Məhkəmə qərarları › İş №2(004)-736/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-736/2021

23.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-736/2021 23.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh X1, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və anası X1 Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, ev 95, 40 saylı mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, mülki iş üzrə X1 cavabdeh qismində cəlb edilməsi, o cümlədən Cavabdeh və anası X1 Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, ev 95, 40 saylı mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, X7 26 Bakı Komissarının adına İcra Komitəsi tərəfindən verilmiş xx xxxx 1991-ci il tarixli, 003946 saylı order əsasında Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsindəki 95 saylı ev, 40-cı mənzil İddiaçı verilmiş və bugün də onun mülkiyyətindədir. Belə ki, Cavabdehə qızı onun X2 ilə 2016-cı ildə nikah münasibətinə daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan xx xxxx 2017-ci il təvəllüdlü X6 adlı bir oğlanları var. Ailə qurduqları vaxtlardan mehriban şəraitdə yaşasalar da sonradan oğlu ilə xasiyyətləri uyğun gəlməmiş və məlum olmuşdur ki, başqa-başqa insanlardır, xasiyyətləri qətiyyən uyğun gəlmir. Münasibətləri pozulduğu üçün aralarında olan nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə ləğv edilmiş və bu barədə Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə nikahın pozulması barədə 258 N-li şəhadətnamə verilmişdir. X2 ilə gəlini Cavabdeh llhamə qızı arasında ailə münasibətləri pozulduqdan sonra dələlərlə ona mülkiyyətində olan mənzili tərk etməyini bildirsə də, o, bunu könüllü olaraq etməmişdir. Hal-hazırda iddiaçının mülkiyyətində olan mənzildə Cavabdeh llhamə qızı və anası X4 birlikdə yaşayır. Cavabdehlər könüllü olaraq evdən çıxmaq istəmir. Hazırda isə mənzilin cavabdehin qanunsuz sahiblikdən geri götürülməsini və mənzilin boşaldılmasını istəyir. Cavabdehin İddiaçı mülkiyyətçisi olduğu mənzildə yaşaması mülkiyyətçi kimi iddiaçının hüquqlarını həyata keçirməyə mane olur. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 izahat verərək bildirir ki, ana kimi qızını evdə tək qoya bilməz. Qızı yoldaşından boşanmışdır. İddiaçı ilə yoldaşı xala oğluxala qızıdır. O, övladını və nəvəsini qorumaq üçün həmin evdə yaşayır. Məcburi köçkündürlər. Qızına yaşamaq üçün ev verilsə hazırda yaşadığı evdən çıxa bilər. Qalmağa başqa yeri yoxdur. Yoldaşı qızına 200 manat məbləğində aliment versə də, o pul heç bir əlavə tələbatın ödənilməsinə çatmaz, Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, iddiaçı Yeganə xanım həm də onların qohumudur. Onun bir övladı var. İddiaçı bilir ki, yaşadığı mənzildən başqa gedəcək yeri yoxdur. Anası isə özü işlədiyi üçün övladına baxmaq üçün onun yanında qalır. Məcburi köçkündür. Özü də başa düşür ki, həmin mənzildə yaşaması üçün heç bir hüququ yoxdur. 2016-cı ildə iddiaçının oğlu ilə ailə qurmuş, ailə qurandan sonra həmin evdə yaşamışdır. Elə həmin vaxtlar da ev iddiaçınnın adına olmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan X7 26 Bakı Komissarının adına İcra Komitəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli, 003946 №-li orderin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, giriş 3, mərtəbə 3, ev 95, 40 saylı 3 otaqlı mənzil İddiaçı məxsusdur. İş materiallarında olan AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Elektron şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, Cavabdeh Ağdam rayonu, Seyidli kəndində qeydiyyatdadır. İş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli şəhadətnaməyə əsasən X5 ilə Cavabdeh nikahı pozulmuşdur. Məhkəmə iclasında işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh iddiaçının oğlu ilə nikah münasibətlərində olmuş və nikahları pozulmuşdur. Cavabdeh hazırda mübahisəli mənzildə anası X4 və övladı ilə birlikdə yaşayır. İddiaçı cavabdehlərin ona məxsus mənzildən çıxarılmalarını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Çünki cavabdehlər iddiaçının ailə üzvləri deyildir və onların həmin mənzildə yaşamaları üçün heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Eyni Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Eyni Məcəllənin 68.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin Məcəllənin 99.5-ci maddəsinə əsasən kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 99.6-cı məddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 99.7-ci məddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 99.8-ci məddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək eləcədə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh və X4 Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, ev 95, 40 saylı mənzildən çıxarılmalı, mənzil boşaldıraq İddiaçı təhvil verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və X4 Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, ev 95, 40 saylı mənzildən çıxarılsın. Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, ev 95, 40 saylı mənzil boşaldıraq İddiaçı təhvil verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar