Məhkəmə qərarları › İş №2(004)-6742/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6742/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6742/2021 16.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13100 manat məbləğində pulun və ya Ford Tranzit markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona qaytarılması və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2014-cü ildə Cavabdeh işlətdiyi çörək sexindən çörəklərin götürülərək paylanması üçün ona etibarnamə ilə avtomobil vermişdir, çörəkləri həmin avtomobillə paylamışdır. Avtomobilin pulunu hissə-hissə ödəmək barədə razılaşmışlar və həmin avtomobilə görə ona 1400 ABŞ dolları pul ödəmişdir, sonradan qalan pulu ödəyə bilməmiş və ayrılmaq istəmişdir, cavabdeh isə onunla işləməyə davam etmək istədiyini bildirərək ona başqa avtomobil vermişdir. Bir müddət sonra cavabdehin istehsal etdiyi çörəklərin çəkisi az olduğundan onların satışında problemlər yaranmış və cavabdehlə işləmək istəmədiyini, başqa bir çörək sexdə işləyəcəyini bildirmişdir. Cavabdeh isə digər çörək sexinin rəhbəri ilə danışaraq onu həmin sexə götürməməsini xahiş etmişdir. Sonra cavabdeh dəyəri 9000 manat olan Ford Tranzit markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobili satın almış və 12.08.2017-ci tarixli etibarnaməyə əsasən ona vermişdir. Belə ki, aralarında 20.08.2017-ci il tarixli razılaşma protokolunda əks olunmuş, həmin protokol onların öz aralarında tərtib edilmiş və imzalanmışdır, razılaşma protokolunun altındakı 8100 manatın ödənilməsi barədə yazı və imza da cavabdehin özü tərəfindən 2019-cu ildə qeyd olunmuşdur. Həmin razılaşma protokoluna görə Ford Tranzit markalı, 90- OL-733 dövlət qeydiyyat nişanlı avtomobil 9000 manata qiymətləndirilmiş, ona hər çörəyə görə bir qəpik hesablanacağı, həmin məbləğ 9000 manata çatdıqda isə qeyd olunan avtomobilin onun adına rəsmiləşdiriləcəyinə dair öhdəlik götürmüşdür. Belə ki, o, cavabdehdən hər gün 1200-1300 ədəd çörək götürərək mağazalara paylamış və hər çörəkdən ona bir qəpik qalırdı, iki il ərzində qazandığı çörəkdən cavabdehə 5000 manat maşın üçün ona pul vermişdir. Bununla da ona cavabdehə cəmi 13100 manat pul vermişdir. Həmin razılaşma protokolunun məqsədi 9 min manatlıq işin görülməsi olmuş, o isə həmin işi tamamilə və artıqlaması ilə görüb qurtardıqdan sonra cavabdeh ilə əməkdaşlığı dayandırmış, avtomobil də cavabdehin özündə qalmışdır. Qanunun aliliyinə inanır. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. O, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. X20 **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobil qaytarılmalı və ya ona ödədiyi 8100 manat pulu qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, 2014-cü ildə cavabdehin işlətdiyi çörək sexindən çörəklərin götürülərək paylanması üçün ona etibarnamə ilə avtomobil vermişdi, çörəkləri həmin avtomobillə paylayırdı. Avtomobilin pulunu hissə-hissə ödəmək barədə razılaşmışdılar və həmin avtomobilə görə ona 1400 ABŞ dolları pul ödəmişdir. Sonradan qalan pulu ödəyə bilməmiş və ayrılmaq istəmiş, cavabdeh isə onunla işləməyə davam etmək istədiyini bildirərək ona başqa avtomobil vermişdir. Bir müddət sonra cavabdehin istehsal etdiyi çörəklərin çəkisi az olduğundan onların satışında problemlər yarandı və cavabdehlə işləmək istəmədiyini, başqa bir çörək sexındə işləyəcəyini bildirdi. Cavabdeh isə digər çörək sexinin rəhbəri ilə danışaraq onu həmin sexə götürməməsini xahiş etdi. Sonra cavabdeh dəyəri 9000 manat olan Ford Tranzit markalı 90- OL-733 dövlət qeydiyyat nişanlı avtomobili satın aldı və 12.08.2017-ci tarixli etibarnaməyə əsasən ona verdi. Belə ki, onların aralarında 20.08.2017-ci il tarixli razılaşma protokolunda əks olundu, həmin protokol onların öz aralarında tərtib edilmişdi və imzalanmışdı, razılaşma protokolunun altındakı 8100 manatın ödənilməsi barədə yazı və imza da cavabdehin özü tərəfindən 2019-cu ildə qeyd olunmuşdur. Həmin razılaşma protokoluna görə Ford Tranzit markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobil 9000 manata qiymətləndirildi, ona hər çörəyə görə bir qəpik hesablanacağı, həmin məbləğ 9000 manata çatdıqda isə qeyd olunan avtomobilin onun adına rəsmiləşdiriləcəyinə öhdəlik götürmüşdü. Belə ki, o, cavabdehdən hər gün 1200- 1300 ədəd çörək götürərək mağazalara paylamış və hər çörəkdən ona bir qəpik qalırdı, iki il ərzində qazandığı çörəkdən cavabdehə 5000 manat maşın üçün ona pul vermişdir. Bununla da o, cavabdehə cəmi 13100 pul vermişdir. Həmin razılaşma protokolunun məqsədi 9000 manatlıq işin görülməsi olmuş, o isə həmin işi tamamilə və artıqlaması ilə görüb qurtardıqdan sonra cavabdeh ilə əməkdaşlığı dayandırmış, avtomobil də cavabdehin özündə qalmışdı. Qanunun aliliyinə inanır. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. X20 90- OL-733 dövlət qeydiyyat nişanlı avtomobil və ya ona ödədiyi 8100 manat pulum qaytarılmalıdır. Cavabdeh ondan Ford Tranzit markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 13100 manat pul alıb, bu günə kimi pulunu və ya maşını ona qaytarmayıb. Lakin qanunsuz iddia ərizəsi məhkəməyə müraciət edib və qətnamələrlə cavabdeh haqsız olduğu sübut olunmuşdur. Hesab edir ki, göstərilən məbləğ və ya avtomobil cavabdehdən tutularaq ona ödənilməlidir. 4 il əvvəl cavabdehə məxsus avtomobilləri sürmüşdür. Hər ay 200 manat olmaqla 7 ay ərzində cavabdehə pul ödəmiş, qalan 8100 manatı isə əlbəəl cavabdehə vermişdir. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, o, 2011-ci ildə özünə məxsus Ford Tranzit markalı ** GL *** dövlət qeydiyyat nişanlı avtomobili aralarında olan şifahi razılaşma əsasında kommersiya işləri görmək üçün etibarnamə ilə İddiaçı və onun övladı X5 vermişdir. Sonradan həmin şəxslər onun etibarından sui-istifadə edərək həmin avtomobili tam yararsız vəziyyətə salaraq ona külli miqdarda maddi ziyan vurublar. Buna baxmayaraq iddiaçı yenidən onu aldadaraq ona məxsus Ford Tranzit markalı ** OL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün alaraq şəxsi işləri üçün istifadə etmiş və həmin avtomobilin mühərrik hissəsini tam yararsız hala salaraq 2300 manat maddi ziyan vurmuşdur. Bunlardan əlavə iddiaçı satış məqsədi ilə ondan 2200 manat dəyərində un məmulatı götürərək satmış və ona heç bir məbləğdə pul ödəməyərək pulları mənimsəmişdir. İddiaçı onun etibarından sui istifadə edərək, ona qarşı çox haqsızlıq etmişdir. Hazırda da ondan ona aid olmayan pul istəyir. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X3 iddia ərizəsinə etiraz edərək, məhkəmədən hazırki iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X6 ifadəsində bildirmişdir ki, tərəflərin hər ikisi müştərisi olmuşlar. O, X9 “motorist” işləyir. Azər müəllimi Rasim müəllimin sayəsində tanıyıb. Azər müəllimin maşınlarını təmir edirdi. Bir gün yenə Azər müəllimin maşınıqırmızı Fordu qardaşı təmir üçün gətirdi. Maşının motoru xarab idi. Maşın ay yarım orada qalmışdır. Maşının motoru yığılmışdır. Daha sonra “farsunka”larında problem yaranmışdır. Rasim müəllim yeni “farsunka”lar alıb gətirmiş və oları da o, dəyişmişdir. Həmçinin maşın da başqa işlər görülüb, peredok dəyişilib, lakin o işləri başqa usta etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 2(002)-2213/2019 saylı, 04.10.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı 9000 manat pulun, məhkəmə üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 9030 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı 9000 manat pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 903 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22.09.2020-ci il tarixli, 2(102)-4848/2020 saylı Qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Muikı Kollegiyasının 29.01.2020-ci il tarixli, 2(103)-842/2020 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 04.10.2019-cu il tarixli, 2(002)-2213/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması cavabdeh İddiaçı Cavabdeh xeyrinə 9000 manat pulun, həmçinin ödənilmiş dövlət rüsumu ilə əlaqədar 30 manatın tutulması qət edilmişdir. Cavabdeh İddiaçı iş uzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.01.2020-ci il tarixli qətnaməsindən kasasıya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22.09.2020-ci il tarixli, 2(102)-4848/2020 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.01.2020-ci il tarixli, 2(103)-842/2020 nömrəli qətnaməsi ləğv edilmiş, mülki işin yenidən apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-887/2021 saylı, 10.03.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2213/2019 saylı, 04 oktyabr 2019-cu il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan 02.08.2019-cu il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh ərizəsi əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Tərəflər arasında bağlanmış razılaşma protokolundan görünür ki, Məcidov X4 Azər Xanlar oğluna dövlət qeydiyyat nişanı **-OL-*** olan Ford Tranzit maşınını 9000 manat məbləğində saz vəziyyətdə təhvil vermişdir. O, İddiaçı bu razılaşmanın müqabilində onun istehsal etdiyi məhsulun bazar qiyməti 0,20 qəpikdən hesab olunmaqla ondan götürülməsini təmin edəcəyi barədə öhdəlik vermişdir. Cavabdeh öz növbəsində istehsal etdiyi məhsulu (Zavod çörəyini) ona bazar qiymətindən aşağı 0,19 qəpikdən vermək barədə öhdəlik götürmüşdür. Arada olan fərq mütəmadi olaraq hesablanacaq və yuxarıda göstərilən Ford Tranzit dövlət qeydiyyat nişanı (**-OL-***) maşının məbləğindən İddiaçı xeyrinə silinəcəkdir. Bu razılaşma əsasında sonda İddiaçı tərəfindən maşına ödənilmiş pullar 9000 manat məbləğində olduqda o, Cavabdeh Ford Tranzit dövlət qeydiyyat nişanlı (**-OL-*** ) maşınını İddiaçı adına rəsmiləşdirməyi öhdəlik götürmüşdür. Bu razılaşmanı tərəflər arasında imzaları və möhürlə təsdiq etmişlər. İş materiallarında olan 12.08.2017-ci il tarixli Kredit müqaviləsindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 9000 manat məbləğində pul borc verilmiş, borcalan İddiaçı 12.08.2019-cu ilə qədər borcunu qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 16.01.2018-ci il tarixli, 04 saylı Qüsur aktından görünür ki, **- OL-*** dövlət nömrə nişanlı X21 avtomobilinə baxış keçirilmiş və avtomobilə 4663 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-2213/2019 saylı, 04.10.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı 9000 manat pulun, məhkəmə üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 9030 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən İddia ərizəsi qismən təmin edilmiş, cavabdeh İddiaçı 900 manat pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 903 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23.02.2016-cı il tarixli Qərarından da görünür ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Hazırda İddiaçı Cavabdeh qarşı məhkəməyə müraciət etsə də, məhkəmənin gəldiyi qənaətə görə, hazırki mülki iş üzrə verilmiş iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Belə ki, qanuni qüvvəyə minmiş Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2213/2019 saylı, 04.10.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, ... “tərəflərin iradə ifadəsinin həqiqi mənası 12.08.2017-ci il tarixli kredit müqaviləsi ilə deyil, 20 avqust 2017-ci il tarixli razılaşma protokolu ilə əlaqədar birgə fəaliyyət nəticəsində 9000 həddində yerinə yetirilməli öhdəliklə bağlı olmuş həmin öhdəliyin isə 8100 manat hissəsi icra olunmuşdur. Belə olan halda, iş üzrə sübutlara, məhkəmə iclasında müəyyən edilən hallara, yuxarıda sadalanan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, 12.08.2017-ci il tarixli kredit müqaviləsi yalan əqd olmaqla əhəmiyyətsizdir, ona görə də məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Bu səbəbdən tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq olunmaqla iddia qismən təmin olunmalı, 20 avqust 2017-ci il tarixli razılaşma protokolunda birgə fəaliyyət ilə bağlı icra edilməmiş öhdəlik üzrə qalan 900 manat (9000-8100=900) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir”. Göründüyü kimi, hazırda mübahisə predmeti olan 20 avqust 2017-ci il tarixli razılaşma protokolu ilə bağlı tərəflərin iradə ifadəsinin həqiqi mənasına qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə artıq hüquqi qiymət verilmiş və bunun nəticəsi olaraq hazırki iş üzrə iddiaçıdan yerinə yetirilməli olan öhdəliklə bağlı əlavə olaraq 900 manat məbləğində pul hazırki iş üzrə Cavabdeh xeyrinə tutulmuşdur. Bundan əlavə qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən və şahid ifadələri ilə müəyyən edilir ki, İddiaçı Ford Tranzit markalı ** OL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən həmin avtomobilin mühərrik hissəsini tam yararsız hala salmış və cavabdehə maddi ziyan vurmuşdur. Belə olduğu halda iddia ərizəsi təmin edilə bilməz. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar