Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-724/2021 09.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan ünvan 2, mənzil 92 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 2, mənzil 92 ünvanında yerləşən mənzil Dövlət mənzil fonduna aiddir. xx xxxxxx 2012-ci il tarixində hərbi qulluqçu kimi onunla Müdafiə Nazirliyinin Mənzil İstismar idarəsi arasında xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmış və tərəfindən kirayə haqqı mütəmadi vaxtı-vaxtında ödənilir. Lakin qeyri-rəsmi nikahda olduğu Cavabdeh həmin mənzili zəbt etmiş, qanunsuz olaraq mənzildə yaşamaqla, onu həmin mənzilə buraxmır. Hesab edir ki, cavabdehin tərəfindən onun Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət hüququ, mənzil hüququ və mənzil toxunulmazlığı hüququ pozulmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili X3 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində guya onun qeyd olunan mənzili zəbt etdiyini, qanunsuz olaraq həmin mənzildə yaşamaqla onu mənzilə buraxmadığını bildirmişdir. Bildirir ki, o, orta ixtisas təhsilli tibb bacısı olmaqla 1997-ci ildən əmək fəaliyyətinə başlamışdır. 2005-ci ildən etibarən İddiaçı tibb məntəqə rəisi vəzifəsində çalışdığı N saylı hərbi hissədə tibb bacısı vəzifəsində işləməyə başlamışdır. Bundan sonra İddiaçı onun həyat yoldaşından ayrıldığını bilmiş, özünün isə həyat yoldaşından boşandığını bildirərək ona evlənmək təklif etmişdir. Lakin, o buna razılıq vermədiyindən qohumlarını anasınıın yanına elçi göndərmişdir. Anası onun evli olduğunu bilib razılıq verməmişdir. Bundan sonra İddiaçı həyat yoldaşının xərçəng xəstəsi olmasını, ondan boşandığını və iki övladının olduğunu bildirərək, onunla evlənməkdə israrlı olduğunu bildirmişdir. Onun təzyiqlərinə dözməyərək, onunla ailə həyatı qurmağa razılıq vermişdir. Birinci nikahından hamilə olduğu övladı dünyaya gəldikdən sonra İddiaçı, Bakı şəhəri N saylı hərbi hissənin yaxınlığında kirayə ev tutaraq onu oraya köçürtmüş və onlar orada ər-arvad qismində yaşamaqla təsərrüfatı birgə idarə etmişlər. Birlikdə ər-arvad qismində yaşadıqları müddət ərzində onun əmək haqqı kartı təmami ilə İddiaçı istifadəsində olmuşdur. 2013-cü ildə Müdafiə Nazirliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 136A nömrəli evin 92 nömrəli mənzili, xidməti mənzil kimi İddiaçı verilmişdir. O, uşağı ilə birlikdə həmin mənzilə köçmüş və İddiaçıla ər-arvad qismində yaşamaqda davam etmişdir. O, hal-hazırda bunu təkzib etsə də, onların birlikdə yaşadıqlarına dair müxtəlif məclislərdə, ailə tədbirlərində birlikdə kifayət qədər fotoşəkilləri vardır. Övladı dünyaya gəldikdən sonra İddiaçı ata kimi tanıdığından, onun himayəsində böyüdüyündən aralarında olan razılığa əsasən belə qərara gəlmişdirlər ki, İddiaçı Emin adlı övladını rəsmi qaydada övladlığa götürsün. Bu barədə lazım olan sənədləri toplayaraq Binəqədi Rayon Məhkəməsinə verdikdən sonra həmin məhkəmənin xx xxxx 2016-cı il tarixli qətnaməsinə əsasən Emin adlı övladı rəsmi qaydada İddiaçı övladlığına verilmişdir. Qətnamə qəbul edildikdən sonra İddiaçı öz işlədiyi yerdə çalışan başqa başqa qadınlarla münasibətdə olduğundan fikri dəyişmiş, uşağın onun övladlığına verilməsinə etiraz edərək qətnamədən apellyasiya şikayəti vermişdir. Onun apeilyasiya şikayəti əsasında Binəqədi Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ləğv edilmişdir. İddiaçının ona xəyanət etməsi səbəbindən sonra İddiaçıla onun arasında ziddiyyətlər yaranmışdır. O, dəfələrlə özünün və övladının yaşadıqları mənzilə qeydiyyata alınmağını ondan tələb etsə də, buna razılıq verməmiş, onu döymüş, söymüş və ölümlə hədələmişdir. Bu barədə o, yuxarı komandanlığa müraciət etsə də, müsbət nəticəsi olmamışdır. Ona iddiaçının barəsində tədbir görüləcəyini və onun layiqli cəza alacağını bildirsələr də, onun barəsində heç bır tədbir görülməmişdir. İddiaçı azyaşlı övladının gözü qarşısında ona təzyiqlər göstərərək işgəncələr verərək hədələdiyindən o işdən çıxmaq qorxusu yaşayaraq daha yuxarı orqanlara müraciət etməkdən çəkinmişdir. Bundan sonra o, Əfqanıstana xidməti ezamiyyəyə göndərilmiş, xx xxxxx 2017-ci il tarixdə ezamiyyəsini başa vurub geri qayıtmışdır. O, hər vasitə ilə onu və azyaşlı övladını yaşadıqları mənzildən çıxartmağa səy göstərmiş, bu məqsədinə nail olmaq üçün müxtəlif təzyiq vasitələrindən istifadə etmişdir. Belə ki, İddiaçı Əfqanıstana getməmişdən qabaq birinci nikahdan olan oğlunu onun yaşadığı mənzilə yerləşdirmiş və oğlunun onlarıa yaşayacağını bəyan etmişdir. Bundan sonra İddiaçı oğlu mənzilə özü ilə başqa bir gənc oğlanı da gətirərək onlarla yaşayacağını bildirmişdir. O, bunun mümkün olmadığını bildirərək, başqa bir ünvanda övladı ilə birlikdə onu başqa mənzilə yerləşdirməsini xahiş etmiş, bundan sonra İddiaçıla onun arasında ziddiyyətlər daha da kəskinləşmişdir. İddiaçı Əfqanıstandan qayıtdıqdan sonra onun uşağı ilə birlikdə dəfələrlə mənzildən çıxmağını tələb etmiş, əks halda başını kəsəcəyi ilə hədələmişdir. Bundan sonra o, mənzilə gələrək, onu söyüb təhqir etmiş, başını kəsməklə hədələyərək üstünə hücum çəkmişdir. O, qapını açıb həyətə qaçdığından, iddiaçı məqsədinə nail ola bilməmişdir. O dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat verdiyindən 3 nəfər polis əməkdaşı gələrək onu və uşağını mənzilə yerləşdirmiş, İddiaçı isə həmin vaxt artıq qaçıb getmişdir. Bir neçə illərdir ki, İddiaçı ona qarşı etdiyi təzyiqlər, hədə-qorxular, təhqirlər və digər zorakı hərəkətlər nəticəsində özü və azyaşlı uşağı mənəvi sarsıntı keçirmiş və psixoloji zərbə almışdır. O, yüksək arterial təzyiq xəstəliyinə tutulduğundan məcburiyyət qarşısında qalaraq təqaüdə çıxmışdır. Hazırda səhhəti ona işləməyə imkan vermir. Bundan əlavə azyaşlı uşağı xəstəliyə düçar olduğundan “Semaşko” adına xəstəxananın uşaq şöbəsində qeydiyyata alınmış və mütəmadi olaraq həkim nəzarətində müalicə olunur. Artıq 2-ci ildir ki, İddiaçı yaşadıqları mənzili tərk etsə də, ona və uşağına qarşı təzyiqlərindən və hədə qorxularından əl çəkmir, hər vasitə ilə onların mənzildən çıxarılaraq bayıra atılmağına çalışır. O, valideynlərini itirmiş, başqa yerdə yaşayış sahəsi yoxdur. Hazırda yaşadıqları mənzilin bütün kommunal xərcləri indiyə kimi onun tərəfindən ödənilmişr və hazırda da bütün kommunal xərcləri ödəməkdə davam edir. Hal hazırda o və azyaşlı oğlu hər an həmin mənzildən küçəyə atılmaq qorxusunu yaşayırlar. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ünvan 2, mənzil 92 ünvanında qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 190 nömrəli, xx.xx.2012-ci il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, kirayə verən Müdafiə Nazirliyi İstismar İdarəsi kirayəçi İddiaçı ünvan 2, mənzil 92-ni kirayə vermiş və X5, X6 və X1 ailə üzvlədir. Məhkəmə iclasında işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, kirayə verən Müdafiə Nazirliyi İstismar İdarəsi kirayəçi İddiaçı arasında bağlanmış 190 nömrəli, xx.xx.2012-ci il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən kirayə verən Müdafiə Nazirliyi İstismar İdarəsi kirayəçi İddiaçı ünvan 2, mənzil 92-ni kirayə vermişdir. Həmin müqaviləyə əsasən X5, X6 və X1 ailə üzvlədir. Buna baxmayaraq, cavabdeh iddiaçı ilə faktiki nikah nümasibətlərində olmuş və hazırda mübahisəli mənzildə yaşayır. Məhkəmə tərəfindən cavabdehin mübahisəli mənzildə hər hansı bir hüquqi əsas olmadan yaşaması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildə qanunsuz yaşaması iddiaçının bir icarədar (mülkiyyətçi) kimi hüquqlarını pozur. Belə olduğu halda, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Eyni Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Eyni Məcəllənin 68.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin Məcəllənin 99.5-ci maddəsinə əsasən kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 99.6-cı məddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 99.7-ci məddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 99.8-ci məddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək eləcədə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 2 ünvanında yerləşən 92 nömrəli mənzildən çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 2 ünvanında yerləşən 92 nömrəli mənzildən çıxarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-724/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-724/2021
09.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver