Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6844/2021 23.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və mənzilin boş vəziyyətdə təhvil verilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və mənzilin boş vəziyyətdə təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında, 2-ci girişi, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 130,5 kv.m. ibarət olan 3 otaqlı, 207 saylı mənzildən çıxarılması və mənzilin boş vəziyyətdə ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 25.01.2007-ci il tarixində "xxxx" MTK ilə aralarında bağlanmış “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən. Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən MTK-nın tikilməkdə olan binasının 2-ci girişi, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 130,5 kv.m. olan 3 otaqlı, 207 saylı mənzili ona verməyi, o isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Aldığım mənzilin dəyərini müqavilə bağlandığı gün ödəmiş və MTK tərəfindən 25.01.2007-ci il tarixli maliyyə arayışı verilmişdir. Çox zaman respublikadan kənarda olduğundan və daimi yaşayış yeri olduğundan, binada tikinti işlərinin aparılması ilə maraqlanmamışdır. Sonradan mənzilə baxış keçirmək üçün binanın yerləşdiyi əraziyə getmiş, lakin MTK-nın nümayəndələri ora buraxmamış və elə həmin vaxt məlum olmuşdur ki, binada bir mənzil bir neçə nəfərə satıldığından, binanı inşa edən şəxsləri həbs ediblər. Bundan sonra, mənzilə dair sənədləri götürüb MTK-nın əməkdaşlarına yaxınlaşaraq, aldığı mənzili təhvil vermələrini xahiş etmiş, lakin, mənzili göstərməkdən və təhvil verməkdən imtina edərək, orada belə bir mənzilin olmadığını qeyd etmişlər. Sonradan "xxxx" MTK-ya qarşı iddia irəli sürmüş və Yasamal rayon Məhkəməsinin 28.11.2018-ci il tarixli, 2(004)-7864/2018 saylı qiyabi qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu. M.Xiyabani küçəsində yerləşmiş yaşayış binasının 2-ci girişi, 12-ci mərtəbəsində, ümumi sahəsi 130,5 kv.m. olan 3 otaqlı, 207 saylı mənzilin boş vəziyyətdə ona verilməsi vəzifəsinin “Yeni Yasamal" MTK-ya həvalə edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və qətnamənin icrası zamanı məlum olmuşdur ki, mənzildə Cavabdeh1 arvadı Cavabdeh2 və iki az yaşlı uşağı ilə birlikdə yaşayırlar. Həmin şəxslərə mənzilin boşaldılması ilə bağlı dəfələrlə müraciət etsə də və mənzilin könüllü qaydada onlar tərəfindən boşaldacağlarına ümid etsə də, cavabdehlər tərəfindən mənzilin boşaldılaraq təhvil verilməsi təmin edilməmişdir. Məhz bu səbəbdən də, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 228.1-ci və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 82.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən etmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28.11.2018-ci il tarixli, 2(004)-7864/2018 saylı qanuni qüvvəyə minmiş qiyabi qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilin boş vəziyyətdə təhvil verilməsi tələbinə dair “ iddiası təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş yaşayış binasının 2-ci girişi, 12-ci mərtəbə, ümumi sahəsi 130,5 kv.m olan 3 otaqlı 207 saylı mənzilin boş vəziyyətdə iddiaçıya təhvil verilməsi cavabdehə həvalə edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MTK-nın 15.09.2021- ci il tarixli, M/H-83 saylı məktubundan görünür ki, ünvan 2 ünvanda MTK tərəfindən inşa olunmuş yüksəkmərtəbəli yaşayış binasının 2-ci girişi, 12-ci mərtəbəsi , ümumi sahəsi 130,5 kv.metr olan 207 saylı mənzildə Cavabdeh1, həyat yoldaşı Cavabdeh2 və iki azyaşlı uşaqları ilə birlikdə qeydiyyatsız olaraq yaşayır. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28.11.2018-ci il tarixli, 2(004)-7864/2018 saylı qanuni qüvvəyə minmiş qiyabi qətnaməsi ilə, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş yaşayış binasının 2-ci girişi, 12-ci mərtəbə, ümumi sahəsi 130,5 kv.m olan 3 otaqlı 207 saylı mənzilin boş vəziyyətdə İddiaçı təhvil verilməsi qət edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iki azyaşlı uşaqları ilə birlikdə mübahisəli mənzildə heç bir qanuni əsas olmadan yaşamaqda davam edir və mənzili iddiaçıya təhvil verməkdən imtina edirlər. Halbuki, cavabdehlərin (azyaşlı uşaqları ilə birlikdə) həmin mənzildə yaşaması üçün hər hansı bir hüquqi əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehlərin (azyaşlı uşaqları ilə birlikdə) iddiaçının mülkiyyətində olan mənzildə qanunsuz yaşaması, iddiaçının bir mülkiyyətçi kimi hüquqlarını pozur. Belə olduğu halda, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi təmin edilməli, cavabdehlər (azyaşlı uşaqları ilə birlikdə) mənzildən çəxarılmalı, mənzil boşaldılaraq, iddiaçıya təhvil verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında, 2-ci girişi, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 130,5 kv.m. ibarət olan 3 otaqlı, 207 saylı mənzildən çıxarılsın və həmin mənzil boş vəziyyətdə İddiaçı təhvil verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-6844/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6844/2021
23.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver