Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-693/2021 23.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X6 qızının katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 19 saylı notariat ofisinə qarşı "müqavilənin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun bərpası tələbinə dair" mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 19 saylı notariat ofisinə qarşı "müqavilənin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun bərpası tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müəraciət edərək, Bakı şəhəri 19 saylı notariat ofisində X4 ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, ev За ünvanında yerləşən 1 saylı mənzilin alqı-satqısına dair bağlanmış AN-1№ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək, mülkiyyət hüququnun bərpa edilməsi, alqı-satqı üçün İddiaçı aldığı 19.500 manat əvəzində ödədiyi 2000 manat pul nəzərə alınmaqla, 17.500 manat borclu qalması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əri X3 təcili pul lazım olduğundan Razı adlı şəxslə tanış olmuş, ona bankdan pul götürməyə köməklik göstərəcəyini bildirmişdir. Bankdan pul çıxara bilmədiyi üçün onu tanış etdiyi Oktay, bankdan pul çıxarılması üçün mənzili banka girov qoymaq lazım olduğunu bildirmiş, Cavabdeh2la gəlib onun qaynatası X2 adına məxsus Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, ev За, 1 otaqlı 1 saylı mənzilə baxış keçirmişlər. Evə baxış keçirtdikdən sonra evdə qeydiyyatda olan sakinlərin notariusda mənzili girov qoyulmağına icazəsinin alınmalı olmasını demişlər. O və ailə üzvləri xx.xx.2020-ci tarixdə Qaradağ rayonunda yerləşən DNK-da qayınatası F.Abbasovun adına olan mənzilə dair onun adına 4 aylıq etibarnamə verilərək, mənzilin girov qoyulması üçün evdə qeydiyyatda olan 5 nəfər ailə üzvlərinin icazəsi alınmışdır. xx.xx.2020-ci il tarixində ona Oktay və Vüqar tərəfindən təzyiq göstərərək, öz istədikləri Yasamal rayon ərazisində yerləşən 19 saylı notariat kontoruna aparaq, həmin mənzilə dair girov müqaviləsi deyil, alqı-satqı barədə müqavilə bağlamağı tələb edilmişdir. Notarial kontoruna gələnə kimi mənzilin alqı-satqı eduləcəyini bilməmiş, elə bilmişdir ki, mənzili girov qoyub, pulu bankdan götürəcək. O, buna razılıq verməyəndə, Oktay adlı şəxs ona Vüqarın etibarlı şəxs olduğunu və onun mənzilinə ehtiyacı olmadığını bildirmişdir. Qiymətləndirmə dəyəri 43000 manat olan mənzili üçün 25000 manat veriləcək, həmin puldan 5000 manatı onlar özlərinə götürüb, 3500 ona çatacaq, 1500 isə Oktayın özünə qalacaq, yəni ona 20000 manat ödəniləcək və əvəzində 6 ay boyunca hər ay 1000 manat ödəyib, 24 iyun tarixində isə ümümi ödənişlərlə birgə 30000 manat pul qaytaracaqdı. DNKda ödənilən dövlət rüsumu olan 500 manat pul da onun boynuna qoyulmuşdur. O və ailəsi çıxılmaz vəziyyətdə olduğundan onların bu şərtləri ilə razılaşmaq məcburiyyətində qalmışdır. Onlarla əlbir olan notarius bildirmişdir ki, mənzili girov kimi deyil, alqı-satqı kimi rəsmiləşdirə bilər. Beləliklə onun etibarından sui-istifadə edib, aldadılaraq, həmin mənzilə dair alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Bundan sonra "Muğan" bank vasitəsi ilə xx.xx.2020-ci il tarixində Ramin Həsənovun adından onun adına 25000 manat pul köçürülmüşdür. xx.xx.2020-ci il tarixdə bankdan 25000 manat pulu çıxardaraq, həyat yoldaşı və atasının şahidliyi ilə Oktay adlı şəxsə 5500 manat vermiş, əlində 19 500 manat pul qalmışdır. 2020-ci ilin fevral ayında 1000 manat pulu Cavabdeh2 təqdim edəndə axırıncı pulu Oktaya ədəməsini demiş, Oktay 1000 manatı alıb, əvəzində heç bir qəbz verməmişdir. Mart ayı üçün də həmçinin 1000 manat pulu Oktaya ödəmiş olmuşdur. Belə olduğu halda, sövdələşmələrinə dair rəsmi müqavilə bağlamağı və borcu aylığa salması və müddətin uzadılmasını təklif etmiş, əvəzində isə hədə-qorxu, təqiblərə məruz qalmışdır. Sonradan anlamışdır ki, dələduz dəstəyə rast gəlib. Hazırda dələduzluq əməllərinin üstündə DİN BMCMİ-də Oktay adlı şəxsin barəsində cinayət işi açılıb, həbs qətimkan tədbiri seçilib, istintaq aparılır. Cavabdeh2 hazırda ona hədə-qorxu gəlir və evi boşaltmağı tələb edir. Ona təklif edəndə ki, evi satıb 30000 manat pulunu çıxsın, yerdə qalan pulu qaytarsın, razılaşmır, hər dəfə ona zəng vuranda onu və həyat yoldaşını təhqir edir, şərəf və ləyaqətinə toxunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehlərin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərdi ki, iddia əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilə qanunvericiliyin tələblərinə tam riayət olunmaqla bağlanmışdır. Odur ki, cavabdehlərin nümayəndəsi məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbini qəbul etməyərək, əsassız olduğuna görə rədd olunmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh Bakı şəhəri 19 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən, cavabdeh Bakı şəhəri 19 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların nümayəndəsi və vəkili X1 izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə (X2 əvəzinə) Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AN-1№ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, ev За ünvanında yerləşən 1 saylı mənzili 25000 manata alıcıya satmışdır. Müqavilə Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu H.Hacızadə tərəfindən təsdiq olunmuş və reyestrdə 4Ə-17 nömrə ilə qeyd edilmişdir. Mənzildə qeydiyyatda olan şəxslərin mənzilin satılmasına razılıq verməsinə dair ərizələri notarial qaydada təsdiqlənərək, notariat işinə əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, “MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar.” Həmçinin, Konstitusiya Məhkəməsinin Plenumunun “Marine Plaza” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2018-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqyinə görə, “Mülki qanunvericilik bu azadlığı (müqavilə azadlığı) mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.4-cü maddəsinə görə isə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmşinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə görə əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Göründüyü kimi, mülki qanunvericiliyin tələblərinə görə Mülki məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdin etibarsızlığını mübahisələndirmək hüququ müqavilə tərəflərinə aiddir. Beləliklə, məhkəmə baxışı zamanı iş materialları və məhkəmədə toplanılmış digər sübutlar hərtərəfli araşdırılmaqla işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Bakı şəhəri 19 saylı notariat ofisində X4 ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, ev За ünvanında yerləşən 1 saylı mənzilin alqı-satqısına dair bağlanmış AN-1№ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığına dəlalət edən hər hansı bir əsas aşkar edilməmişdir. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə, hazırki iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 19 saylı notariat ofisinə qarşı "müqavilənin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun bərpası tələbinə dair" iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-693/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-693/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver