Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6876/2021 13.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 10.000 (on min) əsas məbləğin, 5000 (beş min) manat məbləğində vəsait mənəvi zərərin əvəzi olaraq, ümumilikdə 15000 (on beş min) manat məbləğində vəsaitin və 135 (yüz otuz beş) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2013-cü ildə Yasamal rayonu Z.Xəlilov küçəsində «Frans» salonunda administrator vəzifəsində işləmişdir. Həmin dövrdə işlədiyi salon ilə üzbəüz yerləşən digər salonda Ülviyyə adlı xanım işləmişdir. Həmin xanımı əvvəllər da tanımışdır. Belə ki, ondan bir neçə dəfə qızıl almış, Ülviyyə onun əlində nağd pulunun olduğunu bildiyi üçün ona birgə iş təklif etmişdir. Onun qeyri-rəsmi yaşadığı Cavabdeh1 avtomobil alveri ilə məşğul olduğu üçün həmin işdə yaxşı pul olduğunu Zaurun avropadan maşın gətirdiyini ona söyləmişdir. Ondan 10.000 manat pulun müqabilində yarıyarıya olmaqla şəriklik təklif etmiş, o da onunla razılaşmış və Zaur ilə birlikdə üçü birləşib hər bir detalı incələyəndən sonra, o, Ülviyyəyə 2013-cü ilin oktyabr ayında Yasamal rayonunda Ülviyyənin işlədiyi salonda ona 2000 manat pul vermişdir. Təxminən bir həftə sonra Ülviyyənin iştirakı ilə şəxsən Zaurun özünə Nəsimi rayonu 28 May metrosunun arxasında yerləşən Dəmiryolu stansiyasının qarşısında 6400 manatı Zaurun həmin vaxtı idarə etdiyi 09 markalı avtomaşının içərisində ona vermişdir. O, həmin vəsaiti özünə məxsus olan qızılları girov qoyaraq götürmüşdür. Aralarında olan razılaşmaya əsasən Zaur bir ay ərzində artıq işdən gələn xeyirdən onun payını verməli idi. Lakin, Zaur və Ülviyyə həmin pulu ələ keçirdikdən sonra verdikləri öhdəlik üzrə heç bir iş görməmişlər. Hər dəfə də onlardan pulu istəyəndə həmin şəxlər müxtəlif bəhanələr gətirib pulu ödəməkdən imtina etmişlər. Uzun müddət ona pulu qaytaracaqları vədi ilə aldadaraq gözlətmişlər. Sonda 2016-cı il tarixdə Nəsimi rayon polis şöbəsinə müraciət etmişdir. 07.11.2016-cı il tarixdə Cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərar çıxarılmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia müddətinin tətbiqinə dair ərizəni məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının ərizəsində göstərilənlər həqiqəti əks etdirmir, iddiaçıdan pulu o borca, aylıq faiz ödəmək şərti ilə almış, alınmış pulun ümumi dəyəri 4400 manat olmuş, həmin puldan 500 manatı onun tərəfindən, qalanı isə qardaşı tərəfindən geri qaytarılmışdır. Eyni zamanda pul iddiaçı tərəfindən ona verilmiş, həmin pulun Cavabdeh2 heç bir aidiyyəti olmamışdır. İddia ərizəsindən görünür ki, tələb olunan pul vəsaiti 2013-cü ilin oktyabr ayında ona verilmiş və 1 ay ərzində geri qaytarılmalı idi. Hal-hazırda iddia ərizəsində tələb olunan pul vəsaitinin verilməsindən 7 ildən ardıq müddət keçmişdir. Odur ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən pul vəsaitinin tələb edilməsi ilə bağlı iddia müddətləri ötürüldüyündən iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. 13.12.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil iddia müddətinin tətbiqinə dair ərizəni məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən pul vəsaiti Cavabdeh2 verilmiş olsa belə həmin məbləğinin tələb edilməsi ilə bağlı iddia müddətləri ötürülmüş və bu səbəbdən də iddia tələbi rədd edilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, tələb olunan pul vəsaiti 2013cü ilin oktyabr ayında Cavabdeh1 verilmiş və 1 ay ərzində geri qaytarılmalı idi. Hal-hazırda iddia ərizəsində tələb olunan pul vəsaitinin verilməsindən 7 ildən ardıq müddət keçmişdir Odur ki, iddianın Cavabdeh2 aidiyyəti olmaması və eyni zamanda qanunvericilikdə nəzərdə tutulan iddia müddəti ötürməklə verdiyinə görə mübahisəyə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iddia müddətinin tətbiqinə dair ərizələri iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki,şikayət edilmiş şəxslərin əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarından göründüyü kimi, Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Mülki Məcəllənin 377.1.-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə araşdırması zamanı iddiaçının izahatına əsasən müəyyən edilmişdir ki, o tanışı digər Cavabdeh2 vasitəsilə tanış olduğu Cavabdeh1 maşın alqı-satqısı ilə məşğul olmaq üçün əvvəl 2000, sonra 6400 manat pul vermiş, razılığa əsasən onun pulunu bir ay müddətində qaytarmalı olduğu halda qaytarmamışdır. Cavabdeh1 isə onun dediklərini inkar edərək, 4400 manat məbləğində pulu faizə götürdüyünü, ondan 500 manat özü tərəfindən, qalan məbləğin isə qardaşı tərəfindən ödənildiyini bildirmişdir. Beləliklə, iddiaçı hər iki cavabdehə 8400 manat pul verdiyini bildirsə də, bu halı sübuta yetirə bilməmiş, cvabahdeh Z.Rüstımov isə 4400 manat pul aldığını, lakin sonradan həmin məbləğin özü və qardaşı tərəfindən qaytarıldığını bildirsə də, bu hal da məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 3 (üç) illik iddia müddəti keçdiyindən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 10000 (on min) manat əsas məbləğin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehlərin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, iddiaçı mənəvi və fiziki sağlamlığına vurulan zərərin nədən ibarət olmasını və bu zərərin cavabdehlərin hansı təqsirli hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsini, səbəbli əlaqə olmasını sübut edən sənədləri məhkəməyə təqdim etmədiyindən iddia tələbi 5000 (beş min) manat mənəvi zərərin əvəzinin tutulması hissəsində də rədd olunmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu iddia tələbi rədd edildiyindən özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 10000 (on min) manat əsas məbləğin, 5000 (beş min) manat mənəvi zərərin əvəzi olaraq, ümumilikdə 15000 (on beş min) manat məbləğində vəsaitin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-6876/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6876/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver