Məhkəmə qərarları › İş №2(004)-725/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-725/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-725/2021 05.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi, girov predmetinə tutmanın yönəldilməsi və girov predmeti olan avtomobilin açıq hərracdan satılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli, YSLMB- 6201 saylı kredit müqaviləsi üzrə 348,40 manat əsas, faiz borcuna görə 120,13 manat, cərimə borcuna görə 160 manat olmaqla, borcun cəmi məbləği 628,53 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, cavabdehə məxsus olan girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi (üzük – 3 ədəd, çəkisi 10,5 qr, əyarı- 750, sep – 1 ədəd, çəkisi 2,1 qr, əyarı 585, kulon – 1 ədəd, çəkisi 4,5 qr, əyarı 585, cəmi 17,1 qr), bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin kredit müqaviləsi üzrə cəmi 628,53 manat pul və dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2020-ci il tarixli, YSLMB-6201 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 12 ay müddətinə illik 29 faiz ödənilmək şərti ilə 800 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu əsas borcun hesabdan çıxarıldığı günə müvafiq olaraq, növbəti aydan etibarən hər ayın eyni günündə banka ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda bankla cavabdeh arasında bağlanmış girov müqaviləsinə əsasən cavabdehə məxsus üzük – 3 ədəd, çəkisi 10,5 qr, əyarı-750, sep – 1 ədəd, çəkisi 2,1 qr, əyarı 585, kulon – 1 ədəd, çəkisi 4,5 qr, əyarı 585, cəmi 17,1 qr zinət əşyaları kredit müqaviləsinin təminatı kimi girov qoyulmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməmişdir və banka borcu yaranmışdır. İddiaçının nümayənəsi Əbilfəz Zeynallı ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göstərilən Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Eyni Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Eyni Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən, iddia tələbi əsas və faiz borcu hissəsində təmin edilməli və cavabdehdən 348,40 manat əsas, 120,13 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının kredit müqaviləsi üzrə 160 manat cərimə borcunun tutulması ilə əlaqədar tələbi üzrə qeyd edir ki, bu hissədə iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını, hesablanmış dəbbə pulunun götürülmüş kreditə münasibətdə kifayət qədər yüksək olmasını, həmçinin tərəflərin əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq dəbbə pulu azaldılaraq 34 manat məbləğində müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklər kredit alan fiziki şəxs tərəfindən yerinə yetirilmədiyindən bank artıq tələbin girova yönəldilməsi prosedurasına başlamaq hüququna malik olmuşdur. İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli akta əsasən Cavabdeh tərəfindən girov qoyulmuş ona məxsus üzük – 3 ədəd, çəkisi 10,5 qr, əyarı-750, sep – 1 ədəd, çəkisi 2,1 qr, əyarı 585, kulon – 1 ədəd, çəkisi 4,5 qr, əyarı 585, cəmi 17,1 qr zinət əşyalarının dəyəri 892,2 manat, bazar dəyəri isə 1321,87 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı ASC-nin iddiası qismən təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 24 manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 348,40 manat əsas borc, 120,13 manat faiz borcu, 34 manat cərimə, ümumilikdə 502,53 (beş yüz iki manat, əlli üç qəpik) manat kredit borcu və 24 (iyirmi dörd) manat ödənilmiş dövlət rüsumu tutulsun. Tutma Cavabdeh tərəfindən girov qoyulmuş ona məxsus üzük – 3 ədəd, çəkisi 10,5 qr, əyarı-750, sep – 1 ədəd, çəkisi 2,1 qr, əyarı 585, kulon – 1 ədəd, çəkisi 4,5 qr, əyarı 585, cəmi 17,1 qr zinət əşyalarına yönəldilsin, həmin əmlaklar açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar