Məhkəmə qərarları › İş №2(004)-737/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-737/2022

31.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-737/2022 31.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 14.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında 3 saylı Bakı “ASAN” xidmət mərkəzinin Qeydiyyat şöbəsində 09.10.2019-cu il tarixdə 3479 nömrəli akt qeydi ilə bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, 09.10.2019-cu il tarixdə 3 saylı Bakı “ASAN” xidmət mərkəzinin Qeydiyyat şöbəsində onunla Cavabdeh arasında rəsmi nikah bağlanmışdır. Lakin nikah bağlandıqdan sonra onlar cavabdehlə faktiki ailə münasibətlərinə daxil olmamışlar. Onların toyu da olmamışdır. O öz valideynlərinin evində, cavabdeh isə öz valideynlərinə məxsus evdə yaşayır. Suala cavab olaraq bildirir ki, ailə qurmaq niyyəti ilə nikaha daxil olmuş, lakin toy mərasimi olmamışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, iddiaçı ilə aralarında nikah bağlanmış, lakin toy olmamışdır. Nikah bağlamaq üçün tələsmişlər. Hazırda iddiaçı ilə heç bir münasibəti olmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 3 saylı Bakı “ASAN” xidmət mərkəzi tərəfindən verilmiş 09.10.2019-cu il tarixli, AZ-İİ № 364445 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən X1 və Cavabdeh arasında 09.10.2019-cu il tarixdə 3479 akt qeydi ilə nikah bağlanmışdır. Nikakdan sonra ərə Məmmədli, arvada Qasımzadə soyadı verilmişdir. İşin müəyyən edilmiş halları odur ki, tərəflər arasında 3 saylı Bakı “ASAN” xidmət mərkəzinin Qeydiyyat şöbəsində 09.10.2019-cu il tarixdə nikah bağlanmışdır. Hazırda iddiaçı toy mərasiminin keçirilmədiyini və birlikdə yaşamadıqlarını əsas gətirərək nikahın etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə nikahın etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə görə bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 10.1 və 10.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Həmin Məcəllənin 11.1. və 11.2-ci maddələrinə əsasən nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); övladlığa götürənlər və övladlığa götürülənlər; ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər; ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Həmin Məcəllənin 13.7-ci maddəsinə əsasən nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı onunla Cavabdeh arasında 3 saylı Bakı “ASAN” xidmət mərkəzinin Qeydiyyat şöbəsində 09.10.2019-cu il tarixdə 3479 nömrəli akt qeydi ilə bağlanmış nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı onunla Cavabdeh arasında 3 saylı Bakı “ASAN” xidmət mərkəzinin Qeydiyyat şöbəsində 09.10.2019-cu il tarixdə 3479 nömrəli akt qeydi ilə bağlanmış nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar