Məhkəmə qərarları › İş №2(004)-7034/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7034/2021

01.12.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7034/2021 01.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı Yusı̇ f oğlunun, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil2 və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Yusı̇ f oğlunun cavabdeh "xxxx" ASC qarşı "ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqı və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC "xxxx" Bankın "xxxx" filialının Kredit Şöbəsinin hüquqi Şəxslərin kreditləşməsi şöbəsinin aparıcı mütəxəssisi kimi onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə ASC "xxxx" X14 sədrinin 16 avqust 2021-ci il tarixli, XB-K1/085 saylı əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, onun yenidən həmin vəzifəyə bərpa edilməsi və məcburi iş buraxmaya görə ona əmək haqqı hesablanaraq ödənilməsi, eləcə də mediasiya sessiyasının keçirilməsi üçün tərəfindən ödənilmiş 50 manat məbləğində pulun da cavabdeh ASC "xxxx" Bankından tutularaq oa ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 08 aprel 2019-cu il tarixdən ASC "xxxx" Bankının “Baş” filialının kredit İdarəsinin Hüquqi şəxslərin kreditləşməsi şöbəsinin mütəxəssisi vəzifəsində, 05 iyul 2021-ci il tarixindən isə Bankın "xxxx" filialının Kredit Şöbəsinin hüquqi Şəxslərin kreditləşməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləmişdir. ASC "xxxx" X14 sədrinin 16 avqust 2021-ci il tarixli, XB-K1/085 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) onunla bağlanmış əmək müqaviləsi 16 avqust 2021-ci il tarixdən ləğv edilmişdir. Lakin müvafiq əmrin surəti ona təqdim edilməmişdir. Həmçinin ona məxsus əmək kitabçası da qanunvericiliyin tələbləri pozulmaqla, əmr verilən gün deyil, 27 avqust 2021-ci il tarixdə ona təqdim edilmişdir. ASC "xxxx" X14 sədrinin 16 avqust 2021-ci il tarixli, XB- K1/085 saylı əmrini qanunsuz və əsassız hesab etdiyindən müvafiq şikayət ərizəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə müraciət etmişdir. Müraciətində işdən çıxarılmağının əsl səbəblərini də qeyd etmişdir. Həmçinin tərəfindən 23 sentyabr 2021ci il tarixli müvafiq ərizə ilə ASC "xxxx" X14 sədrinə müraciət edərək, tutduğu vəzifədən azad edilməyi barədə olan 16 avqust 2021-ci il tarixli, XB-K1/085 saylı əmrin, həmin əmrin verilməsi üçün əsas olmuş digər sənədlərin, eləcə də, onunla bağlanmış əmək müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətlərinin təxirəsalınmadan ona verilməsinin təmin edilməsi xahiş edilmişdir. Yalnız bundan sonra, 29 sentyabr 2021-ci il tarixdə tutduğu vəzifədən azad edilməyi barədə olan 16 avqust 2021-ci il tarixli, XB-K 1/085 saylı əmrin, eləcə də onunla bağlanmış əmək müqaviləsinin təsdiq edilmiş surətləri ona göndərilmişdir.Hesab edir ki, tutduğu vəzifədən azad edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri kobud və açıq-aşkar şəkildə pozulmuşdur. Tərəfindən cavabdeh Bankla aralarındakı əmək mübahisəsinin qarşılıqlı razılaşma əsasında həll edilməsi üçün mediasiya təşkilatına müraciət edilmiş, lakin qarşılıqlı razılaşma əsasında aralarında olan mübahisənin həll edilməsi mümkün olmamışdır. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edir. Cavabdeh ASC iddia ərizəsinə qarşı etiraz təqdim etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 08.04.2019- cu il tarixindən Bankın "Baş" filialının Kredit İdarəsinin Hüquqi şəxslərin kreditləşməsi şöbəsinin mütəxəssisi, 17.07.2020-ci il tarixindən Bankın "Baş" filialının Kredit İdarəsinin Hüquqi şəxslərin kreditləşməsi şöbəsinin aparıcı mütəxəssisi, 05.07.2021-ci il tarixindən Bankın "xxxx" filialının Kredit şöbəsinin hüquqi şəxslərin kreditləşməsi üzrə aparıcı mütəxəssisi vəzifələrində işləmişdir. ASC "xxxx" Bankı üzrə 16 avqust 2021-ci il tarixli, XB-K1/085 saylı əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən (işçi Özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) İddiaçı əmək müqaviləsinə həmin tarixdən xitam verilmişdir. Əmək kitabçasının verilməsi ilə bağlı qeyd edilməlidir ki, İddiaçı işdən azad olunduğu gündən sonra kitabçasının imkan olan kimi Banka yaxınlaşıb götürəcəyini bildirmişdir, bu səbəbdən də sənəd ona poçtla göndərilməmişdir, Belə ki, o, Bərdə rayonu, Xəşili kəndində rəsmi qeydiyyatda olsa da, ünvan 1 ünvanında faktiki olaraq yaşayır. Sənədin çatmasındakı riski nəzərə alaraq, İddiaçı da şəxsən gəlib götürəcəyini bildirdiyi üçün kitabça poçtla göndərilməmişdir. Müqavilənin təsdiq olunmuş surətinin ona 29 sentyabr 2021-ci il tarixdə verildiyini və bunu “pozuntu" kimi təqdim etməyə cəhd etməsi barədə dəlilə münasibətdə isə qeyd edilməlidir ki, müqavilənin 9.2-ci bəndindən də görünür ki, "Bu əmək müqaviləsi Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə tərtib edilib, nüsxələrdən biri işçidə, digəri isə İşəgötürəndə saxlanılır.” Göründüyü kimi, əmək müqaviləsinin bir nüsxəsi müqavilə imzalanan zaman iddiaçıya verilmişdir, digər tərəfdən, onun özünün də etiraf etdiyi kimi, müqavilənin surəti təkrar olaraq ona təqdim edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi üçün guya, heç bir əsasın olmadığı barədə də dəlili iş materialları ilə tam təkzib olunur. Bankın "xxxx" filialının direktorunun X13 sədrinə ünvanlandığı 16 avqust 2021-ci il tarixli Xidməti məktubda da İddiaçı Filiala təyin edildiyi tarixdən etibarən fəaliyyəti barədə bildirilmişdir ki: "1. Kredit verilməsi zamanı müştərinin analizi, təhlili tərəfindən düzgün, tam dolğun aparılmamışdır. 2. Verilən kreditlər üzrə məlumatlar X7 düzgün daxil edilməmiş və ya daxil edilməmişdir. Belə ki, kreditin təyinatı düzgün daxil edilməmiş, zaminliklə verilmiş kredit üzrə zamin barədə, girov təminatı kredit barədə girov məlumatları daxil edilməmişdir. 3.Bizimlə işlədiyi qısa müddətdə həmçinin müştərinin kredit müqaviləsi nöqsanlı tərtib edilmiş, kredit dosyesi düzgün yığılmamışdır.” Bundan əlavə, iddiaçının korporativ elektron poçtu vasitəsi ilə yazışmalardan görünür ki, iddiaçı verilən kreditlər üzrə məlumatları dəfələrlə səhv göstərmiş, kreditin təyinatı düzgün daxil edilməmiş, girovun dəyəri, kreditin ilkin məbləği, kreditin qaytarılma tarixi göstərilməmiş, girov təminatlı kredit barədə girov məlumatları daxil edilməmiş, hətta ona bu barədə irad bildirildikdən sonra da səhvlərə yol verməyə davam etmişdir. Bundan əlavə, İddiaçı tərəfindən müştərinin kredit müqaviləsi nöqsanlı tərtib edilmiş, kredit dosyesi düzgün yığılmamışdır. Bank məhsulu 17 faizlə kreditin verilməsini nəzərdə tutduğu halda, kredit 16 faizlə rəsmiləşdirmişdir. Halbuki, 22 iyul 2019-cu il tarixli dəyişikliyə əsasən, "ASC "xxxx" Bankı və avtodilerlərin əməkdaşlıq şərtlərinə əsasən avtonəqliyyat vasitəsinin ilkin bazarda alınması üçün verilən kredit bank məhsulunun Pasportu"na edilən dəyişikliyə görə 37-48 ayı əhatə edən kredit müddəti üzrə illik faiz dərəcəsi 17% müəyyən edilmişdir. İddiaçının yol verdiyi həmin səhvin aradan qaldırılması üçün Bank müştəri ilə 17 avqust 2021-ci il tarixdə kredit müqaviləsinə Əlavə Saziş bağlamaq məcburiyyətində qalmışdır. Bundan əlavə, guya, intizam tənbehinin verilməsindən əvvəl ondan izahat alınmadığı barədə də dəlil həqiqətə uyğun deyil. Belə ki, Bankın "xxxx" filialının direktoru X5, eyni adlı filialının Kredit şöbəsinin rəisi X1 İşlər İdarəsinin Kadrlar şöbəsinin baş mütəxəssisi Nümayəndə tərəfindən tərtib edilmiş 13 avqust 2021-ci il tarixli aktla təsdiq edilmişdir ki, "Bankın "xxxx" filialının Kredit şöbəsinin hüquqi şəxslərin kreditləşməsi üzrə aparıcı mütəxəssisi İddiaçı Verilən kreditlər üzrə məlumatların X7 düzgün daxil edilməməsi və ya daxil edilməməsi, kredit müqaviləsinin nöqsanlı tərtib edilməsi, kredit dosyesinin düzgün yığılmaması ilə bağlı izahat verməkdən imtina etmişdir.” Yuxarıda qeyd edilənlərə əsasən, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, o, Cavabdeh ASC-də işlədiyi dövrdə yalnız hüquqi şəxslərə kreditləşməsi şöbəsində işləmiş, ancaq bu şöbə üzrə ixtisaslaşmış, əvvəllər heç vaxt fiziki şəxslərlə kredit müqavilələri bağlamamışdır. Sonradan işçi çatışmazlığını bəhanə gətirərək, məcburi olaraq fiziki şəxslərlə bağlı kreditləşmənin aparılmasında iştirak etməsi tapşırılmışdır. Lakin həmin işlərin görülməsində bütün işçilərin yol verdiyi nöqsanlar müqavilə imzalama səlahiyyəti olan bankın məsul şəxsi tərəfindən aşkarlanaraq aradan qaldırılır. Belə nöqsanlar əslində bankda kompüter sistemi vasitəsilə aradan qaldırılması mümkün olan yol verilmiş boşluqlardır. Həmçinin də bu işlərin görülməsi onun birbaşa vəzifə səlahiyyətlərinə aid deyil. Bankda gün ərzində işçilər tərəfindən 100-dən çox belə xırda qüsurlu əməliyyatlar həyata keçirilir, sistem vasitəsilə də aradan qaldırılır. Belə qüsurlar bankın fəaliyyətinə hər hansı xələl gətirməmiş, banka hər hansı maddi ziyan vrurulmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddiaçının izahatı ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, bankda işçilər barəsində belə tədbirlərin tətbiqinə yol verilmədiyindən iddiaçı işdən azad edilənə kimi onun barəsində intizam tənbehi tətbiq edilməmişdir. Onun Bankın “Baş” filialından "xxxx" filialına keçirilməsi onun işində qüsurlara yol verdiyini göstərir. Şöbənin hüquqi şəxslərin kreditləşməsinə baxan əməkdaşı fiziki şəxslər ümün də kreditləşməyə baxa bilər. Müqaviləni imzalamaq səlahiyyəti olmasa da işin icraçısı kimi İddiaçı məsuliyyət daşıyır. Hesab edir ki, Cavabdeh ASC-nin 16.08.2021-ci il tarixli XB-K1/085 nömrəli əmri qanuni və əsaslıdır, ləğvi üçün əsas yoxdur. Ona görə də, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ASC-nin 16.08.2021-ci il tarixli XB- K1/085 nömrəli əmrindən görünür ki, İddiaçı-Bankın "xxxx" filialının Kredit Şöbəsinin hüquqi şəxslərin kreditləşməsi üzrə aparıcı mütəxəssisi əmək müqaviləsinə 16 avqust 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan ASC “Xalq" Bankının “Əhmədli" filialının Kredit Şöbəsinin hüquqi Şəxslərin kreditləşməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləmiş İddiaçı tərəfindən ASC "Xalq ” X11 sədri cənab Kamran Məcidova ünvanlanmış 23.09.2021-ci il tarixli ərizədən görünür ki, iddiaçı tutduğu vəzifədən azad edilməyi barədə olan 16 avqust 2021-ci il tarixli, XB-K1/085 saylı əmrin, həmin əmrin verilməsi üçün əsas olmuş digər sənədlərin, eləcə də, onunla bağlanmış əmək müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətlərinin təxirəsalınmadan ona verilməsinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan 08.04.2019-cu il tarixli 26 saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC "xxxx" Bankının “Baş” filialının Kredit İdarəsinin Hüquqi şəxslərin kreditləşməsi şöbəsinin mütəxəssisi vəzifəsinə ilk 3 (üç) ay sınaq müddəti hesab edilməklə işə qəbul edilmişdir. Müqavilə 08 aprel 2019-cu il tarixindən 08 aprel 2020-ci il tarixinədək olan müddətə bağlanmışdır. İşçinin vəzifə maaşının yekun məbləği 1410 (bir min dörd yüz on) manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan 30.04.2020-ci il tarixli 08 aprel 2019-cu il tarixli 26 saylı Əmək Müqaviləsinə 01 nömrəli Əlavə Sazişdən görünür ki, İşçiyə, Bank və ya digər kredit idarələrində müəyyən ixtisas üzrə iş stajının (Bank və digər kredit idarələrində müəyyən ixtisas üzrə iş stajına görə əlavə ödəmə iş stajının 10 ildən artıq olmayan müddət üçün hesablanır) hər ili üçün 20 (iyirmi) AZN məbləğində müəyyən edilən olmaqla İşçinin vəzifə maaşının yekun məbləği 1430 (bir min dörd yüz otuz) manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan 14.06.2021-ci il tarixli 08 aprel 2019-cu il tarixli 26 saylı Əmək Müqaviləsinə 02 nömrəli Əlavə Sazişdən görünür ki, İşçi ASC "xxxx" Bankına Bankın "xxxx" filialının Kredit şöbəsinin hüquqi şəxslərin kreditləşməsi üzrə aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul olunur və X18 "xxxx" filialının Kredit şöbəsinin hüquqi şəxslərin kreditləşməsi üzrə aparıcı mütəxəssisi vəzifəsini tutduğuna görə müəyyən edilən əlavə ödəmə - 330 (üç yüz otuz) manatdır. İş materiallarında olan İnternet Vergi İdarəsi elektron çıxarışdan görünür ki, ASC "xxxx" Bankı-nın hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti, ev 22L-dir. İş materiallarında olan Bankı "xxxx" filialının direktoru X3 ASC "xxxx" X11 sədrinə ünvanladığı xidməti məktubda qeyd edilir ki, İddiaçı Filiala təyin edildiyi tarixdən etibarən Kredit verilməsi zamanı müştərinin analizi, təhlili tərəfindən düzgün, tam dolğun aparılmamış, verilən kreditlər üzrə məlumatlar X7 düzgün daxil edilməmiş və ya daxil edilməmiş, kreditin təyinatı düzgün daxil edilməmiş, zaminliklə verilmiş kredit üzrə zamin barədə, girov təminatı kredit barədə girov məlumatları daxil edilməmiş, işlədiyi qısa müddətdə həmçinin müştərinin kredit müqaviləsi nöqsanlı tərtib edilmiş, kredit dosyesi düzgün yığılmamışdır. İş materiallarında olan Bankı "xxxx" filialının direktoru X3 ASC "xxxx" X11 sədrinə ünvanladığı xidməti məktubda İddiaçı son vaxtlarda nöqsanları və səhvləri adı çəkilən şöbənin iş prosesinin gedişatını yubatması və əngəl yaratması barədə məlumat verilmiş və müvafiq tədbirlər görülməsi xahiş edilmişdir. İş materiallarında olan 13.08.2021-ci il tarixli Aktdan görünür ki, Bankın "xxxx" filialının kredit şöbəsinin hüquqi şəxslərin kreditləşməsi üzrə aparıcı mütəxəssisi İddiaçı verilən kreditlər üzrə məlumatların X7 düzgün daxil edilməməsi və ya daxil edilməməsi, kredit müqaviləsi nöqsanlı tərtib edilməsi, kredit dosyesinin düzgün yığılmaması ilə bağlı izahat verməkdən imtina etmişdir. İş materiallarında olan 10.08.2021-ci il tarixli DKM/020N10A00539521 nömrəli kredit müqaviləsinə 01 nömrəli əlavə sazişdən görünür ki, Bu sazişin 1.1-ci bəndinə müvafiq olaraq Kredit müqaviləsinin 1.1-ci bəndində “16 % (on altı faiz)” sözləri “17 % (on yeddi faiz)” sözləri ilə əvəz edilmişdir. İş materiallarında olan ASC "xxxx" Bankı və avtodilerlərin əməkdaşlıq şərtlərinə əsasən avtonəqliyyat vasitəsinin ilkin bazarda alınması üçün verilən kredit bank məhsulunun pasportuna əlavə və dəyişikliyin məzmununda qeyd olunur ki, Pasportun 1.10-cu bəndi aşağıdakı redaksiyada verilsin. “kreditin müddəti 1-36 ayı əhatə edirsəillik 16%, kreditin müddəti 37-48 ayı əhatə edirsə illik 17%” İş materiallarında olan ASC "xxxx" Bankının 19.05.2020-ci il tarixli, XB-İ/99 Əmrindən görünür ki, ASC "xxxx" Bankının "xxxx" filialının Kredit şöbəsinin fiziki şəxslərə xidmət sahəsində müştərilərə göstərilən xidməti daha da effektiv, günün tələblərinə uyğun şəkildə təşkil etmək, müştərilərin müraciətlərinin yüksək səviyyədə cavablandırılmasını və operativliyini təmin etmək məqsədi ilə filialının Kredit şöbəsinin hüquqi şəxslərin kreditləşməsi üzrə mütəxəssislərinə hüquqi şəxslərin kreditləşməsi ilə paralel olaraq, zəruri hallarda fiziki şəxslərin kreditləşməsi üzrə xidmətlərin görülməsi həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş İBM Notes Flexcube BƏS üzərindən aparılan yazışmalardan çıxarışlardan görünür ki, sifarişi qəbul edən İddiaçı tərəfindən tərtib olunmuş borcalan X2 verilən kredit müqaviləsində kredit müqaviləsinin ilkin məbləği, X4 verilən kredit müqaviləsində isə girov dəyəri yazılmamışdır. Bundan əlavə “1001 Fiziki şəxslərə verilən kredit –seçimi fiziki şəxslərin kreditlərində edilə bilməz, yalnız köhnə sahibkar kreditlərində bu seçim edilmişdir və 1004 Nəqliyyat vasitəsinin alınması üçün avtomobil krediti kimi” düzəlişlərin olunması barədə İddiaçı məlumatlar göndərilmişdir. İş materiallarında olan 10.08.2021-ci il tarixli DKM/020N10A00539521 nömrəli kredit müqaviləsindən görünür ki, müqaviləni Bank tərəfdən V.M.Məmmədov tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. - 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşin materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 08.04.2019-cu il tarixli 26 saylı əmək müqaviləsi əsasında İddiaçı ASC "xxxx" Bankının “Baş” filialının Kredit İdarəsinin Hüquqi şəxslərin kreditləşməsi şöbəsinin mütəxəssisi vəzifəsinə işə qəbul olunmuşdur. 14.06.2021-ci il tarixli 02 nömrəli Əlavə Saziş əsasında İddiaçı ASC "xxxx" Bankına Bankın "xxxx" filialının Kredit şöbəsinin hüquqi şəxslərin kreditləşməsi üzrə aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul olunmuşdur. ASC "xxxx" X14 sədrinin 16 avqust 2021-ci il tarixli, XB-K1/085 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) onunla bağlanmış əmək müqaviləsi 16 avqust 2021-ci il tarixdən ləğv edilmişdir. Məhkəmə araşdırması zamanı təqdim olunan çıxarışlardan məlum olur ki, iddiaçının yol verdiyi nöqsanlar fiziki şəxslərlə bağlanmış müqavilələr zamanı baş vermişdir. Halbuki İddiaçı ASC "xxxx" Bankının “Baş” filialının Kredit İdarəsinin Hüquqi şəxslərin kreditləşməsi şöbəsinin mütəxəssisi vəzifəsinə, daha sonra isə ASC "xxxx" Bankına Bankın "xxxx" filialının Kredit şöbəsinin hüquqi şəxslərin kreditləşməsi üzrə aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul olunmuşdur. Tərəflər arasında bağlanılan əmək müqaviləsində işçinin “fiziki şəxslərlə müqavilələrin bağlanması funksiyası” göstərilməmişdir. Məhkəməyə təqdim olunan ASC "xxxx" Bankının "xxxx" filialının Kredit şöbəsinin fiziki şəxslərə xidmət sahəsində müştərilərə göstərilən xidməti daha da effektiv, günün tələblərinə uyğun şəkildə təşkil etmək, müştərilərin müraciətlərinin yüksək səviyyədə cavablandırılmasını və operativliyini təmin etmək məqsədi ilə filialının Kredit şöbəsinin hüquqi şəxslərin kreditləşməsi üzrə mütəxəsislərinə hüquqi şəxslərin kreditləşməsi ilə paralel olaraq, zəruri hallarda fiziki şəxslərin kreditləşməsi üzrə xidmətlərin görülməsi həvalə edilməsi barədə ASC "xxxx" Bankının 19.05.2020-ci il tarixli, XB-İ/99 Əmri verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi əsası ilə barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə dair intizam tənbehinin görülməsi qanuna uyğun deyildir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Həmin Məcəllənin 71-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Lakin göründüyü kimi iddiaçının əmək fəaliyyəti nəticəsində işin və xidmətin normal ahəngi pozulmamış, işəgötürənə heç bir maddi ziyan dəyməmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı tərəfindən əmək funksiyasının icra edilməməsi tərəf olduğu əmək müqaviləsinin ləğv edilməsinə o halda səbəb ola bilərdi ki, İddiaçı qanuna zidd, Cəmiyyətin qanunla müəyyən edilən və mühafizə olunan əmlak maraqlarına və işgüzar nüfuzana xələl gətirən hərəkət və ya hərəkətsizliyə yol versin. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 70-ci maddəsinin "xxxx" bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 2-ci hisəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. - 72-ci maddəsinin “ə” bəndinə əsasən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ASC-nin 16.08.2021-ci il tarixli XB-K1/085 saylı əmrində iddiaçının əmək müqaviləsinin hansı bəndi, hansı vəzifə təlimatı və onun hansı vəzifə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi qeyd olunmamış, iddiaçı tərəfindən yol verilən nöqsanlar nəticəsində iş yerində işin, istehsalın, əmək vəzifələrinin pozulmasının nədən ibarət olması, iddiaçının təqsirli hərəkətləri (və ya hərəkətsizliyi) nəticəsində cavabdehə hər hansı maddi ziyan vurulması göstərilməmiş, həmçinin iddiaçının əmək fəaliyyəti zamanı cavabdehin qanuni mənafeyinə ciddi xələl gətirməsinə səbəb olan kobud səhvlərə, hüquq pozuntularına yol verməsi öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hedab edir ki, Əmək Məcəlləsının 186-cı maddəsındə əmək və icra intizamının pozulmasına görə dörd növbədə intizam tənbehi müəyyən olunmuş və həmin maddənin 3-cü hissəsinə görə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Həmçinin, təqdim olunmuş sənədlər əsasında İddiaçı Yusı̇ f oğlunun şəxsiyyətini mənfi xarakterizə edən hallar, kollektivdə mənfi nüfuza malik olması, aşağı peşəkarlıq səviyyəsi müəyyən olunmamışdır. İşəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydalarının tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilmişdirsə əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Beləliklə, yuxarıda qeyd edilənlərdən açıq-aşkar göründüyü kimi iddiaçının iddiası əsaslıdır və mülki işin materialları ilə tam təsdiq olunur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının barəsində verilmiş əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulan qaydada əsaslandırılmamışdır, yəni, iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsinin nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi halları olmadığından və buna dair hər hansı sübut məhkəməyə təqdim olunmadığından iddia təmin edilməli, Cavabdeh ASC-nin 16 avqust 2021-ci il tarixli, XB-K1/085 saylı əmri ləğv edilməli, İddiaçı Yusı̇ f oğlu Cavabdeh ASC-nin Kredit Şöbəsinin Hüquqi şəxslərin kreditləşməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa olunmalı və məcburi iş buraxmaya görə əmək haqqı fərqi hesablanaraq iddiaçıya ödənilməli, ödənilmiş 50 (əlli) manat mediasiya xərci cavabdeh “Xalq Bank" ASC-dən tutularaq İddiaçı Yusı̇ f oğluna ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ASC-nin 16.08.2021-ci il tarixli XB-K1/085 saylı əmri ləğv edilsin. İddiaçı Yusı̇ f oğlu Cavabdeh ASC-nin Kredit Şöbəsinin Hüquqi şəxslərin kreditləşməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa olunsun və məcburi iş buraxmaya görə əmək haqqı fərqi hesablanaraq iddiaçıya ödənilsin. Ödənilmiş 50 (əlli) manat mediasiya xərci cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı Yusı̇ f oğluna ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar