Məhkəmə qərarları › İş №2(004)-759/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-759/2023

02.03.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-759/2023 02.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əvvəlki işinə bərpa edilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “əvvəlki işinə bərpa edilməsi tələbinə” dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onun Cavabdeh üzrə Poliklinika şöbəsinin xadiməsi vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, 2005-ci ildən etibarən Cavabdeh üzrə Poliklinika şöbəsinin xadiməsi kimi fəaliyyət göstərmiş, bu müddət ərzində heç bir xətaya yol verməmiş, əksinə nümunəvi işçi kimi tanınmışdır. Lakin son vaxtlar iş yerində ona qarşı bəzi kobudluq və haqsızlıq edilməklə qanunsuz tələblər irəli sürülmüşdür. Mütəmadi olaraq rəhbərlik tərəfindən ondan qanunsuz məbləğlər tələb edilmiş, təzyiqlərə məruz qalmışdır. Bu bəhanələrlə o,intizam məsuliyyətinə də cəlb edilmişdir. Bütün bunlara tab gətirə bilmədiyindən 01 avqust 2022-ci il tarixdə məzuniyyətə çıxmış və 02 sentyabr 2022-ci il tarixdə məzuniyyətdən qayıdarkən inzibati binaya, yəni öz iş yerinə buraxılmamışdır. Məsələnin həlli və pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə 12 sentyabr 2022-ci il tarixdə X4 Xidmətinə, 19 sentyabr 2022-ci il tarixdə “TƏBİB”ə müraciət etmiş, hər iki qurum məsələyə həssaslıqla yanaşmış, pozulmuş əmək hüquqlarının bərpası üçün tədbirlər görməyə çalışmışdır. Hazırda onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə iddiaya etirazını bildirərək (eyni zamanda, bu etirazı elektron formada məhkəməyə də təqdim etmişdir) göstərdi ki, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin 13 dekabr 2022-ci il tarixli, PHŞ/6-3.1-2022-764 saylı əmrinə əsasən Cavabdehn sturkturuna daxil olan “X5”nı “X6” publik hüquqi şəxsin strukturuna daxil edildiyindən İddiaçı hazırkı cavabdeh tərəfindən işə bərpa edilməsi səlahiyyətləri xaricindədir. Odur ki, hesab edir ki, hazırkı iddianın yönəldiyi subyekt onlar ola bilməz və bu əsasla da iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə, iş materiallarında olan sənədləri araşdırmaqla müəyyən etmişdir ki, iddiaçı Cavabdehndə xadimə olaraq fəaliyyət göstərmiş, işçi işəgötürən arasındakı münasibətlər kəskinləşməyə başlamış, İddiaçı 01 avqust 2022-ci il tarixdə məzuniyyətə çıxmış və 02 sentyabr 2022-ci il tarixdə məzuniyyətdən geri qayıtmışdır. Daha sonra, işəgötürən tərəfindən iddiaçı barəsində intizam tənbehi qismində şiddətli töhmət verilmişdir. Cavabdehn direktoru A.Musayevin 16 sentyabr 2022-ci il tarixli, 669-k saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə və 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Bundan sonra, iddiaçı hüquqlarının müdafiəsi məqsədilə X2 və digər aidiyyəti qurumlara müraciət etsə də, onun işə bərpa edilməsi təmin edilməmişdir. Odur ki, hazırda iddiaçı iddia tələbi ilə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan mediator X1 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MŞB/18-00175 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, mübahisə üzrə xx.xx.2022 tarixində, 14:00 saatında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdehn nümayəndəsi iştirak etməmişdir. İş materiallarında olan Cavabdehn direktoru A.Musayevin 16 sentyabr 2022-ci il tarixli, 669-k saylı əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə və 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Cavabdeh Publik hüquqi şəxs üzrə 27 dekabr 2022-ci il tarixli, 984k saylı və Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Publik hüquqi şəxsi tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli, PHŞ/6-3.1-2022-764 saylı əmrlərin surətlərindən görünür ki, Cavabdehn sturkturuna daxil olan “X5”nı “X6” publik hüquqi şəxsin strukturuna daxil edilmişdir. Məhkəmə bu xüsusatla bağlı qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşadırması zamanı iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı lazımı təkliflər verilsə də, iddiaçı bu təklifi qəbul etməmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilməşdir. 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. 292-ci maddəsinin 1-ci bəndinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. 294-cü maddəsinin 5-ci hissəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci bəndinə görə bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə görə isə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinə görə fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə işin faktiki hallarını və tərəflərin qarşılıqlı münasibətlərini araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçı əsl olmayan cavabdehə (iş materiallarına əlavə edilmiş sənədlər əsasında hazırkı cavabdehin işə bərpa məsələləri ilə bağlı hər-hansı səlahiyyəti mövcud deyildir) qarşı iddia qaldırmaqla prosessual cəhətdən səhv addım atmışdır. Nəzərə alınsa ki, məhkəmə tərəfindən qanunvericiliyin norma və prinsipləri çərçivəsində iddiaçıya bu halın aradan qaldırılması təklifi edilmiş, lakin sonuncunun bu təkliflə razılaşmamışdır. Qanunvericilik mülki qaydada aparılan işlər üzrə formal həqiqətin müəyyən edilməsini nəzərdə tutduğundan yalnız təqdim edilmiş sübutlar əsasında qətnamə çıxarılmasını labüd edir. Bundan başqa, onu da qeyd etmək olar ki, iddiaçı pozulmuş əmək hüquqlarının bərpası ilə bağlı əmək qanunvericiliyi ilə tənzimlənən məhkəmə müdafiəsindən istifadə etmək üçün müəyyən edilmiş müddəti də ötürmüşdür. Belə ki, iddiaçı mediasiya təşkilatına xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. İddiaçı ilə cavabdeh təşkilat arasında əmək münasibətlərinə xitam verilməsi barədə əmr isə 16 sentyabr 2022-ci il tarixdə olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdehnə qarşı “əvvəlki işinə bərpa edilməsi tələbinə” dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar