Məhkəmə qərarları › İş №2(004)-773/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-773/2025

10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-773/2025 10.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsinin əsassız hesab edilməsi və kirayə müqaviləsi üzrə mənzillə təmin edilmə tələbinə dair iş üzrə (açar sözlər: xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsinin əsassız hesab edilməsi və kirayə müqaviləsi üzrə mənzillə təmin edilmə tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AA seriyalı, 152475 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, X2 1993cü ildə daimi yaşayış yeri olan Füzuli rayonunu tərk etməklə Bakı şəhəri Qaradağ rayonu ərazisində məskunlaşmışdır.

2. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X2 ilə X5 arasında olan nikah pozulmuş, bu barədə xx.xx.2011-ci il tarixdə akt qeydləri kitabında qeydiyyat aparılmışdır.

3. xx.xx.2014-cü il tarixli, Q.Üm-2/17 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə İddiaçı arasında xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi barədə müqavilə bağlanmış, müqavilə ilə dövlət mənzil fonduna aid ünvan 2, 17 nömrəli, 2 otaqlı mənzil müvəqqəti yaşamaq üçün kirayəçinin sahibliyinə və istifadəsinə verilmişdir.

4. Ümid qəsəbəsi MKİS-in rəisinin Komitənin Mənzil İstismar Departamentinin direktoruna ünvanlanmış xx.xx.2022-ci il tarixli xidməti məlumatından görünür ki, tərəflərindən aparılan araşdırmaya görə ünvan 1 ünvanında məskunlaşan İddiaçı mart ayından 18 oktyabr tarixinə kimi Komitə tərəfindən müqavilə əsasında verilmiş evdə yaşamamışdır. Buna görə də ev vətəndaşdan alınaraq Mənzil İstismar Departamentinə təhvil verilmişdir.

5. Komitənin Mənzil İstismar Departamentinin direktorunun Komitənin Mənzil təminatı ilə bağlı komissiyasının sədrinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla İddiaçı ailəsinə məxsus Ümid qəsəbəsində bina 2, mənzil 17 ünvanında uzun müddət yaşayışın olmadığı bildirilmişdir, həmin mənzilə dair kirayə müqaviləsinin ləğv edilməsinə münasibət bildirilməsi xahiş edilmişdir.

6. Mənzil təminatı ilə bağlı komissiyanın qərarı ilə İddiaçı və digər 3 nəfər sakinin ailələri ilə bağlanmış kirayə müqaviləsinin ləğv olunmasına və mənzilin boşaldılaraq Komitəyə təhvil verilməsi qərara alınmışdır.

7. Komitənin sədrinə ünvanlanmış xx.xx.2022-ci il tarixli xidməti məlumatdan görünür ki, Komitənin Mənzil İstismar Departamenti tərəfindən məcburi köçkünlərin məskunlaşması üçün salınmış qəsəbələrdə 4 mənzildə uzun müddət üzrsüz səbəbdən yaşayış olmadığının müəyyən edilməsi barədə məlumata əsasən həmin mənzillərin verildiyi ailələrlə bağlanmış kirayə müqaviləsinin ləğv olunmasına və mənzilin boşaldılaraq Komitəyə təhvil verilməsi qərara alınmışdır.

8. xx.xx.2022-ci il tarixli, 2/17 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, ünvan 2, 17 nömrəli, 2 otaqlı mənzilə dair X12 ilə sosial kirayə müqaviləsi bağlanmışdır.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbinin dəlilləri

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixli, Q.Üm-2/17 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsinin əsassız hesab edilməsi və onun kirayə müqaviləsi üzrə mənzillə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddianın əsaslarına görə, iddiaçının cavabdehlə bağladığı xx.xx.2014-cü il tarixli, Q.Üm-2/17 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsin əsasən ünvan 2, 17 nömrəli, 2 otaqlı sahibliyinə və istifadəsinə verilmişdir. X1, X7 və X10 ilə birlikdə yaşayırlar. Lakin, Komitə tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş müqavilənin şərtləri pozulmuş, həm müqavilənin, həm də qanunvericiliyin tələblərinə zidd olaraq müqavilə ləğv olunmuşdur. Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 80 nömrəli Qərarı ilə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması” təsdiq olunmuşdur. Müqavilənin 5.7-ci maddəsinə əsasən kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Göründüyü kimi, Komitə qanunvericiliyin tələblərini pozmuş, müvafiq məhkəmə qərarı olmadan müqavilə ləğv edilmişdir. Onun sahibliyində və istifadəsində olan mənzil başqa şəxsə verilmişdir.

b) iddiaya etirazın dəlilləri

11. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış məhkəmə iclasında iştirak etməmişdir. Əvvəlki məhkəmə iclasında isə iddia tələbini müdafiə edərək, göstərmişdir ki, onun övladı universitetə daxil olduğuna görə yaşadıqları yerdən universitetə gedib-gəlmək çətin olurdu, buna görə də müvəqqəti olaraq universitetə yaxın ərazidə kirayayə çıxmışlar. Hazırda bu mənzilə ehtiyacları var.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı artıq uzun müddətdir ki, mübahisəli mənzildə yaşamır. Buna görə də Komitə əməkdaşları tərəfindən müvafiq sənədləşmə aparılıb müqavilə ləğv edilmişdir. Hazırda mənzil daha çox ehtiyacı olan ailəyə verilmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 17.3. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu; Maddə 82.3. Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir; Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir; Maddə 100.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər; Maddə 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər; Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır.

15. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” xx.xx.2010-cu il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin Forması: .......

5. Müqavilənin şərtlərinin dəyişdirilməsi və müqavilənin ləğv edilməsi 5.1. Tərəflərin razılığı ilə istənilən vaxt bu Müqavilənin şərtləri dəyişdirilə və ya ləğv edilə bilər. 5.2. Kirayəçi istənilən vaxt bu Müqaviləni ləğv edə bilər. 5.3. Kirayəçi və onunla yaşayan ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, bu Müqavilə həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab olunur. 5.4. Aşağıdakı hallarda bu Müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: 5.4.1. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə; 5.4.2. Kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər tərəfindən yaşayış sahəsinə görə haqqın ödənilməsi istisna olmaqla); 5.4.3. Kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 5.4.4. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 5.4.5. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” Qaydası: 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir.

Məhkəmə baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

18. İddiaçının ünvan 2 ünvanında yerləşən mübahisə predmeti 17 nömrəli mənzili ailəsi ilə birlikdə tərk edib başqa ünvanda yaşaması işin mübahisəsiz halıdır. Belə ki, işin bu halı cavabdeh tərəfindən müvafiq sənədləşmə aparılmaqla rəsmiləşdirilmişdir. İddiaçı özü də məhkəmə iclasında 2020-ci ildən etibarən həmin mənzildə yaşamadığını bildrimişdir (xx.xx.2025-ci il tarixli iclas, 08:00 dəqiqədən etibarən).

19. Odur ki, iddianın əsaslılığı baxımından işin bu faktiki halı mübahisənin maddi hüquqi əsasları baxımından yoxlanılmalıdır.

20. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82.3-cü maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” Qaydasının 3.7-ci bəndinə əsasən məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir.

22. Göründüyü kimi, bu yöndə tənzimləmə ondan ibarətdir ki, yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə mənzillə təmin edilmiş kirayəçi və onun ailə üzvləri yaşayış sahəsində faktiki yaşamadıqda, başqa yaşayış sahəsinə köçdükdə müqavilə ləğv edilmiş hesab edilir və Komitə həmin mənzili daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə istifadəyə verir.

23. Hazırkı işin halları baxımından iddiaçı mənzili ailəsi ilə birlikdə tərk etdiyinə görə Komitə tərəfindən bu hal sənədləşdirilmiş, kirayə müqaviləsinin ləğv olunması və mənzilin boşaldılaraq Komitəyə təhvil verilməsi barədə qərar qəbul edilmiş, daha sonra isə mənzilə dair digər məcburi köçkün ailəsi ilə sosial kirayə müqaviləsi bağlanmışdır.

24. Göründüyü kimi, iddiaçının iddia etdiyindən fərqli olaraq cavabdeh tərəfindən sosial kirayə müqaviləsinin ləğv edilməsi əsaslı olmuş, bu barədə faktiki və maddi hüquqi əsaslar mövcud olmuşdur.

25. Belə olan halda, müqavilənin ləğvinin əsassızlığı, həmin hissədə iddia tələbi öz təsdiqini tapmadığından əlaqəli olaraq müqavilə üzrə mənzillə təmin edilmə barədə tələblər təmin edilməməlidir.

26. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia bütövlükdə rədd edilməlidir.

27. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı cavabdeh Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsinin əsassız hesab edilməsi və mənzillə təmin edilmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar