Məhkəmə qərarları › İş №2(004)-670/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-670/2024

09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-670/2024 09.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı övladı (oğlu), digər Cavabdeh2 isə keçmiş gəlinidir. xx.xx.2020-ci il tarixdə İddiaçı Cavabdeh1 Skoda Rapid markalı avtomobili almaq üçün ilkin olaraq 4000 manat ödəmiş, daha sonra isə öz adına bankdan kredit götürməklə qalıq 11683 manat borcu ödəmiş, ümumilikdə 15683 (on beş min altı yüz səksən üç) manat pul vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi əsasında həmin avtomobil birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilərək cavabdehlərin müvafiq olaraq ½ hissədə payı müəyyən edilmişdir. Cavabdehlər arasında nikah pozulduqdan sonra onlar avtomobili satmaq qərarına gəlmişlər. Avtomobilin əldə edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 15683 (on beş min altı yüz səksən üç) manat pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etdiyini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin əsassız olmasını və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasəm, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Araşdırma nəticəsində müəyyən edilir ki, , Cavabdeh1 İddiaçı övladı (oğlu), digər Cavabdeh2 isə keçmiş gəlinidir. xx.xx.2020-ci il tarixdə İddiaçı Cavabdeh1 Skoda Rapid markalı avtomobili almaq üçün ilkin olaraq 4000 manat ödəmiş, daha sonra isə öz adına bankdan kredit götürməklə qalıq 11683 manat borcu ödəmiş, ümumilikdə 15683 (on beş min altı yüz səksən üç) manat pul vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi əsasında həmin avtomobil birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilərək cavabdehlərin müvafiq olaraq ½ hissədə payı müəyyən edilmişdir. Məhkəmə mübahisə üzrə ilk öncə yaranmış hüquq münasibətləri və münasibətlərin subyektlərinin müəyyən edilməsini zəruri hesab edir. Belə ki, müəyyən edilir ki, İddiaçı mübahisə predmeti olan pul vəsaiti ilə bağlı Cavabdeh1 iddia tələbini qəbul etməsi xüsusatı əsas götürülməklə ilə üfüqi hüquq münasibətlərinə daxil olmuşdur. İddiaçı digər Cavabdeh2 ilə sözügedən pul vəsaitinə münasibətdə hər hansı hüquq münasibətlərinin yaranması (münasibət baş verən zaman) müəyyən edilmir, bu barədə iddiaçı tərəfindən əsaslı sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmişdir. İddiaçı mübahisə predmeti olan pul vəsaiti ilə bağlı Cavabdeh1 arasında yaranmış münasibətlər nəzəri baxımdan borc və ya bağışlanma münasibətləri kimi qiymətləndirilə bilər. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilən xüsusatlar, cavabdehin etirafı və iddia ərizəsinin tərtibatı əsas götürülməklə məhkəmə hesab edir ki, həmin münasibətlər borc münasibətləridir. İddia tələbi Cavabdeh1 tərəfindən qəbul edilir. Digər Cavabdeh2 isə iddia tələbinə etiraz edir. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. İddia tələbinin Cavabdeh1 tərəfindən qəbul edilməsi xüsusatı nəzərə alınmaqla məhkəmə qeyd edir ki, MM-in 740.2-ci maddəsinin tələbləri rəhbər götürülməklə 4.000 manat və 11683 manat (ayrı-ayrı hüquq münasibətləridir, çünki yanamma zamanı və əsasları fərqlidir) pulun verilməsinə dair bağlanmış borc müqavilələri yazılı şəkildə bağlanmalı olduğu halda, müqavilənin forma tələblərinə (yazılı qayda) dair imperativ şərtə əməl edilməmişdir. Bu səbəbdən, sözügedən müqavilə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var: 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Mübahisə üzrə ilk şərt ödənilir- Cavabdeh1 varlanmışdır. 2-ci şərt də ödənilir- İddiaçı pul vəsaitindən məhrum olmuşdur. 3-cü dispozitiv şərt də ödənilir- tərəflər arasında etibarlı hüquq münasibəti olmamışdır. Çünki tərəflər arasında bağlanmış şifahi borc müqavilələri etibarsız hesab olunur. Nəticə etibarilə, Cavabdeh1 əsassız varlanmışdır. Məhkəmə iddiaçıya izah edir ki, onunla kredit münasibətləri üzrə müvafiq bank arasında yaranmış öhdəlik münasibətləri ayrı kontekstdən qiymətləndirilməli və hazırki mülki işə hər hansı aidiyyətinin olmaması nəzərinə çatdırılmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə qətnaməsi əsaslı olmalı və yalnız mötəbər sübutlara əsaslanmalıdır. Məhkəmənin mülki işdə olan mötəbər sübutlara əsaslanmadan yalnız öz mülahizəsi ilə hər hansı hüquqi nəticəyə gəlməsi yolverilməzdir. Hüquqdan sui-istifadə yolverilməzdir. İddiaçı tərəfindən iddia tələbi Cavabdeh2 aid hissədə sübuta yetirilmir. Sonuncuya 4000 manat + 11683 manat pulun verilməsi, həmin pulun geri qaytarılmaq şərtilə verilməsi, iddiaçı və Cavabdeh2 arasında birbaşa olaraq hər hansı üfüqi hüquq münasibətinin (pul verilməsi ilə bağlı) yaranmasına dair mötəbər sübut(lar) mülki iş materiallarında mövcud deyildir. Məhkəmə mülki iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin Cavabdeh1 tərəfindən qəbul edilməsi əsası ilə tələb sonuncuya münasibətdə təmin edilməli, iddia tələbi digər Cavabdeh2 münasibətdə isə təmin edilməməlidir. İddiaçı ilə Cavabdeh1 arasında 4000 manat və 11683 manat pul vəsaitlərinə münasibətdə bağlanmış şifahi borc müqavilələri etibarsız hesab edilməlidir. Cavabdeh1 4000 (dörd min) və 11683 (on bir min altı yüz səksən üç) manat olmaqla ümumilikdə 15683 (on beş min altı yüz səksən üç) manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında 4000 manat və 11683 manat pul vəsaitlərinə münasibətdə bağlanmış şifahi borc müqavilələri etibarsız hesab edilsin. Cavabdeh1 4000 (dörd min) və 11683 (on bir min altı yüz səksən üç) manat olmaqla ümumilikdə 15683 (on beş min altı yüz səksən üç) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar