərzində əldə etdiyi əmək haqqından sosial sığorta haqları ödəməmişdir. Qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 saylı, 21 yanvar 2008ci il tarixli qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nın 8.2-ci bəndinə görə diplomatik nümayəndəliyə ştatdankənar işçilərin işə qəbul edilməsi Xarici İşlər Nazirliyi ilə razılaşdırılmaqla diplomatik nümayəndəliklə və işçi arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Sözügedən müqavilələrdə əks olunan standart müddəaya görə isə işçilərə ödənilən əmək haqqı məbləğindən tutulan vergilər işçilərin özləri tərəfindən ödənilir. Beləliklə, mövcud qaydalara görə diplomatik nümayəndəliklər tərəfindən ştatdankənar işçilər xüsusunda məcburi dövlət sosial sığorta haqlarının ödənişləri hesablanmır və ödənilmir. - xx.xx.2025-ci il tarixli, MŞB/2-01005/25 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq, əmək haqqı üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələbi üzrə xx.xx.2025-ci il tarixində, 15:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün arayış verilmişdir. Ərizənin verildiyi tarix xx.xx.2025-dir. - Maliyyə məsələləri üzrə attaşe X1 İşlər Nazirliyinin Maliyyə İdarəsinin rəisi xanım Nərgiz Səfərovaya ünvanladığı açıqlamasına əsasən Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfirliyində işlədiyi 2010-2022-ci illərdə və ümumiyyətlə Azərbaycan Respublikasının xarici dövlətlərdə açılan bütün səfirliklərinə işləməyə göndərilən əməkdaşlar uzunmüddətli ezamiyyət kimi göndərilirdi. Həmin dövrlərdə (2023-cü ilə qədər) xaricə uzunmüddətli ezamiyyətə göndərilən əməkdaşların XİN-də işlədiyi müddətdə aldığı əmək haqqının 50%-i hesablanaraq əməkdaşların hesabına köçürülürdü. Eyni zamanda əməkdaşlardan tutulan bütün vergilər isə əməkdaşa hesablanan 50% məbləğində hesablanan əmək haqqından tutulurdu və aidiyyəti təşkilatlara (eyni zamanda pensiya fonduna) köçürülürdü. Bütün əməkdaşlar uzunmüddətli ezamiyyədə olduğu müddətdə səfirliyin təsdiq olunmuş ştat cədvəlinə uyğun olaraq əmək haqlarında heç bir vergi tutulmaları olmadan tam şəkildə alırdılar. Bundan əlavə bütün səfirliklərdə və konsulluqlarda xərclər smetasında nəzərdə tutulan məbləğ əsasında ştatdankənar işçilərin işə götürülməsinə də icazə verilirdi. Təhlükəsizlik nöqteyi - nəzərdən bu işlərə imkan daxilində əməkdaşların həyat yoldaşları bağlanmış əmək müqaviləsi ilə Xarici işlər nazirliyinin razılıq məktubu əsasında işə götürülürdü. Ştatdankənar işçi kimi işə götürülən əməkdaşlara (2-3 nəfərə) əmək müqaviləsində nəzərdə tutulan məbləğdə hər ay əmək haqqı kimi (500, 1200 avro) vəsait tam şəkildə ödənilirdi. Diplomatik xidmət haqqında qanunda da onlardan vergi tutulması haqqında heç bir qayda nəzərdə tutulmurdu. Eyni zamanda həmin vaxtlarda hər il səfirliklərin və konsulluqların saxlanılması üçün təsdiq olunan xərclər smetasında Maliyyə nazirliyi tərəfindən ştatdankənar işçilər üçün vergilərin ödənilməsinə vəsait ayrılmırdı. Yuxarıda qeyd olunanlarla əlaqədar 2010-2022-ci illərdə Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfirliyində ştatdankənar işçi kimi çalışmış İddiaçı əmək haqqından heç bir vergi tutulmaları aparılmayaraq əmək haqqı ona tam şəkildə ödənilmişdir. Onu da qeyd etmişdir ki, hər bir fiziki şəxslə əmək müqaviləsi bağlanarkən həmin şəxs müqavilənin bütün şərtləri ilə tanış olurdu və bu əmək haqqından vergilərin tutulmaması da onların nəzərinə çatdırılırdı, fiziki şəxs (İddiaçı də o cümlədən) bu məlumatı bilərək razılıqla əmək müqaviləsinə imza atırdı. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı mübahisənin məhkəməyədək həll edilməsi üçün ilk öncə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət etmiş, daha sonra İddiaçı mediasiya prosesinin tətbiqi barədə xx.xx.2025-ci il tarixdə təkliflə Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya prosesi xx.xx.2025-ci il tarixində iddiaçının iştirakı ilə keçirilmiş və həmin tarixdə ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Məhkəmə İddiaçı xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Fransa Respublikasındakı Səfirliyində çalışmasını, daha sonra xx.xx.2022-ci il tarixdən işdən çıxmasını nəzərə alaraq hesab edir ki, iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət keçməsinə baxmayaraq, o, hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür. Belə ki, o, xx.xx.2022-ci il tarixdə öz ərizəsi ilə işdən çıxmış, 2024-cü ilin yanvar ayında pensiyanın təyin edilməsi barədə Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Göründüyü kimi iddiaçı pensiyanın təyin edilməməsi, eyni zamanda sosial sığorta haqqılarının ödənilməsi haqqında həmin tarixdən məlumatlı olmuş, (məhkəmədə verdiyi izahatları ilə də 2015-2016-cı illərdən məlumat olduğu sübut edilir) lakin Mediasiya Şurasına 24 sentyabr 2025-ci il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı təkliflə müraciət etmiş, Mediasiya arayışı 13 oktyabr 2025-ci il tarixdə qəbul etmiş və Yasamal Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Beləliklə, məhkəmə İddiaçı xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Fransa Respublikasındakı Səfirliyində çalışmasını, daha sonra xx.xx.2022-ci il tarixdən işdən çıxmasını nəzərə alaraq hesab edir ki, iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət keçməsinə baxmayaraq, o, hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin müddəaya əsaslanaraq, cavabdeh Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi Nümayəndə2 yazılı ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Qanunvericiliyin tələblərinə görə işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr tutulur. Hal-hazırda iddiaçı ilə cavabdeh arasındakı mübahisə pensiya kapitalının ödənilməməsi ilə bağlı yaranan fərdi əmək mübahisəsidir və mübahisənin predmetini pul tələbi təşkil edir. Belə olan halda məhkəmə hesab etmişdir ki, fərdi əmək mübahisəsinin predmetini dolayısı ilə pul tələbi təşkil etdiyindən və iddiaçı xx.xx.2022-ci il tarixdə işdən azad olunsa da, hətta işlədiyi müddət ərzində də sığorta haqqlarının hesblanmadığınndan məlumatlı olsa da, qanunvericilikdə nəzərdə tutulmuş 1 il ərzində cavabdehə qarşı həmin tələblə iddia qaldırmadığından iddia müddəti ötürülmüş hesab edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175.2-ci maddəsinin “a” bəndinə əsasən işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr tutulur. Həmin Məcəllənin 288-ci maddəsinin “e” bəndinə əsasən bu Məcəllə ilə əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. “X2” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığorta olunan şəxslər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır; Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən əmək pensiyasının baza hissəsi əmək pensiyalarının birinci pilləsi olmaqla əmək pensiyaçılarının sosial müdafiəsinin dövlət təminatıdır; Həmin Qanunun 26.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. “Sosial sığorta” haqqında Qanunun 2-ci maddəsinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası qanununun 4.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi) diplomatik nümayəndəliklər və konsulluqlar, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyindəki ali təhsil müəssisəsi diplomatik xidmət orqanlarının vahid sistemini təşkil edir. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) diplomatik xidmət orqanlarının vahid sisteminə rəhbərlik edən diplomatik xidmət orqanıdır. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının səfirliyi və Azərbaycan Respublikasının təmsilçilik ofisi qəbul edən dövlətdə Azərbaycan Respublikasını təmsil edən diplomatik xidmət orqanlarıdır. Məhkəmə eyni zamanda, bildirir ki, Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi diplomatik xidmət orqanlarının vahid sisteminə daxildir və bu sistemə rəhbərlik Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Belə olan halda, cavabdeh Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi hazirki iddia tələbi üzrə cavab verməli olan qurum deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR ƏƏSMN-nin Dövlət Sosial Müdafiə Fondu cəlb edilməklə cavabdehlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinə qarşı “adına fərdi sosial sığorta hesabının açılması, əmək müqaviləsi üzrə məcburi dövlət sosial sığorta məbləğinin hesablanaraq onun sığorta hesabına köçürülməsi tələbinə dair iddiası qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından), iddia müddəti tətbiq olunmaqla rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR ƏƏSMN-nin Dövlət Sosial Müdafiə Fondu cəlb edilməklə cavabdehlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinə qarşı “adına fərdi sosial sığorta hesabının açılması, əmək müqaviləsi üzrə məcburi dövlət sosial sığorta məbləğinin hesablanaraq onun sığorta hesabına köçürülməsi” tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar