Məhkəmə qərarları › İş №2(004)-7127/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7127/2021

21.12.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7127/2021 21.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X12 qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X5 və üçüncü şəxs AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi, əmək kitabçasının təqdim edilməsi və əmək haqqının ödənilməsi tələbinə dair" mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X5 və üçüncü şəxs AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi, əmək kitabçasının təqdim edilməsi və əmək haqqının ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların hər birinə 250 manat əmək haqqının ödənilməsi, əmək kitabçalarının təqdim edilməsi, əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X10 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01.11.2019-cu il tarixdə İddiaçı1, 01.12.2019-cu il tarixdə isə İddiaçı2 ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X8 arasında müddətsiz əmək müqaviləsi bağlanmış və müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində əmək müqaviləsinin bildirişi qeydiyyat alınmışdır. Hər iki işçi işəgötürənə məxsus “Hazırlıq Kursu”-da müəllim kimi fəaliyyət göstərmiş və onlara 250 manat minimum aylıq əmək haqqı məbləğində maaş hesablanmışdır. 2021-ci ilin iyul ayında hər iki işçi tərəfindən işəgötürənə əmək müqaviləsinin birtərəfli qaydada xitam edilməsi barədə müraciət edilmişdir. Lakin işəgötürən tərəfindən işçilərin müraciətlərinə, baxılmamışdır. Habelə onların işlədikləri son ay ərzində hesablanmış əmək haqları ödənilməmişdir. Bununla da işəgötürənin təqsirli hərəkətsiziliyi nəticəsində hər iddiaçıya ayrılıqda 250 manat məbləğində əmək haqqının ödənilməməsi səbəbindən onların əmək qanunvericiliyi ilə təsbit edilmiş hüquqları pozulmuşdur. Məsələ ilə bağlı X10 Xidmətinə müraciət edilmiş, lakin mübahisənin həllinin onların səlahiyyətində olmadığı bildirilmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq əmək mübahisəsinin həlli üçün Mediasiya Şurasına müraciət edilmiş lakin cavabdeh ilkin mediasiya sessiyasında da iştirak etməmiş, mübahisnin həllində maraqlı olmadığını nümayiş etdirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X8 ilə İddiaçı1 arasında 01.11.2019-cu il tarixdə, İddiaçı2 ilə 01.12.2019-cu il tarixdə bağlanmış müddətsiz əmək müqavilələri ilə iddiaçılar aylıq əmək haqqı 250 manat olmaqla, “Hazırlıq Kursu”nda müəllim vəzifəsinə işə qəbul edilmişdirlər. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin İddiaçı1 və İddiaçı2 ünvanlanmış 23.09.2021-ci və 29.09.2021-ci il tarixli məktublarından görünür ki, adlarına aktiv əmək müqaviləsinin olması barədə iddiaçıların müraciətinə baxılmış, müraciətdə qeyd olunan məsələyə münasibət bildirilməsi və qanunverilicikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməklə zəruri sənədlərin təqdim edilməsi ilə bağlı fiziki şəxs X4 ünvanına rəsmi məktub göndərilmiş, lakin bugünədək məktuba cavab verilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırıldığından müraciətdə göstərilən halın yerində araşdırılması mümkün olmamışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X10 Xidmətinin səlahiyyətləri xaricindədir. Eyni zamanda məlum edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X10 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X10 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarının alınması tələbi irəli sürülməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 5-ci hissəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. X1 tərəfindən tərtib olunmuş 15.10.2021-ci il tarixli, MŞ 2021-004523 və MŞ 2021-004525 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq, X4 İddiaçı1 və X6 tərəfindən təsvir edildiyi kimi, əmək mübahisəsi üzrə 15.10.2021-ci il tarixində, 11:00- 11:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün arayış verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 9-cu maddəsinin b) bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 68-ci maddəsinin tələbinə görə:

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 87-ci maddəsinin 1-ci bəndinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü bəndinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi əsaslı və qanuni olub təmin edilməli, İddiaçılar İddiaçı1 və İddiaçı2 ilə cavabdeh X8 arasında bağlanmış 01.11.2019-cu il tarixli və 01.12.2019-cu il tarixli əmək müqavilələrinə ən xitam verilməklə, cavabdeh tərəfindən iddiaçıların hər birinə 250 manat əmək haqqı ödənilməli və əmək kitabçaları təqdim edilməli, əmək müqavilələrinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X10 Xidmətinə həvalə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 14.2, 77.1, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT E T D İ: İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 ilə cavabdeh X8 arasında bağlanmış 01.11.2019-cu il tarixli və 01.12.2019-cu il tarixli əmək müqavilələrinə xitam verilsin. Cavabdeh X8 tərəfindən iddiaçıların hər birinə 250 (iki yüz əlli) manat məbləğində əmək haqqı ödənilsin və əmək kitabçaları iddiaçılara təhvil verilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 ilə cavabdeh X8 arasında bağlanmış 01.11.2019-cu il tarixli və 01.12.2019-cu il tarixli əmək müqavilələrinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X10 Xidmətinə həvalə edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar