Məhkəmə qərarları › İş №2(004)-731/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-731/2022

15.02.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-731/2022 15.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “işə bərpa və əmək kitabçasında düzəlişin edilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “işə bərpa və əmək kitabçasında düzəlişin edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yenidən əvvəlki iş yerinə bərpa olunması və əmək kitabçasında düzəlişin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 03.08.2016-cı il tarixdən cavabdeh Azərbaycan Respublikası Dövlət Kömrük Komitəsinin “Azərterminalkompleks” X4 Zonalarında Tərəzi Xidməti İşinin Təşkili üzrə Xaçmaz “Samur” şöbəsində inspektor vəzifəsində işləyir. İş rejimi növbəli olduğu üçün 07.05.2021-ci il tarixdə növbəti iş növbəsinə çıxmış, növbədə olarkən qohumlarının ( ata, qardaş və əmiləri) xahişi ilə hər sürücüdən 3-5 blok olmaqla 49 blok “Kinq” siqareti almışdır. Siqaretin hər blokuna 8,50 manat, cəmi 416 manat ödəmişdir. 08.05.2021-ci il tarixdə işdən çıxarkən onu Şimal Ərazi üzrə Baş X1rşı şöbəsinin baş inspektoru Nizam Qocayev saxlamış, aldığı siqaretlə birlikdə Xaçmaz şəhərində yerləşən Gömrük İdarəsinin Hüquqpozmalar və Qaçaqmalçılıq şöbəsinə araşdırılma üçün aparmışdır. Sonra həmin faktla əlaqədar Bakı şəhəri Baş Gömrük İdarəsinin İnspeksiya idarəsinə çağırılmış, orada izahat alınanda ona əməkdaşlar tərəfindən müxtəlif təzyiqlər göstərilmiş və siqaretlərin satılması üçün alınıb aparıldığını yazması təkid edilmişdir. Bundan sonra aparılmış araşdırma materialları Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Baş Korrupsiya İdarəsinə göndərilmişdir. İstintaq İdarəsində başlanmış araşdırılma yekunlaşmadan, araşdırmanın nəticəsi elan olunmadan, DGK-nin “Azərterminalkompleks” X5 Zonalarında Tərəzi Xidməti İşinin Təşkili üzrə Xaçmaz “Samur” şöbəsi tərəfindən işdən azad olunması və əmək kitabçasının götürülməsi bildirilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Baş Korrupsiya İdarəsində başlanmış araşdırma nəticəsində cinayət tərkibi olmadığı üçün işə xitam verilmişdir. Xitam qərarını götürmək üçün dəfələrlə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Baş Korrupsiya İdarəsinin İstintaq İdarəsinə müraciət etsə də, müstəntiq məhkəmənin sorğusu əsasında xitam qərarının məhkəməyə göndəriləcəyini bildirmiş və işə bərpa ilə əlaqədar olaraq məhkəməyə müraciət etməsi bu səbəbdən gecikmişdir. Cavabdeh tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmişlər ki, bu da qeyri-qanunidir. Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasların heç birinə yol verməmiş, qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını pozmamış, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmiş, iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozmamış və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurmamışam və ziyan dəyməmişdir. Belə nəticə çıxarmaq olar ki, cavabdeh bilərəkdən qərəzli mövqe tutmuş və onu Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad etmişdir ki, bu da qeyri qanunidir, başqa iş yeri tapması üçün problem yaradır. Əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin əmri, (sərəncamı və qərarı) ona bu günə qədər təqdim edilməmişdir. Ən nəhayət, cavabdeh təşkilatın əmrdə göstərdiyi kimi, əgər qeyri-qanuni yolla həmin siqaretləri əldə etmiş olsaydı, onda cinayət işinin istintaqı yekunlaşanda müstəntiq iş yerinə bu barədə məlumat göndərməli idi. Hətta bu hal məhkəmə baxışında da aşkar olunsaydı, onda hakim də eyni cür tədbir görərdi. İşdən çıxarıldığı 15.05.2020-ci il tarixi xüsusi karantin rejimi müddətinə daxil idi. Xüsusilə qeyd edilməlidir ki, dövlət Başçısı möhtərəm X7 Əliyev çoxsaylı çıxış və müsahibələrində yoluxucu karonavirus xəstəliyinin dünyada və ölkədə yayılmaqda davam etdiyi dövrdə işəgötürənlərə həm özəl, həm də dövlət sektorunda məşğulluğun təmin edilməsini, işdən çıxarılma hallarına yol verməmələrini tapşırmışdır. Cavabdeh tərəfindən işdən qeyri-qanuni azad olunması nəticəsində hal-hazırda işləmir. Ailəsinə gəlir gətirən olduğu üçün hazırda işləyən yoxdur, iki azyaşlı övladı vardır ki, onları saxlamaq çətinləşmişdir, başqa yerdən gəliri yoxdur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Kömrük Komitəsi iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, Komitənin “Azərterminalkompleks” Birliyinin 08.05.2021-ci il tarixli 2300-030/001-25/000267 nömrəli raportunun araşdırılmasının nəticələrinə görə həmin Birliyin 18.05.2021-ci il tarixli 2300/136Ş nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çəkinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Bununla da Əmək Məcəlləsinin 296.3-cü maddəsində göstərilən hüququnun pozulmasının aşkar edildiyi gün, yəni işçiyə əmək kitabçasının verildiyini əsas götürərək, İddiaçı işə bərpa ilə bağlı iddia müddətini ötürdüyü sübut olunur. Eyni zamanda işin mahiyyəti ilə bağlı məsələ üzrə bildirir ki, İddiaçı gömrük orqanlarında xidmət etdiyi dövr ərzində xidməti vəzifələrinin icrasına mütəmadi olaraq laqeyd yanaşması, barəsində aparılmış araşdırma materialları, izahatları və iş üzrə bütün sübutlar təqdim edilmiş etiraza əlavə edilir. İddiaçı iddia ərizəsində göstərilənlər iddiaçının şəxsi mülahizəsinə əsaslanır və hər hansı əsaslı şübhə yaratmayan sübutlarla təsdiq edilmir. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın məznuna uyğun izahat vermiş, iddia tələbi əsassız olduğundan və iddia müddəti ötürülməklə verildiyindən təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq, müəyyən etmişdir ki, İddiaçı 03.08.2016cı il tarıxındə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” X4 Zonalarında Tərəzi Xidməti İşinin Təşkili üzrə Xaçmaz “Samur” şöbəsində inspektor vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorunun Müavini, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin rəisi Nazim Rəcəbov tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin müavini Əsgər Abdullayevə ünvanlanmış 09.06.2021-ci il tarixli 2300/136Ş nömrəli məktubun surətindən görünür ki, “Azərterminalkompleks” Birliyi Gömrük nəzarəti zonalarında tərəzi xidməti işinin təşkili üzrə Xaçmaz “Samur’’ şöbəsinin inspektoru İddiaçı Bəxşəli oğlunun qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material üzrə araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı 07.05.2021-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda xidmət apararkən xidmət etdiyi postdan gömrük sərhədini keçən yük nəqliyyat vasitələrinin sürücülərinin vasitəsilə həmin postun ərazisində yerləşən rüsumsuz ticarət mağazasından satış məqsədilə 49 blok “King” markalı siqaret əldə etmişdir. İddiaçı əməlində cinayət tərkibi olmasa da, onun gəlir qazanmaq məqsədilə xidməti fəaliyyətindən kənar hərəkətlərə yol verərək, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3.3-cü maddəsində nəzərdə tutulmuş korrupsiyaya şərait yaradan hüquqpozmaya yol verməsi təsdiq edilmişdir. Struktur qurumlarda gömrük orqanları əməkdaşlarının iş fəaliyyətinə nəzarətin düzgün qurulmaması, əməkdaşların iş vaxtı xidməti fəaliyyətlərindən kənar hərəkətlərə yol vermələrinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməməsi son nəticədə korrupsiya xarakterli hüquqpozmaların törədilməsinə şərait yaradır. Odur ki, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsini rəhbər tutaraq, göstərilən məsələlərin aidiyyəti şəxslərin iştirakı ilə geniş müzakirə edilərək, qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması, korrupsiyaya şərait yaradan hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlərin görülməsi və bu barədə bir aydan gec olmayaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilməsinə dair müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin 18.05.2021-ci il tarixli 2300/136Ş nömrəli əmri ilə, Birliyin direktoru Ehtiram Xəlilovun 08.05.2021-ci il tarixli 2300-030/001-25/000257 nömrəli raportunun araşdırılması nəticəsində "Azərterminalkompleks" Birliyi Gömrük nəzarəti zonalarında tərəzi xidməti işinin təşkili uzrə Xaçmaz "Samur" şöbəsinin ınspektoru İddiaçı 07.05.2021-cı ıl tarixdə Şimal Ərazi Baş Gömrük idarəsinin Samur" gömrük postunda xidmət apararkən qulluq mövqeyindən istifadə edərək sözügedən gömrük postundan gömrük sərhədini keçən yük nəqliyyat vasitələrinin sürücülərinin vasitəçiliyi ilə həmin postun ərazisində yerləşən rüsumsuz ticarət mağazasından satış məqsədilə 49 blok “King" markalı siqaret əldə etməsi, bununla də əmək vəzifələrim kobud şəkildə pozması ilə bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Hazırda iddiaçı qeyd edilən əmri mübahisənləndirərək, işə bərpa olunması və əmək kitabçasında düzəlişin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi ilə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 70-ci maddəsinin ç) bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin e) bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 62-ci maddəsinin 4-cü bəndinə əsasən işdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər.. Həmin Məcəllənin186-cı maddəsinin ç) bəndinə görə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda, işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehini verə bilər. İddiaçı cavabdeh işəgötürən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi tərəfindən qanunsuz tutduğu vəzifədən azad olunmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, əksinə, cavabdeh tərəfindən təqdim olunmuş sübutlarla onun, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3.3-cü maddəsində nəzərdə tutulmuş korrupsiyaya şərait yaradan hüquqpozmaya yol verməsi, bununla da, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməklə əmək vəzifələrini kobud şəkildə pozması təsdiq edilmişdir.. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında göstərilmişdir ki, atılmalı olan formal addımların və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi və uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hüquqlarının pozulduğunu iddia etmişdir. Qarşı tərəf məhkəməyə iddia tələbinin tətbiq edilməsi barədə ərizə verərək, iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından bəlli olmuşdur ki, tərəflər arasındakı əmək münasibətlərinə işəgötürənin 18.05.2021-ci il tarixli 2300/136Ş nömrəli əmri ilə xitam verilmişdir.Bir sözlə, işçinin hüquqlarının pozulduğunu iddia etdiyi gün həmin tarixdən hesablanmalıdır. Mülki qanunvericiliyin tələblərinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, hazırki iddia tələbi iddia müddətinin keçməsi əsasında rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “işə bərpa və əmək kitabçasında düzəlişin edilməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar