Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-773/2022 01.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 cəlb edilməklə Cavabdeh ASC-yə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin ləğvi və işə bərpa” tələbi ilə 20.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh ASC-nin 174 nömrəli, 12.11.2021-ci il tarixli əmrinin ləğv olunması və onun əvvəlki iş yerinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, 1987-ci ildən Cavabdeh Açıq Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə, 16.03.1998-ci ildən isə Cəmiyyətin Xarici İqtisadi Əlaqələr və Kommersiya Şöbəsinin rəisi vəzifəsində işləmişdir. İşlədiyi dövr ərzində üzərinə düşən öhdəlikləri peşəkarcasına tam olaraq yerinə yetirmiş, heç bir intizam məsuliyyətinə cəlb olunmamışdır. İki ali təhsili vardır, 24 iyun 1986-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı X1 fakültəsini bitirərək sənaye üzrə planlaşdırma ixtisasını, 14 iyul 2001-ci ildə isə Rusiya Federasiyası Moskva şəhəri Maymonid adına X3 bitirərək hüquqşünas ixtisasını əldə etmişdir. Yeni Azərbaycan Partiya təşkilatının özəyinin təşəbbüskarı və yaradıcı olmaqla hal-hazırda da partiya təşkilatının sədrinin müavinidir. 23 avqust 2021-ci il tarixdə Cavabdeh ASC-nin mərkəzi aparatında ştat vahidlərinin, o cümlədən tutduğu vəzifənin də ixtisara düşməsinə və bu barədə işçilərin xəbərdar edilmələrinə dair Cəmiyyət üzrə 13 nömrəli əmr qəbul edilmişdir. Qəbul olunmuş əmrin və ixtisar barədə xəbardarlıgın surəti ona COVİD-19 virusuna qarşı peyvənddən sonra sağlamlığında yaranmış problemlə əlaqədar bülletendə olduğu zaman, yəni 26 avqust 2021-ci il tarixdə poçt vasitəsi ilə yaşadığı ünvana göndərilmişdir. Həmin əmrlə razı olmadığı üçün əmrin surətinə imza edərək tanış olmaqdan imtina etmişdir. 12 noyabr 2021-ci il tarixdə poçt vasitəsilə əmək müqaviləsinin pozulması barədə Cavabdeh ASC-nin 174 nömrəli 12 noyabr 2021-ci il tarixli əmri ona rəsmi təqdim olunmuşdur. Yaranmış əmək mübahisəsi ilə əlaqədar mediasiya prosesinin tətbiqi bqrədə 12.11.2021-ci il tarixli rəsmi təklifi 24 noyabr 2021-ci il tarixli 01/383 saylı məktub ilə Cəmiyyət tərəfindən məqbul hesab edilməmişdir, Cavabdeh ASC Mediasiya Şurasına 29 noyabr 2021-ci il tarixli müraciəti əsasında 14.12.2021-ci il tarixdə saat 10:00-a təyin olunmuş mediasiya sesiyasında iştirak etməkdən imtina etmişdir. Cavabdeh ASC -nin 174 nömrəli əmrinin 1-ci bəndində onunla 16.03.1998-ci ildə baxlanmış müddətsiz əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 12.11.2021-ci ildən ləğv edilmişdir. Hesab edir ki, Cəmiyyət tərəfindən həmin maddənin tətbiq edilməsi ilə onunla bağlanmış əmək müqaviləsinin ləğv olunması əsassızdır. Həmçinin qeyd edir ki, uzun müddətdir onda şəkər xəstəliyi aşkar olunmuşdur və hal-hazırda da müalicəsi davam etməkdədir. Suala cavab olaraq bildirir ki, rus, azərbaycan və alman dillərini bilir. Moskvada hüquq fakültəsini 2002-ci ildə bitirmişdir. Bundan əvvəl isə institutu 1986-cı ildə bitirmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirir ki, iddiaçı iddianın hüquqi əsasını izah edə bilmir. İxtisarın aparılmasının ancaq qanuniliyi məhkəmə tərəfindən yoxlanıla bilər. İxtisar sahibkarın müstəsna səlahiyyətidir. Onların iddiaçı ilə heç bir qərəzi yoxdur. Onlar vəzifəni ixtisar etmişdir, yəni həmin vəzifəyə ehtiyac yoxdur. Çünki onların xarici iqtisadi əlaqələri, xarici ölkələrlə dövriyyələri yoxdur. Ona görə də bu şöbə də onlara lazım deyil. İddiaçının şəkərli diabet olmasının işdən azad edilməsinə aidiyyəti yoxdur. Şəkərli diabet xəstəsinin ixtisar edilə bilməməsi anlayışı yoxdur. İxtisar şəkərli diabet xəstəliyi ilə deyil, biznesin optimallaşdırılması ilə bağlıdır. Hətta iddiaçıya kompensasiya da ödənilmişdir. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı İT-İ № ******* saylı əmək kitabçasının surətinə əsasən İddiaçı 16.03.1998-ci il tarixli, 4 nömrəli əmrinə əsasən Cavabdeh ASC-də xarici iqtisadi əlaqələr və kommersiya şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin Müşahidə Şurasının yığıncağının 07.07.2021-ci il tarixli, 03 nömrəli protokoluna əsasən Müşahidə şurasının sədri və üzvlərinin iştiakı ilə Cavabdeh ASC aparatında ştat vahidlərinin sayının azaldılması ilə bağlı hazırlanmış yeni ştat cədvəlinə baxılması ilə əlaqədar təklif səsə qoyulmuş və yekdilliliklə müvafiq qərar qəbul edilərək müvafiq ştat cədvəli təsdiq edilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin Həmkarlar İttifaqı Komitəsinin X2 yığıncağının 23.07.2021-ci il tarixli, 02 nömrəli protokoluna əsasən ..... Xarici iqtisadi əlaqələr şöbəsinin rəisi ştatının ixtisarına razılıq verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin 23.08.2021-ci il tarixli, 13 nömrəli əmrinin surətinə əsasən xarici iqtisadi əlaqələr şöbəsinin rəisi İddiaçı və digərlərinin ixtisar olunacaqları barədə xəbərdar edilməsi və həmin işçilərin xəbərdarlıq müddəti ərzində hər iş həftəsindən əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə bir iş günü əmək funksiyasının icrasından azad edilməsi əmr edilmişdir. İş materiallarında olan 23.08.2021-ci il tarixli ixtisar barədə xəbərdarlığa əsasən İddiaçı "xxxx" ASC-də şöbələrin ləğvi və ştatların ixtisarı, eyni zamanda xəbərdarlıq müddəti ərzində hər iş həftəsindən əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 23.08.2021-ci il tarixli aktın surətinə əsasən mövcud qanunvericiliyə görə müəssisədə ştat vahidlərinin ixtisarı aparılarkən ixtisar olunan işçilərə başqa bir vəzifəni tutmaq təklif olunmalıdır. Lakin qeyd olunan səbəblərdən və mərkəzi aparat üzrə təsdiq olunmuş yeni ştat cədvəlinə görə heç bir vakant iş yeri olmadığından, ixtisarı nəzərdə tutulmuş şəxslərə hər hansı bir vəzifə təklif etmək mümkün olmamışdır. İş materiallarında olan 24.08.2021-ci il tarixli aktın surətinə əsasən İddiaçı 24.08.2021-ci il tarixdə üzrsüz səbəbdən işə çıxmamış və telefon vasitəsilə əlaqə yaratmaq mümkün olmamışdır. Buna görə də tanış olmaq 23.08.2021-ci il tarixli əmrin surəti və ixtisar haqqında xəbərdarlıq-bildirişlər onun ünvanına göndərilmişdir. İş materiallarında xəbərnamənin surətindən müəyyən olunur ki, "xxxx" ASC tərəfindən 25.08.2021-ci il tarixdə İddiaçı ünvanlanmış sənədlər 31.08.2021-ci il tarixdə İddiaçı təqdim edilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin 12.11.2021-ci il tarixli, 174 nömrəli əmrinin surətinə əsasən Xarici iqtisadi əlaqələr şöbəsinin rəisi İddiaçı ilə bağlanmış 16.03.1998-ci il tarixli müddətsiz əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmiş, İddiaçı əmək haqqı və son haqq-hesab hesablanaraq ödənilməsi əmr edilmiş, İddiaçı əmrin surətini qəbul etməkdən imtina etmişdir. İş materiallarında olan əmək haqqı barədə hesabatın surətinə əsasən 2021-ci ilin noyabr ayında Cavabdeh ASC tərəfindən İddiaçı orta aylıq əmək haqqının üç misli miqdarında, yəni 4353,12 manat işdən çıxarma müavinəti, istifadə edilməmiş məzuniyyət günləri üçün 1145,52 manat kompensasiya, noyabr ayında yeddi iş günü üçün 350 manat, xəstəlik pulu üçün 516,16 manat və mükafat üçün 100 manat olmaqla, cəmi 6464,8 manat məbləğində pul ödənilmişdir. İşin müəyyən olunan halları odur ki, iddiaçı 1998-ci ildən etibarən Cavabdeh ASC-də Xarici iqtisadi əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Cavabdeh ASC-nin 12.11.2021-ci il tarixli, 174 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı şəkərli diabet xəstəsi olmasını əsas gətirərək əmrin ləğv edilməsi və işə bərpa olunmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. İlkin olaraq, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsi əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar adlandırılır. Həmin maddəyə əsasən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddədən göründüyü kimi “işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə əmək müqaviləsinin ləğv edilməsi” əmək müqaviləsinin ləğv olunmasının qadağan edilən halıdır. Hazırki iş üzrə isə iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası ştatın ixtisarıdır. Məhkəmə həmçinin qeyd edir ki, ixtisar etmək işəgötürənin hüququdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə görə “...işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək’' işəgötürənin əsas hüquqları kimi təsbit olunmuşdur. Əmək Məcəlləsində işəgötürənin bu hüququnun məhdudlaşdırılması və yaxud şərtləndirilməsinə dair müddəa yoxdur. Əmək Məcəlləsi ilə işəgötürənə verilən bu hüquqdan istifadə edilərək, idarəetməni təkmilləşdirmək, xərclərin qarşısını almaq və bu zəmində digər zəruri islahatlar aparmaq məqsədi ilə müəyyən ştat vahidlərinin ləğv edilməsi barədə Cavabdeh ASC-də qərar verilmişdir. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən “İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, ... işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür”. Məcəllənin 77-ci maddəsinin tələblərinə müvafiq olaraq, əmək müqaviləsinə xitam verilən işçinin təminatları gözlənilmişdir. İşçi doqquz təqvim həftəsi əvvəldən rəsmi xəbərdarlıq edilmişdir. İşiçinin stajı nəzərə alınmaqla ona orta aylı əmək haqqının 3 misli miqdarında işdən çıxma müavinəti ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq, on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi rəsmi xəbərdar edilməlidir. Həmin maddənin 3-cü bəndinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq, on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 1, 2 və 3-cü hissələrinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir.Həmin Məcəllənin 78-ci maddəsinin 1-ci hissəsinə görə isə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Göründüyü kimi, işçilərin əmək hüquqlarının müdafiəsi məqsədi ilə qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən bir sıra təminatlar nəzərdə tutulmuşdur. Əmək hüquqlarının müdafiəsinə və əhalinin məşğulluğunun təmin olunmasına yönəlmiş dövlət siyasətini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsi yuxarıda göstərilən əsaslarla ləğv edilərkən əmək qanunvericiliyinin göstərilən normalarının tələblərinə ciddi əməl edilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı Cavabdeh ASC-nin 174 nömrəli, 12.11.2021-ci il tarixli əmrinin ləğv olunması və onun əvvəlki iş yerinə bərpa olunması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı Cavabdeh ASC-nin 174 nömrəli, 12.11.2021-ci il tarixli əmrinin ləğv olunması və onun əvvəlki iş yerinə bərpa olunması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-773/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-773/2022
01.02.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver