Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6752/2021 22.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyinin, X6 qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" QSC BOKT-nın Cavabdeh qarşı "əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsinə dair" iddia ərizəsi mülki işə Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2731,43 ABŞ dolları əsas borc, 1189,25 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3920,68 ABŞ dolları məbləğində borcun və ödənilmiş 178,49 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan “Geely MK” minik markalı (buraxılış ili 2013, ban- LB37624S1DL012737, rəngi- ağ), **-VO-*** dövlət qeydiyyat nömrəli avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehdən tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" AS-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə bankın problemli aktivlərinin tələb hüququ QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş 12.10.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci bəndə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X5 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər 22.12.2017-ci il tarixli, S-AVK- 1772 saylı təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış 21.05.2013-cü il tarixli, 0992 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 18% tətbiq edilməklə, 60 ay müddətinə 10.246 ABŞ dolları məbləğində kredit verilmişdir. 10.10.2013-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan “Geely MK” minik markalı (buraxılış ili 2013, ban- LB37624S1DL012737, rəngi- ağ), **-VO-*** dövlət qeydiyyat nömrəli avtomobil 21.05.2013-cü il tarixli, 992 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X4 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 21.05.2013cü il tarixli, AA seriyalı, 086336 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Nəticədə onun banka olan borcu 2731,43 ABŞ dolları əsas borc, 1189,25 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3920,68 ABŞ dolları təşkil edir. Bank tərəfindən pul məbləğinin ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilməsinə və tez bir zamanda borcun ödənilməsinin tələb olunmasına baxmayaraq, qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı 01.04.2021-ci il tarixdə hazırki iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 26.05.2021-ci il tarixli 2(004)-3084/2021 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 16.07.2021-ci il tarixli 2(103)- 7109/2021 saylı qərardadı ilə Yasamal rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli qərardadından verdiyi şikayət təmin edilməmişdir. Yasamal rayon Məhkəməsi tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsilləri “X5 Edilməsi Agentliyi” MMC-yə 23.09.2021-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Hesab edir ki, iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir və yuxarıda qeyd olunan halları nəzərə alaraq ilkin iddia üzrə vaxtında məhkəməyə müraciət edilməsi, həmçinin yenidən məhkəməyə müraciət edildiyi zaman iş üzrə iddia müddətinin ötürülməməsi məhkəmə tərəfindən üzrlü sayıla bilər. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək bank tərəfindən iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, bank məhkəmədə iddia qaldırarkən iddia müddətini nəzərə almamışdır. Belə ki, sonuncu ödənişlə (2014-cü ilin dekabr ayı hesablandıqda, 2017-ci ilin dekabr ayınadək iddia qaldırmaq hüququ vardır. Lakin, iddia müddəti 21.05.2013-cü il tarixli kredit müqaviləsi üzrə hesablandıqda 21.05.2018-ci il tarixədək iddia qaldırmaq hüququ vardır. Göründüyü kimi, bank iddia müddətinin 4-5 il ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Bank məhkəmədə mənə qarşı iddia qaldırarkən iddia müddətinin kəsilməsinə və ya dayandırılmasına dair iddia ərizəsinə hər-hansısa bir sübut əlavə etməmişdir. Nəticədə bankın qaldırmalı olduğu iddia müddəti 2017-2018-ci il tarixdə bitmiş hesab olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir kiilkin iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış 21.05.2013-cü il tarixli, 0992 saylı kredit müqaviləsinin surətindən görünür ki, cavabdehə avtomobil almaq məqsədi ilə illik 18% tətbiq edilməklə, 60 ay müddətinə 10.246 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış 21.05.2013-cü il tarixli, 992 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, cavabdehin mülkiyyətində olan “Geely MK” minik markalı **-VO-*** dövlət qeydiyyat nömrəli avtomobil ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə dair” 11.08.2015-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İş materiallarına əlavə edilmiş 22.12.2017-ci il tarixli, S-AVK-1772 saylı təhvil-təslim aktının surətindən görünür ki, borclu Cavabdeh 21.05.2013-cü il tarixli, 0992 saylı kredit müqaviləsi üzrə 2731,43 ABŞ dolları əsas borc, 1189,25 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3920,68 ABŞ dolları məbləğində borcuna dair sənədlər İddiaçı QSC-yə verilmişdir. İş materiallarından, həmçinin, müəyyən olunur görünür ki, iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi Yasamal Rayon Məhkəməsinə 15.04.2021-ci il tarixdə daxil olmuş, məhkəmənin 26.05.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 16.07.2021-ci il tarixli 2(103)-7109/2021 saylı qərardadı ilə Yasamal rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli qərardadından verilmiş şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Hazırki iddia ərizəsi 01.10.2021-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 381.1-ci maddəsinə görə isə, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, Konstitusiyanın həmin maddəsinin (25-ci) İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır.Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər.Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında 21.05.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 60 ay təşkil edir və 21.05.2018-ci il tarixdə bitmişdir. İddiaçı ilkin olaraq hazırki tələblə 15.04.2021-ci il tarixdə iddia müddətini ötürmədən Yasamal Rayon Məhkəməsinə müraciət etməsinə baxmayaraq, iddia müddətinin axımı ümumi qaydada davam etmiş və 21.05.2021-ci il tarixdə bitmişdir. Qanunvericilikdə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil etdiyindən və Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, həmçinin, iddiaçı iddia müddətinin kəsilməsinə və ya dayandırılmasına dair heç bir sübut təqdim edə bilmədiyindən, məhkəmə hesab edir ki, iddia müddəti ötürülmüş sayılıb iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı "xxxx" QSC BOKT-nın Cavabdeh qarşı "əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsinə dair" iddia ərizəsi rədd edilsin. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-6752/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6752/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver