Məhkəmə qərarları › İş №2(004)-674/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-674/2025

25.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-674/2025 25.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti cəlb edilməklə “əmək müqaviləsinin qüvvədən salınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və işdən xaric olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2016-cı il tarixindən Cavabdeh MMC-nin təmizlik şöbəsində əmək müqaviləsi ilə xadimə kimi işə düzəlmişdir. İşə düzələn zaman rəhbərlik X2 ondan 100 manat pul almış və onu işə düzəldəcəyini bildirmişdir. Sonradan rəsmi şəkildə işə düzəlmişdir. İşə düzəldikdən sonra 1 ay keçməsinə baxmayaraq ona əmək haqqı ödənilmədiyindən dəfələrlə rəhbərliyə müraciət etmiş, lakin müsbət cavab əldə edə bilməmişdir. Davamlı israrlarından sonra rəhbərlik vaxtı ilə iddiaçının onlara verdiyi 100 manatı ona qaytarıb əmək haqqı olaraq təqdim etmişdir. O, bir müddət işlədikdən sonra işdən çıxmaq üçün müraciət etmiş və ona əmək müqaviləsinə xitam verildiyi bildirilmişdir. O vaxtdan iddiaçı da işdən rəsmi qaydada çıxdığını düşünmüşdür. Lakin bu yaxında ona məlum olmuşdur ki, adı hələ də iş yerində qalıb. Bununla bağlı müraciət etdikdə isə ona bildirilmişdir ki, rəhbərlik həbs edilib, buna görə də onun işdən çıxarılması mümkün deyildir. Bununla bağlı iddiaçı xx.xx.2024-cü il tarixində DOST xidmətinə də müraciət etmişdir. Orada ona bildirmişlər ki, bu rəhbərlik həbs olunduğundan məsələnin həlli yalnız məhkəmə qaydasında mümkündür. Buna görə də o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin dövrdə onunla birlikdə işə girmiş bir neçə şəxs də onun kimi rəsmi şəkildə işdən çıxa bilməmişlər. Bir neçə il əvvəl keçmiş iş yoldaşı X1 bu məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, yekun məhkəmə qərarı ilə işinə rəsmi qaydada xitam verilmişdir. Hazırda yaranmış vəziyyətlə bağlı iddiaçı bir sıra problemlərlə üzləşmiş, heç bir iş yerində rəsmi qaydada işə düzələ bilməmişdir. Daha sonra İddiaçı məhkəmənin hazırlıq iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh ilə bağlanmış əmək müqaviləsinin qüvvədən salınmasını və bununla bağlı məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsinin X4 Xidmətinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X4 Xidməti məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan xx.xx.2016-cı il tarixdə imzalanmış, xx.xx.2024-cü il tarixdə çap edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında xx.xx.2016-cı il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən İddiaçı əsas iş yeri olaraq təmizlik şöbəsində xadimə vəzifəsində (peşəsində) işləyir, aylıq əmək haqqı 105 manat təşkil edir və müqavilənin müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin İddiaçı ünvanladığı 3-17-5/2-A-90067/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktuba əsasən onun Cavabdeh MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciətə X4 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Onun müraciəti ilə əlaqədar Cavabdeh MMC-nin ünvanına ona aid olan müvafiq sənədlərin təqdim olunması məqsədi ilə xx.xx.2024-cü il tarixli 3-17-5/2- 75832/2024 nömrəli məktub göndərilmiş (ünvan 1 ünvanda MMC yoxdur” qeydi ilə məktub geri qaytarılmışdır. Bu səbəbdən müraciətin araşdırılması mümkün olmamışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsisteminə tərəflərindən baxış keçirilərkən onunla Cavabdeh MMC rəhbərliyi arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinin qüvvədə olduğu müəyyən edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2025ci il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır. Bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə ilə bağlı əmək müqaviləsinin “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsi X4 Xidmətinin səlahiyyətləri xaricindədir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması hüququ X4 Xidmətinə həvalə edilməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. (köhnə redaksiyada) 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. (yeni redaksiyada) 9-cu maddəsinin b bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 45-ci maddəsinin 1-ci hissəsinə əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. 49-cu maddəsinin 5-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi əsasları kimi tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar müəyyən edilmişdir. “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli 183 nömrəli Qərarının 3.4-cü bəndinə əsasən Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Həmin Qərarın 6.2-cı bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair məlumatlar elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 5 nömrəli əlavəsində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1 (bir) iş günündən gec olmayaraq işəgötürənə sistem vasitəsilə bu Qaydaların 8 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək, mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-də təmizlik şöbəsində xadimə vəzifəsinə təyin edilsə də, ona əmək haqqı ödənilməmiş, bu səbəbdən 1-2 ay işlədikdən sonra işdən çıxmışdır. DOST mərkəzinə müraciət etdikdən sonra əmək müqaviləsinə xitam verilmədiyini, əmək müqaviləsinin qüvvədə olduğunu bilmişdir. Hazırda iddiaçı əmək müqaviləsinə xitam verilməsi və həmin məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məsələ ilə əlaqədər iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə müraciət etsə də, müraciətə cavab olaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsinin səlahiyyətləri xaricində olduğu, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət etməli olduğu, işəgötürən tərəfindən bu vəzifə icra edilmədiyi və ya işəgötürən tərəfindən icra edilməsi mümkün olmadığı təqdirdə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət etməli olduğu bildirilmişdir. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar